Məhkəmə qərarları › İş №2-1(112)-6638/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6638/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6638/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı (X2) cavabdeh 7 saylı Bakı Cavabdehndə qeydiyyat şöbəsinə qarşı “adın və soyadın dəyişdirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı (X2) cavabdeh 7 saylı Bakı Cavabdehndə qeydiyyat şöbəsinə qarşı “adın və soyadın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı (X7) cavabdeh 7 saylı Bakı Cavabdehndə qeydiyyat şöbəsinə qarşı ad və soyadının əvvəlki ad və soyadı ilə dəyişdirilməsi öhdəliyinin 7 saylı Bakı Cavabdehndə qeydiyyat şöbəsinə və yaxud Nizami rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 16 avqust 2022-ci il tarixdə 7 saylı Bakı Cavabdehndə qeydiyyat şöbəsində ad və soyadının, “İddiaçı”dən “Əhmədzadə Ada”ya dəyişdirilməsi ilə bağlı müraciəti əsasında 04 saylı “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” akt qeydinə əsasən ad və soyadı dəyişdirilmiş və bununla bağlı ona 036331 saylı şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixli 05/9-11-55 nömrəli imtinada soyadının və adının növbəti dəfə dəyişdirilməsinin təmin olunmasının şöbə tərəfindən mümkün olmadığı bildirilmiş, bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Digər sənədlərdə dəyişiklik edə bilmədiyi üçün adının əvvəlki halına qaytarılmasını xahiş edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh iş yükünün çoxluğunu və müraciətlərin sayının artmasını nəzərə alaraq işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə soyadının və adının dəyişdirilməsi barədə 7 saylı Bakı “Asan Xidmət” X3 ərizə ilə müraciət etmişdir. İddiaçı soyadı və adı xx.xx.2022ci il tarixdə 04 saylı soyadın, adın və ata adının dəyişdirlməsi haqqında akt qeydinə əsasən "İddiaçı” dən “Əhmədzadə Ada”ya dəyişdirilmişdir. Daha sonra vətəndaş İddiaçı AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı 7 saylı Bakı Cavabdeh Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Bölməsinə müraciət etmişdir. Lakin şəxsiyyət vəsiqənin qeydiyyatda olduğu ünvandan çıxarılması səbəbindən qüvvədən düşdüyü üçün dəyişdirilməsi mümkün olmamışdır. Bu səbəbdən, 31.01 2023-cü il tarixdə şöbəyə təkrar müraciət edərək soyadının və adının növbəti dəfə “İddiaçı”yə dəyişdirilməsini xahiş etmişdir. Tərəflərindən vətəndaşa ərizəsinin təmin edilməsinin şöbə tərəfindən mümkün olmadığı izah olunmuş və ona bu barədə imtina məktubu təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Astara rayon Şahağac icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1968-ci il tarixli 53 saylı doğum haqqında akt qeydinə və 01 aprel 1968-ci il tarixdə verilmiş “Doğum haqqında şəhatnamə”-yə əsasən İddiaçı xx.xx.1968-ci ildə Astara rayon Şahağac kəndində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X1 qeyd olunmuşdur.

9. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehə “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” ərizə ilə müraciət edərək, ad, soyad və ata adının “X7”na dəyişdirilməsini xahiş etmişdir.

10. 7 saylı Bakı Cavabdeh qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 036331 nömrəli, “Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında” şəhadətnaməyə əsasən İddiaçı soyadı və adı Əhmədzadə Ada-ya dəyişdirilmişdir.

11. iddiaçıya dəyişdirilmiş ad və soyadına uyğun (X7) AZ-İV seriyalı 766306 nömrəli xx.xx.2022-ci il tarixli “Doğum haqqında şəhadətnamə” verilmişdir.

12. cavabdeh tərəfindən iddiaçının soyadının və adının “Əhmədzadə Ada”dan “İddiaçı”yə dəyişdirilməsi barədə müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 05/Q-11-55 nömrəli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən “Azərbaycan Respublikası vətəndaşlrarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir”. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən isə “Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir”. Onun soyadı və adı 7 saylı Bakı Cavabdeh qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 04 saylı “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” akt qeydinə əsasən “İddiaçı”-dən “Əhmədzadə Ada”-ya dəyişdirilmişdir. Soyadının və adın növbəti dəfə dəyişdirilməsi üçün bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halların heç biri mövcud olmadığından ərizənin təmin olunması şöbə tərəfindən mümkün deyildir.

13. Məhkəmənin 2-1(112)-6638/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “ad və soyadının əvvəlki ad və soyadı ilə dəyişdirilməsi öhdəliyinin Nizami rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı öz soyadını və adını artıq xx.xx.2022-ci il tarixdə dəyişdirmiş, buna dair qeydiyyat orqanı tərəfindən “adın, soyadın və ata adının dəyişdirilməsi” barədə akt qeydi tərtib edilmiş və həmin akt qeydi əsasında yeni doğum haqqında şəhadətnamə də, verilmişdir. Göründüyü kimi, faktiki olaraq iddiaçı adını və soyadını artıq bir dəfə dəyişdirmiş, onun soyadının və adının əvvəlki soyad və adına geri qaytarılması, yenidən növbəti dəfə dəyişdirilməsi deməkdir ki, qanunvericiliyin normaları isə bu hala imkan vermir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarının 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.

22. Həmin Qaydaların 6.24-6.28-ci bəndlərində isə qeyd edilir ki, ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

23. Həmin Qərarın 5.10-cu bəndinə əsasən Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

24. Qanunvericiliyin normalarından göründüyü kimi, qanunverici yalnız soyadın növbəti dəfə dəyişdirilməsinə yuxarıda göstərilən hallarda mümkün hesab etmişdir ki, hazırki iddiada həmin hallar mövcud deyil.

25. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən soyadın dəyişdiriməsinə növbəti dəfə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarının 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verildiyindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

26. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

27. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

28. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

29. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

31. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

32. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

34. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

37. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

38. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar