Məhkəmə qərarları › İş №2-1(112)-6656/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6656/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6656/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “ölkədən çıxışına qoyulmuş məhdudiyyətin aradan qaldırılması üçün müvafiq müraciətin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ölkədən çıxışına qoyulmuş məhdudiyyətin aradan qaldırılması üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müvafiq müraciətin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, ********* nömrəli cinayət işi çərçivəsində Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müraciəti əsasında iddiaçının ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. O, müvafiq cinayət işi üzrə yalnız şahid qismində dindirilmişdir. Müvafiq məsələ ilə əlaqədar qanunsuz olaraq ölkədən çıxışına qoyulmuş məhdudiyyətin aradan qaldırılması tələbi ilə Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-74/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə ərizəsi təmin edilmiş və ölkədən çıxışına qoyulmuş məhdudiyyət qanunsuz hesab edilmişdir. Lakin hazırkı vaxtadək Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən icra olunmamış və ölkədən çıxışına qoyulmuş məhdudiyyət aradan qaldırılmamışdır. xx.xx.2024-cü il tarixdə müvafiq məhkəmə qərarının icra edilməsi tələbi ilə Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin müraciətin nəticəsi barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Eləcə də bu məsələ ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etmişdir. Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli cavab məktubunda müvafiq qurum tərəfindən onun ölkədən çıxışına heç bir məhdudiyyətin tətbiq olunmadığı qeyd edilmişdir. Hazırda ölkədən çıxışına qoyulmuş məhdudiyyət qanunsuz olaraq davam edir. Bu səbəbdən iş fəaliyyəti və səhhəti ilə bağlı bir sıra xarici ölkələrə getmək zərurəti yaransa da, ölkə xaricinə səfərlər edə bilmir. Belə ki, ölkə xaricində ayağında olan problemlə əlaqədar müalicə və əməliyyat olunmalı olduğu halda, ölkədən çıxışına qoyulmuş qadağa səbəbindən bu mümkün deyil. Həmçinin, bu məhdudiyyət ona məxsus şirkətlərin fəaliyyətində ciddi maliyyə çətinlikləri yaratmaqla, biznes fəaliyyətilə əlaqədar xarici ölkələrə səfərlərinin qarşısını alaraq kommersiya maraqlarına və iş fəaliyyətinə əhəmiyyətli dərəcədə ciddi ziyan vurmaqdadır. AR Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsinə əsasən cinayət prosesi zamanı şəxsin hərəkət azadlığının məhdudlaşdırılması yalnız şübhəli və ya təqsirləndirilən şəxslərin, məhkumların və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslər barəsində tətbiq edilə bilər. Lakin müvafiq cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınmadığı halda ölkədən çıxışına məhdudiyyət qoyulması və həmin məhdudiyyətin götürülməsi barədə məhkəmə qərarının icra edilməməsi iddiaçının konustusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı ərizədə qeyd edilənlərə əsasən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 13-cü maddəsinin tələbləri baxımından iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin mümkün sayılaraq təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, cinayət mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslandığından məhkəmə nəzarəti qaydasında baxılmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin xarakteri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. İddia ərizəsindən də göründüyü kimi, tələb cavabdehin ümumi (publik) hüquq sahəsindəki qərarı, hərəkəti və ya hərəkətsizliyi, qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi ilə bağlı deyildir. İddia tələbi cavabdehin həyara keçirmiş olduğu cinayət prosessual fəaliyyətə əsaslanmaqdadır. Digər tərəfdən məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının iş üzrə məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayətə Binəqədi Rayon Məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş, onun şikayəti qismən təmin edilərək Məhkəmənin xx.xx.2024-cü il tarixli 6(001)-74/2024 nömrəli qərarı ilə cavabdeh tərədindən iddiaçının ölkədən çıxışına qoyulmuş məhdudiyyət qanunsuz hesab edilmişdir. Odur ki, faktiki olaraq hazırkı tələbə hüquqi qiymət verildiyindən, iddiaçı eyni zamanda həmin iş üzrə məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə qərarı qəbul etmiş məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İddiaçının nümayəndəsi və vəkilinə məhkəmə tərəfindən qanunvericiliyin tələbləri izah edilməklə və işin halları onunla müzakirə edilməklə dinlənilmə hüququ təmin olunmuşdur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “onun ölkədən çıxışına qoyulmuş məhdudiyyətin aradan qaldırılması üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müvafiq müraciətin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar