Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6633/2023 11.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Chopurova Khijranın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və müvəqqəti yaşamaq üçün icazənin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Chopurova Khijran cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 18 yanvar 2023-cü il tarixli inzibati aktı və ******* saylı inzibatı qərarının ləğv edilməsini və ona müvəqqəti yaşamaq üçün icazə vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, Gürcüstan vətəndaşı kimi 07 yanvar 2023-cü il tarixdə cavabdehə müraciət edərək, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı müraciət etmiş və ona ******* saylı bildiriş verilmişdir. Bundan əvvəllər də müvəqqəti yaşamaqla bağlı dəfələrlə Miqrasiya Xidmətinə müraciət etmiş və icazə almışdır. Sonuncu müraciəti zamanı qohumluq faktı üzrə, yəni AR vətəndaşı X2 ilə nigaha girməyimlə bağlı müraciət etmiş və cavabeh tərəfindən 18 yanvar 2023-cü il tarixli imtina haqqında məktub və ******* saylı qərar verilmiş, həmin qərarı rəsmi qaydada 06 fevral 2023-cü il tarixdə əldə etmişdir. Həmin Qərarda göstərilmişdir ki, ** BA ***51 nömrəli pasporta malik olan onun 07 yanvar 2023-cü il tarixli müraciəti təmin edilməmə və 10 gün ərzində AR hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Halbuki, ona təzyiq və təsir altında Gürcüstan vətəndaşlarına artıq Azərbaycanda yaşama icazəsi verilmir deyərək diqtə etdirməklə, guya nikahları miqrasiya məqsədilə qeydə alınması barədə yazı yazdırmış, əks halda dərhal deportasiya olunma təhlükəsi barədə xəbərdarlıq edilmişdir. Halbuki, iddiaçının hər iki övladı Azərbaycanda təhsil alır və onları burada sahibsiz qoymaqdan qorxduğu üçü məcbur olub cavabdehin əməkdaşlarının iradəsinə tabe olub, verilən bütün sənədləri imzalamışdır. Halbuki, o, Azərbaycanlıdır, yeganə təqsiri Gürsüstan vətəndaşı olmaqdır, qanuni əsaslarla övladlarının təhsil aldığı bir ölkədə müvəqqəti yaşamaq istəyir. Azərbaycanda nikaha daxil olmuş və bu nikah yeganə və ilk nikahıdır. Hesab edir ki, cavabdehin qanunsuz imtinası onun hüquqlarını pozur və məhkəmə müdafiə hüququndan istifadə etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli qərara əsasən, Gürcüstan vətəndaşı 15BA17251 nömrəli pasporta malik olan İddiaçı 07 yanvar 2023-cü il tarixli müraciəti təmin edilməmiş, Gürcüstan vətəndaşı 15BA17251 nömrəli pasporta malik olan İddiaçı üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur.
4. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə MYİ verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, şəxs Miqrasiya Məcəlləsinin 45.1.1-ci maddəsi əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. İcraat materiallarından məlum olmuşdur ki, şəxs Azərbaycan Respublikasının vətəndaşı X2 ilə nikah əsasında müvəqqəti yaşama icazəsi almışdır. Qeyd olunmalıdır ki, nikahın məqsədli olub-olmaması ilə bağlı müvafiq araşdırmaların aparılması zamanı əcnəbinin izahatı alınmışdır. Araşdırma zamanı, şəxs özü də etiraf edərək nikahlarının məqsədli olduğunu və MYİ almaq üçün belə qərara gəldiklərini, hazırda nikahda olduğu şəxsin əslində keçmiş həyat yoldaşının dayısı olduğunu bildirmişdir. İcraat materiallarına baxış zamanı aydın görünür ki, şəxs xx.xx.2023-cü il tarixdə nikah haqqında şəhadətnaməni əldə etdikdən sonra həmin tarixdə də DMX-yə müraciət etmişdir. Eyni zamanda aşağıdakı məqamlara diqqət yetirək: 1) Şəxsin keçmiş həyat yoldaşı xx.xx.1986-cı il təvəllüdlü Musaev Veis xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuş və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanına qeydiyyata alınmışdır. İddiaçı da izahatında Musaev Veis və 2 övladları ilə həmin ünvanda yaşadıqlarını təsdiq etmişdir; 2) “Giriş-Çıxış” İdarələrarası avtomatlaşdırılmış məlumat sistemindən əldə edilmiş çıxarışdan görünür ki, 2017-2019-cu illərdə birlikdə dövlət sərhəddini keçib qayıtmışlar. 3) Olduğu yer üzrə qeydiyyat çıxarışından məlum olur ki, şəxs 2016-2020-ci illər ərzində Azərbaycan Respublikasında müxtəlif ünvanlarda qeydiyyata alınmışdır. Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. İşin hallarından da görünür ki, şəxs ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə məqsədli şəkildə nikaha daxil olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.
5. Nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X2 ilə xx.xx.1988ci il təvəllüdlü Çopura Hicran xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşlar, ərə Şərifov, arvada Çopura soyadı verilmişdir.Nikahları 5 saylı Bakı “ASAN xidməti” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
6. İş materiallarında olan Chopurova Khijranın vətəndaşlıq pasportundan görünür ki, X1 vətandaşıdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əmirli etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
10. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
12. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
13. İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət edərək, ona müvəqqəti yaşamaq üçün icazə vermək öhdəliyinin qoyulmasını xahiş etmiş, lakin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti xx.xx.2023-cü il tarixli ******* nömrəli qərara ilə İddiaçı müraciəti təmin etməmiş və onun üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoymuşdur. Hazırkı iddia ərizəsində iddiaçı həmin qərarın ləğv olunmasını və ona müvəqqəti yaşamaq üçün icazə vermək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı bu iddia vasitəsilə həm ərizəsini rədd edən qərarın ləğv olunmasını, həm də özünün xeyrinə inzibati aktın qəbul olunmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, hazırkı iddia məhz məcburetmə haqqında iddia növünə aiddir.
14. Odur ki, hazırkı iddia məcburetməyə dair iddiadır. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
15. İddiaçı X1 vətəndaşıdır. Onunla Azərbaycan Respublikası vətəndaşı X2 arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Bundan sonra iddiaçı ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Miqrasiya Xidmətinə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ilə məsələnin həllindən imtina etmiş və imtinasını Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə istinad etməklə onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsi almaq məqsədi ilə nikaha daxil olduğu müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
16. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi:
2. Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır. 45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır): - (45.1.5.) Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda.
48. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir. 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: - (50.1.2.) Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. 25.1. Bu Məcəllənin 10 – 12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır.
18. «İnzibati icraat haqqında» Qanun: 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
19. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 27.İnzibati icraat Azərbaycan Respublikasının dövlət dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. İnzibati icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə tərcüməçinin xidmətindən istifadə etmək hüququ izah və təmin edilir. 58.1 İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının qanunvericiliyi kişi ilə qadının hər ikisinin və ya birinin ailə qurmaq niyyəti olmadığı halda bağlanmış nikahı saxta nikah kimi etibarsız tanısa da, bu nikahın etibarsızlığının müəyyən edilməsini yalnız məhkəmə qaydasında mümkün sayır.
19. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə inzibati orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçıya Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtinasının əsası kimi təqdim etdiyi dəlili də məhz qurumun iddiaçının əcnəbi vətəndaş kimi həmin icazəni almaq məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olmasını müəyyən etməsidir. Lakin iddiaçı Chopurova Khijran ilə Azərbaycan Respublikası vətəndaşı X2 arasında xx.xx.2023-cü il tarixdə qeydə alınmış nikahın etibarsızlığı inzibati orqanın mülahizəsi ilə qiymətləndirilə bilməz, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadan həmin nikahın etibarsızlığı sübut olunmur.
20. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 26-cı maddəsində nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsi konkret müəyyən edilsə də, hazırkı cavabdeh inzibati orqan bu şəxslərin sırasına aid edilməmişdir.
21. Məhkəmə cavabdehin inzibati orqanın imtina barədə qərarında tətbiq (istinad) etdiyi normaya (AR Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsi) münasibətdə qeyd edir ki, həmin müddəada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi hallardan biri kimi icazə almaq məqsədi ilə saxta sənədlərin və ya yalan məlumatların təqdim olunması da əks olunsa da, hazırkı iş üzrə cavabdeh orqanın dəlili bu normada təsbit olunmuş “yalan məlumat”la uzlaşa bilməz. Rəsmi sənədlərdə, o cümlədən nikah akt qeydində, inzibati aktda əksini tapan məlumatlara münasibətdə “yalan məlumat” kriteriyası ilə yanaşma düzgün deyil, bu sənədlərdə əks olunanlar, yalnız saxtalığı sübut olunmaqla qeyri-mötəbər sayıla bilər. Belə sənədlər istisna olmaqla, şəxsin digər sənədlərdə (o cümlədən, ləğvi və etibarsızlığı ayrıca icraat, qayda tələb etməyən aktlarda) və şifahi izahatında təqdim etdiyi məlumatlar müvafiq hallarda “yalan məlumat” qismində qiymətləndirilə bilər. Nə qədər ki, iddiaçı Chopurova Khijran ilə Azərbaycan Respublikası vətəndaşı X2 arasında xx.xx.2023-cü il tarixdə qeydə alınmış nikah məhkəmə qaydasında etibarsız sayılmamışdır, iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli “nikah haqqında şəhadətnamə”yə münasibətdə yeganə sübut kimi Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsində nəzərdə tutulan hallar mövcud qiymətləndirilmir (hətta şəxsin inzibati icraat verdiyi izahatın məzmunundan da asılı olmayaraq). Bunun əksinə olaraq, həmin şəhadətnamə iddiaçının Azərbaycan Respublikasının ərazisində ailə üzvü (əri) olduğundan, ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməlidir. Cavabdeh inzibati orqanın apardığı inzibati icraatda iddiaçının izahatında iddiaçı ilə ərinin aralarındakı nikahın məqsədli bağlanmasını etiraf etməsinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, inzibati orqan həmin icraatda tərcüməçinin iştirakını təmin etməmişdir.
22. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı qəbul edərkən formal mülahizələrə əsaslanmış və Azərbaycan Respublikası Miqrasiya Məclləsinin 2-ci maddəsində təsbit edilmiş prinsipləri, eləcə də həmin Məcəllənin 48, 50-ci maddələrinin və «İnzibati icraat haqqında» Qanunun 24, 15, 19, 58.1-ci maddələrinin tələblərini gözləməmişdir. Odur ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı qanunazidd sayılmalı və həmin qərarla iddiaçı Chopurova Khijrana Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina olunması onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
23. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ləğv edilməli və iddiaçı Chopurova Khijrana Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmalıdır.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ləğv edilsin və iddiaçı Chopurova Khijrana Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva