Məhkəmə qərarları › İş №2-1(112)-664/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-664/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-664/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “sərəncamın etibarsız hesab edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının ünvan 1 ünvanında yerləşən onların xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə aid hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 10, ev 29 ünvanda yerləşən yaşayış evi və onun yerləşdiyi 263.4 kv.m torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qedyiyyata alınmışdır. Hazırda üçüncü şəxs tərəfindən (Pilot-16 MMC) iddiaçılara mülkiyyətindən çıxarılmağı barədə iddia qaldırılmışdır. İddia ərizəsi və iş materialları ilə tanışlıq zamanı üçüncü şəxsin Bakı Şəhər İcra Hakimiyyətinin 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamına istinad etmişdir. Sərəncamı iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə götürmüşdür. Sərəncamla tanışlıq zamanı müəyyən edilmişdir ki, qanunsuz olduğundan iddiaçının mülkiyyətinə aid hissədə etibarsız hesab edilməlidir. Birincisi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Buna görə də həmin sərəncam “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın tələblərini və həmin Konvensiyanın 1 saylı prokotolunun 1 -ci maddəsini, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinə ziddir. Belə ki, hər hansı şəxs iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evini yalnız qarşılıqlı razılıq əsasında ala bilər. Həmçinin Sərənamcamda hər hansı normativ hüquqi aktın normasına istinad edilməmişdir. Sərəncam yararsız evlərin sökülməsi üçün qəbul edilmişdir. İddiaçının fərdi xüsusi mülkiyyətinə aid deyil və ola da bilməz. Çünki həmin Sərəncamın adında belə onun qəzalı vəziyyətdə olan, istismar müddətini başa vuran evlərə aid olduğu görünür. İddiaçının evi isə qəzalı vəziyyətdə deyil və istismar müddəti də var. Onun qəzalı olmasını sübut edən heç bir sənəd səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilməmişdir. Həmin sərəncam iddiaçının iştirakı olmadan qəbul edilmişdir. Halbuki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 21.1 və 21.2-ci maddələrinə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Lakin həmin Sərəncam qəbul edilərkən iddiaçılara və yüzlərlə sakinə xəbər verilməmiş, və fikirləri dinlənilməmiş və mülkiyyətləri haqqında bağlı qapılar arxasında qanunsuz sərəncam verilmişdir. Lakin qanunvericiliyin tələbləri pozularaq milyonlarla dəyəri olan iddiaçının xüsusi mülkiyyətinin sökülməsi, mülkiyyətində olan torpaq sahələrinin zəbt olunması barədə qanunsuz qərar qəbul edilmişdir. Bundan başqa, həmin sərəncam həmçinin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə ziddir. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraat zamanı fiziki və ya hüquqi şəxslərə, müvafiq dövlət orqanlarına və digər aidiyyəti qurumlara öz mövqelərini ifadə etmək, etiraz və təkliflərini bildirmək üçün imkan yaradılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmiş, lakin iddiaya dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində tələbə etiraz edərək bildirmişdir ki, iddiaçıların Bakı Şəhər İcra Hakimiyyətinə qarşı 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının ünvan 10, 29 saylı ünvanda yerləşən və iddiaçıların xüsusi mülkiyyətlərində olan fərdi yaşayış evinə aid hissədə etibarsız hesab edilməsinə dair iddiası əsassızdır. Belə ki, iddiaçıların mübahisələndirməyə çalışdıqları sərəncam AR ƏMDK yanında TDİTDA-nin, AR DŞS və AK-nin razılıqları və "xxxx" MMC və Nəsimi RİH-nin müraciətləri nəzərə alınaraq verilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 10, 29 saylı ünvanda yerləşən fərdi yaşayiş evi iddiaçıların mülkiyyətindədir və həmin əmlak onlardan məcburi surətdə alına bilməz. Mübahisələndirilən sərəncamın 1.1ci bəndində qeyd edilir ki, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən “Pilot-16" MMC tərəfindən həll edilsin. 2. Sərəncamda hər hansı bir hüquq normasına istinad edilməməsi ssassız bir istinaddır. Sərəncam “Yerli icra hakimiyyətləri haqqında" Əsasnmənin 6.8-ci bəndinə, Azərbaycan Respublikasının mülki və torpaq qaninvericiliyinə əsasən qəbul olunmuşdur.

3. Sərəncam yararsız evlərin sökülməsi üçün qəbul edilib. İddiaçılara məxsus ev isə yararlıdır və sökülməsinə ehtiyac yoxdur. Sərəncamın 1-ci bəndində qeyd edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçünn yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyr-yaşayış sahələrinin tikintisi məqsədi ilə.... 4.Sərəncam iddiaçıların iştirakı olmadan qəbul edilmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 21.3.4-cü bəndinin tələbinə görə inzibati orqan- ümumi xarakterli sərəncamı qəbul edərkən maraqlı şəxsləri və onların nümayəndələrini dinləməkdən imtina edə bilər. İddiaçılar özləri etiraf edirlər ki, "Pilot-16” MMC tərəfindən evlərin alınması prosesinə 2020-ci ilin oktyabrnoyabr aylarından başlanılmışdır. MMC tərəfindən mənzillər ucuz qiymətə alındığında razılığa gələ bilməmişlər. İddiaçılar keçən müddət ərzində susmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və üçüncü şəxsin nümayəndəsi hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia inzibati aktın etibarsızlığının tanınması haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Məhkəmə hesab edir ki, hazırkı iddia sadalanan normaların tələblərinə uyğundur və mümkünlük şərtlərinə cavab verir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmçinin bildirmişdir ki, mübahisələndirilən sərəncama əsasən müvafiq icazələr alınmış və iddiaçıların da yaşadığı ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli sahələrin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 faiz artıq olmaqla həmin ərazidə inşa ediləcək yeni çoxmərtəbəli yaşayış binasında təmirli mənzillər verilməsi, yaşayış sahəsi verilənədək isə hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat kirayə haqları verilməsi təklif edilmişdir. Bundan sonra qonşu fərdi yaşayış evlərindən 100-ə yaxın ailə köçmüşdür. Lakin hazırkı iş üzrə iddiaçılar bu şərtlər altında başqa yerə köçmək istəməmiş və təklifdən imtina etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanan xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhər, Nəsimi rayonu, C.Məmmədquluzadə, H.Əliyev, Y.V.Çəmənzəminli və Novruzov qardaşları küçələrin kəsişməsində yerləşən ərazidə memarlıq görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və həmin ünvanlarda yaşayan mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qeyd olunan ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi ilə bağlı ona 4.5 ha torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan xx.xx.2019-cu il tarixli, **********46 №li sonuncunun müraciətinə cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X11 və Novruzov qardaşları küçəsinin kəsişməsində yerləşən 4,50 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına rəy bildirilməsi barədə məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğunun müəyyən edildiyi, həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2020-ci il tarixli, 02/1321 №li sonuncunun Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, H.Əliyev, Y Çəmənzəminli və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin və digər tikililərin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisi üçün "Pilot-16” MMC-yə 4,5 ha torpaq sahəsinin ayrılmasına dair müraciətinə cavab məktubundan görünür ki, qeyd olunan ünvanda yerləşən 4,2258 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə əsasən ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanan sonuncunun Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov qardaşları və H.Əliyev küçələrinin əhatə etdiyi ərazidə “Pilot-16" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli 02/767 №li müraciətə cavab məktubundan görünür ki, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi (Baş plan üzrə blok 1:1 girişli 16 mərtəbəli + texniki mərtəbə + LMŞ, -12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, -9.300 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi, 1 və 2-ci mərtəbələr - qeyriyaşayış sahəsi; bldk 2 və 3: 1 girişli 16 mərtəbəli + texniki mərtəbə + LMŞ, -12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, -9.300 səviyyəsində zirzəmi mərtəbəsi avtodayanacaq, -6.000 səviyyəsində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi, 1 və 2-ci mərtəbələr - qeyri-yaşayış sahəsi; blok 4, 5, 6 və 7: 1 girişli 16 mərtəbəli + texniki mərtəbə + LMŞ; -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - avtodayanacaq, 1 və 2-ci mərtəbələr - qeyri-yaşayış sahəsi; blok 8: 2 girişli 15 mərtəbəli + texniki mərtəbə + LMŞ; -12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, -9.300 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi, 1 və 2-ci mərtəbələr - qeyriyaşayış sahəsi; blok 9: 2 girişli 15 mərtəbəli + texniki mərtəbə + LMŞ; -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - əvtodayanacaq, 1 və 2-ci mərtəbələr - qeyri- yaşayış sahəsi; -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - həyətaltı avtodayanacaq; blok 10:1 mərtəbəli uşaq bağçası, -6.600 və -3.300 səviyələrində zirzəmi mərtəbəsi texniki sahə; blok 11 və 12: 2 mərtəbəli qeyri-yaşayış binası, -12,600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, :9,300 səviyyəsində zirzəmi mərtəbəsi - avtodayanacaq; blok 13: 2 mərtəbəli, qeyri-yaşayış binası, -9.300 səviyyəsində zirzəmi mərtəbəsi avtodayanacaq, -6.000 səviyyəsində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi; biok 14, 15, 16 və 17: 2 mərtəbəli qeyri-yaşayış binası, -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - avtodayanacaq; blok 18: 2 mərtəbəli qeyri-yaşayış binası, -6.600 səviyyəsində zirzəmi mərtəbəsi - avtodayanacaq, -3.300 səviyyəsində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi; blok 19: 2 mərtəbəli qeyri-yaşayış binası, -12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, -9.300 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi qeyri- yaşayış sahəsi; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işi) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğun olduğu bildirilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 19 №li sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları"nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 51№li Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev, Cəlil Məmmədquluzadə, Y.V.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin kəsişməsində "xxxx" MMC-yə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikinti məqsədi ilə ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisi Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən təsdiq edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının “yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi haqında” 04 mart 2020-ci il tarixli, 51№li Sərəncamında aşağıdakılar qərara alınmışdır: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.09 2019-cu il tarixli, 09 saylı müraciətini, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1-1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-ci il tarixli, **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07-510 saylı razılıq məktublarını nəzərə alaraq, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilsin; ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər, sahədə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll edilsin. - Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2020-ci il tarixli, 1576 №li müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 51№li Sərəncamı və 20/18 saylı xx.xx.2020-ci il tarixli cizgiyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 10 ünvanda yerləşən 115.1 kv.metr sahədən ibarət 29 saylı fərdi yaşayış evi iddiaçıların adına paylı mülkiyyət hüququ ilə, evin yerləşdiyi 0.02634 torpaq sahəsi isə İddiaçı1 adına qeydiyyatdan keçmiş və evin texniki pasportu tərtib edilmişdir. - "xxxx" MMC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verdiyi iddia ərizəsinin surətindən görünür ki, İddiaçı1, X4, X7, X8, X5, X2, X3, X9, X10 və X6 ünvan 10 ev 29 üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin ünvandan çıxarılmaqla mənzillərin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları 29 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 141 kv.m ümumi sahəsi olan təmirli yeni mənzilin İddiaçı1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən İddiaçı1 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır (iş 2(006)-788/2022). Məhkəmə aşağıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddia əsassızdır və bu səbəbdən təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinə əsasən bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərinə aiddir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar etibarsız sayılır: - 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; - 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; - 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; - 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; - 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; - 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. - 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə müəyyən edir ki, hazırkı iddia tələbi üzrə iddiaçılar mübahisələndirilən sərəncamın onların mülkiyyət hüququnun pozduğuna istinad edərək həmin sərəncamın onlara aid hissədə etibarsız sayılmasını tələb edir. Üçüncü şəxsdə isə sözügedən sərəncamda göstərilmiş ərazidə çoxmərtəbəli yaşayış və qeyri-yaşayış sahələrinin tikilməsi məqsədi ilə müvafiq icazələr vardır və onlar hal-hazırda da qüvvədədir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan normalardan göründüyü kimi, qanunvericilikdə inzibati aktın etibarsız sayılması üçün konkret əsaslar göstərilmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair “müəyyən etmə və tanınma haqqında” iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Hazırkı mübahisədə məhkəmə, 65.1-ci maddədə göstərilən əsasların olmasını müəyyən etmir. İddiaçı hüquqi marağına uyğun olaraq etibarsız hesab etdiyi inzibati aktın ləğv edilməsinə dair “mübahisələndirmə haqqında” iddia qaldıra bilər. Başqa sözlə, iddiaçılar inzibati aktı qanunsuz hesab edirsə, hələ bu onun etibarsız olması demək deyil. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 69.1-ci maddəsinə, inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Qanunun 69.2-ci maddəsinə əsasən, inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. Hazırkı tələb üzrə iddiaçılar xüsusi mülkiyyətlərində olan fərdi yaşayış evinin yalnız qarşılıqlı razılıq əsasında alına bilinəcəyini bildirir. Məhkəmə qeyd edir ki, oxşar mübahisəyə dair qəbul edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd olunur ki, “Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı)”. Həmin Qərarda həmçinin vurğulanır ki, “Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir”. Göründüyü kimi, istinad olunan mövqe mülkiyyətə müdaxiləni cəmiyyətin, konkret hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarını qorumaqla ədalətli, ağlabatan balansı qorumaq yolu ilə mümkün sayır. Təsadüfi deyildir ki, həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələndiyini vurğulamış, mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyünün isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olduğunu bildirmişdir. Bu baxımdan Plenum, şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət olduğu nəticəsinə gəlmişdir. Məhkəmə qeyd edir ki, digər məhkəmənin (Nəsimi Rayon Məhkəməsinin) icraatında iddiaçılara məxsus daşınmaz əmlakın boşaldılması və sökülməsi tələbi üzrə mülki iş var və evin sökülməsinin mümkünlüyü onun şəhərin ümumi görünüşünə xələl gətirməsi, qəzalı vəziyyətdə olub-olmaması, istismar müddətinin başa çatıb-çatmamasına həmin məhkəmə mübahisəsi üzrə hüquqi qimət veriləcəkdir. Eləcə də həmin mülki iş üzrə əmlakın əvəzləşdirilməsi və ya müvafiq kompensasiya ödənilməsi məsələsinə hazırkı iddiaçının cavabdeh kimi qarşılıqlı iddia qaldırmaq hüququ istisna edilmir. Digər tərəfdən iddiaçının dəlili həm də mahiyyətcə ona məxsus evin əlamətlərinin yuxarıda qeyd olunan meyarlarla (şəhərin ümumi görünüşünə xələl gətirmə, qəzalı vəziyyətdə olma və s.) uzlaşmadığını ehtiva edir, hansı ki, məhkəmə bir daha vurğulayır ki, mülki mübahisəyə baxılarkən bütün bu xüsusatların qiymətləndirilməsi mümkündür. Ona görə də 4 mart 2020-ci il tarixli, 51 nömrəli sərəncam qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17, 65, 67-ci maddələrinə zidd sayıla bilməz. Məhkəmə iddiaçıların mübahisələndirilən inzibati akt qəbul edilərkən dinlənilmə hüquqlarının pozulduğuna dair arqumentinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.3-cü maddəsinə görə, inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; İşin hallarından da göründüyü kimi, mübahisələndirilən sərəncam tək iddiaçılara münasibətdə deyil, ərazidə yaşayan şəxslər barəsində qəbul edilməklə ümumi xarakter daşıyır. Sərəncamın yüzlərlə sakini əhatə etməsi, bununla da onun ümumi xarakter daşıması iddia ərizəsində iddiaçılar tərəfindən də bildirilir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli, 51 №li sərəncamının iddiaçılara aid hissədə etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan tələblərdən heç biri mövcud olmadığından hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar