Məhkəmə qərarları › İş №2-1(112)-6666/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6666/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6666/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanı 39 T 414090.6175; 4477649.8541 coğrafi koordinatlarda yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış torpaq sahəsinin 0,0137 ha-dan ibarət bir hissəsinə dair X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının (xx.xx.2023-cü il tarixli, **********00-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birliyin neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin, ünvan 1 ünvanı 39 T 414090.6175; 4477649.8541 coğrafi koordinatlarda yerləşən 0,0137 ha-dan ibarət bir hissəsinə dair cavabdeh tərəfindən qanunsuz olaraq vətəndaş X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli, **********00-10301 reyestr və ********** qeydiyyat nömrəli olan çıxarış verilmişdir. Sözügedən torpaq sahəsində vətəndaş X3 tərəfindən tikinti işləri aparılmış və hal-hazırda tikinti işləri davam etdirilir. Həmin torpaq sahəsi 1547 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Göründüyü kimi, məqsədli təyinatı və “Azneft” İB-nin daimi istifadəsində olması nəzərə alınmadan həmin torpaq sahəsi yaşayış sahəsi kimi qanunsuz olaraq vətəndaşın mülkiyyətinə verilmişdir. SOCAR-ın “Azneft” İBnin istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına əsas olmuş ikin hüquqi aktlar barədə (əvvəlki və hazırkı mülkiyyətçilərə dair torpaq sahəsinin ayrılması barədə verilmiş sərəncam, qərar və digər sənədlərin nömrəsi, tarixi və hansı orqan tərəfindən verilməsi) müvafiq məlumatların SOCAR-ın İddiaçınə verilməsini cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən əsassız olaraq xahişləri təmin edilməmişdir. Belə qeyri-müəyyənlik İB-yə pozulmuş hüquqlarının müdafiə olunmasına imkan vermir. Bu da lüzumsuz məhkəmə mübahisələrinə səbəb olur. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı xx.xx.2024-cü il tarixə məhkəmə iclası təyin etmişdir. İddiaçının nümayəndəsi iddianın mümkün hesab edilərək baxılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, qeydin verilməsinə əsas olmuş sənədləri cavabdeh onlara təqdim etmədiyindən belə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbindən göründüyü kimi, iddiaçı fiziki şəxslərin əmlak hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İstinad edilən Plenum qərarlarındakı hüquqi mövqelərdən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Verilmiş iddia tələbində iddiaçı qeydin aparılmasına əsas olmuş inzibati aktı və ya müqaviləni deyil, qeydi mübahisələndirir ki, belə iddiaya baxılması mümkünlük şərtlərini ödəmir. İddiaçının nümayəndəsi verdiyi izahatında cavabdehin qeydin aparılmasına əsas olmuş sənədləri iddiaçıya vermədiyini bildirir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçı hüquqi şəxsdir və vəkillə təmsil olunur. Bu barədə sorğu vermək, düzgün iddia növünü seçmək iddiaçının vəzifəsidir. İPM-in 13.1-ci maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Göründüyü kimi İPM hüquqi yardımla bağlı məhkəmənin borclu olduğu halların dairəsini müəyyən etmişdir. Hazırkı halda məhkəmənin iddiaçıya hüquqi yardımın sərhədləri yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması ilə məhdudlaşır. Məhkəmə isə iddiaçıya izah edir ki, iddiaçı üçün uyğun iddia növü hazırda mübahisələndirdiyi qeydin aparılmasına əsas olmuş sənədin etibarlılığını (əsaslılığını) mübahisələndirməkdir. Əgər qeydin aparılmasına əsas inzibati aktdırsa, iddiaçı həmin aktın ləğv edilməsi və ya bunun üçün əsaslar mövcud olduğu təqdirdə etibarsız hesab edilməsi ilə bağlı inzibati məhkəmədə həmin inzibati aktı mübahisələndirə bilər. Əgər qeydin aparılması əsas, mülki hüquqi əqddirsə, iddiaçı həmin əqdin əsaslılığı (etibarlılığı) ilə bağlı mülki mühakimə icraatı qaydasında müvafiq rayon (şəhər) məhkəməsində iddia qaldıra bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar