Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6673/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 Bakı Şəhər Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Sabunçu Rayonu Akif Qambayzadə adına 148 nömrəli dövlət ümumtəhsil məktəbi) qarşı “elektron informasiya sistemində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh X1 Bakı Şəhər Ərazi İdarəsinə qarşı “elektron informasiya sistemində düzəliş edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ilin oktyabr ayından 148 nömrəli orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyət göstərir. Həmin dövrdən işləmə sənədlərlə öz təsdini tapsa da, cavabdehin elektron sistemində əmək müqaviləsinə dair çıxarışda əmək müqaviləsinin bağlanıldığı tarix 16 oktyabr 2004-cü il yox, 16 oktyabr 2014-cü il tarix kimi göstərilmişdir. İddiaçı həmin səhvin aradan qaldırılmasının cavabdehə həvalə edilməsini xahiş edir. Cavabdehin etirazı: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinə dəyişiklik edilməsi Xidmətin səlahiyyəti hesab edilmir. Əmək müqaviləsində dəyişikliklə əlaqədar işəgötürənə müraciət edilməlidir. İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mahiyyəti inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə, iddianın məhz mümkün sayılmaması, iddianın mahiyyəti üzrə qiymətləndirilməli olması qənaətinə gələrkən nəzərə alınmasını zəruri hesab edir ki, hazırkı halda necə ki, qeydiyyatdan çıxarma işlərində rayon məhkəməsinin qətnaməsinin olub-olmamasına münasibətdə cavabdehin hərəkətlərinin qanuniliyinə qiymət verir, hazırkı halda da məhkəmə fərdi əmək mübahisəsi ilə əlaqədar məhkəmə qətnaməsinin olmadığı halda cavabdehin hərəkətlərinin məhz mahiyyəti üzrə qiymətləndirilməsi qənaətindədir. Qeyd olunmalıdır ki, cavabdehin hər hansı hərəkət və hərəkətsizliyinin, inzibati akt qəbul etmək, qəbul etməmək və ya qəbul edilmiş inzibati aktın ləğv və ya dəyişiklik edilməsi səlahiyyətinin mahiyyəti üzrə yoxlanılması zamanı digər icraat çərçivəsində qiymətləndirilməli olan hər hansı halda asılığı olduğu halda, həmin halın olmadığı halda göstərilən hallar üzrə qiymətləndirmə məhkəmə hesab edir ki, məhz inzibati məhkəmə tərəfindən aparılmalıdır. Belə ki, cavabdehin inzibati icraat apardığı aşkardır və həmin inzibati icraatın düz aparılıb-aparılmaması iddianın mümkün sayılmaması barədə qərardadla yox, məhz cavabdehin düzgün inzibati icraatı aparıb-aparmamasının məhkəmə qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Göstərilən səbəbdən də hüquqi maraqla bağlı iddianın mümkün sayılmamasının həyata keçirilməsi mümkün deyildir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 148 saylı orta məktəbin arayışından görünür ki, iddiaçı 16 oktyabr 2004-cü il tarixdən həmin məktəbdə müəllim kimi fəaliyyət göstərir Əmək kitabçasından görünür ki, iddiaçı 16 oktyabr 2004-cü il tarixdən həmin məktəbdə müəllim kimi fəaliyyət göstərir. Əmrdən çıxarışdan görünür ki, iddiaçı 15 oktyabr 2004-cü il tarixli əmrlə 16 oktyabr 2004-cü il tarixdən 148 nömrəli orta məktəbdə müəllim kimi fəaliyyət göstərir. Əmək müqaviləsində qeyd edilmişdir ki, iddiaçı ilə əmək müqaviləsi 16 oktyabr 2014-cü il tarixdə bağlanılmışdır. Əmək müqaviləsi 27 noyabr 2024-cü il tarixdə bağlanılmışdır, 16 oktyabr 2014-cü il tarixindən həmin tarixədək müqavilə imzalanmadıqda isə imzalandığı gündən işə işçi başlayır. Elektron sistemdən çıxarışdan görünür ki, 16 oktyabr 2014-cü il tarixdən müqavilə qüvvədədir, həmin tarixdən müqavilə bağlanılmışdır. İş yerinə dair arayışndan görünür ki, əmək müqaviləsinin bağlanıldığı tarix 16 oktyabr 2004-cü il tarixidir. İşəgötürən Bakı şəhəri üzrə Təhsil İdarəsidir. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, əmək müqaviləsinə dəyişiklik edilməsi və onun ləğv edilməsi Xidmətin vəzifəsi hesab edilmir. Əmək Məcəlləsinin tələbinə əsasən elektron informasiya sistemində əmək müqaviləsi ilə bağlı daxil edilən məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin vəzifəsidir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Əmək Məcəlləsinin: Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: k) elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək; Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti haqqında Əsasnamə”niN: 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) amal olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 3.1. Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.1. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaları”nın: 2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. 3.5. İşəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. 5.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə uyğun olaraq tərəflərin razılığı ilə əmək müqaviləsində dəyişiklik edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə məlumatların ilkin və ya əvvəlki dəyişiklikdən sonra sonuncu redaksiyası avtomatik rejimdə göstərilir və dəyişikliklər edilən məlumatlar əvvəlki məlumatların əvəzinə bildirişə daxil edilir. 5.3. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı müəyyən məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 3 və 4 nömrəli əlavələrində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1(bir) iş günündən gec olmayaraq, işəgötürənə sistem vasitəsilə bu Qaydaların 7 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının 16 oktyabr 2004-cü il tarixdən 148 nömrəli orta məktəbdə əmək fəaliyyətinə müəllim kimi başlamasına istinadən elektron informasiya sistemində də həmin müqavilənin bağlanılma tarixinin 16 oktyabr 2004-cü il tarix kimi qeyd edilməsi ilə əlaqədardır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 16 oktyabr 2004cü il tarixdən əmək fəaliyyətini başlmamasının müəyyən edilməsi ilə, həmin halları müəyyən edərək elektron informasiya sisteminə cavabdehin daxil etməsinin fərqləndirilməsi mütləqdir. Nəzərə alınmalıdır ki, iş materiallarında olan əmək kitabçasında, əmrdən çıxarışda, 148 nömrəli məktəbin verdiyi arayışda iddiaçının 16 oktyabr 2004-cü il tarixdən əmək fəaliyyətinə başlaması barədə məlumat mövcud olsa da, işin faktiki hallarından da aydın olur ki, iddiaçı işəgötürənə aid vəzifələrin icrasını cavabdeh orqandan tələb etmişdir. Yuxarıda göstərilən normativ hüquqi aktların tələbindən isə görünür ki, əmək müqaviləsində dəyişikliklər edilməsi və buna dair məlumatların elektron informasiya sisteminə ötürülməsi səlahiyyəti məhz işəgötürənə məxsusdur. İddiaçı və işəgötürən arasında bağlanılmış əmək müqaviləsindən isə görünür ki, 16 oktyabr 2014-cü il tarixdən işçinin əmək fəaliyyətinə cəlb edildiyini göstərilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı işəgötürənə digər sənədlərlə onun əmək fəaliyyətinin 16 oktyabr 2004-cü il tarixdən başladığı halda müqavilədə hansı səbəbdən 16 oktyabr 2014cü il tarixin qeyd edilməsini, əmək müqaviləsində bununla bağlı dəyişikliyin edilməsini tələb etmək, işəgötürən buna əhəmiyyət vermədikdə isə, bununla bağlı ümumi yurisdiksiyalı məhkəmədə iddia irəli sürmək hüququna malikdir. Lakin, hazırkı halda cavabdehdən göstərilən halların özü tərəfindən müəyyən edilməsini və təqdim edilən digər sənədlərə istinadən əmək müqaviləsində başqa tarix göstərildiyi halda elektron sistemdə düzəliş edilməsinə dair müraciət etməkdə iddianın qanuni və əsaslılığından söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin elektron informasiya sistemi ilə əlaqədar səlahiyyətlərin çərçivəsi müstəsnalıq daşımamaqdadır və nə qədər ki, əmək müqaviləsində təqdim edilən məlumat tarixlə bağlı fərqlidir, onu öz təşəbbüsü ilə digər sənədlərə istinadla düzəltməsi fərdi əmək mübahisəsinə aid məsələnin mənimslənilməsi kimi qiymətləndirilə bilər. Halbuki, göstərilən sənədlərlə əmək müqaviləsində göstərilən məlumatlar arasında ziddiyyətin mövcud olub-olmamasını yoxlamaq səlahiyyətində olan orqan məhkəmədir. Lakin, nəzərə alına bilər ki, cavabdeh həmin məlumatların təqdim edilməsində səlahiyyətli olan işəgötürənin digər inzibati xəta sferasında səlahiyyətlərini icra etməməsinə dair müvafiq səlahiyyətə malikdir və bununla bağlı da müvafiq tədbirlər görə bilər, lakin inzibati xəta çərçivəsində cavabdehin səlahiyyətlərinin dairəsi ilə inzibati icraat çərçivəsində səlahiyyətlərin məcmusu fərqlidir. Hazırkı halda inzibati icraat çərçivəsində elektron informasiya sistemində iddiaçının göstərdiyi məlumatların texniki səhv kimi düzəldilməsinə yönələn tədbirlər cavabdehin səlahiyyətinə aid deyildir ki, göstərilən səbəbdən məhkəmə hesab edir ki, nə qədər ki əmək müqaviləsində müvafiq dəyişiklik edilməyib həmin elektron sistemdə hər hansı məlumatda dəyişiklik edilməsinə dair cavabdehə hər hansı vəzifənin həvalə edilməsi istisna edilməlidir. Bununla yanaşı isə, məhkəmə iddiaçıya ümumi yurisdiksiyalı rayon məhkəməsinə müraciət etmək hüququnu izah edir. Eləcə də, cavabdehin aidiyyəti qurumunun əmək müqaviləsində iddiaçının göstərdiyi formada dəyişikliyin edilməməsinə münasibətdə işəgötürənin səlahiyyətli əməkdaşlarının hərəkətlərində inzibati xəta çərçivəsində hər hansı məsuliyyət tədbirnin görülməsi zərurəti varsa, bununla bağlı aidiyyəti tədbirlərin görülməli olması vəzifəsini də diqqətə çatdırır. Belə ki, işəgötürənin həmin səlahiyyətlərini icra etmədiyi halda, hazırkı inzibati mübahisənin yaranmasına dəlalət edən hərəkətlərinin olması, məhkəmənin iş yükünə təsir edən hallara səbəbiyyət verməsi halı istisna edilmir. Odur ki, həmin halla bağlı aidiyyəti tədbirlərin görülməli olub-olmamasının müəyyən edilməsi mütləqdir. Qeyd olunananları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov