Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-663/2021 06.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X6, üçüncü şəxs Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndəsi və vəkili X5, üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla pul vəsaitinin qaytarılması tələbinə dair inzibati iş materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 tədris ilinə, yəni 2016/2017 və 2017/2018-ci tədris illərinə görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ödədiyi 3200 (üç min iki yüz) manat pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ödənişli əsaslarla bakalavr səviyyəsinə qəbul olunmuşdur və onunla Azərbaycan Dövlət Neft Akademiyası (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arasında təhsil haqqı ilə bağlı xx.xx.2015-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən hər tədris ili üçün təhsil haqqı 1600 manat təşkil edir və tərəfindən bu günədək 3 tədris ilinə (2015/2016, 2016/2017 və 2017/2018-ci tədris illərinə) görə 4800 manat təhsil haqqı ödənilmiş, 2018/2019-cu tədris ilinə görə isə təhsil haqqından azad olunmuşdur. Onun valideynlərindən biri (atası) xx.xx.2014-cü il tarixdə ölmüş, digəri (anası) isə xx.xx.2015-ci il tarixdən 2-ci qrup əlildir. Qanunvericiliyin tələbinə görə isə bir valideyni vəfat etmiş və o biri valideyni İ və İİ qrup əlil olan 23 yaşınadək şəxslər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən qanunvericilikdə edilmiş dəyişiklikdən qabaq 18 yaşınadək şəxslər) dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu səbəbdən də, anası 2018-ci ilin sonlarında, yəni dördüncü (2018/2019-cu) tədris ilində Universitetə ərizə ilə müraciət edərək onun təhsil haqqından azad olunmağını, ikinci və üçüncü tədris illərinə görə ödənilmiş təhsil haqqlarının qaytarılmasını xahiş etsə də, Universitetin 08-01 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubunda ərizənin onun dördüncü tədris ilində oxuduğu dövrdə Universitetə daxil olması səbəbindən ərizənin daxil olduğu dövrdən başlayaraq təhsil haqqı ödəməkdən azad olunacağı və əvvəlki tədris illərinə görə ödənilmiş pul vəsitlərinin qaytarılmasının mümkün olmaması göstərilmişdir. Tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ərizə ilə müraciət edilərək təhsil haqqının ödənilməsindən azad olunmaq hüququndan geriyə şamil olunmaqla istifadə hüququ təmin edilməklə 2 tədris ilinə, yəni 2016/2017 və 2017/2018-ci tədris illərinə görə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ödədiyi, əslində isə dövlət büdcəsinin hesabına ödənilməli olan 3200 (üç min iki yüz) manat pul vəsaitinin dövlət büdcəsi hesabına ona qaytarılması xahiş edilmişdir. Lakin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ərizəyə baxılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən isə ödədiyi təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına qaytarılmasından imtina edilmişdir. Halbuki, əgər anası vaxtında, yəni 2016/2017-ci (ikinci) tədris ilində təhsil müəssisəsinə rəsmi qayda müarciət etsə idi faktiki olaraq o, 4-cü tədris ili ilə yanaşı 2-ci və 3-cü tədris ilinə görə də təhsil haqqının ödənişindən azad olunacaqdır və həmin dövr üçün təhsil haqqı tədris müəssisəsinə məhz dövlət büdcəsi hesabına ödəniləcəkdi. Digər tərəfdən isə dövlət büdcəsinin vəsaitinin xərclənməsi, istifadə olunması və ona nəzarət üzrə dövlət siyasətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çıxış edir. Ona görə də Azərbaycan Respublikasının Maliyyə Nazirliyi özü onun ərizəsinə baxıb 2016/2017 və 2017/2018-ci tədris illərinə görə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ödədiyi, əslində isə dövlət büdcəsinin hesabına ödənilməli olan 3200 (üç min iki yüz) manat pul vəsaitinin dövlət büdcəsi hesabına ona qaytarılması və ya bundan imtina edilməsi ilə bağlı qərar qəbul etməli idi. Atası xx.xx.2014-cü il tarixdə ölmüş, anası isə xx.xx.2015-ci il tarixdən 2-ci qrup əlildir və təhsil haqqı güzəştinin təhsil müddətində, yəni 23 yaşadək təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2017-ci il tarixli qərarının qüvvəyə mindiyi tarix təhsil aldığı 2016/2017-ci (ikinci) tədris ilinin dövrünə təsadüf edir. Onun 2016/2017 (ikinci) və 2017/2018-ci (üçüncü) tədris illərinə görə ödədyi 3200 manat təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh tərəfindən ona qaytarılmalı idi. Belə ki, məhz 2016/2017-ci (ikinci) təhsil ilindən etibarən onun təhsil haqqından azad olunmaq hüququ yaranmışdır. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, qeyd olunan tələb əsaslı olmadığından rədd edilməlidir. İddiaçı iddia ərizəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ödənilmiş 3200 manat pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına ona qaytarılmasını xahiş etmişdir. İlk növbədə bildirilmişdir ki, prosessual qanunvericiliyin tələblərinə görə prosesdə tərəflər iddiaçı, cavabdeh, üçüncü şəxs ola bilər. İddia tələbinin yönəldiyi və iddiaya cavab verməli olan fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maliyyə Nazirliyi iddiaya cavab verməli tərəf olmadığı halda onun üzərinə hər hansı öhdəlik də qoyula bilməz. Ümumiyyətlə prosessual qanunvericiliyin tələblərinə əsasən dəymiş zərər o halda təmin edilə bilər ki, bu iddia həmin zərəri vurana yönəlmiş olsun, eyni zamanda zərərvuranın hərəkətləri ilə dəymiş zərər arasında səbəbli əlaqə mövcud olsun. İndiki halda Maliyyə Nazirliyinin iddiaçıya zərər dəyməsinə səbəb olan heç bir hərəkəti olmadığından iddianın Nazirliyə yönəldilməsi yanlışdır və mümkün deyildir. Belə ki, Maliyyə Nazirliyi dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin siyahısını müəyyən etmir. Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və müvafiq qaydada təsdiq edilmiş dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Bundan başqa İddiaçı 2015-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmuşdur. İddiaçı atası xx.xx.2014-cü il tarixdə vəfat etmiş, anası isə xx.xx.2015-ci il tarixdən 2-ci qrup əlildir. O, xx.xx.2015-ci il tarixədək 3-cü qrup əlil statusuna malik olmuşdur. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci abzasına əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmin Qanunun 1-ci maddəsinə əsasən bir valideyni vəfat etmiş və o biri valideyni İ və İİ dərəcə əlilliyi olan şəxs olan 18 yaşınadək şəxslər valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər isə valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. İddiaçı özünün valideyn himayəsindən məhrum olmuş uşaq kimi təhsil haqqı ödənişindən azad edilməsi barədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə xx xxxxxxx 2015-ci ildə müraciət etmiş, ADNSU həmin vaxt onun valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasına daxil olmadığına görə imtina vermişdir. İddiaçı 2016/2017 və 2017/2018-ci tədris illəri ərzində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə təhsil haqqından azad edilməsi ilə bağlı müraciət etməmişdir. İddiaçı yalnız 2018-ci ildə müraciət etmiş və o İV kurs üçün təhsil haqqından azad edilmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin iddiaçının valideyninin əlillik qrupunun dəyişməsi barədə məlumatlı olmaq kimi öhdəliyi olmamışdır. İddiaçı valideyn himayəsindən məhrum olmuş şəxs olmasını vaxtında universitetə bildirmədiyi üçün 2016/2017 və 2017/2018-ci illər üzrə ödədiyi təhsil haqqı qaytarılmamamışdır. Bundan başqa valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə əvvəlki illər üçün ali təhsil müəssisəsinə ödədiyi təhsil haqqının tələbəyə geri qaytarılması ilə bağlı normativ hüquqi sənəd və ya icra mexanizmi qəbul edilməmişdir. Eyni zamanda dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı qeyd edilir ki, hər il dövlət büdcəsindən həmin tədbirlərin maliyyələşdirilməsi məqsədilə tələb olunan vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi hesablamalar əsasında sözügedən Nazirliyə ayrılır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı 2015-ci ildə ali təhsil müəssisəsi ilə təhsil haqqının ödənilməsi barədə müqavilə bağlamış və müqaviləyə uyğun olaraq, 4800 azn. vəsait universitetin hesabına ödəmişdir. Lakin İddiaçı xx.xx.2015-ci il tarixdən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs kımı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavriat səviyyəsində təhsil aldığı 2015-2018-ci illər üçün ödədiyi təhsil haqqının geri qaytarılmasını tələb edir. İddia ərizəsindən görünür ki, onun atası 2014-cü ildə vəfat etmiş, anası isə xx.xx.2015-ci ildən ikinci qrup əlil olmasına baxmayaraq, təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi üçün təhsil müəssisəsinə ərizə təqdim etməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsinin hüquqi əsası yoxdur. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş şəxslər; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum ədilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət cabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqların, tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni İ və İİ qrup əlil olan şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Həmin maddəyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər-valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisə ərində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların erasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı 2018-ci ilin sonlarında təhsil müəssisəsinə ərizə ilə müraciət edərək, valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş şəxs kimi onun təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə ərizə vermiş və onun təhsil haqqı dövlət büdcəsi hesabına ödənilmişdir. Lakin iddiaçının 2016/2017 və 2017/2018-ci tədris illəri üçün təhsil haqqının ödənilməsini tələb etməsi əsassızdır. Belə ki, işin mahiyyətindən görünür ki, iddiaçı 2016-2018-ci tədris ilində təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə ərizə və ona əlavə edılrmş zəruri sənədləri təhsil müəssisəsinə təqdim etməmiş və ona görə də onun bu imtiyazlardan istifadə etməsi üçün əmr verilməmişdir. Həmin kateqoriyadan olan şəxslər tərəfindən ərizə verilərkən təhsil müəssisəsinin rəhbəri tərəfindən onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə əmr verilir və bu siyahılar Təhsil Nazirliyinə göndərilir. Təhsil Nazirliyi bu siyahıları Maliyyə Nazirliyinə təqdim edərək bu şəxslərin təhsil haqqının həmin il üçün büdcədən ödənilməsini və eyni zamanda növbəti illər üzrə büdcə proqnozlarında nəzərdə tutulmasını şərtləşdirir. Bu da ali təhsil müəssisələrində illik təhsil haqqı xərclərinin miqdarının müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu kateqoriyadan olan şəxslərlə bağlı əmr verilərkən onların sənədləri aidiyyəti orqanlara təqdim edilir və tələbənin təhsil haqqı xərcləri təhsil müəssisəsinə ödənilir. İş materiallarından göründüyü kimi iddiaçı vaxtında zəruri sənədləri universitetə təqdim etmədiyindən onun əvvəlki illər üzrə ödədiyi təhsil haqqını gen tələb etməsi əsassız hesab edilməlidir. Digər tərəfdən təhsil müəssisəsi ilə tələbə arasında bağlanmış müqavilələrə əsasən, ödənilmiş təhsil haqqının geri qaytarılması istisna edilir. İddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq, universitetə ödənilmiş vəsaitin tələb olunması mülki qanunvericiliyin tələblərinə ziddiyyət təşkil edir. Eyni zamanda qanunvericilikdə bu kateqoriyadan olan şəxslərin təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydasını (mexanizmini) müəyyən edən normativ akt mövcud deyil. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndəsi və vəkili X9 iddia tələbi ilə bağlı verdiyi izahatında bildirdi ki, iddiaçı 2015-ci ildə Universitetə ödənişli əsasla daxil olmuş, tərəflər arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən İddiaçı hər tədris ilinə görə Universitetə təhsil haqqı ödəməli idi. Həqiqətən də, tələbə təhsil haqqı ödəməkdən azad olunması ilə bağlı Universitetə müraciət etmiş, valideyn himayəsindən məhrum olmuş uşaq statusuna malik olmasını əsas gətirmişdir. Lakin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən bir valideyni vəfat etmiş və o biri valideyni İ və İİ qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. İddiaçının 17 yaşı olanda atası rəhmətə getmiş, anasının əliliyi isə 18 yaşından sonra müəyyən edilmişdir. Bu səbəbdən də 2015-ci ildə tələbənin xahişinə imtina cavabı verilmiş, iddiaçıya “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən qeyd olunan valideyn dəstəyindən məhrum olma halları tələbənin 18 yaşına qədər baş verdiyi təqdirdə ona həmin Qanunda nəzərdə tutulan imtiyazın şamil olunması izah olunmuşdur. İddiaçı və onun valideyni Qanunun tələbinin onlara aydın olduğunu bildirmişlər. Daha sonra 2018-ci ilin oktyabrında iddiaçı yenidən təhsil haqqı ödəməkdən azad olunması ilə bağlı Universitetə müraciət etmişdir. Bu zaman onun xahişi Universitet tərəfindən təmin edilmişdir. Tələbə 2018/2019-cu tədris ilinə görə təhsil haqqı ödəməkdən azad edilmişdir. Bu zaman Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli Qərarı əsas götürülmüşdür. İddiaçı iddia etdiyi imtiyazı yalnız xx xxxxxx 2017-ci il tarixli Qərardan sonra əldə edə bilərdi. Süleymanov X4 xx xxxxxx 2017-ci il tarixli Qərardan sonra, yalnız 2018-ci ilin oktyabrında rəsmi müraciət etmiş, iddiaçının rəsmi müraciəti əsasında Universitet onu təhsil haqqı ödəməkdən azad etmişdir. Tələbənin yalnız 4-cü kursda təhsil haqqı ödəməkdən azad olunmasına səbəb iddiaçının vaxtında Universitetə özünün valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxs olmasını bildirməməsidir. Ümumiyyətlə, tələbələr təhsil haqqından azad olunanda onların əvəzinə təhsil haqqı dövlət tərəfindən ödənilir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti dövlətin apardığı təhsil siyasətini həyata keçirərək, ölkə üçün yüksək ixtisaslı mütəxəssislər hazırlayır. Maliyyə məsələlərində isə Universitet bir növ vasitəçidir. Belə olan halda iddiaçının ödədiyi vəsait Unversitet tərəfindən deyil, dövlət büdcəsindən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən iddia tələbi üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X11 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin baş mühasibi X1 verdiyi izahatında bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi dövr üzrə universitet Azərbaycan Dövlət Neft Akademiyası adlanırdı və akademiyanın mühasibat işlərini 8 saylı xəzinədarlıq idarəsi aparırdı. Akademiyanın ayrıca hesabı yox idi. Ödənişli əsaslarla təhsil alan tələbələr tərəfindən ödənilən təhsil haqları xəzinədarlıqa daxil olduqdan sonra xəzinədarlıq tərəfindən aidiyyatı olaraq bölüşdürülür. İl ərzində daxil olmuş təhsil haqları universitet xərcləri üzrə bölüşdürüldükdən sonra universitetin hesabında qalıq məbləğ qaldığı halda həmin məbləğ dövlət büdcəsinə qaytarılır. İmtiyazlı tələbələr tərəfindən qalıq məbləğ dövlət büdcəsinə qaytarılmamışdan əvvəl müraciət edildiyi halda tələbələrin müraciətlərinin təmin edilməsi mümkün olur. Lakin məbləğ dövlət büdcəsinə qaytarıldıqdan sonra bü növ müraciətlərin təmin edilməsi mümkün olmur. İddiaçı halhazırki təhsil dövrü üçün ödədiyi təhsil haqqının ona geri ödənilməsini tələb etsə, iddiaçının adı 2021-ci il üzrə imtiyazlı tələbələr siyahısına daxil edilərək universitet tərəfindən Təhsil Nazirliyinə göndərilir. Lakin hazırda iddiaçı 2016/2017 və 2017/2018-ci tədris illərinə görə ödənilmiş təhsil haqqını mübahisələndirdiyi üçün iddiaçının adının 2021-ci il üzrə imtiyazlı tələbələr siyahısına daxil edilməsi və həmin illər üzrə ödədiyi təhsil haqlarını ona geri qaytarılması mümkün deyildir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) ilə İddiaçı (tələbə) arasında bağlanmış 41-GKF №-li, xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən tələbə təhsil aldığı 050602-gelogiya mühəndisliyi ixtisası üzrə hər tədris ili üçün illik təhsil haqqını 1600 manat məbləğində ADNA-nın H\H Aİ Emitent (ödəyən) bank adı: ABB, Nəsimi filialı, Kod: 805614, VÖEN: **********, Müxbir hesab – AZ41NABZ********************, S.W.İ.F.T CTREAZ22, A2 ödəyən müştəri, Adı: DXA, Hesab: AZ29CTRE******************** Fond 7 maddə 142311, VÖEN: ********** ilk tədris ili üçün müqavilə imzalandığı gün, sonrakı tədris illərində payız semestri üçün sentyabr ayının 25-dək, yaz semestri üçün mart ayının 1-dək köçürür. Müqavilə üzrə mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada həll olunur. - Cəlilabad RİH-nin Göytəpə şəhər nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2000-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X7, anası X10 olan İddiaçı xx.xx.1997-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. - Cəlilabad RİH-nin Göytəpə şəhər nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxx 2014cü il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********5 nömrəli arayışın surətindən görünür ki, X2 Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsindən xx.xx.2010-cu ildən xx.xx.2015-ci il tarixədək İİİ (üçüncü) qrup əlil kimi sosial müavinət alıb, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İİ qrup əlil kimi sosial müavinət alır. - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən Vüsalə Cavadovaya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 08-01 №-li məktubun surətindən görünür ki, ödənişli əsaslarla təhsil alan tələblərlə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında maliyyə münasibətləri müvafiq müqaviləyə uyğun tənzimlənir. Oğlu İddiaçı ödənişli əsasla təhsil aldığından qanunvericiliyə uyğun onunla müqavilə bağlanılmış, bu müqaviləyə əsasən İddiaçı hər il təhsil haqqı ödəyir. Təhsil haqqından azad olunmaq barədə ərizə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə İddiaçı bakalavr təhsil pilləsinin dördüncü kursunda oxuduğu zaman daxil olmuşdur. Qanunvericiliyə uyğun olaraq İddiaçı müvafiq ərizənin daxil olduğu dövrdən başlayaraq təhsil haqqı ödəməkdən azad olunacaq. Qeyd etdiyi dövrdən, yəni xx.xx.2017-ci il tarixdən hesablanmaqla təhsil haqqı qismində ödənilmiş pul bağlanmış müqaviləyə əsasən ödənilib və qaytarılması mümkün deyil. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, təhsil haqqının ödənilməsindən azad olunmaq hüququndan geri şamil olunmaqla istifadə hüququ təmin edilməklə 2 tədris ilinə, yəni 2016/2017 və 2017/2018-ci tədris illərinə görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ödədiyi, əslində isə dövlət büdcəsinin hesabına ödənilməli olan 3200 manat pul vəsaitinin dövlət büdcəsi hesabına ona ödəməyini xahiş etmişdir. - Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Maliyyə Şöbəsinə və İddiaçı ünvanlammış xx.xx.2019-cu il tarixli, 05/05- 552-7264 №-li məktubdan görünür ki, İddiaçı müvafiq ərizəsi araşdırılıb mövcud qanunvericiliyə uyğun baxılması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Maliyyə Şöbəsinə göndərilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, S-343/10-24 №-li məktubdan görünür ki, mövcud qanunvericilikdə təhsil xidmətinin göstərilməsinə görə təhsilalanlar tərəfindən ödənilmiş təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına geri qaytarılması barədə müddəa nəzərdə tutulmamışdır. - Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4186/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Təhsil Nazirliyini və Azərbaycan Respublikası Maliyyə Nazirliyini cəlb etməklə cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qarşı 3 tədris ilinə ödədiyi 4800 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 13621/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4186/2019 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qarşı cavabdehə 2 tədris ilinə, yəni 2016/2017 və 2017/2018-ci tədris illərinə görə ödədiyi 3200 manat pul vəsaitinin əvəzinin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3230 manat pulun tutularaq ona ödənilməsi barədə iddiası təmin edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun: - 1-ci maddəsinə əsasən bir valideyni vəfat etmiş və o biri valideyni İ və İİ dərəcə əlilliyi olan şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. - 5-ci maddəsinin 1-ci hissəsinə əsasən bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2015-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə) ödənişli əsaslarla ali təhsil almaq üçün qəbul olunmuş və 2015/2016, 2016/2017, 2017/2018-ci tədris illəri üzrə aralarında bağlanmış müqaviləyə əsasən Universitetin hesabına pul ödəmişdir. İlk dəfə 2015-ci ilin oktyabr ayında valideyn himayəsindən mərhum olunmuş şəxs olduğuna əsaslanmaqla təhsil haqqının ödənilməsindən azad edilməsi üçün müraciət etmişdir. Lakin həmin vaxt valideyn himayəsindən mərhum olunmuş şəxs olmadığından müraciəti təmin edilməmişdir. Sonradan 2019-cu ildə təkrar müraciət etmiş və valideyn himayəsindən mərhum olunmuş şəxs olduğundan (atası vəfat etdiyindən, anası xx.xx.2015-ci il tarixdən 2-ci qrup əlil olduğundan) müraciəti təmin edilərək 2018/2019-cu tədris ili üçün təhsil haqqını ödəməkdən azad edilmişdir. Hazırda İddiaçı 2 tədris ilinə, yəni 2016/2017 və 2017/2018-ci tədris illərinə görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ödədiyi 3200 manat pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına ona cavabdeh tərəfindən qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 iyul tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ixtisasdan asılı olaraq təhsil haqqının məbləği mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilir və aşağıdakı qaydada ödənilir: -ödənişli əsaslarla təhsil alan tələbələr tərəfindən təhsil haqqı onların təhsil aldıqları müəssisələrin müvafiq xəzinə hesablarına banklar və onların filialları vasitəsilə köçürmə qaydasında ödənilir; -müvafiq ali və orta ixtisas təhsili müəssisəsinin mühasibatlığı tərəfindən təhsil haqqının ödənilməsi üçün tələbələrə onların adlarını, atalarının adlarını və soyadlarını, təhsil aldığı müəssisənin və fakültənin adlarını, qrupun nömrəsini, habelə ödəniş məbləğini göstərməklə hesab-faktura verilir; -təhsil haqqının ödənilməsi üçün tələbəyə verilən hesab-fakturaya təhsil müəssisəsinin rektoru (direktoru) və baş mühasibi imza etdikdən sonra hesabfaktura müəyyən olunmuş qaydada xüsusi olaraq açılmış kitabda qeydiyyata alınır və alınması üçün həmin kitabda imza etdikdən sonra tələbəyə təqdim edilir; -tələbə tərəfindən təhsil haqqının ödənilməsini təsdiq edən sənədin surəti məlumat üçün təhsil müəssisəsinin mühasibatlığına təqdim olunur. Göründüyü kimi iddiaçı mövcud qanunvericiliyə əsasən ödənişli əsaslarla təhsil alan tələbə kimi təhsil haqqını təhsil aldığı müəssisənin, yəni Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müvafiq xəzinə hesabına ödəmişdir. Hazırda isə iddiaçı valideyn himayəsindən məhrum olmuş şəxs olmasını əsas gətirərək, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müvafiq xəzinə hesabına ödədiyi təhsil haqqının cavabdeh qismində göstərdiyi Maliyyə Nazirliyi tərəfindən ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsl olmayan, yəni iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldiyindən, iş üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarının və qanunla qorununan maraqlarının pozulması hallarına yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti inzibati orqan kimi müəyyən olunmadığından, məhkəmə cavabdehin əsl cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əvəz edilməsi məsələsinin həll edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-663/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-663/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver