Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6649/2025 06.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi Rayon İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, hərbi xidmətə yararlı olmadığı halda iddiaçının əsassız olaraq hərbi xidmətə cəlb edilməsi ona ciddi şəkildə maddi və mənəvi zərər vurmuşdur. Bununla bağlı o cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İlkin hərbi qeydiyyata alma komissiyasının qərarından görünür ki, iddiaçı xx.xx.2022ci il tarixinə keçmiş olduğu müayinələrə əsasən hərbi xidmətə yararlı olmuşdur. 9384 №-li xəstəlik haqqında şəhadətanamədən görünür ki, iddiaçı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli’’nin 58b maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründən məhdud yararlıdır. Diaqnoz: “Xroniki “C” virus hepatiti, replikasiya mərhələsində, qaraciyər funksiyanın pozulması ilə” Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş ekspert rəyindən görünür ki: -Hal-hazırda İddiaçı “Xroniki “C” virus hepatiti, replikasiya mərhələsində, qaraciyər funksiyalarının pozulmaması ilə” diaqnozlu xəstəlik vardır. Həmin xəstəlik, İddiaçı həqiqi hərbi xidmətə çağrılıb şəhadətləndirilərkən, yəni hərbi xidmətdən əvvəl onda mövcud olmuşdur. Belə ki, İddiaçı hərbi xidmətə çağrılandan təxminən bir ay sonra, xx.xx.2023xx.xx.2023-cü il tarixədək digər xəstəliklə əlaqədar stasionar müalicədə olarkən ona “Xroniki “C” virus hepatiti” diaqnozu təyin olunmuşdur. -Həqiqi hərbi xidmətə çağırışla əlaqədar aparılan müayinələr zamanı “Xroniki “C” virus hepatiti, replikasiya mərhələsində, qaraciyər funksiyalarının pozulmaması ilə” diaqnozlu xəstəliyin təyininə dair müayinələr aparılmır və xəstəliyin ayrıca diaqnostikası Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 62-ci bəndində göstərilən mütləq məcburi müayinələrin həcminə daxil deyildir. Ona görə də, həqiqi hərbi xidmətə çağırışla əlaqədar aparılan müayinələr həcmində “Xroniki “C” virus hepatiti, replikasiya mərhələsində, qaraciyər funksiyalarının pozulmaması ilə” diaqnozlu xəstəliyi aşkar olunmaya bilər. Lakin həqiqi hərbi xidmətə çağırışla əlaqədar aparılan müayinələr zamanı xəstənin göstərilən xəstəliyə dair şikayətləri və tibbi sənədləri olduğu halda, xəstəliyin diaqnostikasına və əlavə müayinələrin aparılmasına dair mütləq tibbi göstəriş olur. -İddiaçı adına olan 9384 nömrəli xəstəlik haqqında şəhadətnamədə xx.xx.2023xx.xx.2023-cü il tarixədək N nömrəli hərbi hissədə və xx.xx.2023-xx.xx.2023-cü il tarixədək MN BKH-da stasionar müalicədə olarkən onda diaqnostika olunan “Xroniki “C” virus hepatiti, replikasiya mərhələsində” xəstəliyinin virus yükünə dair məlumat olmadığından, İddiaçı həqiqi hərbi xidmətə çağrıiarkən hərbi xidmətə yararlı olub-olmaması barədə dəqiq fikir yürütmək mümkün deyildir. Təqdim olunan tibbi sənədlərdə həqiqi hərbi xidmət dövründə İddiaçı “C” virus hepatitinə yoluxmasına səbəb olan və xəstəlik üçün yoluxma mənbəyi hesab olunan epidemioloji risk faktoru müəyyən edilmir. DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, vergi orqanında olan uçot-baza məlumatlarında İddiaçı (FİN: xxxxxxx) üçün 11 yanvar 2023-cü il tarixdən əvvəlki dövr üzrə əmək müqaviləsi barədə məlumat müəyyən edilməmişdir. X3 tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına “Əmək və məşğulluq” altsistemində xx.xx.2023-cü il tarixə qədər əmək müqaviləsi aşkar edilməmişdir. Dövlət Tibbi Sosial X1 təfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, yekun tibbi müayinənin aparılması üçün Agentliyə İddiaçı dair göndəriş daxil olmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş rəydən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən, çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. Adıçəkilən həkim mütəxəssislərin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə tənzimlənir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın 62-ci bəndinə əsasən, ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq, aşağıdakı müayinələr aparılır: - döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi; - qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini); - sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal). Şəhadətləndirilmə günündə isə - bədən çəkisi və boyu ölçülür. Hərbi xidmətə çağırılanlara isə bundan əlavə, elektrokardioqrafiya müayinəsi ƏƏSMN yanında X3 Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, 2013-cü il 27 dekabr tarixinədək qüvvədə olan qanunvericiliyə əsasən əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması nəzərdə tutulmadığı üçün həmin dövrədək əmək fəaliyyəti barədə məlumatlar “Əmək və məşğulluq” altsistemində mövcud deyildir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd olunmalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya məhz maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. Mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə hərbi xidmətə xəstəliyi olduğu halda şəxsin çağrılması və xidmət etməsi ilə əlaqədar maddi və mənəvi zərərin iddiaçılara ödənilməli olub-olmaması ilə əlaqədardırdır ki, məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi üçün də hər hansı əsas mövcud deyildir. Göründüyü kimi maddi və mənəvi zərərin ödənilməsi üçün hər hansı əsas müəyyən edilməməkdədir. İddiaçının ümumiyyətlə hərbi xidmətə çağırılmamalı olması ilə bağlı arqumentə münasibətdə məhkəmə tərəfindən işin halları kifayət qədər, hərtərəfli və obyektiv şəkildə araşdırılmışdır. Belə ki, iş materiallarında mövcud olan ekspert rəyindən göründüyü kimi, iddiaçıda “xroniki ‘C’ virus hepatiti, replikasiya mərhələsində, qaraciyər funksiyalarının pozulmaması ilə” diaqnozu müəyyən edilmişdir. Həmin xəstəlik, İddiaçı həqiqi hərbi xidmətə çağrılıb şəhadətləndirilərkən, yəni hərbi xidmətdən əvvəl onda mövcud olmuşdur. Ekspert rəyinə əsasən, iddiaçıda həqiqətən də hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlılığına əsas olan xəstəlik mövcuddur. Bununla belə, xəstəliyin klinik xüsusiyyətləri və gedişi nəzərə alınmaqla, iddiaçının hərbi xidmətə çağırıldığı zaman konkret olaraq hərbi xidmətə yararsızlıq halının mövcudluğunu təsdiq və ya istisna etmək mümkün deyildir. Bu xüsus, həmçinin onunla izah olunur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın 62-ci bəndinə uyğun olaraq, qeyd olunan xəstəlik üzrə genişləndirilmiş müayinələr məcburi müayinələr siyahısına daxil edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı hərbi xidmətə yararlı hesab edilməsi barədə qəbul olunmuş qərarı müəyyən olunmuş qaydada mübahisələndirməmiş, habelə ilkin tibbi şəhadətləndirmə zamanı qeyd edilən xəstəlikdən əziyyət çəkməsi, eləcə də həmin xəstəliklə bağlı şikayətləri barədə məlumatlandırmamışdır. Bu səbəbdən, cavabdeh tərəfindən əlavə və məcburi müayinələr siyahısına daxil olmayan əlavə tibbi araşdırmaların aparılmaması hüquqi baxımdan əsaslı hesab edilməlidir. Göstərilən halların məcmusu qiymətləndirildikdə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hərbi xidmətə çağırılması nəticəsində onun hüquqlarının pozulması və ya ona hər hansı zərərin, o cümlədən mənəvi zərərin dəyməsi faktı sübuta yetirilməmişdir. Bu baxımdan, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6649/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6649/2025
06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver