Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6657/2022 15.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X15, X16, X8 və X11) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, ev 1 ünvanında yerləşən 2/3 saylı mənzil İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, ev 1, 2/3 saylı mənzildə digər şəxslərlə yanaşı xx.xx.1967-ci il təvəllüdlü X15, xx.xx.1964-cü il təvəllüdlü X16, xx.xx.1993-cü il təvəllüdlü X8 və xx.xx.1978-ci il təvəllüdlü X2 da qeydiyyatdadırlar.
3. İddiaçılar İddiaçı2 və İddiaçı1 (bundan sonra – İddiaçılar) ərizə ilə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, mülkiyyətlərində olan mənzildən orada qeydiyyatda olan X15, X16, X8 və X5 qeydiyyatdan çıxarılmasını xahiş etmişlər.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli 059-3747Q-3222 saylı məktubla tələbi təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin tələblərinə əsasən göstərilən şəxslərin ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir. Buna görə də iddiaçılara məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
5. Bundan sonra iddiaçılar xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X15, X16, X8 və X5 ünvan 1 ünvanından pasport qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. Məhkəmənin 2-1(112)-6657/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X15, X16, X8 və X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması:
7. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onların adına paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilərək çıxarış verilmişdir. Bu ünvanda qeydiyyatda olan X16, X15, X13 və X3rın ailə üzvü deyildir, mənzil satıldıqdan sonra mənzili tərk edərək getmişlər, formal pasport qeydiyyatında qalmışlar və bu ünvanda yaşamırlar. Bu mənzillə heç bir əlaqələri yoxdur, daimi olaraq başqa ünvanda yaşayırlar. Bu şəxslərin iddiaçıların mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları səbəbindən bir mülkiyyətçi kimi onların hüquqları pozulur, onların pasport qeydiyyatında qalması bir mülkiyyətçi kimi mənzillə bağlı hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, hüquqları məhdudlaşır.
8. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. 11.Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakları olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
12. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
14. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
16. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçıların məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçlar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər.
17. İddia həm də əsaslıdır. Belə ki, işdə olan ÖM seriyalı 065629 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, ev 1 ünvanında yerləşən 3 otaqlı, 2/3 saylı mənzilin 1 otağı İddiaçı2, 2 otağı isə X12 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş, bu barədə 716 saylı reyestr kitabında xx.xx.2006-cı il tarixdə qeydiyyat aparılmışdır.
18. 13.11.2014-cü il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən satıcı X16 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, ev 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 60.8 kv.m, yaşayış sahəsi 43 kv.m olan 2/3 saylı mənzilin ona məxsus 2 otağını tam hissədə alıcı İddiaçı1 satmışdır. Həmin Müqavilənin 13-cü maddəsinə əsasən satıcı X16 xx.xx.2015-ci il tarixədək qeyd edilən ünvandan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə notariat işinə əlavə edilmiş ərizələrdən görünür ki, X15 və X1 mənzilin satılmasına etiraz etməmişlər.
19. RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, ev 1 ünvanında yerləşən 2/3 saylı mənzilin 3 otağından 2 otağı İddiaçı1, digər 1 otağı isə İddiaçı2 adına xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
20. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, ev 1 ünvanında yerləşən 2/3 saylı mənzil ünvanında X16 xx.xx.2005-ci ildən, X8 xx.xx.2009-cu ildən, X11 xx.xx.2006-cı ildən, X15 xx.xx.1984-cü ildən hazıradək qeydiyyatdadırlar.
21. Üçüncü şəxs X7 məxsus fərdi uçot kartoçkasından görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, ev 1 ünvanında yerləşən 2/3 saylı mənzilə xx.xx.2010-cu ildə qeydiyyata alınmışdır.
22. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X9, X12, X4, X5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, ev 1, 2/3 saylı mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir.
23. Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Biliyinin 107 Saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 36 nömrəli məktubunda göstərilmişdir ki, Biləcəri qəsəbəsi Vidadi küçəsi ev 1, mənzil 2/3 ünvanında faktiki yaşayan şəxslər aşağıdakılardır: -İddiaçı2 – 1951 -X6 – 1958 -X17 – 1975 -X20 -1977 -X10-1981 -X21-2007 -X22-2010 İddiaçı1 həmin ünvanda xx.xx.2015-ci il tarixdən qeydiyyatdadır və yaşayır, onunla birlikdə qeydiyyatda olanlar aşağıdakılardır: - X23 – 2011 - X24 – 2018 Məktubda bildirilmişdir ki, üçüncü şəxslər X15, X16 , X8 mənzilin satılması ilə əlaqədar olaraq uzun müddətdir ki, mənzildə yaşamırlar, X11 haqqında 107 saylı MKİS-ə heç bir sənəd daxil olmamışdır.
24. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, üçüncü şəxslər sözügedən mənzilin keçmiş paylı mülkiyyətçisi və onun ailə üzvləri olmuş, mübahisəli ünvana qeydiyyata alınmışlar. J.Kolesnikova isə mənzilin mülkiyyətçisi İddiaçı2 ərizəsi əsasında həmin ünvana qeydiyyata alınmışdır.
25. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
26. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
27. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.
28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
29. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
31. Hazırkı məhkəmə qərarının 17-23-cü bəndlərində sadalanan sübutlara əsasən müəyyən olunur ki, üçüncü şəxs T.Məmmədov mübahisəli mənzilin keçmiş paylı mülkiyyətçisi, A.Məmmədova və Ə.Məmmədov onun ailə üzvü olmuş, 2014-cü ildə T.Məmmədov həmin əmlaka payını satdıqdan sonra onun və mübahisəli əmlaka hüququ olan digər şəxslərin bütün hüquqlarına xitam verilmişdir. J.Kolesnikova isə mübahisəli əmlakın paylı mülkiyyətçisi İddiaçı2 razılığı ilə qeydiyyata alınmışdır. Hazırda nə J.Kolesnikova, nə də mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvləri həmin mənzildə yaşamır və daşınmaz əmlakın dövlət reyestrində onların mənzilə dair qeydiyyatdan keçmiş hər hansı bir hüququ mövcud deyil. Deməli, onların 2/3 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur.
32. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsasızdır və mülkiyyətçi kimi iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
34. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
35. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:
İddia təmin olunsun. xx.xx.1967-ci il təvəllüdlü X9, xx.xx.1964-cü il təvəllüdlü X12, xx.xx.1993-cü il təvəllüdlü X4 və xx.xx.1978-ci il təvəllüdlü X5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, ev 1 ünvanında yerləşən 2/3 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova