Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-665/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “istixana kompleksinə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, X7 ərazisində 28,2421 hektar torpaq sahəsində yerləşən istixana kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2538/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayonu, X7 ərazisində yerləşən 28,2421 ha torpaq sahəsində quraşdırılmış istixana kompleksi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmaqla dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əsasən Abşeron rayonu, X7 ərazisində yerləşən 23 hektar və xx.xx.2017-ci il tarixli, RX seriaytı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, X7 ərazisində yerləşən 5,2421 ha torpaq sahələri iddiaçının istifadəsindədir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 213-T nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamı ilə Abşeron rayonu, X7 ərazisində yerləşən 28,2421 ha torpaq sahəsində əsasən yüngül konstruksiyalardan ibarət olmaqla kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istixanaların quraşdırılmasına icazə verilmişdir. İstixananın eskiz layihəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Abşeron Rayon icra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2020-ci il tarixində tikinti obyektinin istismarına 003/1 nömrəli icazə sənədi verilmişdir. Bundan sonra iddiaçı poçt vasitəsi ilə dövlət reyestrindən çıxarışın və texniki pasportun alınmasına dair sənədlər cavabdehə göndərilmişdir. Lakin, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2- 1373/2023 №-li məktubu ilə ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsaslanaraq sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı, guya ki, sözügedən əmlak kompleksi kimi müəssisənin tikintiyə icazə verilməsi barədə sənədlərinin hazırkı ərizəyə əlavə olunmadığı, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə haqqında sənəddə mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı, əmlak kompleksinin mülkiyyətində olan torpaq sahəsindən kənarda və əmlak kompleksi kimi müəssisəsinin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması kimi əsaslandırmağa cəhd etmiş və sənədləri geri qaytarmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtina məktubu əsassızdır və sadəcə formal xarakter daşıyır. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, X7 ərazisində yerləşən əmlak kompleksi kimi müəssisənin tikintiyə icazə verilməsi barədə sənədlərinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, əmlak kompleksi kimi müəssisənin 0,4684 ha hissəsinin sənəd üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda, 1,545 hektar hissəsinin isə iddiaçıya məxsus **********53 reyestr nömrəli çıxarışın üzərində yerləşdiyi, tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu, daşınmaz əmlakın istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyqun tərtib edilmədiyi müəyyən olunmuşdur. Belə ki, həmin sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, tikililərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kod qeyd edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışına əsasən Abşeron rayonu, X7 ərazisində yerləşən 5,2421 ha torpaq sahəsi X6 istifadəsində olmuşdur. xx.xx.2017-ci il tarixli Torpaq sahəsinin icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən X2 rayonu, X7 ərazisində yerləşən 5,2421 ha torpaq sahəsinin icarə hüquqlarını “AGRO ART" MMC-yə satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən Abşeron rayonu, X7 ərazisində yerləşən 5,2421 ha torpaq sahəsi “AGRO ART" MMC-nin istifadəsindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən Abşeron rayonu, X7 ərazisində yerləşən 23 hektar torpaq sahəsi “AGRO ART" MMC-nin istifadəsindədir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 213-T nömrəli, xx.xx.2018-ci il tarixli məktubuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* və ******* saylı çıxarışı ilə X7 ərazisində mülkiyyətində olan ümumilikdə 28,2421 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş yüngül konstruksiyalardan istixanaların quraşdırılmasının layihə sənədləri və ərazinin baş plan bölməsi tərəfindən aşağıdakı şərtlər daxilində razılaşdırılır: - Tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılmışdır. -Tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunsun. -Tikinti müddətində razılaşdınlmış eskizdən kənarlaşma hallan nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilsin. Qeyd edilən şərtlər vətəndaş tərəfindən pozularsa mövcud məlumatlandırma icraatı öz qüvvəsini itirmiş hesab olunsun. Abşeron rayonu, X7 ərazisində yerləşən iddiaçıya məxsus istixana kompleksinin və ona məxsus fəaliyyətinə aid köməkçi tikililərə Abşeron Rayon İcra Hakimiyyətinin 03 fevral 2020-ci il tarixli, 003/1 nömrəli Tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən seriya RX №1176806 qeydiyyat nömrəsi ********** olan xx.xx.2017-ci il tarixli **********53 reyestr nömrəli çıxarışla İddiaçı MMC-nin sənəd üzrə icarəsinə verilmiş torpaq sahəsi İddiaçı MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Elektron məlumat bazasına əsasən **********53 reyestr nömrəli çıxarışla İddiaçı MMC-nin sənəd üzrə icarəsinə verilmiş torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. İddiaçı MMC-nin faktiki istifadəsində olan tikililərin bir hissəsi **********53 reyestr nömrəli çıxarışla İddiaçı MMC-nin sənəd üzrə icarəsinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. 2-ci sualın cavablandırılması idarənin səlahiyyətləri xaricindədir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı MMC-nin faktiki istifadəsində olan tikilinin bir hissəsi **********53, **********46 reyestr nömrəli çıxarışlarla üst-üstə düşür, 0,0756 ha hissəsi **********05 reyestr nömrəli çıxarışla X1 üzrə icarəsində olmuş yerdəqalan (10,84 ha) torpaq sahəsi ilə üst-üstə düşür. X5 icarəsində olmuş 48,3091 ha torpaq sahəsinin 37,4691 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqısatqı müqaviləsi əsasında digər şəxslərin adına özgəninkiləşdirilmişdir.Yerdəqalan torpaq sahəsi digər şəxslərin adına notarial qaydada alqı-satqı olunub olunmaması barədə idərənin elektron baza məlumatlarında məlumat aşkarlanmamışdır. Lakin İddiaçı MMC-nin faktiki istifadəsində olan tikilinin 0,4611 ha hissəsi digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Həmin hissə TEKUİS (X4 X8) məlumatlarında dövlət mülkiyyətinə verilən (kənd təsərrüfatı təyinatlı) torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur. Torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmişdir. "xxxx" MMC-nin sifarişi ilə, 2018-ci ilin mart ayında "xxxx" MMC tərəfindən Abşeron rayonu, X7 ərazisində "xxxx" MMC-yə məxsus torpaq sahəsində müasir tipli istixana kompleksinin layihələndirilməsi məqsədi ilə aparılmış mühəndisi-geoloji tədqiqat işlərinin nəticəsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitunun Mühəndisi – Geolojı Mərkəz tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 06-11700 nömrəli Rəyə əsasən ərazinin mühəndisigeoloji şəraitini qiymətləndirmək məqsədi ilə, sahədə dərinlikləri 6.0 m olan 219 ədəd (1314.0 p.m) və dərinlikləri 7.5 m olan 37 ədəd (277.5 p.m) kəşfiyyat quyusu qazılmışdır. Qazmanın ümumi həcmi 1591.5 p.m olmuşdur (cəmi 256 quyu). Qazılmış quyulardan müxtəlif dərinliklərdən 245 ədəd qrunt nümunəsi götürülüb laboratoriya tədqiqatlarına cəlb edilmişdir. Qazılmış quyularda rast gəlməyib. Ərazidə yeraltı sular 20-23 m-də rast gəlir. Bu sular portland sementdən hazırlanmış dəmir-beton konstruksiyalara qarşı qeyri aqressivlidir. Aparılmış mühəndisi-geoloji işlərin tərkibi, həcmi, sahənin mühəndisi-geoloji şəraitini qiymətləndirmək üçün yetərlidir və hesabat normativ sənədlərə uyğun tərtib olunmuşdur. Sahənin fon seysmikliyi 82 (səkkiz) baldır. AzDTN 2.3-1 dəyişiklik 1-ə əsasən, geoloji-litoloji kəsilişdə iştirak edən qruntlar fiziki-mexaniki xassələrinə və seysmik xüsusiyyətlərinə görə İİ sinfə aiddir. Hesabat məqbul qiymətləndirilir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Abşeron rayonu, X7 ərazisində yerləşən 28,2421 ha torpaq sahəsində quraşdırılmış istixana kompleksi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmaqla dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (139-1.1.9.2.), Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (139-1.1.10.1); məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (139-1.1.10.2.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (8.0.9.2.) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (8.0.10.1.); məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (8.0.10.2.); daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə (bundan sonra - ŞTM) Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur (74.1.). Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların tikintisinə icazə tələb olunmur (79.1.10.). Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur (80.1. ). Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur (80.2.). Cavabdehin imtinasının əsasları bunlardır: 1) Abşeron rayonu, X7 ərazisində yerləşən əmlak kompleksi kimi müəssisənin tikintiyə icazə verilməsi barədə sənədləri təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmişdir; 2) əmlak kompleksi kimi müəssisənin 0,4684 ha hissəsi sənəd üzrə ”AGRO ART” MMC-nin mülkiyyətində olan torpaq sahəsindən kənarda, 1,545 ha hissəsi isə ”AGRO ART” MMC-nə məxsus **********53 reyestr nömrəli çıxarışın üzərində yerləşiri; 3) tikinti obyektinin yerləşdiyi torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir; 4) daşınmaz əmlakın istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi istixana kompleksi tikintisinə icazə tələb olunan tikinti obyektlərinə aiddir. Belə ki, istixana kompleksinin ümumi sahəsi 300 kv.metrdən çoxdur. Belə olan halda həmin tikinti obyektinin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün zəruri olan sənədlər mövcud olmalıdır. İşdən göründüyü kimi həmin istixana kompleksinin inşa edildiyi torpaq sahəsi üzərində iddiaçının icarə hüququ mövcuddur. Həmçinin həmin tikilinin razılaşdırılmış layihəsi və istismara icazə sənədi məhkəməyə təqdim edilmişdir. Yəni, həmin tikilinin istismarına icazə verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün sənədlər mövcuddur. Belə olan halda həmin tikili üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı maneə mövcud deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 13-1-ci maddəsinə əsasən 1. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Həmin tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verilir. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.
2. İstixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı bu maddənin 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin minimum həddinə və tikinti əmsalının maksimum ölçülərinə dair məhdudiyyətlər tətbiq edilmir. Göründüyü kimi kənd təsərrüfatı təyinatlı torpaq sahələrində istixanaların quraşdırılması üçün hər hansı məhdudiyyət mövcud deyildir. Belə olan halda iddiaçıya verilmiş imtina cavabı həmin hissədə də əsassızdır. Mülki Məcəllədə göstərilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (240.1.). Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir (240.2.). Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir (240.3.). Oxşar normalar Torpaq Məcəlləsində də təsbit olunmuşdur. Həmin Məcəllənin 58-ci maddəsində göstərilmişdir ki, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, həmin ərazi üzrə 48,3091 ha torpaq sahəsi X5 icarəsində olmuş və həmin sahənin 37,4691 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında digər şəxslərin adına özgəninkiləşdirilmişdir. Sahənin 10,84 hektar hissəsi isə X5 icarəsində qalmışdır. İddiaçı tərəfindən inşa edilmiş istixana kompleksi ümumilikdə 0,5367 hektar torpaq sahəsində inşa edilmişdir. Həmin tikilinin 0,4611 hektarlıq hissəsi iddiaçıya çıxarışla verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Yalnız tikilinin 0,0756 hektar hissəsi X5 icarəsində qalan 10,84 hektar torpaq sahəsində inşa edilmişdir. Bu hal həmin məktuba əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemi ilə də müəyyən edilir. Bu səbəbdən iddiaçıya məxsus istixana kompleksinin X5 icarəsində qalmış torpaq sahəsi ilə üst-üstə düşən 0,0756 hektar hissəsi üzərində mülkiyyət hüququ qeydə alına bilməz. Lakin, iddiaçıya verilmiş çıxarışlara əsasən iddiaçının qanuni istifadəsində olan sahədə inşa edilmiş tikililərə münasibətdə iddianının mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı maneə mövcud deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayonu, X7 ərazisində yerləşən 28,2421 ha torpaq sahəsində quraşdırılmış istixana kompleksinin X5 icarəsində olan torpaq sahəsində inşa edilmiş 0,0756 hektar hissə istisna olmaqla, qalan hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bununla bağlı çıxarışın (torpaq sahəsi üzərində istifadə hüququ göstərilməklə) və texniki sənədin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia qismən təmin edilsin. Abşeron rayonu, X7 ərazisində yerləşən 28,2421 ha torpaq sahəsində quraşdırılmış istixana kompleksinin X5 icarəsində olan torpaq sahəsində inşa edilmiş 0,0756 hektar hissəsi istisna olmaqla, qalan hissəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bununla bağlı çıxarışın (torpaq sahəsi üzərində istifadə hüququ göstərilməklə) və texniki sənədin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Emin Abdullayev