Məhkəmə qərarları › İş №2-1(112)-6633/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6633/2021

24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6633/2021 24.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi 54 saylı evin yaşayış sahəsi 13,78 kv.m, ümumi sahəsi 44,11 kv.m olan 1 otaqdan ibarət 11 sayı mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 1991-ci il tarixdən mübahisə predmetini təşkil edən mənzildə ailəsi ilə birgə yaşamışdır. İddiaçı yaşadığı mənzilin şəhərsalma və arxitektura normalarına uyğun tikildiyini və həmin mənzil ilə bağlı bütün kommunal xidmətlərə görə xərclərin ödədiyini bildirmişdir. İddiaçı Sabunçu rayon Məhkəməsinin qətnaməsinə və müvafiq müqaviləyə əsaslanaraq mənzil üzərində mülkiyyət hüququnun olduğunu bəyan edir. Müvafiq olaraq qeyd edilən yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuş, lakin cavabdeh iddiaçının hüquqlarının qeydiyyatından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki hallarından, o cümlədən cavabdehin etirazından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hallar qismində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində göstərilmiş sənədlərin təqdim edilməməsini göstərmişdir. İddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tələbindən də aydın olduğu kimi, qanunvericilikdə kirayə müqaviləsinin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək bağlanması şərti də müəyyən edilmişdir. Məhkəmə tərəfindən bu istiqamətdə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin 09.04.2008-ci il tarixli əmr ilə Bakı şəhəri, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi 54 saylı evin yaşayış sahəsi 13,78 kv.m, ümumi sahəsi 44,11 kv.m olan 1 otaqdan ibarət 11 sayı mənzilinin şəxsi hesabı 1 nəfər ailə üzvüolan (özü) vətəndaş İddiaçı ilə icarə müqaviləsinin bağlanması əmr edilmişdir. Həmin əmr əsasında mübahisə predmetini təşkil edən daşınmaz əmlaka (mənzil) dair nümunəvi müqavilə bağlanmışdır. Göründüyü kimi, müvafiq olaraq yuxarıda göstərilən tərəflər arasında müqavilə münasibətləri olmuşdur ki, bununla da iddiaçının mübahisəli mənzil üzrə hüquqları 2009cu il oktyabrın 1-dək yaranmışdır. Qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına nəzər yetirdikdə məlum olur, Məcəllənin: -59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. -59.4-cü maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. -146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -9-cu maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Qanunvericiliyin səciyyələnmiş hər bir müddəasını təhlil etdikdə məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, dövlət və ya ictimai mənzil fondunun balansında olmuş yaşayış sahələri ilə bağlı Azərbaycan Respubikası vətəndaşlar arasında 01.10.2009-cu il tarixədək bağlanmış kirayə müqavilələri, vətəndaşın həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas hesab edilir. Nəzərə alınmalıdır ki, cavabdehin hazırki iddia üzrə mövqeyi tamamilə fərqlidir. Belə ki, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublkasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respubikasının 2015-ci il 24 fevral tarixli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə istinad edərək, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsi ilə bağlı kirayə müqaviləsinin yerli icra hakimiyyəti orqanı ilə bağlanmalı olmasını əsas gətirir. Bu mövqeyin əsaslı olub-olmamasını yoxlamaq üçün, məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinin təhlilini zəruri hesab edir . Maddənin məzmunundan göründüyü kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində mülkiyyət huququnun qeydə alınma əsaslarından biri qismində çıxış edir. Cavabdehin imtinasından görünür ki, cavabdeh həmin maddənin tələbinə uyğun olaraq müraciəti o əsasla qəbul etməmiş, mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir ki, həm, sərəncam, həm order, həm də kirayə müqaviləsi o zaman mülkiyyət hüququnun qeydə alınma əsası qismində çıxış edə bilər ki, müvafiq icra hakimiyyəti, yəni yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş olsun, hazırkı işdə isə əmlak Dövlət Neft Şirkəti tərəfindən verilmişdir. Məhkəmə isə cavabdehin maddənin cavadehin qeyd olunan formada başa düşülməsi ilə bağlı mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun: 45.1. Normativ hüquqi aktın layihəsinin hazırlanmasına aşağıdakılar daxil edilə bilər: 45.1.7. hüquqi, linqvistik, maliyyə və digər zəruri ekspertizaların keçirilməsi. 52.Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası məcburi linqvistik ekspertizadan və digər ekspertizalardan əvvəl keçirilməlidir. 53.Normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar üslubuna əməl etməklə tərtib edilir. Göründüyü kimi normativ hüquqi aktların dilçilik baxımından ekspertizası həyata keçirilir ki, yuxarıda adıçəkilən maddənin də linqivistik baxımından qiymətləndirilməsi zərurəti meydana gəlmişdir. Belə ki, inzibati orqanın mövqeyi 8.0.11-ci maddənin Azərbaycan dilində cümlənin quruluşu baxımından uyğunsuzluğun yaranmasına səbəb olur. Belə ki, cavabdehin mövqeyinin təsdiq olunacağı təqdirdə həmin maddədə Azərbaycan ədəbi dilinin leksik və qramatik normalarının pozulması deməkdir ki, həmin maddədə qeyd olunan pozuntu halı baş verməmiş, linqivistik baxımdan maddə normalara uyğun tərtib edilmişdir. Belə ki, maddədən də göründüyü maddədə ifadə edilmiş “sərəncam” sözündən fərqli olaraq “order” sözü “orderi” formasında qeyd edilməmişdir. Yəni dilçilik baxımından cümlədə “orderi” əvəzinə “order” formasında sözün işlədilməsi ona dəlalət edir ki, “order” sözü üçüncü növ təyini söz birləşməsinin tərəfi yox, Sözügedən Qanunun 8.0-cı maddəsinin tələbi də nəzərə alınmaqla cümlənin həmçins müptədası qismində çıxış edir. Əgər həmin cümlədə cavabdehin mövqeyi ilə məhkəmə o zaman razılaşa bilər ki, “order” sözü “orderi” sözü kimi qeyd edilmiş olsun. “Mənzil kirayə müqaviləsi” söz birləşməsinin isə təkcə yerli icra hakimiyyəti orqanına aid olmaması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliklə müəyyən edilir ki, müqavilə hansısa bir tərəfin verdiyi anlayış hesab edilmir, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə bağlanan əqddir. Bu səbəbdən də kirayə müqaviləsinin yerli icra hakimiyyətinə aid olması fikri ilə də razılaşmaq olmaz. Belə ki, yuxarıdakı maddədən göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının mənzil kirayəsi müqaviləsi anlayışı ədəbi dil normasının pozuntusudur. Çünki müqavilə tək bir tərəfin müqaviləsi hesab edilmir, vətəndaşla yerli icra hakimiyyəti orqanı arasında bağlanılan müqavilə yerli icra hakmiyyəti orqanının müqaviləsi hesab edilmir. Həmin müqavilə hesab ediləcəksə hər iki tərəfin müqaviləsidir ki, ümumiyyətlə sözlərin o formada qeyd edilməsi belə normativ hüquqi aktın linqivistikası baxımından məntiqsiz səslənərdi. Halbuki maddənin şərhi aydındır. Maddədə ifadə tərzi baxımından yalnız sərəncamın yerli icra hakimiyyəti orqanına aid olmasından bəhz edilmişdir ki, sərəncamdan əlavə kirayə müqaviləsi və orderin də ora aid olması ədəbi dil normalarının pozuntusu kimi görünəcəkdir ki, halbuki belə bir normanın pozuntusu baş verməmişdir. Dilçilik baxımından ekspertizası aparılmış və mütəxəssis tərəfindən müsbət rəy verilmiş normativ hüquqi aktın ədəbi dil normalarına uyğun olaraq cümləsinin bu səbəbdəndir ki, dilçilik normalarını pozaraq cavabdehin qeyd etdiyi formada şərhi məhkəmə qəbul etmir. Göründüyü kimi cümlədə yalnız sərəncamın yerli icra hakimiyyəti orqanı tərəfindən verilməsi nəzərdə tutulmuş, order və kirayə müqaviləsinin mütləq qaydada yerli icra hakimiyyəti orqanı tərəfindən verilməli olması ilə bağlı qayda müəyyən edilməmişdir ki, həmin dövrdə balansaxlayıcı Dövlət Neft Şirkəti olduğundan onun balansında olan əmlakla bağlı mütləq qaydada yerli icra hakimiyyəti orqanının order və kirayə müqaviləsi verməsini gözləməkdə məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə uyğun deyil. Köhnə Mənzil Məcəlləsi də order və müqavilənin bağlanılmasının mütləq qaydada yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsi ilə bağlı qayda müəyyən etməmiş, əksinə balanssaxlayıcı kimdirsə onun səlahiyyətli qurum qismində çıxış etmək imkanını müəyyən etmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi şəxsin əmlakın mülkiyyətə keçirmək hüququnun əsasında duran kirayə müqaviləsinin Azərbyacan Respublikasının vətəndaşı və dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə bağlanılmalı olmasını şərtləndirmişdir. Həmin dövrdə isə mübahisə predmetini təşkil edən mənzil də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin balansında olmuşdur ki, bu hal müqavə tərəflərinin məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti ilə İddiaçı olmasına qənaətinə qəlmək üçün əsas verir. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi tərəfindən əmrin verilməsi və nümunəvi müqavilənin bağlanmasına əsas Sabunçu rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə təşkil edir. Həmin qətnamə ilə İddiaçı Bakı şəhəri, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 54 saylı evin 11 nömrəli mənzilinin icarədarı hesab edilməklə onunla icarə müqavilə bağlanması Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin həvalə edilməsi qət edilmişdir. Göründüyü kimi, hətta məhkəmə qətnaməsində bu öhdəlik İcra Hakimiyyətinin Mənzil Kommunal Təssərüfatı Departamentinin üzərinə qoyulmamış, əksinə mənzilin balansda olmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin üzərinə qoyulmuşdur. Bu hal ona dəlalət edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ-ci və İİ-ci hissələri və Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3- cü maddələrinin təməl prinsipini rəhbər tutaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məcburiliyi əsasında üzərinə qoyulmuş öhdəliyi icra etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı ünvanlanmış və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən daxil olmuş sorğuya cavab məktubundan məlum olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Bakı şəhər İcra Hakimiyyətinin və Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müxtəlif tarixli və saylı sərəncamlarına uyğun olara Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olan yaşayış, qeyri-yaşayış və yataqxanalar, o cümlədən Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən 54 saylı bina 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş, lakin binalar balansa qəbul edilərkən həmin mənzillərə aid heç bir hüquqi sənəd təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, təhvil-təslim dövründə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olan yaşayış, qeyri-yaşayış və yataqxanalar, o cümlədən Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən 54 saylı bina ilə bağlı hüquqi sənədlərin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təqdim edilməməsi iddiaçının iradə ifadəsindən asılı olan hal deyildir və bu hal ona münasibətdə mənfi təsir göstərə bilməz. Belə ki, iddiaçının mübahisə predmetini təşkil edən mənzil üzərində hüquqlarının olması məhkəmə qətnaməsinin mövcudluğu öz əksini tapmışdır. Məhkəmə əlavə olaraq bir məqamada toxunmaq istəyir ki, hər nə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş əmrdə İddiaçı ilə “icarə müqaviləsi”nin bağlanması göstərilsə də, bu müqavilə hərfi olaraq icarə müqaviləsinin ehtiva etdiyi xarakteri daşımır. Belə ki, məhkəmə qətnaməsindən də göründüyü kimi, məhkəmə iddiaçının mənzildə uzun müddət ərzində daimi yaşadığını, mənzilin bütün kommunal xərclərini ödədiyini, habelə iddiaçının başqa yaşayış yeri olmadığını əsas götürərək onunla icarə müqaviləsinin bağlanmalı olmasını qət etmişdir. Xarakterizə olunan bu əlamətlər, Azərbaycan Respublikası Mənzil Məcəlləsində nəzərdə tutulmuş sosial kirayə müqaviləsinin fundamental əsasını təşkil edir. Belə olan halda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti ilə İddiaçı arasında bağlanmış müqavilə kirayə müqaviləsi kimi qiymətləndirilir. Beləliklə məhkənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının sözügedən mənzil üzrə hüquqları 2009-cu il oktyabrın 1-dək yarandığından, həmçinin hüquqlarının yaranmasında əsas olaraq məhkəmə qətnaməsi və mənzil fondunun mülkiyyətçisi olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi ilə bağlanmış müqavilə təşkil etdiyindən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən iddiaçının əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınması üçün əsas yaranır. Bu əsaslarla cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi sonuncunun qanunla qorunan hüquqlarını pozmuş, ona görə də əsassız və qanunsuzdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, ünvan 2 ünvanında yerləşən 69 sayı mənzilin, ümumi sahəsi 59,07 kv.m olmaqla, qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi 54 saylı evin yaşayış sahəsi 13,78 kv.m, ümumi sahəsi 44,11 kv.m olan 1 otaqdan ibarət 11 sayı mənzil üzərində İddiaçınn adına çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar