Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6652/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz sökülmüş əmlaklarına və torpaq sahələrinə görə cavabdehlərdən 7.832.000 (yeddi milyon səkkiz yüz otuz iki min) manat məbləğində dəymiş maddi ziyanın, 100.000 (bir yüz min) manat məbləğində isə mənəvi zərərin, cəmi 7.932.000 (yeddi milyon doqquz yüz otuz iki min) manat məbləğində pulun dövlət büdcəsi vəsaiti hesabına Maliyyə Nazirliyindən tutularaq, ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal və Cavadxan küçələrinin kəsişməsində qanunvericiliyin tələblərinə əsasən tərəfindən inşa olunmuş mülkiyyətində olan idman-sağlamlıq və iaşə xidməti obyekti Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən 2016-cı il tarixdə sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti mülkiyyətlərində olan əmlakların dəyərində obyektlərinin yerləşdiyi, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsi Xətai rayonu, Sadıqcan küçəsi, 0,30 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Ona verilən həmin torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyətinin 111 nömrəli, 14 mart 2016-cı il tarixli sərəncamı ilə yaşayış və qeyriyaşayış binalarının tikintisinin lahiyələndirilməsinə icazə verilmişdir. Həmin sərəncamın icrası ilə əlaqədar olaraq onun mülkiyyətində olan torpaq sahəsinin gələcəkdə inşa olunan yaşayış və qeyri-yaşayış binalarının tikinitisinin layihələndirilməsi həyata keçirilmişdir. Həmin lahiyələndirilmə işləri aidiyyəti üzrə bütün dövlət orqanları tərəfindən rəsmi qaydada təsdiqlənmişdir. Buna baxmayaraq, onun mülkiyyətinə verilən həmin torpaq sahəsindən qanunsuz məhrum olunmuşdur.Ona məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 0,30 ha torpaq sahəsində hazırda sifarişçisi və podratçısı məlum olmayan hər hansı şəxs tərəfindən tikinti və quraşdırma işləri başlamışdır. Həmin qeyri-qanuni aparılan tikinti işləri ilə əlaqədar mülkiyyətində olan əraziyə daxil ola bilmir. Həmin tikinti işlərinin kim tərəfindən həyata keçirilməsi barədə dəfələrlə narazılığını bildirməyinə baxmayaraq, onun bu qanuni tələblərinə məhəl qoymayaraq qanunsuz tikinti işlərini davam etdirirlər. O, yaşadığı bu cür qanunsuz hərəkətlərdən ona külli miqdarda maddi ziyan dəymiş və dəyməkdə davam edir. Onların Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal və Cavadxan kəsişməsində torpaq sahəsində tikdikləri bina, qurğu-tikili, avadanlıq və s. əşyalar onlar üçün də mühüm iqtisadi maraq kəsb edir. Həmin tikintilərin həyata keçirilməsi üçün çox miqdarda investisiya qoyulmuşdur. Bu baxımdan mülkiyyət hüququ əsasında onlara məxsus olmuş tikililər dövlət ehtiyacları üçün parkın salınması layihəsi səbəbindən sökülmüşdür. Bakı şəhəri İcra Hakimiyyəti həmin söküntünün əvəzində Xətai rayonu, Sadıqcan küçəsi, 0,30 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Onlara ayrılmış Sadıqcan küçəsi, 0,30 ha torpaq sahəsində sifarişçisi və podratçısı məlum olmayan hər hansı şəxs tərəfindən tikinti və quraşdırma işləri başlamışdır. Həmin tikinti quraşdırma işlərinin dayandırılması barədə müvafiq icra hakimiyyəti orqanlarına şikayət etdikdən sonra Bakı şəhəri İcra Hakimiyyəti cavab məktubunda qeyd edilən ərazidə rayon sakinlərinin istifadəsi üçün meşə parkının salındığını göstərmişdir. 2016-cı il tarixdə mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi kəsişməsində yerləşən sahəsinin bazar qiymətinin 0,14 ha torpaq və tikili binanın dəyəri 7.818.000 (yeddi milyon səkkiz yüz on səkkiz min) manat məbləğində qiymətləndirilmişdir. Torpaq sahəsinin dəyəri 4.500.000 (dörd milyon beş yüz min) manat, tikintinin dəyəri 3.318.000 (üç milyon üç yüz on səkkiz min) manat qiymətləndirilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin 14 mart 2016-cı il tarixli, 111 saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi kəsişməsində yerləşən qeyriyaşayış sahəsinin söküntüsü və torpaq sahəsinin alınması ilə bağlı əvəzində verilmiş Xətai rayonu, Sadıqcan küçəsi, 0,30 ha torpaq əvəzləşdirilməsinə dair Sərəncam hüquqi qüvvəsindədir. Buna baxmayaraq, həmin Sərəncamda qeyd edilən ərazi onlara məxsus olmasına baxmayaraq, əvvəlcədən dəyəri ödənilmədən qeyri-qanuni tikinti-quraşdırma işləri aparılır. Bu tikintinin aparılması Bakı şəhəri İcra Hakimiyyətinin 07 iyul 2020-ci il tarixli, M-426-148 saylı məktubundan görünür ki, qeyd edilən tikinti işlərinin aparılmasını Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırmaqla həyata keçirilir. Belə olan halda həmin ərazinin Bakı şəhər İcra Hakimiyyətinin 14 mart 2016-cı il tarixli, 111 saylı torpaq sahəsinin əvəzləşdirilməsi haqqında sərəncamı ilə onlara məxsusdur. Onlar həmin ərazidə inşa ediləcək 38.000 kv.m həcmində çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsinə kv.m görə 3 manat ödəməklə 114.000 manat ödənilmişdir ki, həmin layihələndirmə müvafiq icra hakimiyyəti orqanlarından keçərək təsdiq edilmişdir. Lakin Bakı şəhər İcra Hakimiyyəti reallıqda həmin ərazinin istifadəsini başqa şəxslərə vermiş onlara əvvəlcədən yazılı məlumat və ya dəyəri ödənilməsi barədə hər hansı razılaşma təklifləri həyata kerçirməmişdir. Qeyd edilənlərə əsasən, iddia təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Elçin Nəcəfov tərəfindən verilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində qanunsuz sökülmüş əmlaklarına və torpaq sahəsinə görə 7.832.000 manat məbləğində maddi ziyanın, 100.000 manat məbləğində mənəvi ziyanın cəmi 7.932.000 manat vəsaitin dövlət büdcəsi vəsaitinə hesabına Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsini xahiş etmişdir.Maliyyə Nazirliyi iddiaya cavab verməli tərəf olmadığı halda onun üzərinə hər hansı öhdəlik də qoyula bilməz. Ümumiyyətlə, prosessual qanunvericiliyin tələblərinə əsasən dəymiş zərər o halda təmin edilə bilər ki, bu iddia həmin zərəri vurana yönəlmiş olsun, eyni zamanda zərərvuranın hərəkətləri ilə dəymiş zərər arasında səbəbli əlaqə mövcud olsun. İndiki halda Maliyyə Nazirliyinin iddiaçıya zərər dəyməsinə səbəb olan heç bir hərəkəti olmadığından iddianın Nazirliyə yönəldilməsi yanlışdır və mümkün deyildir.Nəzərə alınmalıdır ki, Maliyyə Nazirliyində mübahisəli əmlakın tikintisi və ya sökülməsi, torpaq sahəsinin tutulması ilə bağlı hər hansı məlumat yoxdur. Ölkə ərazisində tikintilərin aparılması, habelə onların sökülməsi, torpaq sahələrinin bu və ya digər məqsədlər üçün ayrılması, müvafiq abadlıq işlərinin aparılması və digər bu qəbildən fəaliyyət Maliyyə Nazirliyinin funksiyalarından kənardır. Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və müvafiq qaydada təsdiq edilmiş dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik iddiaçının əmlakına müdaxilə olunması ilə bağlı qeyd etdikləri barədə hər hansı məlumata sahib olmamış, iddiaçıya zərər vuran heç bir hərəkət və ya hərəkətsizliyə yol verməmişdir. Kompensasiyanın dövlət büdcəsi hesabına ödənilməsi fikri ilə əlaqədar qeyd edilir ki, dövlət büdcəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Bu baxımdan öhdəliyin birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi qanunvericiliyin tələblərinə ziddir.İddiaçı iddia ərizəsində Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal və Cavadxan küçələrinin kəsişməsində olan daşınmaz əmlakın sökülməsinə görə natura formasında əvəzləşmənin aparıldığını qeyd etmişdir.Bununla bağlı bildirilir ki, iddiaçı ona təklif edilən natura formasında kompensasiyanı qəbul edərək öz iradəsini ifadə etmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.Belə olan halda sözügedən daşınmaz əmlak üçün yenidən kompensasiya ödənilməsini tələb etmək mülki qanunvericiliyin tələblərinin, həmçinin yuxarıda qeyd olunan daşınmaz əmlakın alınması barədə razılıq əqdinin şərtlərini pozulması halı hesab olunmalıdır.Digər tərəfdən bildirilir ki, İddiaçı iddia ərizəsində daşınmaz əmlakların onun mülkiyyətində olduğunu tutarlı sübutlarla (dövlət reyestrindən çıxarışla) əsaslandıra bilməmişdir.Daşınmaz əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud olmadığı üçün İddiaçı mübahisələndirilən daşınmaz əmlak üzrə mülkiyyətçi hesab oluna bilməz.Göstərilənlərə əsasən inzibati və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsinə etirazlarını bildirmiş və məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Həmçinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Elçin Nəcəfov tərəfindən iş üzrə Maliyyə Nazirliyinin cavabdehlər siyahısından çıxarılması barədə vəsatət daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli 2-1(112)-6244/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi”nə dair iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.02.2021-ci il tarixli 2- 1(103)-769/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)- 6244/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6244/2020 saylı qərardadı ləğv edilmiş və iş üzrə sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra 01 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım olunmuşdur. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi olmalıdır, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı nəticəsində iddiaçıya ziyan dəymişdir və Bakı Şəhər İcra Hakimiyyəti iş üzrə 3-cü şəxs qismində göstərilməlidir. Məhkəmə tərəfindən bir daha hüquqi yardım göstərilmiş, cavabdehin dəqiqləşdirilməli olduğu bildirilmiş, lakin iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2-1(112)-6652/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə qanunsuz sökülmüş əmlaklarına və torpaq sahələrinə görə cavabdehdən 7.832.000 (yeddi milyon səkkiz yüz otuz iki min) manat məbləğində dəymiş maddi ziyanının, 100.000 (bir yüz min) manat məbləğində isə mənəvi zərərin, cəmi 7.932.000 (yeddi milyon doqquz yüz otuz iki min) manat məbləğində pulun dövlət büdcəsi vəsaiti hesabına Maliyyə Nazirıiyindən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Növbəti məhkəmə iclası 05 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsi rəhbər tutularaq məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə “hüquqi yardım” olunsa da, iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia üzrə cavabdehlik daşıyan inzibati orqanın dövlət büdcəsinə nəzarət edən orqan olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi olduğunu bildirdi və həmin cavabdehə qarşı tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından görünür ki, iddiaçı sökülmüş əmlaklarına və torpaq sahələrinə görə cavabdehdən 7.832.000 (yeddi milyon səkkiz yüz otuz iki min) manat məbləğində dəymiş maddi ziyanının, 100.000 (bir yüz min) manat məbləğində isə mənəvi zərərin, cəmi 7.932.000 (yeddi milyon doqquz yüz otuz iki min) manat məbləğində pulun dövlət büdcəsi vəsaiti hesabına Maliyyə Nazirıiyindən tutularaq ona ödənilməsini xahiş edir. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Mübahisə üzrə aydınlaşdırılmalı olan ilk məsələ iddia tələbinin yönəlməli olduğu cavabdehlə bağlı məsələdir. İşin hallarından görünür ki, iddiaçı cavabdeh kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyini qeyd etmişdir. Halbuki, iddiaçının nümayəndəsi və vəkilinə Məhkəmə tərəfindən hüquqi yardım göstərilərək, cavabdehin dəqiqləşdirilməsinin zəruriliyi bildirilmiş, lakin iddiaçının nümayəndəsi və vəkili cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizəsini təqdim etməmiş, iddiaçıya dəymiş zərərə görə dövlətin cavabdehlik daşıdığını, ödəniləcək məbləğin dövlət büdcəsindən ödənilməli olduğunu və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət büdcəsinə nəzarəti həyata keçirdiyini bildirərək, iddia tələbi üzrə cavabdehlik daşıyan orqanın da məhz Azərbaycan Respublikası Maliyyə Nazirliyi olduğunu qeyd etmiş və cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığını bildirmişdir. Məhkəmə iş üzrə araşdırma apararaq qeyd edir ki, hazırkı iddia tələbi üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi cavabdehlik daşıyan inzibati orqan deyildir. İddiaçı iddia ərizəsində ona məxsus idman-sağlamlıq və iaşə xidməti obyektinin Bakı şəhəri İcra Hakimiyyəti orqanı tərəfindən söküldüyünü qeyd etsə də, iddia tələbini Azərbaycan Respublikası Maliyyə Nazirliyinə yönəltmiş və cavabdeh qismində sonuncunu qeyd etmişdir. Halbuki Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Belə olan halda, Məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi arasında publik hüquq münasibətindən irəli gələn inzibati mübahisə yaranmamış, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı aşkar olunmamış, həmçinin iddiaçının irəli sürdüyü tələb üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi cavabdehlik daşımamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə izah edir ki, hazırki iddia tələbi ilə iddiaçı müvafiq rayon (şəhər) İcra Hakimiyyətinə müraciət etməli, müraciətinə imtina edildiyi halda cavabdeh qismində yerli icra hakimiyyəti orqanının göstərərək, məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-6652/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6652/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver