Məhkəmə qərarları › İş №2-1(112)-6665/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6665/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6665/2023 18.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 60 yaşının tamam olduğu xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət edib. Həmin müraciətinə 23 dekabr 2022-ci il tarixli imtina məktubu ilə cavab verilmişdir. Qeyd olunan imtina məktubu rəsmi qaydada ona poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İmtina məktubunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməməsinin səbəbi kimi onun xx.xx.2009-cu il tarixindən bugünədək “X1” müəssisəsində çalışdığı yüksək gərginlikli elektrik avadanlıqlarının təmiri və istismarı üzrə növbətçi elektrik vəzifəsinin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısf’nm Metalurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalatı bəndində (3.2) elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsinə uyğun gəlməməsi bildirilmişdir. Əsas uyğunsuzluğun onun çalışdığı vəzifədə olan “növbətçi” sözünün olması qeyd edilmişdir. Qeyd olunan imtina aşağıdakı hallara görə əsassızdır. Belə ki, X1” müəssisəsində çalışdığım “yüksək gərginlikli elektrik avadanlıqlarının təmiri və istismarı üzrə növbətçi elektrik vəzifəsi” əmək şəraitinin xüsusi ilə zərərli və ağır olan işlər kateqoriyasına aiddir. Vəzifəmdə “növbətçi” sözünün olması onun zərərli və ağır işlər kateqoriyasına aid olmaması demək deyil. Bu faktı çalışdığım X1” müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və əmək müqaviləsi bildirişi təsdiq edir. Qeyd olunan arayışda “yüksək gərginlikli elektrik avadanlıqlarının təmiri və istismarı üzrə növbətçi elektrik vəzifəsi”nin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli Şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısf’nm Metalurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalatı bəndində (3.2) elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi ilə eynilik təşkil etdiyi qeyd olunmuşdur. Əmək Müqaviləsi bildirişində də hətta çalışdığım peşənin məşğulluq təsnifatı üzrə “elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru” kimi qeyd olunmuşdur. Hər iki sənəd çalışdığım peşənin adında “növbətçi” sözünün olmasına baxmayaraq onun mahiyyət etibariylə NK-nin müvafiq Qərarında qeyd olunan peşə ilə eynilik təşkil etdiyini bir daha sübut edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxanda qeyd olunan normativ hüquqi akta əsasən onun ümumi iş stajı 37 ildən çoxdur. Bu faktları iddia ərizəsinə əlavə etdiyi əmək kitabçası təsdiq edir. Qeyd etmək istəyir ki, ümumi iş stajının 12 il 06 ayını “X1”müəssisəsində “yüksək gərginlikli elektrik avadanlıqlarının təmiri və istismarı üzrə növbətçi elektrik vəzifəsi”ndə çalışıb. Hansı ki, bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’mda nəzərdə tutulmuşdur (3.2-ci bənd). İş yeri "X1”müəssisəsi tərəfindən verilən arayışla bu hal öz təsdiqini tapır. Bundan əlavə, işləməzdən əvvəl 1979-1982-ci il tarixlərində Azərbaycan SSR Bakı Energetika texnikumunda təhsil alıb. Bu faktı təsdiq edən ДТ-1 №772577 saylı diplomu var. Bundan əlavə, 1982-1984-cü illərdə Azərbaycan SSR-də həqiqi hərbi xidmətdə olub. Bu faktı təsdiq edən hərbi bileti var. Qeyd edir ki, xx.xx.1956-cı il tarixində qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət Təminatı haqqında” SSRİ qanununun 1-ci maddəsinin “V” bəndinə görə “ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir.” Həmin Qanunun 109-cu maddəsinin “İ” yarımbəndində qeyd olunur ki, “ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir”. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinanturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət müddəti ümumi iş stajına daxil edilir. Qeyd olunanlara əsasən təhsil və hərbi xidmətdə olduğum müddət iş stajına əlavə olunur. Yuxarıda göstərilənlərə əsasən, təhsil, hərbi xidmət və çalışdığı illəri nəzərə alaraq, hazırkı iş stajı 39 il 6 ay təşkil edir ki, bu müddətin də 12 il 06 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışıb. Odur ki, xx.xx.2022-ci il tarixdən etibarən 60 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya ödənişi məbləğinin ödənilməsi üçün məhkəməyə müraciət edir.

3. Cavabdeh orqanın iddiaçıya təqdim etdiyi imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalatı bəndində (3.2) elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “X1”nin sizə dair 17 noyabr 2022-ci il tarixli X-Y-2061 nömrəli arayışında onun xx.xx.2009-cu il tarixindən bugünədək adıçəkilən müəssisənin Elektriklər xidmətində isti və zərərli iş şəraitində yüksək gərginlikli elektrik avadanlıqlarının təmiri və istismarı üzrə növbətçi elektrik vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi növbətçi elektrik vəzifəsi arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. İş yeri tərəfindən iddiaçıya təqdim edilən araşdırıcı arayışa əsasən, həqiqətən o, xx.xx.2009-cu il tarixdən hal-hazıradək "X1" QSC-nin (bundan əvvəl "X1" MMC-nin) Elektriklər xidmətində isti və zərərli iş şəraitində yüksək gərginlikli elektrik avadanlıqlarının təmiri və istismarı üzrə növbətçi elektrik peşəsində çalışır. Qeyd edilmiş peşə (vəzifə) hazırda "X1" QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda öz əksini tapmışdır. Belə ki, "yüksək gərginlikli elektrik avadanlıqlarının təmiri və istismarı üzrə növbətçi elektrik" peşəsi Siyahının 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.2 Polad və ferroərintilər istehsalatı bəndinin (a) Fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" peşəsi ilə eynilik təşkil edir. Məlumat üçün bildirilir ki, "yüksək gərginlikli elektrik avadanlıqlarının təmiri və istismarı üzrə növbətçi elektrik" peşə (vəzifə) təlimatına uyğun olaraq "X1" QSC-ni davamlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün Cəmiyyətin yüksək gərginlikli elektrik avadanlıqlarının etibarlı və qəzasız işini təmin edir. Belə ki, Cəmiyyətin yüksək gərginlikli (6-110 kV) elektrik avadanlıq və qurğularının işinə nəzarət edir, elektrik avadanlıq və qurğularmmda nasazlıqları aradan qaldırır, elektrik avadanlıq və qurğularının sökülməsi, təmiri, yığılması və qurulması işlərini görür, elektrik güc transformatorlarının sınaqdan keçirilməsi, transformator yağının dielektrik möhkəmliyinin yoxlanılması, yüksək gərginlikli elektrik kabellərinin yoxlanma və sınağının həyata keçirilməsi işlərini görür, yüksək gərginlikli elektrik kabellərində sonluq və birləşdirici muftaların quraşdırılmasını, elektrik paylayıcı qurğuların sxemlərini yığır, təmir edir və quraşdırılmasını həyata keçirir, elektrik avadanlıq və qurğularında baş vermiş qəzalarm nəticələrinin aradan qaldırılması və s. işləri görür.

5. İddiaçı tərəfindən təqdim edilən əmək müqaviləsi bildirişinə əsasən işçinin məşğulluq təsnifatı üzrə peşəsinin adı elektrik avadanlığının təmiri və xidməti üzrə elektron montyoru; Əmək müqaviləsi üzrə: yüksək gərginlikli elektrik avadanlıqlarının təmiri və istismarı üzrə növbətçi elektrikdir.

6. Əmək kitabçasına əsasən iddiaçı 1982-1984-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 1979- 1982-ci illərdə texnikumda təhsil almış, 1984-cü ildən 60 yaşının tamam olduğu tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur.

7. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etiraz imtinanın məzmununa uyğun əsaslandırılmışdır.

8. Məhkəmənin sorğusuna cavab olaraq “X1” QSC tərəfindən bildirilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən hal-hazıradək “X1” QSC-nin (bundan əvvəl “X1” MMC) elektrik xidmətində yüksək gərginlikli elektrik avadanlıqlarının təmiri və istismarı üzrə növbətçi elektrik peşəsində çalışır.

9. İş yeri təfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən yüksək gərginlik avadanlıqların istismarı və təmiri üzrə növbətçi elektrikin əsas vəzifələri aşağıdakı kimidir: -6-110kv elektrik avadanlıq və qurğuların işinə nəzarət edir; -Əməliyyat sxemlərini tərtib edir və həyata keçirir; -Zavodun xarici elektrik təchizatına nəzarət edir. Baş vermiş qəza və hadisələr haqqında sahə rəisinə və Baş Elektrikə məlumat verir; -Zavodun elektrik təchizatında qısa müddətli qeyri-normal rejimi aradan qaldırmaq üçün tədbirlər görür; -Təlimata uyğun olaraq zavodun y/gərginlikli elektrik təchizatının əməliyyat sxemində vaxtaşın qeydlər edir, sxemdə dəyişikliklər aparır, əməliyyat jurnalında qeydlər edir; -Elektrik avadanlıq və qurğularında nasazlıq, çatışmamazlıqlar gözlənilə bilən qəza baş vermə halları haqqında sahə rəisinə vaxtlı-vaxtında məlumat verir; -Baş vermiş bütün dəyişikliklər; görülmüş işlər; qəza açılmaları və s. haqqında, sahə rəisinə, Baş Elektrikə məlumat verir; -Gərginliyi 1000V-dan yuxarı olan müxtəlif tipli elektrik avadanlıq və qurğuların sökülməsi, təmiri yığılması, qurulması; Ölcü transformatorlarının dəqiqlik sinfinin yoxlanması, güc transformatorının tam sınaqdan keçirilmə metodlarını, transformator yağının dielektrik mölkəmliyinin yoxlanması qaydası, 10 kv və yuxarı gərginlikli kabellərin yoxlanma və sınaq qaydalarını bilməlidir. -4 ixtisas qruppu həcmində T.T.Q. bilməlidir. -10 kv və yuxarı gərginlikli kabellərdə sonluğ və birləşdirici muftaların quraşdırılmasını. -110 kv elektrik paylacı qurluğuların sxemlərini yığmağı, təmiri, quraşdırılmasını və sınağını bilməlidir. -110 kv y/st-da xüsusi sərfiyyat, operativ idarə etmə sxemlərini yığmağı, quraşdırmağı bilməlidir.

10. “X1” QSC Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan qabaqcıl poladəritmə müəssisəsidir va müəssisənin istehsalat sahəlarində iş şəraiti ağir va zərərlidir. İstehsalat sahələrində iş şəraiti ağir və zərərli olduğundan iş yerlərində kecirilmiş attestasiyanın nəticələri asasında əmək şəraiti ağır və zərərli olan islərdə çalışan işçilərin, o cümlədən İddiaçı işlədiyi dövrdə tarif (vazifə) maaşlar artımlar (4 faiz) müəyyən edilməklə ödənilmiş və zərərli iş şəraitinə görə ona əlavə (6 gün) məzuniyyət günləri verilmişdir. Cəmiyyətin bəzi istehsalat sahələrinda istehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar olaraq həmin sahələrda növbəli iş rejimi tətbiq edilməkdədir. Növbəli iş vaxtı rejimində işləyən işçilərin iş və istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir və həmin işçilərin iş vaxtının uçotu qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilməklə aparılır.

11. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

11. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

15. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

16. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022ci il tarixədək müraciət etmişdir.

17. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə stajı iddiaçının ümumi stajı 40 ilə yaxındır.

18. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iş yeri tərəfindən verilən arayışda İddiaçı işlədiyi yüksək gərginlikli elektrik avadanlıqlarının təmiri və istismarı üzrə elektrik peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 3.2. Polad və ferroərintilər istehsalatı bəndinin (a) Fəhlələr yarımbəndində “təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” vəzifəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir.

19. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

20. Əmək Məcəlləsindən: Maddə 92. Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısaldılmış müddəti

1. Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri

1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

21. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının işlədiyi müddətdə iş vaxtı əmək şəraiti zərərli və ağır olan işlərə uyğun olmaqla, əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət verilmişdir, iddiaçının tutduğu vəzifənin əmək şəraiti zərərli və ağır olan işlərə uyğun olması əsaslandırılmışdır.

22. Odur ki, İddiaçı xx.xx.2009-cu ildən 60 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək cəmi 12 il 10 ay 14 gün əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur.

23. Məhkəmə qeyd edir ki, cavabeh qurum həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir.

24. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.

25. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

26. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar