Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6633/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nüməyəndəsi X1 iştirakı ilə iddiaçılar “xxxxxx” LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «söküntüyə görə verilməli kompensasiya məbləğinin müvafiq qurumun hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxx” LTD MMC cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «söküntüyə görə verilməli kompensasiya məbləğinin müvafiq qurumun hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində “xxxxxx” LTD MMC-nin direktoru bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 “S” nömrəli x xxxx 2013-cü il tarixli (Bakı – Şamaxı yolunun yenidən qurulması və genişləndirilməsi barədə) qərarı ilə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi ona məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin Bakı – Şamaxı yolunun cənub hissəsində yerləşən, ümumi sahəsi 98,2 kv.m olan qeyri-yaşayış sahəsi (mağaza) yolun genişləndirilməsi zamanı heç bir kompensasiya ödənilmədən, sənədləşmə işi aparılmadan qeyri-qanuni şəkildə sökülmüşdür. Bu səbəbdən də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin 2-1(81)-3850/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərarı ilə ona məxsus mağazanın sökülməsinə görə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən 171.850 manat məbləğində kompensasiyanın tutularaq “xxxxxx” LTD MMC-yə ödənilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra vərəqəsi xx xxxxxxx 2019-cu il tarixdə icra olunması üçün Bakı şəhəri İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin icra qurumu həmin məbləğin MMC-yə ödənilməsini təmin edə bilmir. Borclu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi həmin məbləğin ödənilməməsinin səbəbi kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən kompensasiya üçün vəsaitin ayrılmamasını göstərir. Agentlik müxtəlif vaxtlarda yazılı şəkildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmişdir. Lakin Nazirlik inzibati məhkəmə icratında üçüncü şəxs qismində iştirak etsə də, məhkəmə qərarının icrası ilə bağlı onun üzərinə heç bir öhdəlik qoyulmadığını bəhanə gətirərək, Agentliyə həmin kompensasiya məbləğini ödəmək üçün büdcədən heç bir vəsait ayırmır. Ona görə də borclu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi ona verilməli kompensasiya məbləğini ödəmir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2019-cu il tarixli 48 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 1-ci bəndinin tələblərinə uyğun olaraq büdcə xərclərinin bölgüsünü, dövlət büdcəsinin kassa icrasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Buna görə də, kompensasiya ödənişləri dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dövlət ehtiyacları üçün alınan əmlakın kompensasiya ödənilməsi üzrə vəsaitin ayrılması Azərbaycan Respublikası Maliyyə Nazirliyinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Göstərilənlərə əsaslanaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3850/2017 saylı xx xxxxxxx 2019-cu il tarixli icra sənədinin icra olunması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə “xxxxxx” LTD MMC-yə ödənilməli olan 171.850 manat kompensasiya məbləğinin ödənilməsi üçün borclu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin hesabına köçürülməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdilədiyini, işə məhkəmədə baxılmalı olduğunu bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), - (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçıya məxsus tikilinin (daşınmaz əmlakın) sökülməsinə görə kompensasiyanın ödənilməsi öhdəliyi məhkəmə qərarı ilə aidiyyəti qurumun üzərinə qoyulmuşdur. Lakin həmin məhkəmə qərarının icrası üzrə kompensasiya məbləğinin sözügedən qurum ödəməmiş və bunun səbəbini həmin mülki iş üzrə üçüncü şəxs və hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin həmin qurum “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə vəsait ayırmaması ilə əsaslandırdığından, iddiaçı AR Maliyyə Nazirliyinə qarşı hazırkı iddianı qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddiaçının azuladığı hal, mahiyyətcə qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarının icrasının təmin olunmasıdır. Belə olan halda, o, həmin qərarın icrası istiqamətində mülki iş üzrə cavabdehə (“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə) münasibətdə əlverişli halın yaranmasını, yəni hesabına vəsait köçürülməsini ayrıca iddia kimi tələb edə bilməz. Bu halda məhkəmənin qənaətinə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6633/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6633/2020
02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver