Məhkəmə qərarları › İş №2-1(112)-6647/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6647/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6647/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “dəymiş zərərin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının aqvtomobili Sanqaçalda duracaqda olduğu müddətdə dəymiş zərərin ödənilməsi öhdəliyinin cavabdeh Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi və nəqliyyat üzrə ekspertizanın təyin edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ikinci dərəcəli əlildir, ona əlilliyi ilə bağlı Dövlət tərəfindən verilmiş minik avtomobilində yolda hərəkətdə olan zaman yol Polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Yol Polisi əməkdaşları onu saxlayandan sonra yol hərəkəti qaydalarını müxtəlif vaxtlarda pozmağı ilə bağlı 1400 (bir min dörd yüz) manat cəriməsi olduğunu bildirərək şəxsi mülkiyətində olan “Nazlifan” markalı 99XF262 dövlət qeydiyat nişanlı avtomobilini 07 yanvar 2023-cü ildə ondan aldılar. Cərimənin bu qədər məbləğdə olması haqda məlumatı olmadığını bildirsə də, yol polisi idarəsi tərəfindən ünvanına cərimə ilə bağlı həmin günə kimi nə bildiriş, nə xəbərdarlıq, nə də ki iddianın daxil olduğunu bildirsə də, yol polisinin əməkdaşları heç nə demədən, heç bir akt tərtib etmədən, heç bir sənədə imza etdirmədən avtomobilini duracağa yerləşdirmək üçün ondan aldılar. Hal-hazırda avtomobili Sanqaçal ərazisində yerləşən duracaqdadır. Amma maşının hissələri sökülüb dağıdılıb, təkərlər dəyişdirilib, qol saatı götürülüb, maşının açarını yoxa çıxarıblar. Avtomobilin alındığı müddətdən bu günə kimi yollarda yerləşdirilən nəzarət kameralarında 23 dəfədən artıq müxtəlif şəxslər tərəfindən idarə olunması faktı aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 27-ci maddəsinin 27.3-cü bəndində qeyd olunur ki, nəqliyyat vasitələrindən əliliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıla bilməz. Ona heç bir xəbədarlıq olunmadan, mobil telefonuna mesaj gəlmədən, ünvanına yol polisi idarəsi tərəfindən məktub daxil olmadan, heç bir poçt qəbzi göstərilmədən deyirlər ki, get cərməni ödə, sonra avtomobilini verək özünə. Ancaq maşını xx.xx.2023-cü ildə duracağa yerləşdirilməsindən dörd ay keçdikdən sonra 23 aprel 2023-cü ildə saxta bir akt tərtib edib, guya ki, maşını duracağa yerləşdiriblər. Həmin akta nə onun nə də ki, heç bir şahidin imzası var. Ona məxsus olan minik avtomobili Sanqaçal ərazisində duracağa yerləşdirildikdən sonra avtomobili qanunsuz sürülüb, ehtiyyat hissələri götürülüb və sürülən müddətdə iki yerdən zədə alıb, təkərlər dəyişdirilib, şüşələri açıq vəziyyətdə saxlayıblar, salon pis vəziyətə düşüb. Belə ki, ona avtomobili duracaqda olduğu müddətdə 3000 (üç min) manatdan yuxarı ziyan vurulub. O, 1400 (bir min dörd yüz) manatı tam şəkildə ödəməyə hazırdır. İddiaçı xahiş edir ki, ona avtomobili Sanqaçalda duracaqda olduğu müddətdə dəymiş ziyanın ödənilməsi üçün məhkəmə Azərbaycan dövləti adından qərar çıxarsın.

3. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “«NAZLİFAN» markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması zamanı yol hərəkəti qayda pozuntuları törədilməsi faktları foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin Baş X1 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə uyğun olaraq barənizdə inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmışdır. Bildiririk ki, qanunvericilikdə hər hansı bir şəxsin cəriməni ödəməkdən azad olunması nəzərdə tutulmamışdır. Odur ki, yol hərəkəti qayda pozuntularına yol verilməsinə görə barənizdə tətbiq edilmiş cərimələrin ödənilməsi Sizə tövsiyə olunur.”

4. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “xx.xx.2023-cü il tarixdə “Naz Lifan” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax- Gürcüsian sərhədi yolunun 47,5-ci km-də idarə edərkən əvvələr törətdiyiniz yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə barənizdə çıxarılmış inzibati tənbeh tətbiq etmə haqqında qərarları qanuni qüvvəyə mindiyi gündən 2 (iki) aydan artıq müddətdə icra etmədiyinzə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinin tələbinə uyğun olaraq nəqliyyat vasitəsinin saxlanılaraq duracağa yerləşdirilməsi barədə qərarın icrasının təmin olunması məqsədilə dayandırılmış və mühafizə olunan duracağa yerləşdirilmişdir. Müraciətinizlə bağlı Baş DYP İdarəsində qəbul edilərək dinlənilmiş, Sizə yol polisinin xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların və inzibati qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlar verilmiş, müraciətdə göstərdiyiniz xüsusatların təsdiqini tapmadığı nəzərinizə çatdırılmışdır. Məlumat üçün bildiririk ki, araşdırma zamanı inzibati xəta hadisəsinin olmadığına görə barənizdə çıxarılmış EQ13259235, EQ13585042 və EQ13965381 nömrəli elektron qərarlar üzrə icraata xitam verilmiş, digərləri ilə bağlı inzibati cərimələrin ödənilməsi tövsiyə olunur.”

5. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “ilkin müraciətinizlə bağlı aparılmış araşdırmanın nəticəsi barədə xx.xx.2023-cü il tarixli, 3-13-16/2-X-9531/11 nömrəli məktubla Sizə rəsmi cavab verilmişdir. Bir daha nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın icrası məcburidir və çıxarılmış inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi üçün qanunvericiliklə hər hansı əsas müəyyən edilməmişdir.”

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

8. İddianın növü kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.

9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

10. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən: 139.1. İnzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. 139.2. İnzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. 150.11. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir.

13. İddiaçı tərəfindən «NAZLİFAN» markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması zamanı müxtəlif vaxtlarda yol hərəkəti qayda pozuntuları törədilməsi nəticəsində inzibati tənbeh vermə haqqında EQ13259235, EQ13585042 və EQ13965381 nömrəli elektron qərarlar çıxarılmış, həmin qərarlar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinin tələbinə uyğun olaraq nəqliyyat vasitəsinin saxlanılaraq duracağa yerləşdirilməsi barədə qərar qəbul edilmiş və onun icrasının təmin olunması məqsədilə sözügedən nəqliyyat vasitəsi dayandırılaraq mühafizə olunan duracağa yerləşdirilmişdir. İddiaçı barəsində qəbul edilən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar bügunədək icra olunmayaraq qalmış, tətbiq edilmiş cərimə onun tərəfindən ödənilməmişdir.

14. Qeyd edilənlər işin mübahisəsiz halıdır.

15. İddiaçı cavabdeh qurumun təqsirli hərəkətləri nəticəsində onun idarə etdiyi nəqliyyat vasitəsinin yerləşdirildiyi duracaqda olduğu müddət ərizində 3000 (üç min) manatdan yuxarı ziyan vurulduğunu iddia edir və əvəzinin ödənilməsini tələb edir.

16. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

18. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

19. Məhkəmə müəyyən edir ki, hazırda iddiaçı ilə cavabdeh arasında inzibati tənbeh tətbiq etmə haqqında qərarın nəticələrinin aradan qaldırılması və qərarın ləğvinə dair, həmçinin nəqliyyat vasitəsinin saxlanılaraq duracağa yerləşdirilməsi barədə qərara dair mübahisə mövcud deyilr. İddiaçı tətbiq edilmiş inzibati cərimələri ödəməməsinin nəticəsində Sanqaçal ərazisində duracağa yerləşdirilən nəqliyyat vasitəsinin qanunsuz sürüldüyünü, ehtiyyat hissələrin götürüldüyünü, təkərlərin dəyişdirildiyini, şüşələrin açıq vəziyyətdə saxlanıldığını, salonuna vurulmuş müxtəlif zərərlərin cavabdehin vəzifəli şəxləri tərəfindən törədildiyini iddia edir.

20. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 3000 manatdan çox maddi zərərin vurulduğunu bildirsə də və həmin zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə maddi ziyana görə pulun tutulmasını tələb etsə də, cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona qeyd olunan zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Belə ki, iddiaçı tərəfindən dəlil kimi təqdim edilən fotoşəkillər və cavabdehin hərəkətləri ilə vurulmuş zərər arasında birbaşa səbəbli əlaqə yoxdur.

21. Eyni zamanda, avtomobilə baxış keçirmək, ekspertizanin təyin edilməsinin mümkün olmaması səbəbindən məhkəmə iddianın ikinci hissəsinə qiymət verməyi zəruri hesab etmir. Belə ki, hazırda da avtomobil qeyd edilən saxlanc yerində-duracaqdadır.

22. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar