Məhkəmə qərarları › İş №2-1(112)-667/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-667/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-667/2025 11.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 17 oktyabr 2012-ci il tarixli xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyin (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərarın ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq, məhkəmə iclasının qərardadı ilə iddia tələbi “cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçıya verilmiş EUTU 000020 nömrəli diplomun akademik tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Həsənzadə X2 Avropa Tədrisi Universitetində 2009-cu ildən 2015-ci ilə qədər 6 il müddətində stomatologiya ixtisası üzrə bakalavr təhsili almışdır. Təhsil aldığı müddətdə, Gürcüstan səhiyyə sisteminin strukturu haqqında müasir təsəvvürlər; tipik vəziyyətlərə uyğun səhiyyə ilə əlaqədar normalarının tətbiqinin xüsusiyyətləri; vətəndaşların səhiyyə ilə bağlı birliklərinin fəaliyyətinin hüquqi təminatına dair əsas təsəvvürlər; Gürcüstanın səhiyyə sistemi haqqında əsas biliklər əldə etmişdir. O, X6 Universitetini yaxşı qiymətlərlə müvəffəqiyyətlə bitirmişdir. X6 Universitetini yaxşı qiymətlərlə başa vurub, xx.xx.2015-ci il tarixli EUTU N 000020 nömrəli stomatoloq ixtisası üzrə diplom almışdır. Təhsil aldığı illər ərzində təhsil ilə əlaqədar daimi olaraq Gürcüstan dövlətinə getmişdir. Təhsildə Keyfiyyət Təminat Agentliyinin 17 oktyabr 2012-ci il tarixli Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifıkasiyasımn) müəyyən edilməsi barədə Qərarına əsasən, ekspertiza zamanı tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Təhsil aldığı müddət ərzində daimi olaraq Gürcüstana getmiş, orada günlərlə qalmış və dərslərdə iştirak etmiş, X6 Universiteti tərəfindən tədrisini başa vurmasına dair diplom verilmişdirsə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması qeyri-mümkündür. Bu isə nə hüquqi cəhətdən, nə də faktiki olaraq onun diplomun tanınmasından imtina üçün qanuni əsas sayıla bilməz. Gürcüstan dövlətinin səlahiyyətli orqanı tərəfindən 2015-ci il 21 sentyabr tarixdə apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Apostil Direktor qismində fəaliyyət göstərən X3 tərəfindən imzalanmış, X6 Universitetinin möhürü/ştampına malik olmaqla təsdiq edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən bildirişə əsasən, xx.xx.2019-cu il tarixli elektron müraciətin nəticəsi barədə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” elektron xidməti vasitəsilə əlavədə qeyd olunmuş məlumat verilmişdir. Diplomu aldıqdan sonra Azərbaycan Respublikasında hərbi xidmət keçmişdir. xx.xx.2015-ci ildən xx.xx.2016-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatətdə bildirilmişdir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixdə müvafiq xarici kvalifikasiyanın tanınması üçün inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na əsasən inzibati icraat aparılmış və həmin qaydaların 3.7-ci bəndinə əsasən, A78D5ACD0F14722 nömrəli müraciəti üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməyərək xx.xx.2020-ci il tarixdə Qərar qəbul edilmişdir. Qeyd olunan qərar barəsində iddiaçıya məxsus iddiaçının inzibati orqana müraciət etdiyi elektron ünvanına həmçinin iddiaçı tərəfindən qeyd olunmuş +**********65 mobil nömrəyə qəbul edilmiş Qərar barəsində sms məlumat verilmişdir. İddiaçı xx.xx.2020-cu il tarixli Qərardan ən gec xx.xx.2020-ci il tarixədək məhkəmədə iddia tələbi qaldıra bilərdi. Lakin iddiaçı sözügedən iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd olunmuş iddiaçının 2024-cü il tarixdə inzibati orqana yeni sənədərlə yenidən müraciət etməsi halı tərəfimizdən araşdırılmış və iddiaçı tərəfindən ona məxsus elektron kabinetə hər hansı yeni sənəd əlavə olunmadığı aşkarlanmışdır. Bundan əlavə olaraq iddiaçı cavabdeh orqana müraciət edərək daha öncədən xəbərdar olduğu imtina aktı ilə tanış olmaq istəmişdir. Cavabeh orqan xx.xx.2023-cü il tarixində müraciəti cavablandıraraq imtina aktının iddiaçının inzibati orqana müraciət etdiyi elektron ünvanına yerləşdirildiyini bildirmişdir. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-667/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi iddia müddətinin ötürülməsi səbəbindən mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2882/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-667/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilərək inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə iddia müddəti ötürülməmiş və iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Odur ki, məhkəmə iddianın mümkünlüyü məsələsinə münasibət bildirilməsinə zərurət görmür. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2009/2010-cu tədris ili üzrə - 3 ay 12, 2010/2011-ci tədris ili üzrə - 6 ay 4 gün, 2011/2012-cü tədris ili üzrə - 2 ay 1 gün, 2012/2013-cü tədris ili üzrə - 6 ay 13 gün, 2013/2014-ci tədris ili üzrə - 2 ay 9 gün. 2014/2015-ci tədris ili üzrə - 6 ay 5 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən bakalavr təhsili üzrə əsas (baza ali) təhsilalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 300-360 kredit müəyyən olunmuşdur ki, bu da novmativ müddətinin minimum 8 (səkkiz) ay olduğu mənasını ehtiva edir. Belə ki, tədris ilinin müddəti 40 həftədir və hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Qeyd etmək edilir ki, inzibati icraat Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”(bundan sonra-Qaydalar) təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Bildirilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi təhsil müəssisəsinin yerləşdiyi ölkədə olmaqla bağlı nəzərdə tutulan normativ müddətə xüsusi önəm verir. Qaydaların 4.1.4-cü yarımbəndində digər kvalifikasiyalarla bağlı hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması qeyd olunsa da, istisna hal kimi tibb ve səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətin bütünündə (8 ay) təhsil aldığı ölkənin ərazisində olması vurğulanmışdır. Bu istisna Azərbaycan Respublikası Səhiyyə Nazirliyinnin birbaşa tələbi əsasında Qaydalarda öz əksini tapmışdır. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)- 265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)-251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təksil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsil müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndə-vəkili məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixli elektron müraciətinin nəticəsi barədə ona xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” elektron xidməti vasitəsilə əlavədə qeyd olunmuş məlumat verilmişdir. -X7 Universitetinin xx.xx.2015-ci il tarixli, EUTU N 000020 nömrəli bakalavr diplomunun tərcümə və təsdiq olunmuş surətindən görünür ki, Tibb fakültəsinin xx.xx.2015-ci il tarixli, M5-15 №-li qərarı ilə İddiaçı diplomlu stomatoloqun akademik dərəcəsi verilmişdir. -X7 Universiteti tərəfindən verilmiş EUTU №000020 nömrəli diploma əlavənin tərcümə və təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı Universitetin “Stomatologiya” ixtisası üzrə, əyani formada təhsil almışdır. -Tbilisi Beynəlxalq Universitetinin Laqodexi Filialının xx.xx.2009-cu il tarixli, 03 nömrəli arayışında bildirilir ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı 2009-cu ildə Tbilisi Beynəlxalq Universitetinin Stomatologiya ixtiasası üzrə Tibb fakültəsinin birinci kursuna qəbul olmuşdur. Universitetə qəbul olunma əmri № 03, tarixi xx.xx.2009-cu il. Hazırda birinci kursda təhsil alır, bitirmə tarixi 2013-cü il. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil hüququ vardır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan: -13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən). 13.1.4. sərbəst (eksternat). -27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -29. Təhsil sahəsində dövlətin vəzifələri: 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək. -44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: -1.5.5-ci bəndinə əsasən, kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsidir. -1.5.6-cı bəndinə əsasən, kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsidir. -1.5.9-cu bəndinə əsasən, tanınma dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydalardan: -3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə aid kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə aid kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi. -3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. -4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”ndan: -1.6. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. -2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”ndan: -5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. -8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Beləliklə, işin mübahisələndirilməyən hallarına görə, iddiaçı 2009-2015-ci illərdə X7 Universiteti MMC-də “Stomatologiya” ixtisası üzrə, əyani formada (baza ali) tibb təhsili almış və ona Universitet tərəfindən xx.xx.2015-ci il tarixli diplom verilmişdir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərindən göründüyü kimi diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı işdə də əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də, tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri, təhsil alınan ölkədə faktiki olunan müddətləri də özündə ehtiva edir. İş materiallarına əlavə olunan məhkəmənin sorğusuna cavab olaraq AR Dövlət Sərhəd Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təqdim edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı təhsil aldığı ölkənin - Gürcüstan Respublikasının ərazisində 2009/2010-cu tədris ili üzrə - 3 ay 12 gün, 2010/2011-ci tədris ili üzrə - 6 ay 4 gün, 2011/2012-cü tədris ili üzrə - 2 ay 1 gün, 2012/2013-cü tədris ili üzrə - 6 ay 13 gün, 2013/2014-ci tədris ili üzrə - 2 ay 9 gün, 2014/2015-ci tədris ili üzrə isə 6 ay 5 gün müddətində olmuşdur. Yuxarıda istinad olunan normalara əsasən nəzərə almaq lazımdır ki, bakalavr təhsili üzrə əsas (baza ali) təhsilalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 300-360 kredit müəyyən olunmuşdur ki, bu da normativ müddətinin minimum 8 (səkkiz) ay olduğu mənasını ehtiva edir. Belə ki, tədris ilinin müddəti 40 həftədir və hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Hazırkı iş üzrə iddiaçı müvafiq ixtisas üzrə əyani tibb təhsili alsa da, onun hər tədris ili ərzində müvafiq kvalifikasiya uyğun nəzərdə tutulmuş normativ müddətdə (8 ay) təhsil aldığı ölkənin - Gürcüstan Respublikasının ərazisində olması tələbinin ödənilmədiyi müəyyən edilmişdir. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Analoji mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1101/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...məhkəmə təcrübəsində bəzi ixtisaslar üzrə əyani formada təhsil alma zamanı dərslərin bir hissəsində faktiki iştirak etməmə həmin ixtisas üzrə biliklərin xüsusiyyətləri, bəzi ixtisaslar üzrə effektiv təhsildə praktiki bacarıqların rolunun az olması, yaxud texnologiya ilə simulyasiya edilə bilməsi imkanı nəzərə alınmaqla, təhsil sənədinin (diplomun) tanınmasından imtina üçün əsas təşkil etməmişdir. Lakin bu sadalanan hallar tibb təhsili ilə bağlı nəzərə alına bilməz. Belə ki, tibb təhsili xüsusi peşə hazırlığı tələb edən, insan sağlamlığı və həyatı ilə birbaşa əlaqəli olan bir sahədir. Bu səbəbdən, tibb sahəsində əldə edilən təhsilin effektivliyi təkcə onun hansı təhsil müəsisəsi tərəfindən verildiyinə bağlı deyil, həm də həmin təhsilin necə alındığına – yəni tələbənin dərslərdə əyani şəkildə iştirak edib-etmədiyinə sıx şəkildə bağlıdır. Xüsusilə xarici ölkədə tibb təhsili almış bir şəxsin diplomu formal olaraq mövcud olsa da, əgər həmin şəxs faktiki olaraq dərslərin böyük əksəriyyətində iştirak etməyibsə, bu halda həmin sənədin praktik və elmi dəyəri ciddi şəkildə şübhə altına alınmalıdır. Tibb elə bir sahədir ki, burada nəzəri biliklərlə yanaşı, praktik bacarıqların da mükəmməl şəkildə formalaşması əsas şərtdir. Əyani təhsildə natamam iştirak edən tələbənin isə bu bacarıqları əldə etmək imkanı olmur. Əyani təhsil tibb sahəsində bir sıra mühüm imkanlar təmin edir, məsələn, simulyasiya və klinik təcrübələr vasitəsilə bacarıqların inkişafı, xəstə ilə birbaşa ünsiyyət və diaqnostik qərarvermə təcrübəsi, müəllim və təcrübəli həkimlərlə birbaşa əməkdaşlıq və mentorluq, klinik rotasiyalarla real xəstəxana mühitində təcrübə qazanmaq və s. Bu imkanlardan məhrum olan tələbə yalnız nəzəriyyə ilə kifayətlənmiş olur. Halbuki, tibb sahəsində nəzəri biliklərin praktiki tətbiqi olmadan peşəkar fəaliyyət göstərmək həm xəstənin sağlamlığına, həm də ümumilikdə səhiyyə sisteminin etibarına zərbə vurur. Nəticə etibarilə, faktiki olaraq tədrisdə iştirak etməmiş və ya natamam iştirak etmiş şəxsin diplomu, formal olaraq mövcud olsa belə, tibbi peşəkarlıq baxımından etibarlı hesab edilə bilməz. Bu səbəbdən, belə diplomların tanınması məsələsində təhsil prosesində iştirakın real olub-olmamasını müəyyən etmək ictimai maraqlara xidmət edir. Nəzərə alınmalıdır ki, həkim olmaq yalnız bir diplomla deyil, həm də uzunmüddətli əyani təhsil, təcrübə və insani məsuliyyət hissi ilə qazanılan bir peşədir. Buna görə də tibb təhsilinin əyani şəkildə və məsuliyyətlə keçirilməsi cəmiyyətin sağlamlığı və gələcəyi baxımından əvəzsiz dəyərə malikdir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2762/2023 nömrəli, xx.xx.2023 tarixli, 2-(102)-959/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2-(102)- 2946/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarlarında da oxşar hüquqi mövqedən çıxış edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilməməli, iddia əsassız olduğundan təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar