Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6664/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 3 ünvanında yerləşən 17 saylı mənzilin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsinə dair əsassız imtina etməsini nəzərə alaraq qeyd edilən vəzifənin cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 3 ünvanında yerləşən 17 saylı mənzil iddiaçının mülkiyyətindədir və həmin mənzildə qeydiyyatdadır. Mənzil binanın 1-ci mərtəbəsində yerləşir və 1 otaqdan ibarətdir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün xx.xx.2024-cü il tarixdə Cavabdehə qanunvericiliyin tələbinə uyğun zəruri hesab edilən sənədlər əlavə edilməklə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla mənzilin giriş-çıxışın ümumi istifadə yerində olması digər paylı mülkiyyətçilərin hüquq və maraqlarına toxunduğu əsas gətirilərək yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi imtina edilmişdir. Hesab edir ki, Cavabdehin imtina məktubu formal xarakter daşıyır. Cavabdeh imtina məktubunda imtina üçün əsas göstərilən məqamlar heç biri araşdırılmayıb. Müraciəti qanunvericiliyin tələbinə uyğun, tam əsaslıdır və mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə heç bir maneə yoxdur. Həmin binada 1-ci mərtəbədə yerləşən digər mənzillərin təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilib və hal hazırda qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərirlər.
3. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1254 nömrəli reyestr kitabında xx.xx.2003-cü il tarixli, ÖM seriyalı, 138053 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.
4. ünvan 1 ünvanında yerləşən mənzilə dair texniki pasport iş materiallarına əlavə edilmişdir.
5. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati icraat materiallarının surəti təqdim edilmişdir.
6. İddiaçının müraciətinə cavab olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, təyinatı dəyişdiriləcək mənzildən giriş və çıxışın ümumi istifadə yerinə olması digər paylı mülkiyyətçilərin hüquq və maraqlarına toxunduğundan ərizənizin müsbət həllindən imtina edilir.
7. Nərimanov Rayon Mənzil-Kommunal Təsərüfatı Birliyinin Cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ərazi üzrə 35 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi məlumata əsasən mənzildə əlavə tikinti-quraşdırma işləri aparılmamışdır və mənzil kimi istifadə olunur.
8. İddiaçı tərəfindən cavabdeh quruma təqdim edilmiş ərizəyə qoşma kimi göstərilən sənədlərə əsasən müvafiq müraciətinə mənzilə dair qeydiyyat vəsiqəsinin, texniki pasportun təsdiq olunmuş surəti, eləcə də “Order” əlavə edilmişdir.
9. Məhkəmənin sorğusuna cavab olaraq AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2- 12317/2025 saylı, 02 aprel 2025-cü il tarixli məktubu ilə bildirilmişdir ki, sözügedən mənzilə və qeyd olunan ünvanda yerləşən binaya dair müvafiq sənədlərin təsdiq edilmiş surətini təqdim edirik. Nəzərinizə çatdırırıq ki, Milli Qeydiyyat Sistemində olan məlumatlara əsasən bəhs edilən binanın 1-ci mərtəbəsində yerləşən hər hansı mənzilin sonradan qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zaman iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndələsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
12. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.
13. İddianın növü məcburetmə növündə iddiadır.
14. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.
18. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini əks etdirən maddələrinin tətbiqi zamanı qanunun hərfi təfsirinə yol verilməməli, müvafiq maddələr qanunvericinin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, qanunvericinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır.
19. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1254 nömrəli reyestr kitabında xx.xx.2003-cü il tarixli, ÖM seriyalı, 138053 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir, həmin mənzil iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi iddia edilir və sözügedən əmlaka dair iddiaçı tərəfindən ona xüsusi mülkiyyət hüququ üzrə məxsus mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi üçün mülkiyyət hüququnu təsdiq edən sənəd və texniki pasport təqdim edilmişdir.
20. Məhkəmə hazırkı halda iddiaçının mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsini mümkün hesab etmir. Belə ki, qanunvericilik yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmə üçün həmin sahəyə gediş-gəlişin yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə edilməməsinin mümkünsüzlüyünü, eləcə də belə gediş-gəlişi qurmağa texniki imkan olmamasını istisna edir. Məhkəmə binanın videogörüntüsünə və fotoşəkillərinə baxış keçirərək, eləcə də binanın lahijəsini nəzərdən keçirərək müəyyən edir ki, mənzildən giriş və çıxış ümumi istifadədir, bu halda təyinatının dəyişdirilməsi digər paylı mülkiyyətçilərin hüquq və maraqlarına toxunmasına səbəb ola bilər. Odur ki, cavabdeh imtinasında haqlı olmuşdur.
21. Bununla yanaşı məhkəmənin sorğusuna cavab olaraq AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanında yerləşən binadakı mənzillərə dair müvafiq sənədlərin surətləri təqdim edilmişdir.
22. Həmin sənədlər əsasında müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 3 ünvanında 1-ci mərtəbədə yerləşən mənzillər qeyri-yaşayış sahəsi kimi istifadə olunmamaqla Cavabdehin müvafiq sərəncamları ilə qeyri-yaşayış sahələrinə keçirilməmişdir. Göründüyü kimi iddiaçıya münasibətdə cavabdeh qurum tərəfindən fərqli mövqe ifadə edilməmiş, bərabərlik prinsipi pozulmamışdır.
23. Eyni zamanda məhkəmə araşdırılması zamanı əldə edilən sənədlər əsasında məlum olur ki, həmin mənzildə əlavə tikinti-quraşdırma işləri aparılmamış və hazırda da mənzil kimi istifadə olunur.
24. Beləliklə, iddiaçı ünvan 4 ünvanında yerləşən ona məxsus mənzilin (qeydiyyat vəsiqəsinə əsasən daşınmaz əmlakın növü mənzil müəyyən edilmişdir) qeyri-yaşayış sahəsinə keçirilməsi qanunvericiliyin məqsədlərinə uyğun olmamaqla Mənzil Məcəlləsinin 20.2-ci maddəsinin tələbləri baxımından yol verilən deyil.
25. Odur ki, məhkəmə hesab edir ki, inzibati aktın qəbulundan imtina əsasında iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
26. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
27. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X2 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
28. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva