Məhkəmə qərarları › İş №2-1(112)-6672/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6672/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6672/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Şəmsəddin oğlunun iştirakı ilə, İddiaçı Şəmsəddin oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınaraq şəhadətnamənin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Şəmsəddin oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “FORD TRANSİT" markalı, xx.xx.2006-cı il buraxılışlı, ağ rəngli, WFOXXXTTFX6P49780 ban nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsinin silinmiş-nömrəsiz kimi qeydə alınmasının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbinin "FORD TRANSİT" markalı, xx.xx.2006-cı il buraxılışlı, ağ rəngli, WFOXXXTTFX6P49780 ban nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsinin silinmiş-nömrəsiz kimi qeydə alınmasının, sənədləşdirilərək qeydiyyat şəhadətnaməsinin verilməsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 öhdəsinə qoyulması” nəzərə alınmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən Gürcüstan ərazisindən keçirilməklə “FORD TRANSİT" markalı, xx.xx.2006-cı il buraxılışlı, ağ rəngli, WFOXXXTTFX6P49780 ban nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasına idxal edilmişdir. xx.xx.2023-cü il tarixdə gömrük bəyannaməsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə texniki eyniləşdirmə şəhadətnaməsi verilmişdir. Qeyd olunmalıdır ki, nəqliyyat vasitəsinin sənədləşdirilməsi ilə bağlı baxış keçirilərkən məlum olmuşdur ki, mühərrik nömrəsi olan hissə çürüyərək oxunulmaz vəziyyətə düşmüşdür. Nəqliyyat vasitəsi uzun müddət ölkə hüdudlarından kənarda istismarda olduğu üçün hava şəraitinin göstərdiyi təsiq nəticəsində mühərrik nömrəsi oxunulmaz hala düşmüşdür və avtomobil həmin vəziyyətdə Azərbaycan Respublikasına daxil olmuşdur. İddiaçı bununla bağlı olaraq AR DİN Baş X10 İdarəsinə ərizə ilə müraciət edərək avtomobilin mühərrik nömrəsinin silinmiş-nömrəsiz halda yeni qeydiyyat şəhadətnaməsində qeyd edilməsini xahiş etmişdir. DİN Baş X10 İdarəsinin Avto nəqliyyat vasitələrinin axtarış şöbəsinin baş inspektoru tərəfindən xx.xx.2023-cü il tarixdə rəy verilmişdir və “FORD TRANSİT" markalı, xx.xx.2006-cı il buraxılışlı, ağ rəngli, WFOXXXTTFX6P49780 ban nömrəli avtomobilin oğurlanmış və qaçırılmış nəqliyyat vasitələri siyahısında olmamasının müəyyən edilməsi, “FORD TRANSİT" markalı, xx.xx.2006-cı il buraxılışlı, ağ rəngli, WFOXXXTTFX6P49780 ban nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsinin silinmiş-nömrəsiz kimi qeydə alınmasının məqsədəmüvafiq hesab edilməsi göstərilmişdir. İddiaçı bu rəyə əsasən “FORD TRANSİT" markalı, xx.xx.2006-cı il buraxılışlı, ağ rəngli, WFOXXXTTFX6P49780 ban nömrəli nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi barədə Baş X10nə müraciət etmiş , lakin tədbir görülməmişdir, xx.xx.2023-cü il tarixli cavabda nəqliyyat vasitəsinə dair DİN Baş X10 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılmasının yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola ola bilməsi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası tamamilə əsassızdır, nəqliyyat vasitəsi olduğu vəziyyətə Azərbaycan Respublikasına daxil olmuşdur, müəyyən prosedurlardan keçmişdir və artıq iddiaçının mülkiyyəti hesab olunur.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, qeyd edilən "FORD TRANSİT" markalı WFOXXXTTFX6P49780 ban nömrəli nəqliyyat vəsitəsinə aid sənədlərin itməsi və mühərrik nömrəsinin oxunulmaz vəziyyətdə olması səbəbindən müraciətin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X10 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi AVAŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Rəydə qeyd olunmuşdur ki, araşdırma zamanı avtomobilə baxış keçirilmiş, «FORD TRANSİT» markalı WF0XXXTTFX6P49780 ban nömrəli avtomobilin mühərrikinin silinmiş-nömrəsiz olması, uçot göstəricilərinin isə BDYPİ-nin X3 Sistemi üzrə oğurlanmış və qaçırılmış nəqliyyat vasitələri siyahısında olmaması müəyyən edilmişdir. «FORD TRANSİT» markalı WF0XXXTTFX6P49780 ban nömrəli, 2006-cı il buraxılışlı ağ rəngli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsinin silinmişnömrəsiz kimi qeydə alınması məqsədəmüvafiq hesab edilmişdir.

6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.69962.23 nömrəli X2 əsasən: Sifarişçi: İddiaçı İstehsalçı: Ford Werken AG, Almaniya İnspeksiya xidməti orqanı: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanı Bakı şəhəri Lökbatan qəs, Xocasən yolu 57, Akkreditasiya attestatı № AZ 05.0722.01.22 xx.xx.2025 Avtonəqliyyat vasitəsi Kateqoriya N1-8704, Dizel mühərikli, 2198 sm3, zavod buraxılış tarixi xx.xx.2006 olan VİN:WF0XXXTTFX6P49780, FORD TRANSİT/TOURNEO AZS ***- **** Ekoloji sinif 4 normativ sənədlərin tələbinə uyğundur. Aparılmış sınağın və ölçmələrin nəticələri: Sınaq protokolu No 266407 xx.xx.2023 Təsdiq olunmuş sənədlər: Hesab-faktura, Xarici sertifikat, Şəxsiyyət vəsiqəsi Şəhadətnamənin qüvvədə olma müddəti: Müddətsiz

7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, məktubda qeyd edilmiş nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin aparılması bu sahə üzrə ixtisaslaşdırılmış gömrük orqanı olan Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin səlahiyyətindədir.

8. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlər məhkəməyə təqdim edilmişdir.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpol-un Milli Mərkəzi Bürosu tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən avtomobilin beynəlxalq axtarışda olması barədə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur.

10. Şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

17. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

18. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X4 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

19. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

20. Azərbaycan Repsublikası Konstitusiyasından: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsindən: Maddə 181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 181.3. Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

22. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Yol hərəkəti sahəsində dövlət vəzifələri Yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: 21) nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.

23. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.69962.23 nömrəli X1 və iş materiallarına əlavə olunmuş gömrük bəyannaməsindən görünür ki, «FORD TRANSİT» markalı WF0XXXTTFX6P49780 ban nömrəli, 2006-cı il buraxılışlı, ağ rəngli nəqliyyat vasitəsi İddiaçı Şəmsəddin oğlu tərəfindən Azərbaycan Respublikasına idxal olunmuşdur, sifarişçi kimi İddiaçı Şəmsəddin oğlu qeyd edilmişdir.

24. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpol-un Milli Mərkəzi Bürosu tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda sözügedən avtomobilin beynəlxalq axtarışda olması barədə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat olmadığı bildirilmişdir.

25. Məhkəmə eyni zamanda nəzərə alır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi AVAŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Rəyə əsasən iddia tələbinin predmeti olan «FORD TRANSİT» markalı WF0XXXTTFX6P49780 ban nömrəli avtomobilin mühərrikinin silinmiş-nömrəsiz olması, uçot göstəricilərinin isə BDYPİ-nin X3 Sistemi üzrə oğurlanmış və qaçırılmış nəqliyyat vasitələri siyahısında olmaması müəyyən edilmişdir. «FORD TRANSİT» markalı WF0XXXTTFX6P49780 ban nömrəli, 2006-cı il buraxılışlı, ağ rəngli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsinin silinmiş-nömrəsiz kimi qeydə alınması məqsədəmüvafiq hesab edilmişdir.

26. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən nəqliyyat vasitəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

27. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. “FORD TRANSİT” markalı, WF0XXXTTFX6P49780 ban nömrəli, 2006-cı il buraxılışlı, ağ rəngli nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun İddiaçı Şəmsəddin oğlunun adına qeydiyyata alınaraq dövlət qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar