Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6669/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı şikayət ərizəsinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı şikayət ərizəsi məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin hərəkətsizliyinə hüquqi qiymət verilməsi, barələrində qanuni ölçü götürülməsi üçün uyğun tədbir görülməsi, "xxxx" MMC-nin qəsdən törətdiyi hadisənin aktaşdırılmasının 18-ci Polis Bölməsindən tələb edilməsini, "xxxx" MMC-nin ona qarşı növbəti qanunsuz hərəkəti barəsində nəhayət qanuni tədbir görülməsini tələb etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC 27.03.21-ci il tarixdə, saat 15:15 radələrində ona məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 34 ünvanlı “B” (118,4 m2) tikiliyə aid həyətyanı torpaq sahəsinin, Ə.Əlizadə küçəsi ilə həmsərhəd olan 4-5 metr hündürlükdə olan, qalınlığı 80 sm-lik enli divarını qəsdən ekskovatorla zərbə endirərək söküb dağılmışdır. Həyətinə, yaşadığı mənzilin (“B”-118,4 m2 – tikilisi) qarşısına aşan divar bir çox əşyalarını sındırıb məhv etmişdir. Dəfələrlə 102 xidmətinə və 18-ci PBnin ******* nömrəsinə zəng edib təkidlə tələb etdikdən sonra, nəhayət, ünvana gələn polis əməkdaşları baş verən hadisəni aktlaşdırmamış, MMC-nin həyətimə icazəsiz soxulan işçilərinə törətdikləri cinayətin izlərini itirməyə şərait yaratmışlar. Həyətinə dağıdılmış divar qalıqları üzərindən keçərək soxulan MMC işçilərinin həyətindən rədd edilməsini, foto və video görüntülər götürməyi, akt tərtib etməyi P.B polislərindən (4 nəfər) dəfələrlə, israrla tələb etsə də, polislər vəzifə borclarını icra etməkdən açıq-aşkar imtina etmiş, MMC fəhlələrinin həyətində var-gəl etmələrinə göz yummuşlar. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı lazımi qaydada məlumatlandırılmışdır. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq karantin rejimi ilə əlaqədar məhkəmə iclaslarında iştirakının mümkünsüz olduğunu bildirmiş, iştirak edə bilməməsini üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 46.1-cı maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. - 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Ərizə məhkəmənin icraatına daxil olduğu zaman ərizənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun tərtib olunmadığı müəyyən edilmiş və ona görə də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən İddiaçı ərizəsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təklif edilmişdir. Lakin iddiaçı tərəfindən qanunauyğun tərtib edilmiş iddia ərizəsi məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 3.2.1-ci maddəsinə əsasən qanunun tətbiq dairəsi cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. - 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun tərtib olunmadığından və bununla da iddianın növünü, həmçinin mübahisənin inzibati məhkəmə icraatına aidiyyatını müəyyən etmək mümkün olmadığından iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş idida müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6669/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6669/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver