Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6671/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı ərizə təqdim edərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, 2017-ci il tarixdən dəfələrlə cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi ucbatından məhkəmə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, ünvanlı dövlət sosial yardımın düzgün hesablanmaması ilə bağlı əsaslı müraciətimi cavabdeh təmin etmədiyindən məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 06.03.2020-ci il tarixli qərarı ilə idda qanuni və əsaslı hesab edilərək təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməmiş, qərar qüvvədə saxlanılmışdır. Nəticədə 538,08 manat birdəfəlik ödəniş əldə edilmişdir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri ucbatından uzunmüddətli məhkəmə çəkişmələrinə məruz qalınmışdır. Bununla bağlı maddi zərər və mənəvi zərər ödənilməlidir. Cavabdeh məhkəməyə iddiaya münasibət ərizəsi təqdim edərək iddianın mahiyyətcə əsassız olması ilə yanaşı mümkünlük şərtlərinə də cavab vermədiyini bildirmiş, cavabdehin hazırkı tələblə bağlı imtinasının olmadığını, kompensasiya tələbi ilə bağlı iddiaçının müraciətinin daxil olmadığını qeyd etmişdir. Eyni zamanda məhkəmə qərarından şikayət vermək hüququna malik olduqlarının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclaslarının isə uzun vaxt çəkməsi cavabdehin təqsiri ucbatından olmamış, ərazi aidiyyəti, iddianın düzgün qaldırılmaması və digər səbəblərlə əlaqədar olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hər nə qədər cavabdehə ünvanladığı ərizənin yuxarı hissəsində Dövlət Sosial Müdafiə Fondunun adını qeyd etsə də, müraciəti düzgün olaraq hazırkı iş üzrə cavabdeh olan Nazirliyə təqdim etmiş və həmin ərizə Nazirliyin Vətəndaş müraciətləri ilə iş şöbəsinin sektor müdiri tərəfindən 09.03.2021-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi müraciət əsl cavabdeh Nazirliyə qarşı edilmişdir ki, iddia tələbində nəzərdə tutulan tələblə bağlı əvvəlcə cavabdehə qanunla nəzərdə tutulmuş qaydada müraciət edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2- ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Plenum Qərarına əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddia ərizəsindən göründüyü kimi iddiaçı uzunmüddətli məhkəmə çəkişmələrini nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu qeyd edir. Məhkəmə isə hesab edir ki, iddiaçının müraciətinin cavabdeh tərəfindən təmin edilməməsi, iş üzrə iddiaçının xeyrinə çıxarılmış məhkəmə qərarının mövcudluğu və həmin qərardan cavabdehin apellyasiya şikayəti verməsi və nəticədə iş üzrə məhkəmə mübahisənin iddiaçının xeyrinə yekunlaşması iddiaçıya maddi və mənəvi zərər dəyməsini hər bir halda sübutu kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər, o cümlədən mənəvi sarsıntı və iztirab keçirməsi öz təsdiqini tapmır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6671/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6671/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver