Məhkəmə qərarları › İş №2-1(112)-6669/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6669/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6669/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti) “mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti) “mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin, yaşayış sahəsi 30,82 kv.metr olan iki otaqlı 23 saylı mənzilinin İddiaçı adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(002)-2079/2017 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin 23 saylı mənzilinə öz adına kirayə müqaviləsinin bağlanılmasını xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin adıçəkilən qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin 23 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə dair kirayə müqaviləsi bağlanmaqla adına şəxsi hesabın açılması qət edilmişdir. Qanuni qüvvəyə minmiş qeyd edilən məhkəmə qətnaməsi xx.xx.2017-ci il tarixli məktubla icra edilməsi üçün Departamentə göndərilmiş və həmin qurumun xx.xx.2017-ci il tarixli 39 saylı Sərəncamı ilə iddiaçı mənzilin kirayəçisi hesab olunmuşdur. Dövlət Neft Şirkəti tərəfindən inşa edilmiş həmin çoxmənzilli yaşayış binası 2012-ci ildən dövlət mənzil fonduna aid edilməklə (xüsusi təyinatlı mənzil fondu deyil) Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Yaşadığı mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının yaşadığı mənzilin adına özəlləşdirilməsinə dair müraciətinə xx.xx.2023 il tarixli cavab məktubu ilə imtina olunmuşdur. Bununla da, onun mənzilə dair sahiblik və sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. İddiaçının yaşadığı binada eyni sənədlər əsasında qonşularının mənzillərinin özəlləşdirməsinə baxmayaraq, ona münasibətdə idarə tərəfindən ayrıseçkiliyə yol verilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin, yaşayış sahəsi 30,82 kv.metr olan iki otaqlı 23 saylı mənzil 1991-ci ildən etibarən iddiaçının istifadəsində olsada, mənzil münasibətləri xx.xx.2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Belə ki, iddiaçı xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir. Belə olan halda, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin, yaşayış sahəsi 30,82 kv.metr olan iki otaqlı 23 saylı mənzilə iddiaçının mülkiyyət hüquqları yarandığından, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci və 10-cu maddələrinə əsasən onun hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6669/2024 nömrəli qərardadı ilə hazırki iş üzrə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının adına qeyd olunan mənzilə dair təqdim edilmiş sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Belə ki, müvafiq sərəncam Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmişdir və xx.xx.2017-ci il tarixlidir. Həmçinin qeyd olunan mənzilə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır.

6. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinə yazılı münasibət təqdim edərək bildirmişdir ki, Qeyd edilən 23 saylı mənzil, yaşayış sahəsi 30,82 kv.metr olan iki otaqdan ibarətdir. İddiaçı qeydiyyatda olmaqla göstərilən mənzildə yaşayır. Qaradağ Rayon Məhkəməsinin adıçəkilən qətnaməsi ilə X1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin 23 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə dair kirayə müqaviləsi onunla bağlanmaqla adına şəxsi hesabın açılması qət edilmişdir. Qanuni qüvvəyə minmiş qeyd edilən məhkəmə qətnaməsi xx.xx.2017-ci il tarixli məktubla icra edilməsi üçün Departamentə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 ünvanda yerləşən yaşayış binası balansa qəbul edilmişdir. Həmin bina və orada yerləşən iddiaçıya məxsus 23 saylı mənzil xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növünə aid deyildir. Bina balansa qəbul edildikdən sonra (2012-ci ildən başlayaraq) orada yerləşən mənzillərin əksəriyyətinə (95%-dən çox) xüsusi mülkiyyət hüququ ilə sakinlərin adına aidiyyəti təşkilat tərəfindən tam əsaslı olaraq çıxarışlar verilmişdir. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verildikdən sonra, verilmiş kirayə müqavilələri əsasında mənzillərin özəlləşdirilməsi istiqamətdə cavabdeh təşkilat tərəfindən 2001-ci ildən davamlı olaraq mövcud qanunvericiliyə uyğun təqdirəlayiq və məqsədyönlü böyük işlər həyata keçirilmişdir. Bildirilir ki, İddiaçı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin, yaşayış sahəsi 30,82 kv.metr olan iki otaqlı 23 saylı mənzilidə 1990-ci ilin əvvələrindən daimi qeydiyyatda olmaqla yaşayır, mənzilin ümumi təsərrüfatından istifadə etməklə, faktiki olaraq mənzilin kirayəçisi (icarəçisi) funksiyalarını tam formada icra etmişdir. Belə ki, bütün kommunal xərcləri ödəmiş, mənzilə dair istifadə və sahiblik hüquqlarını həyata keçirmiş, mənzildə əsaslı və cari təmir işlərini öz vəsaiti hesabına aparmış, mənzilin qorunub saxlanılmasını tam təmin etmişdir. Qeyd edilən yaşayış binası əvəzsiz olaraq dövlət mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq sərəncamı ilə o, həmin mənzilin daimi kirayəçisi hesab edilmişdir. Göründüyü kimi, həmin binanin bir çox mənzili özəlləşdirilmişdir. Digər mənzillərin isə sakinlərin şəxsi mülkiyyətinə verilməməsi nəticəsində, dövlət mənzil fondunun balansında qalması iqtisadi cəhətdən səmərəsiz olmaqla rentabelli deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavədə dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) tam kommunal təminatlı mənzillər üçün 1 kv.metr yaşayış sahəsinə görə bir ayda 2 qəpik, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün 1 kv.metr yaşayış sahəsi üçün bir ayda 2 qəpik xidmət tarifi müəyyən edilmişdir. Bununla da, balansda olan binalarda yerləşən özəlləşdirilməmiş mənzillərin qorunub saxlanılması böyük vəsait tələb etdyindən, bu istiqamətdə fəaliyyət göstərən balanssaxlayan dövlət qurumlari uzun illər zərərlə işləyir. Yeni Mənzil Məcəllcəsində bu məqsədlərlə tam özəlləşdirilmiş mənzillərin yerləşdiyi çoxmənzilli binaların, sakinlərin öz sərəncamına verməklə balansdan silinməsi əksini tapmışdır ki, bu da dövlət xərclərində yüklülüyün azaldılmasına zəmin yaradır. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı X1 göstərilən mənzildə uzun illər faktiki olaraq yaşadığını və eləcə də daimi kirayəçisi olduğunu nəzərə alaraq, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin, yaşayış sahəsi 30,82 kv.metr olan iki otaqlı 23 saylı mənzilinin onun adına ilkin hüquqi qeydiyyata alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın və texniki pasportun verilməsinə etiraz edilmir.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinə münasibətdə təqdim etdiyi ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir.

9. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə məhkəmə tərəfindən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə şifahi məhkəmə baxışı iclasında işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

10. Məhkəmə sorğusuna əsasən Dövlət Arxivinin Bakı Filialından daxil olmuş 04 mart 2024-cü il tarixli cavabdan görünür ki, Bakı şəhər Əzizbəyov rayon İHB-nın 02 fevral 1994-cü il tarixli 76/16 saylı Sərəncamı ilə 1973-cü ildən X8 Donanması İdarəsində işləyən X5 2 nəfər ailə tərkibi ilə iş yeri üzrə Lökbatan qəsəbəsi, 1595-ci keçid 11 nömrəli evin yaşayış sahəsi 30,82 kv.m olan 2 otaqlı 23 nömrəli mənzil verilməsi barədə ADNDİ-nin müdiriyyəti və həmkarlar təşkilatının birgə yığıncağının qərarı “xx.xx.1993-cü il tarixli 15 nömrəli protokol” təsdiq edilmişdir.

11. 022083 №-li orderin surətindən görünür ki, ünvan 3 ünvanında olan mənzil 2 nəfər ailə tərkibi ilə X5 verilmişdir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyriyaşayış sahələri (Dövlət əmlakın registrindən 2011-ci il 15 dekabr tarixli 3391 nömrəli çıxarış əlavə olunur) Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdi.

13. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2012-ci il tarixli, 029 №-li Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s nömrəli sərəncamına əlavə edilmiş siyahı üzrə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, bu sərəncamın əlavəsinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilmişdir.

14. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 15 mart 2012-ci il tarixli, 19№-li Sərəncamından görünür ki, Departamentin xx.xx.2012-ci il tarixli, 14 saylı sərəncamı ilə yaradılmış Komissiyanın təhvil-təslim aktına uyğun olaraq Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansından qəbul ediləcək yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri 3 saylı Xüsusi Təyinatlı Mənzil - Kommunal Təsərrüfat Birliyinin balansına və xidmət dairəsinə verilmişdir.

15. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2079/2017 nömrəli, 11 aprel 2017ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, X4 ünvan 3-ə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi; İddiaçı ünvan 3-ə istifadə hüququnun tanınması və həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmaqla adına şəxsi hesabın açılması qət edilmişdir.

16. İmtina məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin, 23 saylı mənzilinə dair iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 39 saylı sərəncamı xx.xx.2017-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

17. Bakı ŞİH Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2017-ci il tarixli, 39 №-li Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2079/2017 nömrəli, 11 aprel 2017-ci il tarixli qətnaməsinə əsaslanaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-i keçid, 11 saylı evin, yaşayış sahəsi 30,82 kv.m olan iki otaqlı 23 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır.

18. Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 875 №-li arayışdan görünür ki, ünvan 3 ünvanında yalnız İddiaçı qeydiyyatdadır.

19. 152 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 876 №-li arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır, qeydiyyatdadır. O, həqiqətən 1994-cü ildən xx.xx.2017-ci il tarixədək bu ünvanda qeydiyyatsız yaşayıb. xx.xx.2017-ci ildən isə mənzildə pasport qeydiyyatına alınmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

20. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

21. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

23. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

24. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

26. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. …

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. … Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: … 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; … Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. …

28. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnunu:

2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir.

4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.

29. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993- cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

31. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf öz mövqeyini Bakı ŞİH Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin sərəncamının 01 oktyabr 2009-cu il tarixdən sonrakı vaxtda verilməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Belə ki, yuxarıda istinad olunan məhkəmə qətnaməsindən görünür ki, iddiaçının istifadəsinə verilmiş mənzilə dair iddiaçının 01 oktyabr 2009-cu ilədək mövcud olan hüququna əsaslanaraq kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. Həmin qətnaməyə əsasən, onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam vermişdir. Belə olan halda, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir.

32. Həmçinin qeyd olunmalıdır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına “fərq qoyulması” eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir.

33. Eyni zamanda o da nəzərə alınmalıdır ki, mənzilin balanssaxlayıcısı qismində çıxış edən üçüncü şəxs Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti iddia tələbinə yazılı münasibət təqdim edərək mənzilin iddiaçının adına özəlləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Göründüyü kimi balanssaxlayıcının nümayiş etdirdiyi mövqeyi hazırki iddia tələbinin təmini zamanı nəzərə alır.

34. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

35. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

36. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 4 ünvanında yerləşən 101 saylı mənzilə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

38. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

39. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin, yaşayış sahəsi 30,82 kv.metr olan iki otaqlı 23 saylı mənzilinin İddiaçı adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar