Məhkəmə qərarları › İş №2-1(112)-6672/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6672/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6672/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Ağsultan oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Ağsultan oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli prospekti 4/6 saylı binanın yaxınlığında yerləşən qeyriyaşayış obyektinə mövcud vəziyyətdə mülkiyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2013-cü il tarixli, 457 nömrəli sərəncamından çıxarışına əsasən Ə.Rəcəbli prospekti 4/6 nömrəli binanın yaxınlığında yerləşən qeyriyaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə onun adına sənədləşdirilməsinə icazə verilmişdir. Həmin Sərəncamın təsviri hissəsində ərizəyə əlavə olunmuş 20 saylı MKİS-in 2.08.2013-cü il tarixli, 20/1712 nömrəli arayışı və tərtib etdiyi plan-sxemə əsasən Ə.Rəcəbli prospekti 4/6 saylı binanın yaxınlığında yerləşən qeyriyaşayış sahəsinin ona məxsus olması və uzun müddət onun istifadəsində olması qeyd edilmişdir. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 27.08.2015-ci il tarixli tikinti- quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktına əsasən, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 4/6 saylı həyətində yerləşən X1 məxsus qeyri-yaşayış sahəsinin tikinti və sanitar normalara cavab verdiyini nəzərə alaraq, həmin tikilinin fəaliyyət göstərməsi üçün Komissiya tərəfindən istismara yararlı hesab edilmişdir. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Ə.Rəcəbli prospekti 4/6 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəsi təsdiq edilmişdir. O qeyri-yaşayış sahəsinə aid sənədlərini toplayıb ona mövcud vəziyyətinə uyğun çıxarış və texniki pasportun verilməsi ilə bağlı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də heç bir rəsmi cavab verilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus qeyri-yaşayış sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd edilən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilən layihədə qeyri-yaşayış binasının zirzəmi və 1-ci mərtəbəli tikilidən ibarət olduğu qeyd edilsə də, tikinti obyektinin istismara qəbul aktında qeyd edilən tikilinin yalnız 1 mərtəbəli olduğu qeyd edilmişdir. Həmçinin, qeyri-yaşayış binasının istismarina icazə sənədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli, 302 nömrəli qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin 17.11. 2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməlidir. Bununla yanaşı, təqdim edilən qeyri-yaşayış binasının layihəsi isə Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmamışdır. Bu barədə vətəndaşa **********72 saylı, 29.06.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Eyni zamanda cavabdeh tərəfindən bir sıra hüquq normalarına istinad edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. İddiaçıya şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iş üzrə kifayət qədər araşdırmanın aparıldığı üçün işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbil edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - Başı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 27.09.2013-cü il tarixli, 457 nömrəli sərəncamdan görünür ki, Ə.Rəcəbli prospekti 4/6 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə İddiaçı Ağsultan oğlunun adına sənədləşdirilməsinə icazə verilmişdir. - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tikintiquraşdırma işləri başa çatmış obyektinin istismara qəbul edilməsi haqda qəbul komissiyasının 27.08.2015-ci il tarixli aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 4/6 saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinin tikinti və sanitar normalara cavab verdiyi nəzərə alınaraq həmin tikilinin fəaliyyət göstərməsi üçün komissiya tərəfindən istismara yararlı hesab edilmişdir. - Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 4/6 saylı binanın həyətində yerləşən qeyri-yaşayış obyektinin eskiz layihəsi Nərimanov rayon İcra Hakimiyyətinin memarı İ.A.İsrafilov tərəfindən təsdiq edilmişdir. İddiaçı Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamına, qeyri-yaşayış obyektinin eskiz layihəsinə və Nərimanov Rayon İcra hakimiyyəti tərəfindən verilmiş tikintiquraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktına istinad edərək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli prospekti 4/6 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış obyektinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, bu barədə dövlıət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hüquqmüəyyənedici sənədlərin tam təqdim edilmədiyinə, tikiliyə icazənin olmamasına, təqdim edilən layihədə qeyri-yaşayış binasının zirzəmi və 1-ci mərtəbəli tikilidən ibarət olduğu qeyd edilsədə, tikinti obyektinin istismara qəbul aktında qeyd edilən tikilinin yalnız 1 mərtəbəli olduğunun qeyd edilməsinə və qeyri-yaşayış binasının layihəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmadığına istinad edərək tələbin təmin olunmasına etiraz etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanları və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Həmin Məcəllənin 101.4-cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Qanunvericilik normalarından aydın olduğu kimi qeyri-yaşayış binasının istismarına icazə sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması” və Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli, qeyri-yaşayış binasının layihəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmalı, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İşin məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, müvafiq qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd) həmçinin tikiliyə icazə verilməsi barədə qərar iş materiallarında mövcud deyildir və eyni zamanda hazırkı mərhələdə də iddiaçı tərəfindən bununla bağlı sənəd və sübutlar təqdim edilməmiş, qeyri-yaşayış binasının layihəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş istismara qəbul aktını cavabdeh inzibati orqana, işin məhkəmə icraatı zamanı isə məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, sözügedən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. İddiaçı tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X2 cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 134 saylı evin birinci mərtəbəsində yerləşən 57 saylı yaşayış sahəsi olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam vermək vəzifəsinin cavabdeh Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə, QƏRARA ALDİ : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar