Məhkəmə qərarları › İş №2-1(112)-6662/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6662/2021

23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6662/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı “akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adının dəyişdirilərək «Sürəyya»dan «Surayə»yə, yəni X1 qeyd edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, onun doğum haqqında şəhadətnaməsində adı «Surayə» olaraq qeyd olunmuşdur. Lakin şəxsiyyət vəsiqəsində adı «Sürəyya» kimi qeyd olunmuşdur. O, şəxsiyyət vəsiqəsində adının doğum haqqında şəhadətnamədə ad hissəsində yazıldığı kimi, yəni «Surəya» yazılması üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi müraciət etmişdir. O, şəxsiyyət vəsiqəsini və doğum haqqında şəhadətnaməsini cavabdeh orqana təqdim edərək şəxsiyyət vəsiqəsində adının dəyişdirilərək doğum haqqında şəhadətnamədə qeyd olunduğu kimi, yəni «Sürəyya»dan «Surayə»yə dəyişdirilməsini istədiyini bildirmişdir. Cavabdeh orqan onun müraciətinin təmin edilməsindən imtina etmişdir və ona doğum akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 29.09.2018-ci il tarixdə «ASAN 5» tərəfindən verilmiş Seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqədə iddiaçının adı və soyadı «İddiaçı» kimi qeyd olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Ermənistanda verilmiş doğum haqqında şəhadətnamənin surətində isə iddiaçının adı və soyadı «Məhərrəmova Surayə» kimi qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 23.06.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.1968-ci il tarixdə anadan olmuş İddiaçı doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İddiaçının izahatından və iş materiallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydi Azərbaycan Respublikasında açılmamışdır. Belə olan halda həmin akt qeydində Azərbaycan Respublikasının müvafiq qeydiyyat qurumları tərəfindən dəyişikliklər edilə bilməz. İddiaçı mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yaşadığı yer üzrə ümumi məhkəməyə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə müraciət edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında şəhadətnaməsinin qanunvericiliyin tələblərinə uyğun olduğu müəyyən edilərsə, iddiaçı həmin şəhadətnamə ilə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini vermiş olan orqana şəxsiyyət vəsiqəsinində olan məlumatların doğum haqqında akt qeydindəki məlumatlara uyğunlaşdırılması ilə əlaqədar müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar