Məhkəmə qərarları › İş №2-1(112)-6644/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6644/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6644/2025 09.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində yerləşən 18.2 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsinə bitişik 24,39 kv.metr torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə vahid əmlak kimi reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində yerləşən, iddiaçıya məxsus 2450 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X7 xx.xx.2000-ci il tarixli, 14 nömrəli qərarına uyğun olaraq 0,25 ha torpaq sahəsi X2 ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Arxiv sənədlərində də qeyd olunmuş torpaq sahəsi üzərində yerləşən 27.8 kv.m təşkil edən 118 saylı və sahəsi 18.2 kv.m təşkil edən 120 saylı fərdi yaşayış evləri xx.xx.2020-ci il tarixli notarial alqı-satqı müqavilələri əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırkı tələblə xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının İdarəyə müraciəti zamanı ərizəsində qeyd olunan sahələrlə təqdim olunmuş sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, ərizəyə əsasən sahəsi 18.2 kv.m və 24.39 kv.m təşkil edən torpaq sahələri və üzərindəki fərdi yaşayış evinə müraciət olunur. İdarənin arxiv məlumatlarına əsasən sahəsi 27.8 kv.m təşkil edən 118 №-li və sahəsi 18.2 kv.m təşkil edən 120 №-li fərdi yaşayış evləri xx.xx.2020-ci il tarixli notarial alqı-satqı müqavilələri əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda arxiv əsaslarında fərdi yaşayış evinin ilkin mülkiyyətçisi olmuş X2 torpaq sahəsi ayrılmasına dair X7 xx.xx.2000-ci il tarixli, 14 №-li qərarı əsasında tərəflər arasında bağlanılmış müqavilə təqdim edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyatdan keçmiş fərdi yaşayış evləri sökülmüşdür, ümumi həyətyanı sahədə 1 ədəd yaşayış evi və həyət tikililəri inşa edilmişdir. Belə ki faktiki mövcud olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən qeydiyyatdan keçmiş fərdi yaşayış evləri faktiki mövcud olmadığından təqdim edilmiş texniki pasportların faktiki sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, X8-Südcülük Sovxozunun ərazisidir. Sahə dövlət mükiyyətində olmaqla Nardaran qəsəbəsinin ərazisidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə qeyd olunan ünvanda yerləşən 118 və 120 saylı fərdi yaşayış evlərinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti, ortofoto görüntüləri və koordinatlar məhkəməyə təqdim edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, ev 118 ünvanında yerləşən 27.8 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X4 adına qeydiyyata alınmışdır. X7 xx.xx.2002-ci il tarixli qərarından çıxarışdan müəyyən edilir ki, X6 Bilgəh qəsəbəsində 0.25 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X9 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, ev 118 ünvanında yerləşən ümumi sahəsi 27.8 kv.m fərdi yaşayış evini X2 bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışlardan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, ev 118 və ünvan 1 ünvanlarında yerləşən 27.8 kv.metr və 18.2 kv.metr fərdi yaşayış evləri xüsusi mülkiyyət hüququ əsasında X1 adına qeydiyyata alınmışdır. X7 xx.xx.2002-ci il tarixli qərarından çıxarışdan müəyyən edilir ki, X2 Bilgəh qəsəbəsində 0.25 ha torpaq sahəsi ayrılmışdır. AN – İ ******* nömrəli, xx.xx.2020-ci il tarixli və AN – İ ******* nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən X5 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 18,2 kv.m fərdi yaşayış evini və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, ev 118 ünvanında yerləşən 278 kv.m olan fərdi yaşayış evini iddiaçıya satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışlardan müəyyən edilir ki, ünvan 1 və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, ev 118 ünvanlarında yerləşən 18.2 kv.metr və 27.8 kv.metr fərdi yaşayış evləri iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktlarından müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, ev 118 ünvanında yerləşən fərdi yaşayış evinin sahəsi 27.8 kv.m təşkil edir, lakin ev faktiki olaraq sökülmüşdür. Həmin evin yerləşdiyi torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki 0.25 ha təşkil edir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktlarından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahəsi 18.2 kv.m təşkil edir, lakin ev faktiki olaraq sökülmüşdür. Həmin evin yerləşdiyi torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.25 ha və faktiki 0.245 ha təşkil edir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi sənəd üzrə 0.25 ha olsa da, faktiki olaraq 0,245 ha təşkil edir. Dövlət reyestrindən çıxarışda qeyd olunan ümumi sahəsi 18.2 kv.m fərdi yaşayış evi faktiki olaraq mövcud deyil (sökülüb). Mövcud olan iki yaşayış evi bir hasar daxilindədir (ara sərhədi şərtidir). Ümumi həyətyanı sahədə bir ədəd ikimərtəbəli yaşayış evi və üç ədəd köməkçi tikililər inşa edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən fərdi yaşayış evi 2008-ci il ortofoto təsvirində müşahidə edilmir. Fərdi yaşayış evi mövcud olmadığından texniki pasportun faktiki göstəriciləri sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmadı. Faktiki olaraq inşa edilmiş fərdi yaşayış evi **********40 reyestr nömrəli torpaq sahəsindən kənarda yerləşir. Bundan əlavə sahə X3 sovxozu ərazisidir. Həmçinin sahə dövlət mükiyyətində olmaqla Nardaran qəsəbəsinin ərazisidir. Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bilgəh bələdiyyəsinin 2000-2008-ci il tarixlərinə aid olan arxiv sənədləri oxunması mümkün olmadığı üçün Arxiv İdarəsinin xx.xx.2009-cu il tarixli akta əsasən məhv edildiyindən tələb edilən sənədləri təqdim etmək mümkün deyildir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hər tərəfdən mişar daşı ilə sərhədlənmişdir. Faktiki sahə 0,5057 ha təşkil edir. Həmçinin sözügedən ərazidə ikimərtəbəli yaşayış evi və həyət tikintiləri inşa olunmuşdur (hər biri yarımçıq tikilidir). Qeyd olunanlarla yanaşı, iki texniki pasportun torpaq sahəsi bir hasar daxilində yerləşir. Texniki pasportlarda qeyd edilən tikililər faktiki olaraq sökülmüşdür. Yerlərində fərqli tikililər tikilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən məhkəmə tərəfindən qeyd edilən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli müraciət əsasında qeydiyyata alınan **********39-10301 reyestr nömrəli fərdi yaşayış evi ərazidə (faktiki sahə daxilində) mövcud olmadığından həmin evin qeydiyyatı zamanı təqdim olunmuş sənədlərin göstərilən sahəyə aid olub olmamasını təyin etmək mümkün olmamışdır. Cavabdehin iddiaçının müraciətindən imtina məktubunda iddiaya yazılı etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarınıın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.1.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.1.). İş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 xx.xx.2002-ci il tarixli qərarları ilə X6 və X2 ayrı-ayrılıqda Bilgəh qəsəbəsində 0,25 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələri üzərində 18.2 kv.metr və 27.8 kv.metr sahəsi olan fərdi yaşayış evləri olmuşdur. Sahəsi 27.8 kv.metr olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, ev 118 ünvanında yerləşən fərdi ev X4, sahəsi 18.2 kv.metr olan və ünvan 1 ünvanında yerləşən fərdi ev isə X1 mülkiyyətində olmuşdur. xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən sahəsi 27.8 kv.metr olan fərdi ev X9 tərəfindən X2 bağışlanmışdır. Bundan sonra isə X5 ünvan 2 ünvanlarında yerləşən fərdi yaşayış evlərini iddiaçıya satmışdır. Hər iki fərdi ev üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Hazırda iddiaçı həmin fərdi evlərin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsindəki mövcud olmuş fərdi yaşayış evləri faktiki olaraq sökülmüş, orada yeni bir tikililər inşa edilmişdir. Cavabdehin imtinasının əsasını o təşkil edir ki, müraciət ərizəsində qeyd olunan sahələrlə təqdim olunmuş sənədlər arasında uyğunsuzluq mövcuddur. Tərəflər arasında bağlanmış müqavilə təqdim edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim olunmamışdır. Faktiki mövcud olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. X8-Südçülük Sovxozunun ərazisidir. Sahə dövlət mükiyyətində olmaqla Nardaran qəsəbəsinin ərazisidir. Öncə qeyd edilməlidir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi vaxtilə Bilgəh Bələdiyyəsi tərəfindən X5 və X6 ayrıldığından və həmin torpa sahəsində yerləşən fərdi yaşayış evləri X5 tərəfindən iddiaçıya satıldığından nəzərə alınmalıdır ki, X1 iradə ifadəsi həmin fərdi evlərin yerləşdiyi torpaq sahəsinin də iddiaçıya satılması olmuşdur. İPM-də göstərilmişdir ki, Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1.). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2.). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3.). Göründüyü kimi cavabdeh iddiaçının iddia etdiyi torpaq sahəsinin Bilgəh bələdiyyəsi hüdudları daxilində yerləşməməsini, bələdiyyənin həmin torpaq sahəsini ayırmaq səlahiyyətinin olmamasını, həmçinin iddiaçıya satılmış fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin hazırda iddiaçının iddia etdiyi sahə ilə üst-üstə düşməməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh bildirmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən məhkəmə tərəfindən qeyd edilən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli müraciət əsasında qeydiyyata alınan **********39-10301 reyestr nömrəli fərdi yaşayış evi ərazidə (faktiki sahə daxilində) mövcud olmadığından həmin evin qeydiyyatı zamanı təqdim olunmuş sənədlərin göstərilən sahəyə aid olub olmamasını təyin etmək mümkün olmamışdır. Yəni cavabdeh qəti olaraq müəyyən edə bilməmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi ünvan 2 ünvanlarında yerləşən fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsi deyil. Bu səbəbdən məhkəmə həmin halı iddiaçının xeyrinə şərh edir. Eyni zamanda “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). “Torpaq islahatı haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi sözügedən torpaq sahəsində yerləşən və sökülmüş fərdi yaşayış evlərinin yerinə yenisi tikilsə də, yerləşdiyi torpaq sahəsi 25 ildən çoxdur ki, iddiaçının mübahisəsiz istifadəsində olmuşdur və torpaq sahəsinə dair başqa bir şəxsin hər hansı müraciəti yoxdur. Odur ki, iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində yerləşən iddiaçıya məxsus 2450 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində yerləşən iddiaçıya məxsus 2450 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar