Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6648/2024 29.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil uçotuna alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra –İddiaçı) ərizə ilə Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onun mənzil növbəsinə alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Ərizənin aidiyyəti üzrə göndərildiyi Bakı şəhəri Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, mövcud qanunvericiliyə əsasən İ,İİ, İİİ qrup müharibə əlilləri, xəstəliyə görə isə yalnız İ qrup əlillər 9 kv.metr və daha az yaşayış sahəsi düşdükdə, mənzil növbəsinə dayanmaq hüququ əldə edirlər. 2011-ci ildən 6 nəfər ailə tərkibi ilə (özü, qızı, oğlu, atası, bacısı, qardaşı) daimi qeydiyyatda olduğu evin yaşayış sahəsi (97.0 kv.metr) müəyyən edilmiş uçot normasından artıq olduğundan mənzil növbəsinə qəbul edilməsi üçün əsas yoxdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri (övladları X5, X4 və arvadı X2) ilə birlikdə yaşayış yeri üzrə güzəştli əsaslarla İ dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi və qərar qəbul edilərkən mənzil növbəliyi üçün müraciət etdiyi müddət nəzərə alınaraq növbəyə götürülmə tarixinin cavabdehə müraciət etiyi və rədd cavabı aldığı tarixdən hesablanmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, birinci dərəcə gözdən əlil kimi ailə üzvləri (övladları X5, X4 və arvadı X2) ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı İ dərəcəli gözdən əlilldir. Evlidir, birgə nigahdan iki azyaşlı övladı var. Qeydiyyatda olduğu ünvan atasına məxsus olmayan və yaşaması üçün müvəqqəti yaşamaq hüququ verilən evdir. Uzun illərdir, göz zəifliyindən əziyyət çəkdiyi üçün daimi iş yerim yoxdur. İş yeri olmadığına görə də ailəsini yalnız dövlət qayğısı ilə verilən cuzi əlillik pensiyası ilə dolandırır. Bu isə heç kommunal və gündəlik yemək xərclərini qarşılamır. Bu baxımdan öz gücünə ailəsinə mənzil almaq iqtidarında deyil. 2022-ci il tarixdən bu günə qədər güzəştli əsaslarla İ dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməyi üçün aidiyyəti üzrə Cavabdehnə müraciət edir. Cavabdehin göstərdiyi əsassız cavab məktubunda onun evli olduğu qeydə alınmayıb və atası, bacısı, qardaşı və s. bir ailənin nümayəndəsi kimi qələmə verilərək rədd cavabı qənaətinə gəlinib. Halbuki, onun evli olduğu və iki övladladının olduğu, bu səbbələ də qanunvericiliyə əsasən başqa ailənin (təsərrüfat) subyekti olduğu nəzərə alınmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı münasibətində imtina məktubunda qeyd olunanlara istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur(İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi Məhkəmə, tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı hazırda barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, bu iddia inzibati mübahisə olmaqla düzgün inzibati orqana qarşı qaldırılmışdır. İddiaçının məcburetmə haqqında hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciət etmiş, tələbi təmin edilmədikdən sonra qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2023-cü il tarixli əlillik haqqında arayışdan görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixdən ümumi xəstəlik – gözdən əlil səbəbindən “OU-piqmentli tapetoretinal distrofiya. Horizontal nistaqm. zəif dərəcəli miopiya. Anadangəlmə ensefalopatiya. Sağ tərəfli bronxit. VİS OU=göz önündə əl hərəkəti” diaqnozu üzrə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı xx.xx.2011-ci ildən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına Şamaxı rayonu, Bağırlı kəndində yerləşən 0.2089 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumibirgə) və Şamaxı rayonu, Bağırlı kəndində yerləşən 0.1979 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumibirgə) və Şamaxı rayonu, Bağırlı kəndində yerləşən 0.1234 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumibirgə) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan digər şəxslərin (ailə üzvlərinin) adlarına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı hazırda qeyd olunanlara istinad edərək birinci dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olduğunu, buna görə də mənzil növbəsinə götürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə (bundan sonra –MM) əsasən: - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. - maddə 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. - maddə 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. - maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. İşdən görünür ki, iddiaçı hər hansı bir yaşayış sahəsinə malik olmamaqla yaşayış sahəsinə ehtiyacı olan şəxsdir, iddiaçının mülkiyyətində olan torpaq sahələri isə kənd təsərrüfatı təyinatlı olmaqla, yaşayış sahəsinin inşası üçün nəzərdə tutulmamışdır. Cavabdehin imtinasına gəldikdə, o iddiaçının daimi qeydiyyatda olduğu evin sahəsinin 97 kv.metr olmaqla müəyyən edilmiş uçot normasından artıq olmasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdən görünür ki, iddiaçı xx.xx.2011-ci ildən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanının qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının qeydiyyatda olduğu ünvan özbaşına tikili olmaqla, iddiaçıya məxsus olması iş materialları ilə müəyyən edilmir. Bundan əlavə, Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Buna görə də iddiaçının birinci qrup gözdən əlil olmasını, 2011-ci ildən etibarən Bakı şəhərində yaşamasını, yaşayış sahəsinə malik olmadığından yaşayış sahəsinə ehtiyacı olan olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. O da qeyd olunmalıdır ki, uçota alınma ilə bağlı qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. İşin hallarından görünür ki, iddiaçı həqiqətən yaşayış sahəsinə, eyni zamanda sosial müdafiəyə ehtiyacı olan şəxsdir və ehtiyacı olan şəxs kimi yaşadığı və sosial reabilitasiya olunduğu ərazi üzrə mənzil uçotuna alınmasını tələb etmək hüququ mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı (övladları X5, X4 və arvadı X2) ailə üzvləri ilə birlikdə birinci dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6648/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6648/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver