Məhkəmə qərarları › İş №2-1(112)-6653/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6653/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6653/2023 31.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının yenidən qeydiyyata alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının yenidən qeydiyyata alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanında yerləşən 135,36 kv.m qeyri-yaşayış binasının mövcud vəziyyətdə yenidən hüquqi qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 21 ünvanında yerləşən qeyri-yaşayış binası DƏDRX-nin Seriya RX ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışına əsasən ümumi sahəsi 71,3 kv.metrdən ibarət olmaqla onun mülkiyyətindədir. Mülkiyyətində olan qeyri-yaşayış binası qəzalı vəziyyətdə olması səbəbindən "xxxx" MMC-nin hazırladığı eskiz layihəsinə əsasən tərəfindən qeyri-yaşayış binasında müəyyən yenidənqurma, təmir-tikinti və rekonstruksiya işləri aparılmışdır. Qeyri-yaşayış binasının qəzalı olması faktı Nəsimi rayon 65 saylı MKİS-nın 31 mart 2022-ci il tarixdə tərtib etdiyi aktda da, öz əksini tapmışdır. Bundan sonra həmin qeyri-yaşayış sahəsinin ölçülərinin dəqiqləşdirilməsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyətinə müraciət etmişdir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən müraciəti müsbət qarşılanaraq onun nəzdində X1 Texniki Komissiya tərəfindən həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və qeyri-yaşayış binasının faktiki ümumi tikinti altı sahənin 135,36 kv.m olduğu müəyyən edilmiş və bu fakt komissiyanın xx.xx.2022-ci il tarixli rəyində və qəbul aktında öz əksini tapmışdır. Bundan sonra, Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli 90 saylı sərəncamı ilə komissiyanın rəyini nəzərə alınaraq, ona məxsus Cavadxan (Gəncə xanı) küçəsi 21 ünvanında yerləşən qeyri-yaşayış binasının faktiki ümumi tikinti altı sahəsinin 135,36 kv.m olduğu təsdiq edilmişdir. Eyni zamanda tikintinin layihəsi Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Məhkəmənin diqqətinə onu da çatdırır ki, həmin ünvanda mülkiyyətində olan tikilinin altında yerləşən torpaq sahəsi iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə aralarında bağlanmış 18 may 2022-ci il tarixli 2378/117 nömrəli müqaviləyə əsasən icarəsindədir. Həmçinin bildirir ki, sərəncamın 3-cü bəndinin tələbinə əsasən həmin qeyri-yaşayış binasının yenidən hüquqi qeydiyyata alınması üçün həmin sərəncamın surəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə göndərilmişdir. O, mülkiyyətində olan qeyri-yaşayış binasının yenidən hüquqi qeydiyyata alınması üçün xx.xx.2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestripublik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmiş, lakin, həmin orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********96 saylı məktubla müraciətinin müsbət həllindən imtina edilmişdir. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, guya qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazə təqdim edilməmiş, eyni zamanda qeyri-yaşayış binasının söküldüyü nəzərə alınaraq daşınmaz əmlakın qeydiyyatının ləğv olunmasına dair notariat qaydasında təsdiq olunmuş ərizə təqdim olunmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsasızdır. Belə ki, mülkiyyətində olan qeyri-yaşayış binası sökülməmişdir. Sadəcə bina qəzalı vəziyyətdə olduğuna görə layihəyə uyğun tərəfindən binada müəyyən yenidənqurma, təmir-tikinti və rekonstruksiya işləri aparılmışdır. Cavabdeh orqanın bu hərəkətləri ilə onun mülkiyyət hüququ pozulmuş və hüquqlarının təmin olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 21 ünvanında yerləşən 135.36 kv.m qeyri-yaşayış binasının mövcud vəziyyətlə yenidən hüquqi qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 21 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasına dair tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazə təqdim edilməmişdir. Bundan əlavə, qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının söküldüyünü nəzərə alaraq daşınmaz əmlakın qeydiyyatının ləğv olunmasına dair notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edilməlidir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********96 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022ci il tarixli **********96 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” məktuba əsasən qeyri-yaşayış binasına dair tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilmədiyindən, bundan əlavə qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının söküldüyünü nəzərə alaraq daşınmaz əmlakın qeydiyyatının ləğv olunmasına dair notarial qaydada təsdiq olunmuş ərizə təqdim edilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.3 kv.m olan qeyri-yaşayış binası (72 saylı çörək mağazası) iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2014-cü il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanında yerləşən 72 saylı çörək mağazasının xx.xx.2014-cü il tarixdə olan vəziyyətinə əsasən texniki pasport tərtib edilmişdir.

10. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X1 Texniki Komissiyanın 42 nömrəli xx.xx.2022-ci il tarixli Qəbul Aktına əsasən İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək, Nəsimi rayonu, Cavadxan (ünvan 4 ünvanda yerləşən ona məxsus qeyri-yaşayış binasının (72 saylı çörək mağazası) ölçülərinin dəqiqləşdirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Cavadxan küçəsi 21 saylı ünvanda yerləşən qeyri-yaşayış binasına dair DƏDRX-nin Seriya RX ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışına əsasən ümumi sahəsi 71.3 kv.m-dən ibarət olmaqla vətəndaş İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin faktiki ümumi tikinti altı sahəsi 135.36 kv.m təşkil edir. Ümumi sahəsindəki fərq, qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma, təmir-tikinti və rekonstruksiya işləri səbəbindən yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq, komissiya İddiaçı məxsus Cavadxan (ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasının (72 saylı çörək mağazası) faktiki ümumi tikinti altı sahəsinin 135.36 kv.m hesablanmasını məqsədəuyğun hesab etmişdir.

11. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X1 Texniki Komissiyanın 42 nömrəli xx.xx.2022-ci il tarixli rəyinə əsasən, İddiaçı məxsus Cavadxan (ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasının (72 saylı çörək mağazası) faktiki ümumi tikinti altı sahəsinin 135.36 kv.m hesablanmasını məqsədəuyğun hesab etmişdir.

12. Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 90 nömrəli 01 aprel 2022-ci il tarixli sərəncamına əsasən RİH nəzdində İdarələrarası Komissiyasının rəyi təsdiq edilərək İddiaçı məxsus Cavadxan (ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasının (72 saylı çörək mağazası) faktiki ümumi tikinti altı sahəsi 135.36 kv.m hesab edilmişdir.

13. “Özəlləşdirilən dövlət müəssisəsi və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerələşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 2378/117 nömrəli 18 may 2022-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhəri, ünvan 5 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 134.9 kv.m torpaq sahəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı icarəsinə verilmişdir.

14. ünvan 3 ünvanında yerləşən 72 saylı çörək mağazasında aparılmış yenidənqurma, təmir-tikinti və rekonstruksiya işlərindən sonra tərtib edilmiş eskiz layihə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə razılaşdırılmışdır.

15. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sözügedən qeyri-yaşayış sahəsinin qazla təchiz edilməsinə dair 10 iyun 2022-ci il tarixli texniki şərt verilmişdir.

16. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sözügedən qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsinə dair xx.xx.2022-ci il tarixli texniki şərt verilmişdir.

17. "xxxx" ASC ilə iddiaçı arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə bağlanmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

19. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

22. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

24. Belə ki, məhkəmə cavabdehin etirazında əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir. 25.Cavabdehin sözügedən qeyri-yaşayış sahəsinə dair etirazında göstərilən dəlillər aşağıdakılardan ibarət olmuşdur:

1. Qeyri-yaşayış binasına dair tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazə təqdim edilməmişdir.

2. Qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının söküldüyünü nəzərə alaraq daşınmaz əmlakın qeydiyyatının ləğv olunmasına dair notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edilməlidir.

26. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

27. Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, hazırki iş üzrə mübahisəli qeyri-yaşayış binası yeni tikili olmayıb, iş materiallarında olan texniki pasportda olan qeydlərə əsasən iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında əldə edilmiş, sonradan həmin qeyriyaşayış sahəsi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, qeyri-yaşayış sahəsi uzun müddətdir ki, mövcuddur, onun istifadəsindədir və artıq cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçı tərəfindən sözügedən qeyri-yaşayış sahəsində sadəcə yenidənqurma, təmirtikinti və rekonstruksiya işləri aparılmış və bununla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilərək qeyri-yaşayış sahəsinin faktiki ölçülərinin dəqiqləşdirilməsi xahiş edilmişdir. Məhz qeyd edilən hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərə alınaraq iddiaçının müraciətinə əsasən tikintiyə icazə deyil, İdarələrarası komissiyasının rəyinin təsdiq edilərək qeyri-yaşayış binasının faktiki ümumi tikinti altı sahəsinin 135.36 kv.m hesab edilməsi barədə sərəncam qəbul edilərək iddiaçı tərəfindən təqdim edilmiş qeyri-yaşayış binasının layihəsi razılaşdırılmışdır.

28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin sözügedən əsaslarla imtinası formal olmaqla iddiaçının mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

30. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hazırki iş üzrə hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinin (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı) tələbləri təmin edilərək cavabdeh tərəfindən artıq iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları 2014-cü ildən qeydiyyata alındığından, o, müvafiq icra hakimiyyəti orqanının razılaşdırılmış layihəsi əsasında aparılmış təmir-tikinti, rekonstruksiya işlərindən sonra qeyri-yaşayış sahəsinin dəqiqləşmiş ölçülərə uyğun olaraq qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etməkdə haqlı olmuşdur.

31. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.

33. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqları-nın mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiy-yət» anlayışı müstəqil məna daşıyır.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) iddia inzibati məhkəmə icraatı qaydasında baxılır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin 1-ci hissəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 21 ünvanında yerləşən 135,36 kv.m qeyri-yaşayış binasının mövcud vəziyyətdə yenidən İddiaçı adına (mülkiyyət hüququ üzrə) qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar