Məhkəmə qərarları › İş №2-1(112)-6636/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6636/2024

17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6636/2024 17.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X9) qarşı “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış ünvan 1 ünvanında, 1077 nömrəli neft-qaz quyusunun mühafizə zonasında, 39 T 392774; ******* coğrafi koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsinin bir hissəsinin məqsədli təyinatı nəzərə alınmadan fərdi yaşayış evinin tikilməsi üçün ayrılması barədə Cavabdeh xx.xx.1999-cu il tarixli, 35 nömrəli sərəncamın etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 zəruricəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İddiaçı (İB) neft və qaz əməliyyatlarının aparılması məqsədilə istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında, 1077 nömrəli neft-qaz quyusunun mühafizə zonasında, 39 T 392774; ******* coğrafi koordinatlarda yerləşən torpaq sahəsinin bir hissəsi Cavabdeh xx.xx.1999-cu il tarixli, 35 saylı sərəncamı ilə məqsədli təyinatı nəzərə alınmadan fərdi yaşayış evinin tikilməsi üçün ayrılmışdır. Həmin torpaq sahəsi 1077 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir ki, həmin ərazilərdə tikinti işlərinin aparılması qanunla qadağandır. Mübahisə predmeti olan Cavabdeh xx.xx.1999-cu il tarixli, 35 nömrəli sərəncamı hal-hazıra qədər “Azneft” İB-yə verilməmişdir və yalnız belə qərarın mövcudluğu “Azneft” İB tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə “Məlumatların təqdim edilməsi barədə” müraciətindən sonra məlum olmuşdur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh başçısının “Fərdi yaşayış evinin tikintisi məqsədi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli, 35 nömrəli sərəncamından görünür ki, Lökbatan qəsəbə sakimi X3 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600.0 kv.m torpaq sahəsi ayrıması qərara alınmışdır. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 312 nömrəli sərəncamından görünür ki, X1 Cavabdeh Başçısının xx.xx.1999-cu il tarixli 35 saylı sərəncamına əsasən Lökbatan qəsəbəsində 600,0 m2 torpaq sahəsində tikdirdiyi 3 otaqdan ibarət yaşayış sahəsi 74,63 m2, köməkçi sahəsi 18,3 m2, zirzəmi sahəsi 92,93 m2, həyətdə hamam-tualet sahəsi 8,9 m2 olan yaşayış evinin sənədləşdirilib qeydiyyata alınması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli məktubundan görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində X6 tərəfindən tikilmiş fərdi yaşayış evinə “Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 5b” poçt ünvanı təyin edilmişdir. xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Satıcı, X8 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11/32554 nömrəli xx.xx.2008-cı il tarixli Forma 1 arayışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi: 92,93 kv.m, yaşayış sahəsi 74,63 kv.m olan 3/üç otaqdan ibarət hüquqmüəyyənedici sənəd üzrə: 0.06 ha , faktiki : 0,058197 ha torpaq sahəsi üzərində yerləşən evi X4 mülkiyyətinə vermişdir. xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X10 ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 74.63kv.m, yardımçı sahəsi 18.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə hissəsi hədiyyə alan X5 bağışlamışdır. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 92.93 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi və onun yerləşdiyi 0.058197 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X5 məxsusdur. İddiaçı hazırda S.Mustafayevanın mülkiyyətində olan mübahisəli torpaq sahəsinin sənaye təyinatlı torpaq olmaqla, ona məxsus olduğunu iddia edərək, “Fərdi yaşayış evinin tikintisi məqsədi üçün torpaq sahəsinin ayrılması haqqında” Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 35 nömrəli sərəncamının etibarsızlığının tanınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Qeyd edilməlidir ki, subsidiarlıq tələbinə əsasən, müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində ümumi tələbdir. Yəni, məsələn mübahisələndirmə haqqında iddia üzrə iddia müddətini ötürmüş şəxs eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır və İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsi ilə tənzimlənir. İddianın faktiki əsasları sərəncamın etibarsızlığının tanınması deyil, üçüncü şəxs barəsində qəbul edilmiş əliverişli inzibati aktın ləğvinə uyğundur və iddiaçı prosessual məhdudiyyətlərin (iddia müddətinin) tətbiqini istisna etmək üçün sonda qərarın etibarsızlığını xahiş edərək hazırkı iddianı "müəyyən etmə və tanınma haqqında iddia” növü kimi göstərmişdir. Müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə maraq barəsində olan ümumi tələbdir. Mübahisələndirmə haqqında iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi qərarın ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə qaldırmış, müvafiq qərar qəbul edildiyi vaxtdan 25 il keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən qərarın rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İddiaçı hazırkı iş üzrə üçüncü şəxs S.Mustafayevanın mülkiyyətində olan torpaq sahəsinin sənaye təyinatlı olmaqla ünvan 1 ünvanında, 1077 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşdiyini iddia edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti neft, neft-kimya və qaz sənayesinin vahid kompleks kimi səmərəli fəaliyyətinin və inkişafının təmin edilməsindən, istehlakçıların enerji daşıyıcılarına olan tələbatının etibarlı ödənilməsindən ibarətdir. Həmin Nizamnaməyə görə geofiziki, geoloji axtarış-kəşfiyyat işlərinin əsas istiqamətlərinin işlənib hazırlanmasını, təsdiq edilməsini, müasir tikinti texnologiyalarından və texniki vasitələrdən istifadə etməklə, geoloji-kəşfiyyat işlərinin aparılmasını, yeni kəşf olunmuş yataqların işlənməyə verilməsi haqqında qərarların qəbul edilməsini, Şirkətin strukturuna daxil olan qurumlar tərəfindən istismar olunan yataqların təcrübə-sənaye istismar layihələrinin, texnoloji sxemlərinin, neft, qaz və qaz kondensatı yataqlarının işlənməsi layihələrinin hazırlanmasını, təsdiq edilməsini və yataqların işlənməsini, neft, qaz quyularının qazılmasını və sahənin inkişafı ilə əlaqədar digər dağ-mədən işlərinin, dağ və buruq qazmalarının həyata keçirilməsini, sahənin infrastrukturunun etibarlı mühafizəsini və idarəetmə prosesləri üzrə daxili nəzarət sistemlərini təmin edən Şirkətin mühafizə qurumlarının və daxili tədqiqat xidmətinin fəaliyyətinin təşkil edilməsini və bu işin lazımi səviyyədə qurulması üçün tələb olunan müasir avadanlıqların, texnologiyaların, digər texniki və xüsusi vasitələrin alınmasını və istifadəsinin həyata keçirilməsini karbohidrogen ehtiyatları tam tükənmiş torpaqların bərpasını və ətraf mühitin mühafizəsi üçün digər tədbirlərin görülməsini, o cümlədən toksiki istehsalat tullantılarının ekoloji tələblərə uyğun olaraq utilizasiyasını və zərərsizləşdirilməsini, habelə ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən istifadəyə imkan yaradan avadanlıq və qurğuların əldə edilməsini, quraşdırılmasını və səmərəli istismar edilməsini həyata keçirmək Şirkətin fəaliyyət növlərinə aid edilmişdir. Göründüyü kimi, iddiaçı dövlət müəssisəsi olmaqla ən azından 2003-cü ildən etibarən fəaliyyət göstərir və neft-kimya və qaz sənayesinin vahid kompleks kimi səmərəli fəaliyyətinin və inkişafının təmin edilməsi ilə bağlı müvafiq funksiyaları icra edir. İşdən görünür ki, ən azı 2008-ci ildən mübahisəli ərazidə üçüncü şəxsə məxsus fərdi yaşayış evi olmuşdur. Deməli, iddiaçı artıq 2008-ci ildən üçüncü şəxsə məxsus əmlakın 1077 saylı neft-qaz quyusunun mühafizə zolağında yerləşməsindən məlumatlı olmuşdur. Tikili və onun yerləşdiyi torpaq sahəsi barədə sənədlər iddiaçıda olmasa da, onun müvafiq dövlət orqanlarından zəruri sənədləri əldə etmək və tikilinin statusunu müəyyən etmək imkanı olmuşdur (necə ki, iddiaçı hazırkı iddianı qaldırmamışdan əvvəl bu istiqamətdə hərəkət etmişdir). Lakin iddiaçı azı 16 il hərəkətsizlik, bununla da dözümlülük göstərərək, bu hüququndan istifadə etməmişdir. Buna görə də onun mübahisəli sərəncamdan hazırkı məhkəmə icraatında məlumatlı olması və bununla da iddia müddətini ötürməməsi barədə dəlili qəbul edilə bilməz. O da qeyd edilməlidir ki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). Göründüyü kimi, iddiaçı sözügedən xx.xx.1999-cu il tarixli qərarı həmçinin həmin dövrdə qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində mübahisələndirməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar