Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6630/2022 20.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli 25/01 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Binəqədi rayonu Cavabdeh xx.xx.2021-ci il tarixli 25/01 tarixli qərarı ilə iddiaçıya məxsus torpaq sahəsi və əmlaka görə yaranmış 2069,93 manat məbləğində borcun Binəqədi rayonu Cavabdeh büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin qərarın qəbul olunmasından onun məlumatı olmamışdır. Qərar qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq onun xəbərdar olunması, məlumatlandırılması və iştirakı təmin edilməmişdir. Sənəd qəbul edilməmişdən öncə ona bu barədə heç bir bildiriş/məlumat verilməmiş və o, hər hansı formada xəbərdar edilməmişdir. Həmçinin qəbul edilmiş qərar barəsində də məlumatlandırılmamışdır. Qərarın nüsxəsi və ya surəti qəbul olunduqdan sonra ona təqdim edilməmiş və qəbul edildikdən sonra keçən uzun müddət ərzində maraqlı tərəf kimi sənədin surəti ünvanına da göndərilməmiş və bu barədə ona məlumat verilməmişdir. Həmin qərar barəsində o, 23 fevral 2022-ci il tarixdə telefonuna Binəqədi rayon İcra şəbəsindən mesaj gəldikdən sonra oraya gedərkən xəbər tutmuşdur. Qərarın surətini Binəqədi rayon İcra şöbəsinin işin icraatı olan əməkdaşından 23 fevral 2022-ci il tarixdə əlbəəl olaraq qəbul etmişdir. Hesab edir ki, həmin inzibati akt hüquqlarını pozduğu üçün ləğv edilməlidir. Belə ki, torpaq vergisi və əmlak vergisinin hesablanma kalkulyasiyası məlum deyildir. Qərardan aydın deyildir ki, torpaq və əmlak vergisi hansı qayda ilə, hansı ölçüyə görə, hansı əmsalla və hansı vergi illərinə görə hesablanıb. Həmçinin torpaq sahəsi mülkiyyətdə deyil, istifadədir. Qərarda əks olunan məlumat və əsaslandırılma yanlışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2018, 2019, 2020-ci il tarixləri istisna olmaqla xx.xx.2021-ci il tarixli, 25/01 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Osman Mustafayev küçəsi, 89 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur, həmçinin həmin ünvanda 0,0260 hektar torpaq sahəsi onun istifadəsindədir; Bakı şəhəri Binəqədi rayonu Cavabdeh xx.xx.2021-ci il tarixli, 25/01 saylı qərarı ilə, İddiaçı (Sabirabad rayonu, şəxsiyyət vəsiqəsi № 7400672, FİN xxxxxxx) ünvan 2 ünvanında yerləşən, ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 2069,93 (iki min altmış doqquz manat, 93 qəpik) manat məbləğində borcun Binəqədi rayonu Cavabdeh büdcəsinə ödənilməsinə məcbur edilməsi, vergi borcunun 10 gün müddətində Bakı şəhəri Binəqədi rayonu Cavabdeh hesablaşma hesabına ödənilməsi və qərarın icrasının Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq Bakı şəhəri Binəqədi rayonu Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla xx.xx.2021-ci il tarixli, 25/01 saylı qərarın və həmin qərarın verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur; Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Bakı şəhəri Binəqədi rayonu Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən əvvəlki mülkiyyətçisi X3, hazırkı mülkiyyətçisi isə İddiaçı olan fərdi yaşayış evinə görə əmlak vergisi 2014-cü ilin sonunadək qüvvədə olmuş Vergi Məcəlləsinin 198.1.1 maddəsinə əsasən inventar dəyərə uyğun olaraq hesablanaraq illik 173,00 manat (bir yüz yetmiş üç manat, 00 qəpik) təşkil etmiş, 2015-ci ildən etibarən isə Vergi Məcəlləsinin qüvvədə olan 198.1.1 maddəsinə uyğun olaraq həmin evin sahəsinin 30 m2 artıq olan hissəsinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarına uyğun olaraq 0.95 zona əmsalı tətbiq edilməklə hesablama aparılaraq əmlak vergisinin illik məbləği 151.65 (bir yüz əlli bir manat, 65 qəpik) manat müəyyən edilmişdir. Həmin məktuba M.Ə.Rəsulzadə qəsəbəsi, O.Mustafayev küçəsində yerləşən 89 saylı fərdi yaşayış evinə görə əmlak və torpaq vergisi üzrə aparılmış ödəmələr və yaranmış borc haqqında arayış təqdim olunmuşdur Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin faktiki hallarından görünür ki, Binəqədi rayonu Cavabdeh xx.xx.2021-ci il tarixli, 25/01 saylı qərarı ilə, iddiaçı barəsində 2008-2020-ci illər üzrə əmlak və torpaq vergisi hesablamışdır. İddiaçı son üç il – 2018, 2019 və 2020-ci illər istisna olmaqla əvvəlki dövrə dair verginin hesablanması ilə razılaşmayaraq, sözügedən qərarı həmin hissədə mübahisələndirmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.2-ci maddəsinə əsasən, Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir; 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). 4.4-cü maddəsinə əsasən, yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir; 8.1-ci maddəsinə əsasən, yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.3. çıxarılmışdır; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Yuxarıda qeyd edilən 3 il müddət ötürüldüyündən, cavabdehin mübahisələndirilən qərarı iddiaçı barəsində 2008-2017-ci illər üzrə əmlak və torpaq vergisi hesablaması hissəsində qanunsuzdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi rayonu Cavabdeh xx.xx.2021-ci il tarixli, 25/01 saylı qərarı 2018, 2019 və 2020-ci illər istisna olmaqla, qalan hissədə, yəni 2008-2017-ci illər üzrə əmlak və torpaq vergisinin hesablanması hissəsində ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Cavabdeh xx.xx.2021-ci il tarixli, 25/01 saylı qərarı 2018,2019 və 2020-ci illər istisna olmaqla, qalan hissədə, yəni 2008-2017-ci illər üzrə əmlak və torpaq vergisinin hesablanması hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6630/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6630/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver