Məhkəmə qərarları › İş №2-1(112)-6641/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6641/2021

17.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6641/2021 17.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra – Ərizəçi) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - Cavabdehlər) qarşı iddia ərizəsi ilə müraciət edərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********708600 saylı 19 yanvar 2021-ci il tarixli qərarının və Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********747900 saylı 08 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 24 iyun 2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə ilə müraciət edərək, iddia ərizəsinin cavabdeh qrafasından - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin adı və tələb hissəsində - Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********747900 saylı 08 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi sözlərinin çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin 02.07.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” **********708600 saylı 19 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi” şəklində qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçının vergi orqanına 2019-cu il üçün təqdim etdiyi gəlir vergisi Bəyannaməsində 2019-cu il üçün gəlir məbləği 197990,77 manat göstərilmişdir. Eyni zamanda iddiaçı 2019-cu il üçün 15000 manat dəyərində daşınma ilə bağlı gəlir əldə etdiyini bildirmişdir. Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 19 yanvar 2021-ci il tarixli, **********708600 nömrəli Qərarında iddiaçının 2019-cu il üçün gəlir məbləği 212990,77 manat hesablanmışdır. Belə ki, vergi orqanı iddiaçı tərəfindən daşınma xərci kimi əldə olunmuş 15000 manatı da 2019-cu il üçün ümumi gəlir məbləğinə əlavə etmiş və yekunda 212990,77 manat alınmışdır. Nəticədə vergi orqanı iddiaçı tərəfindən 2019-cu il ərzində 212990,77 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, bank hesablarına ümumilikdə 217990,61 manat məbləğində vəsaitin daxil olduğunu müəyyən etmiş və bununla da iddiaçını Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli, 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları’na əsasən mikro sahibkar subyekti meyarına uyğun gəlmədiyini nəzərə almışdır. İddiaçının 2019-cu il ərzində bank hesablarına mişar daşı satışına görə - 197990,77 manat; daşınma xidmətinə görə - 15000 manat; mişar daşı satışına görə (imtina olunmuş) - 5000 manat pul məbləği daxil olmuşdur. Bu məbləğlərdən yalnız 197990,77 manat 2019cu il üçün gəlir vergisinə cəlb olunmalıdır, daşınma xidmətinə görə 15000 manat müstəqil vergiyə cəlb olunduğu üçün onun vergisi də müstəqil icra olunmalı və mikro sahibkarlıq üçün nəzərdə tutulmuş məbləğə daxil edilməməlidir. Həmçinin mişar daşı satışına görə əldə olunmuş 5000 manat üzrə xidmətdən imtina olunduğuna və ödənilmiş pul geri tələb olunduğuna görə sözgedən məbləğ gəlir kimi qiymətləndirilməməli və mikro sahibkarlıq üçün nəzərdə tutulmuş məbləğə daxil edilməməlidir. Həmçinin daşınma ilə bağlı gəlir sadələşdirilmiş vergi ödəyicisi üçün nəzərdə tutulmuş illik gəlirə (200000 manatadək) daxil edilən məbləğ kateqoriyasına aid deyil. Çünki daşınma ilə bağlı əldə olunmuş gəlir üçün vergi dərəcəsinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsində konkret olaraq norma nəzərdə tutulmuşdur. Bundan başqa iddiaçı ilə "X1” MMC arasında mişar daşının alınması ilə bağlı 27 avqust 2019-cu il tarixdə Müqavilə bağlanmışdır. Müqaviləyə uyğun olaraq “X1” MMC avans olaraq 5000 manat məbləği iddiaçının bank hesabına köçürmüşdür. Sözügedən müqavilə əsasında alqı-satqı üçün nəzərdə tutulmuş mişar daşı iddiaçı tərəfindən cavabdehə təqdim edilməmişdir. Belə ki, tərəflər arasında mövcud razılığa əsasən müqavilə şərtlərindən tərəflər imtina etmiş və “X1” MMC iddiaçının bank hesabına ödədiyi 5000 manat məbləği geri istəmişdir. Lakin cavabdeh orqan iddiaçının bank hesabına məhdudiyyət qoymuş və nəticədə də hər hansı bir bank əməliyyatı aparmaq mümkün olmamışdır. Cavabdeh məhkəməyə təqdim edilmiş etirazında göstərmişdir ki, fərdi sahibkar tərəfindən 2019-cu il ərzində 212990,77 manat (ƏDV-siz) məbləğində elektron qaiməfakturaların təqdim edildiyi, bank hesablarına ümumilikdə 217990,61 manat məbləğində vəsaitin daxil olduğunu nəzərə alaraq, fərdi sahibkar tərəfindən müvafiq dövr ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar subyekti meyarına uyğun gəlmədiyini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 19.01.2021-ci il tarixli **********708600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın səbəbi iddiaçı tərəfindən mişar daşının daşınmasına görə əldə edilmiş 15.000 manat məbləğin gəlir vergisinə cəlb edilməsi olmamışdır. Əksinə, cavabdeh tərəfindən iddiaçının gəliri qismində onun tərəfindən bəyannamədə əks edilmiş məbləğ əsas götürülmüşdür. Qərarın qəbul edilməsinə əsas isə iddiaçının mikro sahibkarlıq subyekti kateqoriyasına aid olmadığından güzəştin tətbiq edilməməsidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, o 19.01.2021-ci il tarixli qərardan yuxarı vergi orqanına şikayət vermiş, Dövlət Vergi Xidməti 08 aprel 2021-ci il tarixli **********747900 saylı qərarla inzibati şikayəti təmin etməmiş, iddiaçı bundan sonra 30 gün müddətində məhkəməyə müraciət etmişdir (İPM, maddə 38). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır, buna görə də təmin edilməməlidir. Belə ki, işdən müəyyən olunur ki, iddiaçı 06.04.2020-ci il tarixdə 2019-cu ilin gəlir vergisi üzrə bəyannamə təqdim etmiş, cavabdeh həmin bəyannamə üzrə uyğunsuzluq aşkar etdiyindən 13.04.2020-ci il tarixdə **********322200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Bundan sonra iddiaçı dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, gəlir vergisi kimi 5642,46 manat (112849,21×75%)×20%=5642.46 manat) hesablamış, cavabdeh həmin bəyannamə əsasında 19.05.2021-ci il tarixdə **********567000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edərək 24926.37 manat vergi məbləği hesablamışdır. Daha sonra vergi orqanı tərəfindən yenidən müvafiq hesablama aparılaraq 18.08.2020-ci il tarixli **********785600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmiş, 19.927,38 manat məbləğində əlavə vergi hesablanmışdır. İddiaçı 10 yanvar 2021-ci il tarixdə vergi orqanına kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə müraciət etmiş, sonuncu bu müraciət əsasında hazırda mübahisələndirilən 19.01.2021-ci il tarixli qərarı qəbul edərək iddiaçının 2019-cu ilin gəlir vergisi üzrə ödəməli olduğu məbləği 22569,84 manat (112849,21×20%=22569,84 manat) müəyyən etmişdir. İddiaçı bu qərardan 29 mart 2021-ci il tarixdə yuxarı vergi orqanına inzibati şikayət etmiş, şikayət nəticəsində “İnzibati şikayətin təmin edilməməsi haqqında” 08 aprel 2021-ci il tarixli, **********747900 nömrəli Qərar qəbul edilmişdir. Qərara əsasən, fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə 10 yanvar 2021-ci il və 29 mart 2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 19 yanvar 2021-ci il tarixli, **********708600 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı hazırda cavabdehin 19.01.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin (bundan sonra –VM) 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. VM-in 97.3.-cü maddəsinə əsasən gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. İşdən görünür ki, İddiaçı hesabat dövründə dekorativ və tikinti daşlarının hasilatı ilə məşğul olmuşdur. Uçot-baza məlumatlarına onun tərəfindən mişar daşının satışı ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 38540,32 manat, "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə 45372,9 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 21000,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 19375,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 10000,2 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 34702,35 manat və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 29000,0 manat, ümumilikdə 197990,77 manat (ƏDVsiz) məbləğində elektron qaimə-faktura təqdim edilmişdir. Beləliklə, iddiaçının 2019-cu il üzrə mişar daşının satışı ilə bağlı ümumi gəliri 197990.77 manat, xərcləri 85141.56 manat olmaqla, vergiyə cəlb edilən gəliri 112849.21 manat təşkil etmiş, iddiaçı bu gəlir üzrə 5642 manat gəlir vergisi hesablanmışdır. İddiaçı gəlir vergisini hesablayarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizinin gəlir vergisindən azad olmasına istinad etmiş və 84636.90 manatı gəliri vergidən azad gəlir kimi bəyan etmişdir. Eyni zamanda VM-nin 218.4.1-ci maddəsinə əsasən həmin Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər VM-nin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq sadələşdirilmiş verginin ödəyiciləridir. VM-in 221.6-cı maddəsinə əsasən həmin Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir. İşdə olan 11.02.2019-cu il tarixli aktdan görünür ki, iddiaçı "xxxx" MMC-yə göstərdiyi yük daşınması xidmətinə görə 15000 manat məbləğində gəlir əldə etmiş və həmin gəliri ilə bağlı sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmişdir. Göründüyü kimi, İddiaçı gəlir vergisi üçün ayrı, sadələşdirilmiş vergi üçün ayrı bəyannamə verməsinə istinad edərək sahibkarın mikro sahibkar kateqoriyasına aid edilməsini yalnız gəlir vergisinə cəlb edilən dövriyyə ilə məhdudlaşdırmış və gəlir vergisinə cəlb edilən illik dövriyyəsinin 200000 manatdan az olmasına istinad edərək mikro sahibkarlara gəlir vergisi üzrə tətbiq edilən güzəşti özünə aid etmişdir (iddiaçının hazırda daşıma xidmətindən əldə etdiyi gəlir 15000 manatdır, lakin onun mövqeyinə əsasən daşıma xidmətindən əldə etdiyi gəlir 100.000 manat olsa belə, nə qədər ki, həmin xidmətə görə o gəlir vergisi ödəmir, deməli, o mikro sahibkar hesab olunmalıdır). Lakin bu hal mövcud qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən işçilərinin orta siyahı sayı 1-10 nəfər olan, yaxud illik gəliri 200 000 manat və ya daha az olan sahibkarlar mikro sahibkarlara aid edilmişdir. Qərara əsasən illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Göründüyü kimi, sahibkarın hansı bölgüyə uyğun gəlməsi onun illik gəliri ilə və ya işçilərinin sayı ilə müəyyən edilir ki, istinad olunan qərarda illik gəlirə verilən anlayış VM-ə uyğundur. Belə ki, VM-in 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirdir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. VM-in 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. VM-in 13.2.11-ci maddəsinə əsasən xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. Sadalanan normalardan görünür ki, sahibkarın mikrosahibkar olub olmaması onun gəlir vergisinə cəlb edilən dövriyyəsinin həcmi ilə deyil, hansı vergiyə cəlb edilməsindən asılı olmayaraq hesabat ili üzrə malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, habelə satışdankənar gəlirlər üzrə əldə etdiyi cəmi gəlirin dəyəri ilə müəyyən edilir. Belə olan halda, iddiaçının sadələşdirilmiş vergiyə cəlb edilən dövriyyəsini illik gəlirinə aid etməməsi yuxarıda sadalanan normaların tələblərinə uyğun olmamışdır. İddiaçı 2019-cu il üzrə malların təqdim edilməsindən 197990.77 manat, daşınma xidmətindən 15000 manat olmaqla, ümumilikdə 212990.77 manat gəlir əldə etmiş, bununla da mikro sahibkarlar üçün müəyyən edilən həddi keçmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir normativ hüquqi akt hazırlanarkən onun qəbul olunması zərurəti əsaslandırılır və həmin aktın hazırlanmasının müəyyən məqsədi mövcud olur. Sahibkarların mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri kimi bölgüsünün aparılmasında məqsəd isə onlara tətbiq edilən dövlət dəstəyi və güzəştlərin diferensiyalaşdırılmasıdır. Belə ki, sahibkarlığın inkişafının dəstəklənməsi üçün son dövrlərdə ardıcıl tədbirlər həyata keçirilmiş, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sayının və dayanıqlılığının artması ilə onların qlobal dəyər zəncirlərində rolunun genişlənməsinə, intellektual dəyərlərin formalaşmasında iştirakına və daha çox gəlir əldə etməsinə nail olunmasına yönəlmiş bir sıra tədbirlər görülmüş, o cümlədən qanunvericiliyə bir sıra dəyişiklik edilmişdir. 29.12.2017-ci il tarixli qanunla “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilmiş və Qanuna aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilmişdir: “Maddə 4-1. Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü

1. Sahibkarlıq subyektləri bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlara görə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.

2. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

3. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlar əsasında həyata keçirilir.”. Həmin Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 5.02.2018ci il tarixli 1816 nömrəli Fərmanı ilə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının üç ay müddətində təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabintinə həvalə olunmuşdur. Məhz bundan sonra Nazirlər Kabineti yuxarıda istinad olunan 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı qəbul etmişdir. Müvafiq meyarlar müəyyən olunduqdan sonra sahibkarlara güzəşt və azadolmaların həmin meyarlar əsasında tətbiq edilməsinə başlanmış, VM-ə edilmiş dəyişikliklərlə sahibkarlıq subyeklərinə, xüsusən də mikro sahibkarlıq subyektlərinə stimullaşdırıcı tədbir qismində bir sıra güzəşt və azadolmalar tətbiq edilmişdir. Belə ki, 30.11.2018-ci il tarixdə qəbul olunmuş və 01.01.2019-cu il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə mikro sahibkar üçün aşağıdakı güzəşt və azadolmalar nəzərdə tutulmuşdur: - Maddə 102.1.30. Mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi; - Maddə 102.1.31. Mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir – 3 il müddətinə; - Maddə 114.3-1. Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər. - Maddə 199.14. Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla). Göründüyü kimi, VM-ə edilən dəyişikliklərlə mikro sahibkarlar üçün yalnız gəlir vergisi deyil, digər vergilər üzrə güzəşt və azadolmalar müəyyən edilmişdir. İddiaçının hazırda əldə etdiyi gəlirlərin bir qismini nəzərə almadan özünü mikro sahibarlıq subyektinə aid etməsi, yuxarıda sadalanan normalarla yanaşı, həmin normaların qəbul edilmə məqsədinə də uyğun deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının 2019-cu il üzrə illik gəliri (dövriyyəsi) 200000 manatdan artıq olduğundan o mikro sahibkar hesab oluna, buna görə də VM-in 102.1.30-cu maddəsində mikrosahibkar üçün nəzərdə tutulan azadolma iddiaçıya şamil oluna bilməz. Buna görə də cavabdeh orqan 75 faiz güzəşt tətbiq etmədən vergi hesablamaqda haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, işdən görünür ki, cavabdeh vergi orqanı iddiaçıya vergi hesablayarkən inzibati aktın qəbulu ilə bağlı formal tələbləri, yəni qərarın qəbul edilməsi ilə bağlı prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 1.3.11-ci yarımbəndinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququna malikdir. Vergi ödəyicisi tərəfindən bu bənddə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması 30 iş günü müddətdə həyata keçirilir. İşdən görünür ki, cavabdeh hazırda mübahisələndirilən qərarı iddiaçının 10.01.2021ci il tarixli şikayəti əsasında özünün 18.08.2020-ci il tarixli **********785600 nömrəli qərarını ləğv edərək qəbul etmişdir. Məhkəmə qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz. Məhkəmə bu zaman onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli, 7 dekabr 2011ci il tarixli, 12 mart 2012-ci il tarixli, 9 sentyabr 2013-cü il tarixli Qərarları). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar