Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-664/2022 05.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «əmlaka hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.086 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamına, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 2 saylı protokoluna əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 21 mart 2003-cü il tarixli 28 saylı əmri ilə Müəssisənin balansında olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. Həmin bağ sahəsinin 0.0860 ha torpaq sahəsi hal-hazırda da onun istifadəsindədir. İddiaçı qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi üçün cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir. Müraciət zamanı qanunvericiliklə tələb olunan bütün sənədlər təqdim edilmiş, həmçinin iddiaçının faktiki istifadəsində olan 0.0860 ha torpaq sahəsinin özəlləşdirilməsinə etirazın olmamasına dair notarial qaydada təsdiqlənmiş ərizə də təqdim olunmuşdur. Buna baxmayaraq, cavabdeh həmin torpaq sahəsinin Buzovna Tərəvəz-Südçülük-Sovzozunun ayrıc aktından kənarda yerləşdiyini əsas gətirərək müraciətdə qaldırılan məsələnin həllindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8, 9-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə, İPM-in 2.1, 33-cü maddələrinə əsaslanaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən faktiki istifadəsində olan 0,0860 ha ölçüdə torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə İPM-in 47-ci maddəsinə müvafiq olaraq, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya qarşı etiraz qismində məhkəməyə ünvanlanmış 6 aprel 2021-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddia tələbi ilə bağlı İdarəyə 3 dekabr 2020-ci il və 22 sentyabr 2020-ci il tarixlərdə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən İddiaçı tərəfindən göstərilən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktından kənarda yerləşir. Həmçinin torpaq sahəsinin 304 kv.m hissəsi 6.0 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bu barədə İddiaçı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********54 nömrəli 21 oktyabr 2020-ci il tarixli bildiriş və **********08 nömrəli 12 yanvar 2021-ci il tarixli məktub ünvanlanmışdır. Torpaq sahəsinin ölçüsü sənəd üzrə 0.10 ha olsa da, faktiki 0.0856 ha təşkil edir. “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın 3-cü bəndinə əsasən gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi; yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 1 m aralı, kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə isə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi; sualtı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 100 m aralı olan şaquli müstəvilər arasında su səthindən suyun dibinədək su boşluğu sahəsi; b) gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular, habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş «Elektrik qurğularını qurma Qaydaları» ilə müəyyən edilmiş minimum yol verilən məsafələr qədər mühafizə zonaları müəyyən edilir. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62, 65, 68-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 11.1-ci maddəsinə, İPM-in 48.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarına əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. "xxxx" Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X2) rəhbərinin (direktor və s.) əmri. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Abşeron RİH-in 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı və Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 2 saylı protokoluna əsasən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X1 21 may 2003-cü il tarixli 28 saylı əmri ilə fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsində 0,10 ha ölçüdə 238 kodlu torpaq sahəsi hazırkı İddiaçı ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (qurumun yenidən təşkili nəticəsində bazasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi yaradılmışdır) 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Buzovna Tərəvəz-Südçülük-sovzozunun ayrıc aktından kənarda yerləşir və torpaq sahəsinin 304.0 kv.m hissəsi 6.0 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə sonasına düşür. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və müvafiq ərazidə ona ayrılmış 0.10 ha ölçüdə torpaq sahəsinin faktiki istifadəsində qalan 0.086 ha hissəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndinə görə (3.0.7) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.21) ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr tərtib edən və aparan icra hakimiyyəti orqanlarının təqdim etdikləri məlumatların daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilməsində iştirak etmək Xidmətin vəzifələri sırasına daxildir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPMin 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Xəzər rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunu qüvvəyə minənədək olan dövrdə yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X1 əmrini bu əsaslardan biri kimi nəzərdə tutur. "xxxx" Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (maddə 64.3). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə icraatında məlum olur ki, iddiaçı tərəf inzibati icraat çərçivəsində cavabdeh inzibati orqana torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X1 21 may 2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışı təqdim etmişdir. Həmin əmrin iddiaçıya aid hissəsinə münasibətdə "xxxx" Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən əmr müvafiq hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "xxxx" Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ("xxxx" Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və "xxxx" Qanunun 19-cu maddəsinin tələbləri baxımından X1 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun) 21 may 2003-cü il tarixli 28 nömrəli əmri iddiaçıya münaibətdə mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmənin qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş və ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, İddiaçı ayrılmış 0.086 ha torpaq sahəsinin Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktından kənarda, habelə həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşibyerləşməməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 04 avqust 2021-ci il tarixli məktubu ilə Mərkəzin ekspertinin həmin tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” aşağıdakı məzmunda məlumatı təqdim edilmişdir: - Məhkəmənin 2-1(112)-4446/2021 saylı iş üzrə 24 may 2021-ci il tarixdə təyin etdiyi məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Belə ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə 21 iyun 2021-ci il tarixdə tədqiqat obyektinə dair əlavə materialların təqdim olunması barədə vəsatət verilmişdir. Vəsatətə cavab olaraq tədqiqat obyektinə baxış keçirilməsi 02 iyul 2021-ci il tarixə təyin edilmişdir. Baxışın təyin olunduğu tarixdən uzun müddət keçməsinə baxmayaraq vəsatətdə qeyd olunan əlavə materiallar Mərkəzə təqdim olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılaraq rəy verilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Məhkəmənin müraciətinə əsasən "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunan 29 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyi aşağıdakı məzmunda təqdim edilmişdir: - İddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən "Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi"nin mütəxəssisləri tərəfindən ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). Təqdim edilmiş sənədlərə və sxemlərə əsasən: - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən İddiaçı ayrılmış 0.086 ha torpaq sahəsinə dair ayrıc aktı, plan-ölçüsü (koordinatları), miqyası hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmiş sxeminin təqdim edilməməsi səbəbindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən İddiaçı ayrılmış 0 086 ha torpaq sahəsinin naturada yerinin təqdim edilən texniki sənəd üzrə müəyyən edilməsinin mümkün olmadığından, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən İddiaçı ayrılmış 0.086 ha torpaq sahəsinin Buzovna Tərəvəzçilik- Südçülük Sovxozunun ayrıc aktından kənarda yerləşib-yerləşməməsinin müəyyən edilməsi (sənəd üzrə) mümkün olmamışdır. Lakin idiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən ölçülmüş 1.466 kv.m torpaq sahəsinin 1.116 kv.m hissəsi (naturada müəyyən koordinatlarına əsasən) Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktından kənarda, 350 kv.m hissəsi isə Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktının hüdudları daxilində yerləşir. İddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən ölçülmüş 1.466 kv.m torpaq sahəsinin yaxınlığından keçən elektrik xəttləri rəyə əlavə sxemdə məsafələr göstərilməklə öz əksini tapmışdır, lakin yükü barədə məlumat olmadığı üçün mühafizə zonasında yərləşibyerləşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Aidiyyəti qurumdan elektrik xəttinin yükü və mühafizə zonası barədə məlumatın alınması məqsədəuyğundur. Göründüyü kimi, iş üzrə alınmış ekspertiza və mütəxəssis rəyləri mübahisənin həlli istiqamətində mübahisə doğuran xüsusatlara müvafiq suallarla tam qiymət verilməsinin mümkün olmadığını müəyyən edir və buna səbəb kimi rəylərdə iddiaçıya ayrılmış 0 086 ha torpaq sahəsinin naturada yerinin təqdim edilən texniki sənəd üzrə müəyyən edilməsinin mümkün olmaması, eləcə də həmin torpaq sahəsinin Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktından kənarda yerləşib-yerləşməməsinin müəyyən edilməsinin mümkünsüzlüyü göstərilmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan lazımi sübutlara əsaslanmaqla iddiaçının təqdim etdiyi sənədlərdəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda hüquq müəyyənedici sənədlərdəki qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, "xxxx" Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə hüquqmüəyyənedici sənədlərdə olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh tərəf öz dəlilləri ilə bağlı xüsusatları, yəni iddiaçının iddia etdiyi torpaq sahəsinin müvafiq mühafizə zonasına düşməsi, Buzovna Tərəvəzçilik- Südçülük Sovxozunun ayrıc aktından kənarda yerləməsi ilə bağlı heç bir tutarlı sübutlarla əsaslandırmadığından, onun imtinası qanuni sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, işin faktiki halların görə İddiaçı ona Buzovna Tərəvəzçilik- Südçülük Sovxozu tərəfindən ayrılmış torpaq sahəsinin 0.0860 ha hissəsindən faktiki olaraq istifadə edir, həmin torpaq sahəsi ilə bağlı başqa bir şəxsin müraciəti yoxdur və bununla bağlı cavabdeh orqan tərəfindən hər hansı bir sənəd daxil edilməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə X2 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən verilmiş 21 may 2003-cü il tarixli 28 nömrəli əmr Buzovna qəsəbəsi ərazisində yerləşən, həmin müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 238 kodlu torpaq sahəsinin İddiaçı ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənəd kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə və «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə uyğun olaraq iddiaçının ona mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Odur ki, məhkəmənin qənaətinə görə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı ona Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ayrılmış və faktiki istifadəsində olan 0.0860 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır, Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 13, 52, 69, 75, 85.1-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ona Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ayrılmış və faktiki istifadəsində olan 0.0860 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-664/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-664/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver