Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6633/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ona məxus mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərində inşa edilən fərdi yaşayış evinə dair hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, ona yəni İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 575,5 kv.m., torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair onun yəni İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında uzun illərdir ki, ailə üzvlərilə birlikdə yaşayır. Həmin ünvana dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş Texniki pasporta əsasən qeyd olunan ünvan həmin gündən onun istifadəsindədir. O, həmin evə dair hüquqlarının qeydə alınması barədə, yəni çıxarış alınması üçün cavabdeh orqana rəsmi qaydada ərizə ilə müraciət etsə də, lakin inzibati orqan xx.xx.2024-cü il tarixli məktubu ilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərində inşa edilən fərdi yaşayış evinə dair hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasından imtina etmişdir. O, bu imtina ilə razı deyil və hesab edir ki, mənzilə aid bütün müvafiq sənədlər onun adına olduğundan burada mərhum atasından belə söhbət gedə bilməz. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, texniki pasportla şəxsiyyəti təsdiq edən sənəd arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, texniki pasportda ata adı “İsabala”, şəxsiyyəti təsdiq edən sənəddə isə “İsbat” kimi qeyd olunmuşdur, eyni şəxs olması barədə sənəd təqdim edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən texniki pasportla faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən göstərilən daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 925.5 kv.m təşkil edir və torpaq sahəsində tikintialtı sahəsi 248 kv.m olmaqla yaşayış evi və yardımçı tikililər inşa olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.1963-cü ildə Kürdəmir rayonunun Ağsu VVAQ bürosu tərəfindən verilmiş АZ № 366018 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, xx.xx.1936-cı il təvəllüdlü İddiaçı atası kimi X11 qeyd olunmuşdur. xx.xx.2017-ci il tarixdə Ağsu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 887826 №li “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X3 xx.xx.1978-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1978-ci ilin 11 ayının 14 günündə 12 № ilə qeyd edilmişdir. İddiaçıya məxsus AZE seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1936-ci il tarixdə Kürdəmir rayonu, Nuran kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X1 Bürosu tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı (İsabala yazılmışdır) oğlunun adına tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun notarial qaydad təsdiq olunmuş surətindən müəyyən olunur ki, 1966-cı ildə inşa edilmiş fərdi yaşayış evi 174,3 kv. metrdən ibarət olmaqla, evin yerləşdiyi cəmi meydançanın sahəsinin 575,5 kv. m. təşkil edir. xx.xx.2022-ci il tarixdə “Asan 1” tərəfindən xx.xx.1936-cı il təvəllüdlü İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X18, xx.xx.1990-cı il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.1993-cü il tarixli, X19, xx.xx.1963-cü il təvəllüdlü X7, xx.xx.1991-ci il təvəllüdlü X32, xx.xx.1979-cu il təvəllüdlü X20, xx.xx.1964cü il təvəllüdlü X33, xx.xx.1973-cü il təvəllüdlü X12, xx.xx.1957-ci il təvəllüdlü X21, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Seymur oğlu, xx.xx.1993-cü il təvəllüdlü X34, xx.xx.1993cü il təvəllüdlü X35, xx.xx.1984-cü il təvəllüdlü X22 ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********76 №-li cavab məktubunda qeyd olunmuşdur ki, texniki pasportla şəxsiyyəti təsdiq edən sənəd arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, texniki pasportda ata adı “İsabala”, şəxsiyyəti təsdiq edən sənəddə isə “İsbat” kimi qeyd olunmuşdur, eyni şəxs olması barədə sənəd təqdim edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən texniki pasportla faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən sizə hüquqi yardım göstərilərək bildiririk ki, qeyd olunan irad aradan qaldırılacağı təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikasının Daxili İşləra Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-8256/2024 saylı cavab məktubunda göstərilmişdir ki, X23, X13, X24, X4, X17, X8, X9, X43, X25, X10, X36, X27, X28, X14, X29, X26, X44, X15, X16 və X45 Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsi, ev 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********86 №-li cavab məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə (arxiv texniki pasportda) 575,5 kv.metr və faktiki olaraq sahəsi 925,5 kv.metr təşkil edir. Torpaq sahəsində 248,0 kv.metr yaşayış evi və yardımçı tikililər inşa olunmuşdur. Arxiv texniki pasportunda göstərilən yaşayış evləri mövcuddur. Bir təfəi yol, üç tərəfi qonşu fərdi yaşayış evləridir. Faktiki vəziyyətə uyğun baş plan və koordinatlar əlavə olunur. Torpaq sahəsinin koordinatları da məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda).
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
İnzibati-Prosessual Məcəllə:
58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X1 Bürosu tərəfindən tərtib olunmuş texniki pasportda evin mülkiyyətçisi kimi İddiaçı İsabala oğlu qeyd olunmuşdur. Cavabdeh inzibati orqanın dəlillərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbindən imtina olunarkən, texniki pasportda ata adının “İsabala”, şəxsiyyəti təsdiq edən sənəddə isə “İsbat” kimi qeyd olunduğuna, eyni şəxs olması barədə sənəd təqdim edilmədiyinə, bundan başqa, elektron kadastr məlumatlarına əsasən texniki pasportla faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcudluğuna istinad olunmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunmuş iddiaçıya aid doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, mübahisəli ünvana dair iddiaçıya verilmiş yaşayış yeri haqqında arayış və X2 aid ölüm haqqında şəhadətnamə ilə mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Mənzil Təsərrüfat Nazirliyi tərəfindən tərtib olunmuş texniki pasportda qeyd olunmuş İddiaçı İsabala oğlu ilə İddiaçı eyni şəxs olması müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İmtinanın digər əsaslarına gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin fəaliyyətini tənzimləyən Əsasnamənin tələblərinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifəsidir. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.
NƏTİCƏVİ HİSSƏ
İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 575,5 kv.m., torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev