Məhkəmə qərarları › İş №2-1(112)-6663/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6663/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6663/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə sosial müavinətin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa sosial müavinətin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1963-cü il tarixdə doğulub. İddiaçı xx.xx.1981-ci ildə X6 ilə nikaha daxıl olub, birgə nikahlarından xx.xx.1982-ci ildə Kəmalə adlı uşaqları doğulub. İddiaçının qızı Kəmalə Xəlilova 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında psixiatrik kabinetdə qeydiyyatdadır və idiotiya xəstəliyindən əziyyət çəkir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1162/2018 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyətsiz elan edilib, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 252 № li Sərəncamı ilə iddiaçı qızının üzərində qəyyum təyin edilib İddiaçının qızı Kəmalə Xəlilova xx.xx.2001-ci il tarixdən müddətsiz birinci dərəcə əlilldir. İddiaçı ona yaşa görə sosial müavinətin təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, ”... təqdim edilmiş sənədlərə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik”’ altsistemində olan məlumatlara əsasən X2 18 yaşına çatanadək əlilliyi müəyyən edilmədiyi üçün (ilkin əlilliyi xx.xx.2001 -ci il tarixində müəyyən edilmişdir) əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinətin təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir...”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57 yaşının tamam olduğu xx.xx.2020-ci ildən yaşa görə sosial müavinətin təyin edilməsi və həmin vaxtdan sosial müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, çox ağır maddi vəziyyətdə yaşayır. X1 300 manata yaxın pensiya alır, başqa heç bir gəlir yeri yoxdur. Onun işləməyə heç bir imkanı yoxdur. Belə ki, günün 24 saatı xəstə uşağına baxır. Bir ana kimi uşağının qayğısına qalır. Lakin maddi imkanı heç onun dərmanlarını almağa da çatmır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Maddə 7.0.2. Yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7. Müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qadınların pensiya yaşı 62 yaş müəyyən edilib. Maddə 8.2. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fizikipsixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (22 iyun 2021-ci il tarixli 346-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.2-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri çıxarılmışdır); Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalan”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 saylı Qərarı Bənd 2.2. Bu Qaydanın 2.1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, əmək pensiyasının təyin edilməsi, Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – “DOST” mərkəzi) bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9-cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin (bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: 2.2.1. Qanunun 22-1-ci maddəsinə uyğun olaraq əmək pensi-yası təyin edilən sığortaolunanlar və Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla, əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti); 2.2.2. Qanunun 8.2-ci maddəsinin tətbiqi zamanı bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq:

1. uşaqların doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surəti;

2. uşağın əlilliyinin müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış;

3. ananın əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı.

Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçının qızı Kəmalə Xəlilova xx.xx.2001-ci il tarixdən müddətsiz birinci dərəcə əlilldir. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı 1-ci dərəcə əlil övladı X5 qulluq etdiyinə görə pensiya yaşı 5 il azaldılmaqla ona yaşa görə sosial müavinətin təyin edilməsinə yönəlmişdir. Cavabdehin imtina məktubundan və etiraz ərizəsindən müəyyən edilir ki, cavabdeh iddiaçının uşağının əlilliyinin 18 yaşdan sonra müəyyən edilməsinə istinad edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna və “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalan”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 saylı Qərarının 2.2.2-ci bəndinə əsasən əlilliyi müəyyən edilmiş övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə pensiyasının və müavinətin təyin edilməsi üçün qadının: Əlil övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyətinin başçısının inzibati ərazi dairələri üzrə və ya sahə dairələri üzrə nümayəndələrinin arayışı; 18 yaşınadək əlilliyin müəyyən edilməsinə dair Tibbi Sosial Ekspert Komissiyasının qərarı; Uşağın doğum haqqında şəhadətnaməsinin surəti. Bakı şəhəri Sabunçu rayon icra Hakimiyyəti başçısnm Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-18-5/2-2186/2023 saylı arayışından görünür ki. İddiaçı xx.xx.1982-ci il təvəllüdlü Xəlilova Kəmaləni özü doğmuş, 8 yaşadək özü böyüdüb tərbiyə etmişdir. İşdə olan sənədlərə görə iddiaçının uçağının 18 yaşından yuxarı əlilliyi olan şəxs olması mübahisə doğurmur. Mübahisə onun əlilliyinin məhz 18 yaşına çatanadək müəyyən edilməsi ilə bağlıdır. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(102)-2925/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “... nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir. Əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, güdülən qanuni məqsəd 18 yaşına çatanadək əlilliyin müəyyən edilmiş olmasıdır. Əgər hazırkı işdə olduğu kimi bu hal mötəbər sübutlarla təsdiq olunursa, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış edilməsi iddiaçını həddən artıq yükə məruz qoymaqla, fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı pozur, güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış ediləcəyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. Belə ki, işin hallarından müəyyən olunur ki, Tibbi-Sosial Ekspert Komissiyasında aparılan sonuncu müayinənin nəticəsinə görə iddiaçının diaqnozu anadangəlmə lal-karlıq kimi göstərilmişdir. Bununla da, iddiaçının əlilliyi sonradan qazanılmış xəstəliklər və ya zədələr, eləcə də onlarla əlaqədar çatışmazlıqlar səbəbindən deyil, anadangəlmə xəstəlik və çatışmazlıq səbəbindən yaranmış və bu, 01 fevral 2022-ci il tarixdə çap edilmiş sonuncu müayinə aktı ilə təsdiq edilmişdır. Bununla bağlı qərar 15 noyabr 1984-cü ildə qəbul edilsə də, tibbi-sosial ekspertiza müayinəsinin nəticəsinə görə qüsur anadangəlmə olmuş və məhz bu qüsur əlilliyin müəyyən edilməsinə səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin müddəası və həmin müddəada öz əksini tapmış (maddiləşmiş) ictimai maraq şəxsin 18 yaşına çatanadək əlilliyinin müəyyən olunmasını tələb edir. İddiaçı da təyinat tarixinin 18 yaşından sonra baş verməsinə baxmayaraq əlilliyin anadangəlmə olmaqla 18 yaşadək əldə edildiyini bildirir və bu halın nəzərə alınmasını tələb edir. Beləliklə, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan əlilliyin 18 yaşına çatanadək meydana gəlməsinin müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır. Kollegiya hesab edir ki, əlilliyin əslində anadangəlmə mövcud olmasına və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı. O da nəzərə alınmalıdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Bu mənada, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır” Məhkəmə Ali Məhkəmənin istinad edilən qərarında ifadə edilmiş hüquqi mövqeyini hazırkı işə də tətbiqini mümkün hesab edir. Ali Məhkəmənin qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış ediləcəyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. Qərara görə, əlillik əslində anadangəlmə mövcuddursa və bu hal işdə olan mötəbər sübutlarla təsdiq olunursa, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradır. Hazırkı iş üzrə iddiaçınnı qızının tibbi kartasının çıxarışından görünür ki, X7 1 qrup əlildir. xx.xx.1983-cü il tarixdə 7 aylıq olanda başdan travma, xx.xx.1985-ci il tarixdə ensefalopatiya, intellektin və hərəkətin zəifliyi, qıcolma sindromu ilə, xx.xx.2001-ci il tarixdə ensefalopatiya motorafoziya, epilektik cəngolmaları ilə, kəskin psixomotor oyanıqlıq ilə, intellektin imbisillik dərəcəsində enməsi ilə qısa anamnez qeyd edilmişdir. Tibbi sənədlərdən müəyyən edilir ki, Kəmalə Xəlilovanın diaqnozu iddiotiya, xəstəliyin meyarı – “etiologiyadan asılı olmayaraq kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesillik” kimi qeyd edilmiş, başqasının qulluğuna ehtiyacının olması göstərilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1162/2018 nömrəli qətnaməsindən müəyyən edilir ki, “...iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının 1280 saylı xx.xx.2018-ci il tarixli ci il tarixli rəyindən görünür ki, X3 dərin kəmağıllıq xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar, 8 aylığından aldığı travmadan sonra nevroloji əlamətlərin meydana, çıxması psixi inkişafdan geri qalması, əqli geriliyi ilə əlaqədar İ qrup əlil olması, həmçinin hazırki müayinə zamanı "onda aşkar olunan əlamətlər: zahirən gərgin olması bir yerdə qərar tuta bilməməsi, ünsiyyətə çətinliklə daxil olması, nitq qabiliyyətinin praktiki olaraq inkişaf etməməsi, əhvali-ruhiyyə fonunun dəyişkənliyi, səbəbsiz qorxular keçirməsi, yaddaş və intellekt funksiyalarının son dərəcə zəif olması, daim kənar şəxslərin qulluğuna ehtiyacı olması və sair sübut edir. Odur ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də, X7 fəaliyyət qabiliyyəti olmayan heasb edilməlidir”. Göründüyü kimi iddiaçının qızının xəstəliyinin uşaqlıqdan olması iş materiallarında olan tibbi sənədlərə və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən öz təsdiqini tapır. Ona görə də, cavabdeh orqanın yalnız bu əsasa, yəni iddiaçınını qızının əlillik tarxinin 18 yaşdan sonra olmasına istinad etməsi ilə iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi əsassız olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 57 yaşım tamam olduğu xx.xx.2020-ci ildən yaşa görə sosial müavinətin təyin edilməsi və həmin vaxtdan sosial müavinətin hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar