Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6650/2025 21.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC, Nəsimi Rayon İcra Hakimiyyəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə edərək Bakı ş, Nəsimi r, Mirəli Qaşqay küçəsinə çıxan hissədə ümumi sahəsi 106 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməklə çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsi sökülərək əvəzində "xxxx" MMC-nin tikinti apardığı yerdə ümumi sahəsi 110 kv.m qeyri yaşayış sahəsinin verilməsi öhdəliyə götürülmüş, notariat qaydada müqavilə bağlanılmışdır. Hal-hazırda həmin sahə qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, çoxmənzilli binanın istismara qəbul aktı, razılaşdırılmış layihə təqdim edilməmişdir. Bundan əlavə, Nəsimi Rayon İcra Hakimiyyətinin icra vərəqəsi əsasında əmlak üzərində qadağan mövcuddur. Bundan əlavə qeyri-yaşayış sahəsinin ölçüsü 106 kv.m təşkil edir., ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Notariat təsdiq edilmiş müqavilədən görünür ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanılmış müqaviləyə əsasən Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarının icrası ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhərinin Nəsimi rayonu da daxil olmaqla abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yeni binalaların inşa edilməsi və qəzalı olan binalarada yaşayan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuş, MMC-ilə binaların inşası ilə əlaqədar yerli icra hakimiyyəti orqanı arasında müqavilə bağlanılmışdır. İddiaçının da qəzalı vəziyyətdə olan, mülkiyyət hüququ mövcud olmuş qeyri-yaşayış sahəsinin söküntüsü əvəzinə ümumi sahəsi 110 kv.m sahənin iddiaçıya tikilərək təhvil verilməsi müqavilə ilə razılaşdırılmışdır. MTK-nın ümumi yığıncağının qərarından çıxarışdan, təhvil təslim aktı və maliyyə arayışından görünür ki, 110 kv.m ölçüdə qeyri-yaşayış sahəsi iddiaçıya verilmiş, buna dair təhvil-təslim aktı tərtib edilmişdir. MTK-ya iddiaçının hər hansı borcunun olmadığı da təsdiq edilmişdir.Məhkəmənin binada mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaısna dair sorğusuna cavab olaraq Cavabdehin 19 mart 2025-ci il tarixli məktubu ilə mənzil və qeyri-yaşayış sahələrinə dair çıxarışları təqdim etmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən binaya dair hər hansı sənəd, sərəncam aşkar edilməmişdir. Ali Məhkəmənin 16 may 2023-cüil tarixli qərarından görünür ki, İddiaçı cavabdehlər X1 və qeyrisinə, eləcə də sonuncunun cavabdeh İddiaçı qarşı iddia məhkəmənin icraatında olmuş, məhkəmə mübahisəsi hal-hazırkı 110 kv.m qeyri-yaşayış sahəsinin 41 kv.m hissəsi ilə əlaqədar olmuş, İddiaçı həmin hissədə cavabdehlərin istifadəyə maneə olması, həmin hissəyə istifadəsində olmalı olmasına dair iddiası həmin hissə üzrə təmin edilmişdir. Birinci instansiya məhkəməsinin həmin iş üzrə qətnaməsində qeyd edilir ki, qeyri-yaşayış sahəsinin əvəzi olaraq MTK tərəfindən verilmiş qərar, maliyyə arayışı, mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması üçün əsasdır. Müqavilə bağlanılmış, hansı hissədə sahənin iddiaçıya təhvil verilməli olması aydın göstərilmişdir. "xxxx" MMC-nin nümayəndəsinin izahatında da, qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verildiyi qeyd edilmişdir. Müayinə aktından görünür ki, faktiki sahə 106 kv.m təşkil edir. 23 oktyabr 2017-ci il tarixli müqavilədən görünür ki, Nəsimi Rayon İcra Hakimiyyəti və "xxxx"MMC arasında bağlanılmış həmin müqaviləyə əsasən sökülən binaların əvəzində yeni binaların inşa edilməsi və binada yaşayan şəxslərə təhvil verilməli olması barədə razılaşma əldə edilmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin 16 oktyabr 2017-ci il tarixli sərəncamından görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02 sentyabr 2017-ci il tarixli məktubu, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı nəzərə alınmaqla yaşayış və qeyriyaşayış binalarının layihələndirilməsi və sökülərək inşa ediləcək ərazidə torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. bina üzrə ərazi planlaşdırma sənədləri təsdiq edilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 05 sentyabr 2017-ci il tarixli məktubundan görünür ki, yeni inşa edilmiş binanın eskiz layihəsinə rəy bildirilməsinə dair məktubuna əsasən eskiz razılaşdırılmışdır. MTK-nın 06 may 2025-ci il tarixli məktubundan görünür ki, əvəzlənmə yolu ilə qeyriyaşayış sahəsinin verilməsinə dair öhdəlik tərəflər arasında müqavilədə öz əksini tapmışdır. Nəsimi Rayon İcra Hakimiyyətinin 08 avqust 2018-ci il tarixli sərəncamından görünür ki, binanın tikintisinə Nazirlər Kabinetinin müvafiq qərarı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılaşma məktubu, FHN-nin Tikintidə Təhlükəsizliyə X2 rəyi nəzərə alınmaqla razılış verilmiş, məlumatların reyestr və kodlaşma üçün Komitəyə təqdim edilməsinin təmin edilməsi qərara alınmışdır. Obyektin tikintisinə icazə sənədindən görünür ki, binanın tikintisinə icazə verilmişdir. TikintidəTəhlükəsizliyə X2 rəyindən görünür ki, binaya dair aidiyyəti tikinti layihəsi üzrə rəy təqdim edilmişdir. Nəsimi Rayon Məhkəməsini 24 iyun 2025-ci il tarixli qərardadından görünür ki, əmlak üzərində məhdudiyyət götürülmüşdür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə də qeyd etməyi zəruri hesab edir ki, Qanunun yuxarıda göstərilən müddəalarıa uyğun olaraq da mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər məhkəməyə təqdim edilmişdir. Belə ki, müqavilə, protokoldan çıxarış, maliyyə arayışı və təhvil təslim aktından görünür ki, qeyri yaşayış sahəsi tikintini həyata keçirən şəxs tərəfindən tikilərək iddiaçıya təhvil verilmiş, buna dair hər hansı borcunun iddiaçının olmamış, tərəflər arasında bu barədə notariat təsdiqli müqavilədə imzalanmışdır. Nəzərə alınmalıdır ki, həmin qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnun mövcudluğu nəinki MMC və MTK-nın göstərilən sənədləri və notariat müqavilə, eləcə də məhkəmə qərarları ilə də öz təsdini tapmışdır. Belə ki, qərarlarda qeyd edilir ki, qeyriyaşayış sahəsinin əvəzi olaraq MTK tərəfindən verilmiş qərar, maliyyə arayışı, mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması üçün əsasdır. Müqavilə bağlanılmış, hansı hissədə sahənin iddiaçıya təhvil verilməli olması aydın göstərilmişdir. Cavabdehin digər imtina dəlilləri ilə əlaqədar da qeyd olunmalıdır ki, iddiaçı məhz faktiki 106 kv.m ölçü nəzərə alınmaqla hüququn dövlət qeydiyyatına dair dəqiqləşmə vermiş, eləcədə əmlak üzərində olan məhkəmə qərardadı əsasında qoyulmuş məhdudiyyət də qərardadla götürülmüşdür. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin çoxmənzilli binanın istismara qəbul aktı, razılaşdırılmış layihənin təqdim edilməməsinə münasibətdə aşağıdakıların qeyd edilməli olması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsindən görünür ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. “Dövlət qulluğu haqqında” Qanunun: 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; “İnzibati icraat haqqında” Qanunun: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Göstərilən normaların tələbindən də göründüyü kimi dövlət orqanları Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçir. bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəmə hesab edir ki, cavabdeh tərəf layihə və istismara qəbul aktının təqdim edilməməsinə istinadla yuxarıda göstərilən normativ tələbləri nəzərə almamış, nəticədə iddiaçının mülkiyyət hüququnun pozuntusuna səbəb olmuşdur. Belə ki, cavabdeh qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət üzrə nəzərə almamışdır ki, iddiaçıya təhvil verilən həmin qeyri-yaşayış sahəsinin təhvil verilmə zərurəti digər dövlət orqanlarının, bütünlükdə isə dövlətin maraqlarının təminindən irəli gəlir. Məhz həmin marağın nəticəsi kimi, iddiaçı mülkiyyət hüquqları artıq dövlət qeydiyyatına alınmış sahənin sökülməsinə yeni inşa ediləcək binada qeyri-yaşayış sahəsinin verilməsi şərti ilə razılıq vermişdir. Nəzərə aınmalıdır ki, iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi əvvəlki binanın sökülməsi dövlət və ictimai məqsədlərə xidmət etmiş, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yeni binalaların inşa edilməsi və qəzalı olan binalarada yaşayan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında həyata keçirilmişdir. Göründüyü kimi ən əsas məqsədlərdən biri qismində yeni binalaların inşa edilməsi və qəzalı olan binalarada yaşayan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması çıxış edir ki, digər xarakterli müxtəlif MTK və MMC-lərin inşa etdiyi mənzil və qeyri-yaşayış sahələrinin təhvil verilməsinə dair inzibati orqan və şəxs arasında mübahisələrdən fərqli olaraq, hazırkı təhvil vermə dövlətin adıçəkilən məqsəd üzrə həyata keçirdiyi fəaliyyətin nəticəsi qismində çıxış edir. Təsadufi deyildir ki, qəzalı binanın sökülməsi və yerində yeni binanın inşa edilməsi və şəxslərə təhvil verilməsi ilə əlaqədar FHN, Komitə,digər orqanlar üst qurum kimi Nazirlər Kabinetinin qərarının icrası ilə əlaqədar müvafiq sərəncam, rəy və layihələrin razılaşmasını həyata keçirmiş, yerli icra hakimiyyəti orqanı yeni inşa ediləcək binanın yerləşdiyi torpaq sahəsini MMC-nin istifadəsinə vermiş, tikintiyə müvafiq icazələr alınmış, tikinti həyata keçirilmiş və iddiaçıya aid olan tikili iddiaçıya təqdim edilmişdir. Cavabdeh isə, nəzərə almamışdır ki, naturada tikilinin inşa edilərək iddiaçıya təhvil verilməsi, Nazirlər Kabinetinin qərarı və yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin gözlənilməsini özündə tam ehtiva etmir. Dövlətin vahidliyi prinsipi baxımından da dövlətin vəzifə və funskiyalarını həyata keçirən bir qurumun dövlət və ictimai maraqlardan çıxış edərək şəxsin mülkiyyət hüququnu məhdudlaşdırması, yəni faktiki olaraq mülkiyyət hüququna dair qeydi olan qeyri-yaşayış sahəsini alması və sökməsi, bunun müqavilində də əvəzləyici-bərpaedici tədbir kimi yeni inşa ediləcək binada yaşayış sahəsini şəxsə verməsi dövlətin digər orqanının, dolayısı ilə də dövlətin bütün tədbirləri görməsini özündə ehtiva etmir. Təsadüfi deyildir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsin daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı dedikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi akt başa düşülür. Yəni, hüquq qeydiyyata alınırsa, dövlət tərəfindən tanınır. Hazırkı halda isə, dövlətin bir orqanı tərəfindən söküntüsü aparılmış, yeni bina inşa edilmiş və binada qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmişdir ki, göstərilən proseslərin məhz dövlətin iradəsi daxilində, aidiyyəti qurumları və həmin qurum tərəfindən verilmiş razılıq əsasında tərəfindən həyata keçirildiyi bir halda, əvəzləşmə ilə iddiaçıya verilən əmlaka hüququn dövlət tərəfindən tanınmasından imtina etməsi ilə hazırkı halda cavabdeh iddiaçının mülkiyyət hüququnun pozuntusuna səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin yuxarıda adıçəkilən qərarının icrası dedikdə son nəticədə qeyri-yaşayış sahəsinə iddiaçının hüququnun dövlət tərəfindən tanınması başa düşülməlidir ki, mülkiyyət hüququ qeydə alınmış əmlakın əvəzinə yeni əmlakın da iddiaçının adına qeydə alınmalı olması, məhz özündə həmin tanınmanı ehtiva edir. Hazırkı halda isə cavabdehin imtinası hüquqi və faktiki olaraq qeydiyyat hərəkətlərinin aparılmaması ilə hüququn dövlət tərəfindən tanınmasından imtina xarakteri daşıyır. Halbuki, dövlətin adından inzibati orqan kimi cavabdeh həmin hüququ tanımalı və qeydiyyat hərəkətlərini həyata keçirməlidir. Bu baxımından, uzun müddətdir ki sökülmüş, istismara bu və ya digər, vətəndaşın iradəsindən asılı olmayan səbəbdən qəbul edilməmiş binanın yerləşdiyi tikiliyə dair qeydiyyat hərəkətlərinin aparılmasından imtina nə yuxarıda göstərilən normativ hüquqi aktın tələblərinə, nə də dövlət orqanının hərəkətlərinə etimad hüququnun qorunması prinsipinə uyğun hesab edilə bilməz. Bu zaman nəzərə alınması zəruridir ki, göstərilən halda etimad dövlətin vahidliyi prinsipi baxımından təkcə spesifik dövlət orqanına yox, dövlətin hərəkətlərinə etimaddır, odur ki, dövlətin, yəni onun hər hansı orqanının əmlakın sökülməli olmasına, yenidən inşa edilməsi və təhvil verilməsinə dair hərəkəti və şəxslərin istifadəsinə verməli olmasına dair vəzifəsi, dövlət tərəfindən hüququn tanınmasını qeydə alan cavabdehin də dövlət qurumu kimi vəzifəsi qismində çıxış edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı ş, Nəsimi r, Mirəli Qaşqay küçəsinə çıxan hissədə ümumi sahəsi 106 kv.m qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməklə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6650/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6650/2025
21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver