Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6637/2025 03.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı Cavabdeh2 MMC-nin bazasına aparılmış xx.xx.2024-cü il tarixli reyestr qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı Cavabdeh2 MMC-nin bazasına aparılmış xx.xx.2024-cü il tarixli reyestr qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi XidmətininBaş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən Cavabdeh2 MMC-nin (VÖEN: **********) reyestr məlumatlarında xx.xx.2024 tarixli, 3-21-2- 2- 1/2-5574/2024 nömrəli reyestr dəyişikliyi aparılmışdır. Aparılmış bu reyestr dəyişikliyi yalnış məlumatlar əsasında aparılmışdır. Bu barədə HŞDQİ-nə rəsmi müraciət edilərək, Cavabdeh2 MMC-nin bazasında aparılmış xx.xx.2024 tarixli reyestr qeydinin ləğv edilməsi və törədilmiş cinayət barədə tədbirlərin görülməsi xahiş edilmiş, lakin cavabdeh orqan müraciətə heç bir münasibət bildirməmişdir. Müraciət əsaslandırılarkən bildirilmişdir ki, Cavabdeh2 MMC-nin yeganə təsisçisi X3 təsisçisi olduğu şirkətin adı ilə törətdiyi cinayətlərə görə həbs edilmiş və hazırda da barəsində istintaq və məhkəmələrdə cinayət işləri gedir. Hətta onun həbsdə olduğu müddətdə Cavabdeh2 MMC-yə qanunsuz təyin etdiyi şəxslər vasitəsilə növbəti cinayətləri (CM-nin Maddə: 294 Sübutları saxtalaşdırma; Maddə 320 Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) törətməsi barədə məhkəmə tərəfindən xüsusi qərardadla cinayət işi başlanılması üçün prokurora məlumat verilmişdir. Həmin şəxslər 3-21-2- 2-1/2-5574/2024 nömrəli reyestrdə adı direktor olaraq qeyd edilmiş X4 və Cavabdeh2 MMC-nin portalında işçi kimi qeyd edilmiş şəxslərdir. X1 rəhbərlik etdiyi dəstə Cavabdeh2 MMC-nin adından saxta sənədlər və möhür əldə edərək, növbəti cinayətləri törədirlər. X8 Cavabdeh2 MMC adından törətdiyi cinayətlərə görə hazırda həbsdə olduğu, məhkəmə hökmünə görə onun dövlət və yerli idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edildiyi üçün onun Cavabdeh2 MMC-nin adından hər hansı rəsmi sənədləri imzalaması qanunsuz, MMC-nin möhüründən istifadə etməsi isə mümkünsüzdür. Hətta belə halda onun ərizəsi məhkəmənin razılığına əsasən notarius və ya istintaq təcridxanasının rəisinin iştirakı ilə təsdiq edilməli olmuşdur. X7 (qanunsuz direktor) reyestrdə qeydiyyatın aparılması naminə bu həqiqətləri gizlətmiş və qanunsuz əldə etdiyi sənədlər əsasında reyestrdə özünün direktoru kimi qeydə alınmasına nail olmuşdur. Bu saxtalıq ilk növbədə MMC-nin möhürü ilə müşahidə edilir. Reyestr qeydinin aparılması zamanı sənədlərə vurulmuş möhür MMCnin öz möhüründən fərqli formada hazırlanmış möhürdən istifadə edilmişdir. Qeyd edim ki, hazırda mövcut sənədlərə nəzər yetirilərkən, MMC-nin 3 fərqli formada möhürünün olduğu müəyyən edilir. Qeyd edilən hüquqi əsaslara görə məhkəmələr tərəfindən Cavabdeh2 MMC-nin adından verilmiş vəsatət və müraciətlər MMC-nin vəzifəli şəxsi (direktorun) səlahiyyətlərinin mübahisəli olduğu üçün baxılmır. Hətta e-2(001)- 55/2024 saylı məhkəmə işində işə baxan hakim tərəfindən sorğu verilərək vergi orqanından reyestr qeydinin aparılması üçün əsas olmuş sənədlər tələb edilmiş, həmin sənədlərlə reyestr qeydinin aparılması zamanı səlahiyyətsiz şəxsin imza etməsi müəyyən edilmişdir. Saxta reyestr qeydiyyatının aparılmasına nail olan Mübariz İsmayılov həbsdə olan X8un sifarişi ilə Cavabdeh2 MMC-nin inşa etdiyi binalarda təkrarən sahələrin satılmasını davam etdirir, bu yolla dələduzluq edərək təkrarən külli miqdarda pullar ələ keçirirlər. Aldadılmış şəxslər də hüquqlarının qorunması üçün məhkəmələrə və hüquq mühafizə orqanlarına müraciət edirlər ki, bu qayda ilə məhkəmələrin icraatında onlarla mülki mübahisələr və polis orqanlarında bir neçə yerdə cinayət işləri araşdırılır. Bu qanunsuzluğun qarşısının alınmaması növbəti cinayətlərin törədilməsinə şərait yaradır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya 10 fevral 2025-ci il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq, hazırkı iddia tələbi üzrə iddia vermək hüququna malik olmasına dair dəlillərin zəruri olması bildirilmişdir. Məhkəmə tərəfindən işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə 03 mart 2025-ci il tarixə məhkəmə iclası təyin edilmiş, məhkəmə iclası barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım haqqında məktub ünvanlansa da, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsinin zəruri olduğu bildirilsə də, iddiaçı tərəfindən məhkəmənin üzərinə qoyduğu vəzifə icra edilməmiş və cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının qanunvericiliyi ilə təsbit edilmiş qorunma sferasına müdaxilənin nədən ibarət olması məhkəmənin diqqətinə çatdırmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin qərarın 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı iddia ərizəsində qeyd etməmişdir. Cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Odur ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı Cavabdeh2 MMC-nin bazasına aparılmış xx.xx.2024-cü il tarixli reyestr qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-6637/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6637/2025
03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver