Məhkəmə qərarları › İş №2-1(112)-6646/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6646/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6646/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi” haqqında iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 3777 saylı doğum haqqında akt qeydləri kitabında AZ-İ № 858484 nömrəli doğum haqqında şəhadətnaməsində qeyd edilmiş qaydada adının İddiaçı qrafasından Xıdırova Nərminə kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyinin cavabdeh Bakı şəhər Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1987-ci il tarixdə doğulmuşdur və o zaman valideynləri adını X5 olaraq yazdırmışdır. Bu barədə ona qeydiyyatda olduğu Bakı şəhər Xətai rayon qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Daha sonra xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində adını X2 İddiaçı olaraq dəyişdirmişdir. Onun bütün sənədləri dəyişdirilərək adı Leyla yazılmışdır. Ona görə də Bakı şəhər Xətai rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək doğum akt qeydində düzəliş edilməklə Nərminə adının Leyla kimi yazılmaqla doğum akt qeydimə düzəliş edilməsini xahiş etmişdir. Onun bütün sənədlərdə şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnaməsində adı İddiaçı olaraq yazılmışdır. Lakin daha sonra o, adının dəyişdirilməsi səbəbi ilə bütün sənədlərinin dəyişikliyində çətinliklər yaratdığı üçün yenidən İddiaçı X4 dəyişdirilməsini xahiş etsə də Nəsimi rayon qeydiyyat şöbəsi buna imtina vermişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi qanuni və əsaslı olduğundan təmin edilərək cavabdehin imtinasının əsassız hesab edilərək Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 3777 saylı doğum haqqında akt qeydləri kitabında qeydə alınmış AZ-İ № 858484 nömrəli doğum haqqında şəhadətnamədə İddiaçı X1 yazılmaqla doğum akt qeydinə düzəlişin edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Cavabdeh iddiaya yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, cavabdeh nümayəndəsinin məkəmə iclasında iştirakını təmin etməmiş və məktubla məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı xx.xx.1987-ci il təvəllüdlü İddiaçı qız qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Nəsimi rayonu ev 14 ünvanında qeydiyyatdadır. AZE seriyalı 09085591 №-li və AZE seriyalı 13974418 №-li şəxsiyət vəsiqələrinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş X6 və xx.xx.1963-cü ildə Cəbrayıl rayonunda doğulmuş X7 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 18/2-8752/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2003-cü il tarixdə AZE-01678515 nömrəli, xx.xx.2013-cü il tarixdə AZE-13667204 nömrəli, xx.xx.2023-cü il tarixdə AA ******* nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirlmiş, sonuncu şəxsiyyət vəsiqəsi mərkəzi verilənlər bazasında aktiv statusdadır. Məktuba əlavə olunmuş: - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 017646 №-li “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş X3 adı və soyadı “Xıdırova Nərminə”dən “İddiaçı”ya dəyişdirilmiş və bu barədə soyadın, adın, ata adının, dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2017ci ilin yanvar ayının 09-cu günündə 03 № ilə qeyd edilmilmişdir. - Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ saylı, 858484 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1987-ci ilin noyabr ayının 03-cü günündə 3777 № ilə qeyd edilmişdir. Atası qismində X6, anası qismində isə X7 qeyd olunmuşdur. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin 3-16-5/8-13-422/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin 03 saylı, xx.xx.2017-ci il tarixli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən soyadı “Xıdırova”dan “Heydərli”yə, adı “Nərminə”dən “Leyla”-ya dəyişiklik edilmişdir. Məktuba əlavə olunmuş xx.xx.1987-ci il tarixli 3777 №-li doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Xıdırova (sonradan Heydərli) Nərminə (sonradan Leyla) Heydər qızı xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X6, X7 qeyd olunmuşdur. İddiaçının hazırki iddia tələbi ilə bağlı müraciətinə Cavabdeh tərəfindən verilmiş 03- 16-5/8-55-H-xx-xx/2023 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, soyadının "Heydərli”dən “Xıdırova”ya və adının “Leyla”dan “Nərminə”yə dəyişdirmək barədə Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş müraciətinə baxılmışdır. xx.xx.2017ci il tarixdə 03 nömrəli akt qeydi ilə 1 saylı “ASAN xidmət’’ mərkəzi qeydiyyat şöbəsində soyadının “Xıdırova”dan “Heydərli”yə və adının “Nərminə”dən “Leyla”ya dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Göstərilənlərə bağlı bildirilmişdir ki, qanunvericiliyin tələblərinə əsasən soyadının “Heydərli”dən “Xıdırova”ya və adının “Leyla”dan “Nərminə”yə dəyişdirilməsi mümkün olmamışdır. Məhkəmənin mövqeyi: Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı soyadının “Heydərlidən”dən “Xıdırova”ya, adının “Leyla”dan “Nərminə”yə dəyişdirilməsi tələbi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarının tələblərini rəhbər tutmaqla müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı soyadının və adının dəyişdirilməsi (əvvəlki ad və soyadının qaytarılması) öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydalarının 6.3-ci bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-ci bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.26-ci bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndinə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Həmin Qaydalrın 6.29-cu bəndinə görə adın, ata adının, soyadın dəyişdirilməsinə dair sənədlər, o cümlədən qeydiyyat orqanının rəyi qeydiyyat şöbəsində və ya konsulluqda 75 il müddətində saxlanılır. Hazırki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilk dəfə soyadının və adının dəyişdirilməsi üçün 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmiş və sonuncu tərəfindən iddiaçının müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na uyğun olduğundan təmin olunmuşdur. Hal-hazırda iddiaçı yenidən soyadının dəyişdirilməsini (əvvəlki ad və soyadına qaytarılmasını) tələb etsə də, məhkəmə araşdırması zamanı onun tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.24-6.28-ci bəndlərində nəzərdə tutulmuş ad və soyadın növbəti dəfə dəyişdirilməsi hallarına uyğun olmadığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar