Məhkəmə qərarları › İş №2-1(112)-6663/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6663/2021

23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6663/2021 23.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı və X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “tikinti obyekti barədə məlumatın Tikintilərin Dövlət reyestrindən çıxarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı və X2 (bundan sonra – İddiaçılar) cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon İcra Hakimiyyətinin 161 saylı, 21.06.2019 tarixli Sərəncamını nəzərə alaraq, "xxxx" MMC-nin adının “tikinti icraatı 01.08.2018-ci ilədək başlanılmış tikinti layihəsi” kimi Tikintilərin Dövlət Reyestrindən çıxarılmasına dair məhkəmə aktının elan edilməsi, "xxxx" MMC-nin AR Nazirlər Kabinetinin 17.12.2019-cu il tarixli, 482 nömrəli Qərarı qüvvəyə mindikdən sonra, 01.08.2018-ci ilədək tikinti icraatı başlanılmış tikinti olaraq, Təbriz-Əlizadə-Vahid küçələrinin kəsişməsində olan tikinti icraatının qeyri-qanuni hesab edilməsi, dayandırılmasını və saxtakarlığa yol vermiş əlaqədar dövlət orqanları, onların vəzifəli şəxsləri, həmçinin "xxxx" MMC rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsini təmin etmək üçün prokurorluq orqanlarına məlumat verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, 23.06.2017-ci il tarixli "xxxx" MMC-nin adına olan 267 nömrəli sərəncamın hüquqi qüvvədən düşməsinə və "xxxx" MMC-nin adına olan yeni, 161 nömrəli Sərəncamın 01.08.2018-ci il tarixədək deyil, 21.06.2019-cu il tarixdə Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilməsinə baxmayaraq, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə "xxxx" MMC, AR Nazirlər Kabinetinin 482 nömrəli, 17.12.2019-cu il tarixli Qərarının 4-cü bəndinə əsasən “tikinti icraatı 01.08.2018-ci il tarixədək başlanılmış tikililərə” aid edilmiş və bununla bağlı məlumatlar 02.09.2019-cu il tarixində Tikintilərin Dövlət Reyestrinə daxil edilmişdir. "xxxx" MMC-nin adının həmin siyahıya daxil edilməsi qanunaziddir. Çünki AR Nazirlər Kabinetinin 482 nömrəli, 17.12.2019-cu il tarixli Qərarı qəbul edilənədək "xxxx" MMC-nin Təbriz küçəsi 34, 36 və 38 ünvanlarında tikinti işləri başlamamış, yalnız bünovrəsi qazılmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Vahid və Ə.Əlizadə küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən tikinti obyektinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə Tikintilərin Dövlət Reyestrinə daxil edilmişdir. Baş İdarə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Azərbaycan Respublikası Prezidentinin 09.11.2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.16-cı yarımbəndinə əsasən respublika səviyyəsində şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılmasını təşkil etmək və bütövlükdə dövlət şəhərsalma kadastrı fondunu yaratmaq və aparmaq vəzifələrini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yerinə yetirir. Göstərilənləri nəzərə alaraq, ərizədə göstərilən məsələlər ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir İddiaçılar 01.07.2021-ci il və 17.07.2021-ci il tarixlərdə məhkəmə dəftərxanası vasitəsilə daxil olmuş ərizə ilə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşdən görünür ki, iddiaçıların hazırkı iş üzrə mübahisələndirdikləri əsas hal Bakı şəhəri, Təbriz-Əlizadə-Vahid küçələrinin kəsişməsində olan tikinti icraatının 01.08.2018-ci il tarixədək başlanılmamasıdır və buna görə də həmin layihənin Tikintilərin Dövlət Reyestrindən çıxarılmasını xahiş edirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – ŞTM) 103.2-ci maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən Tikintilərin Dövlət reyestrinin məqsədi tikilən, istismar edilən və sökülən tikinti obyektlərinin, habelə bu Məcəllənin 35-ci maddəsində nəzərdə tutulmuş qadağaların və məhdudiyyətlərin qeydiyyatını aparmaqdan ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın: - 1.4-cü bəndinə əsasən reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir. - 2.1-ci bəndinə əsasən Reyestrin aparılmasında məqsəd – yerli icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Mənzil X4 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik və ya bələdiyyə tərəfindən nəzərdə tutulmuş qadağa və məhdudiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir. - 4.2-ci bəndinə əsasən Tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. - 4.3-cü bəndinə əsasən bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilir. Tikintiyə icazə verən orqan (qurum) çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir. - 4.4-cü bəndinə əsasən reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. Sadalanan normalardan görünür ki, Tikintilərin Dövlət reyestri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən deyil, Komitənin özü tərəfindən aparılır. Digər tərəfdən, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qaydalardan görünür ki, Tikintilərin Dövlət reyestri tikintilərlə bağlı dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etmək məqsədi güdür. Tikintiyə dair sənəd və məlumatlar tikintinin başlanılması anından deyil, tikintiyə icazə verildiyi andan 3 (üç) iş günü müddətində tikintiyə icazə verən orqan tərəfindən Reyestrə təqdim edilir. Bu məlumatların təqdim edilməsi tikintiyə icazə verən orqanın vəzifəsidir və bu vəzifənin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən məlumatı təqdim etməyən vəzifəli şəxslərə beş yüz manatdan min manatadək cərimə növündə inzibati tənbeh tətbiq edilməsi ilə nəticələnir. Məhkəmə qeyd edir ki, hazırkı halda tikintiyə icazə verən orqan (qurum) tərəfindən qüvvədə olan tikintiyə icazəyə dair sənəd və məlumatların Reyestrə daxil edilməsi məlumatlandırma xarakteri daşımaqla, digər şəxslərin hüquqlarının pozulmasına yox, onların təmin edilməsinə yönələn hərəkətdir və qüvvədə olan tikintiyə icazəyə dair sənəd və məlumatların Reyestrə daxil edilməsi özlüyündə iddiaçıların hər hansı hüququnun pozulmasına səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, onda iddianın mümkünlüyü məsələsinə qiymət verilməlidir İşdən görünür ki, iddiaçılar hazırda "xxxx" MMC tərəfindən Təbriz-Əlizadə-Vahid küçələrinin kəsişməsində aparılan tikinti işlərindən narazıdırlar və onların əsas hüquqi marağı həmin tikintinin aparılmasına əsas olmuş sənədlərin ləğvinə yönəlmişdir. Belə olan halda aydın olur ki, iddiaçlar hazırkı iddia ilə deyil, hüquqi maraqlarına uyğun iddia ilə məhkəməyə müraciət etməklə arzuladıqları məqsədə nail ola bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar