Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6676/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, 0627/ş nömrəli Əmrin ləğv edilməsi və işə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Nazirliyinin strukturuna daxil olan Xüsusi Riskli Xilasetmə Xidmətində “gizir” rütbəsində olmaqla işə qəbul olunmuş və orada işlədiyi dövrdə ona göstərilən etimadı həmişə doğrultmuşdur. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Xüsusi Riskli Xilasetmə Xidmətində işlədiyi vaxt “Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiyimə görə” Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı tərəfindən 2021-ci il tarixli “Fəxri Fərman”la və xx.xx.2021-ci il tarixli, 1209/ş nömrəli “Əmri”nə əsasən “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi”nin “Xilasedici 3-cü X3” medalı ilə təltif olunmuşdur. Qeyd olunanlara baxmayaraq “27” dekabr 2021-ci il tarixdə iddiaçı təltif edildikdən sonra komandir onu otağına çağıraraq “Ərizə” yazmağını tələb etdi. İddiaçı çarəsiz qalaraq tələb olunan qanunsuz “Ərizə”ni yazdı. Daha sonra “04” fevral 2022-ci il tarixdə ona Hərbi Komissarlıqdan zəng olundu və bildirildi ki, "gəlin hərbi biletinizi götürün.” Həmin tarixdə Hərbi Komissarlığa getdi və “11” iyul 2012- ci il tarixli, ******* nömrəli “Hərbi biletini” götürdükdə onu xx.xx.2021-ci il tarixli, 0627/ş nömrəli “Əmr”lə işdən çıxarıldığı və işdən çıxarılmağının səbəbi kimi isə “Hərbi bileti”ndə yazılan “xidməti uyğunsuzluğun” olması ona məlum oldu. Halbuki, xx.xx.2021-ci il tarixli, 0627/ş nömrəli “Əmr” ona rəsmi şəkildə verilməmiş və ümumiyyətlə bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə və nazirliyin strukturuna daxil olan Xüsusi Riskli Xilasetmə Xidməti ilə danışaraq hansı səbəbdən onun bu cür qanunsuz və əsassız maddə ilə işdən çıxarılmağını maraqlandıqda isə ona hər hansı düzgün bir məlumat verilməmişdir. Göstərilən “Əmri”n ona rəsmi şəkildə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət də etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əsl cavabdeh Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “xx.xx.2021-ci il tarixli, 0627/ş nömrəli Əmrin ləğv edilməsi və iddiaçının əvvəlki işə bərpa olunması və məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəöqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.
2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Xüsusi Riskli Xilasetmə Xidməti arasında xx.xx.2019-cu il tarixdə hərbi xidmətə qəbul haqqında bağlaşma imzalanmış, bundan sonra Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq əmri ilə hərbi xidmətə qəbul edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli bağlaşma ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində 5 il müddətinə gizir vəzifəsində xidmət etməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə (təqrir) ilə N nömrəli hərbi hissənin xüsusi riskli xilasetmə taborunun komandirinə müraciət edərək xidməti vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin "E” bəndinə əsasən ehtiyata buraxılmasını xahiş etmişdir. Həmin ərizə İddiaçı tərəfindən yazılaraq imzalanmışdır. İddiaçı ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin tələblərinə uyğun olaraq 2 dəfə fərdi söhbət aparılmış və söhbət vərəqələri onun tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xx.xx.2021ci il tarixli 0627/ş nömrəli əmri ilə İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün SHXÇDX Bakı şəhəri Nərimanov rayon idarəsinə göndərilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində istinad olunmuş hallar tamamilə əsassızdır və bu halları sübut edən hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçı xidmətə uyğun olmadığını xx.xx.2021 -ci il tarixli ərizəsində də etiraf edərək bildirmişdir ki, xidməti vəzifəsinin öhdəsindən gələ bilmir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə əsasən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- İddiaçı məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - iddiaçıya məxsus SX ******* nömrəli Hərbi Biletin notarial qaydada təsdiq edilmiş surəti. - cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilən xx.xx.2021ci il tarixli əmrin və ona əsas olmuş sənədlərin surəti. - Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, məhkəməyə göndərilmiş inzibati icraat materiallarından görünür ki, mübahisələndirirlən əmrin iddiaçıya rəsmi qaydada təqdim (elan) edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, mübahisələndirilən əmrdə ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli, 0627/ş nömrəli Əmrini mübahisələndirir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Cavabdeh mübahisələndirilən əmrin və digər sənədlərin surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Cavabdeh nə əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi riskli xilasetmə və mühafizə alayının (9971 saylı hərbi hissə) Xüsusi riskli xilasetmə taborunun Xüsusi Riskli Xilasetmə bölüyünün Radiasimya və kimyadan mühafizə taqımının Deqazasiya və dezaktivasiya manqasının mütəxəssis – deqazaatorçusu gizir İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qəbul etdiyi inzibati aktı iddiaçının hərbi xidmətə uyğunsuzluğu ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçının xx.xx.2021ci il tarixli ərizəsindən (təqrir) görünür ki, iddiaçı N nömrəli hərbi hissənin xüsusi riskli xilasetmə taborunun komandirinə müraciət edərək xidməti vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə əsasən ehtiyata buraxılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, həmin ərizə İddiaçı tərəfindən yazılaraq imzalanmışdır. İş materiallarından görünür ki, iddiaçı ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin tələblərinə uyğun olaraq 2 dəfə fərdi söhbət aparılmış və söhbət vərəqələri onun tərəfindən imzalanmışdır. Belə ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Həmin Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 162-ci maddəsinə əsasən: - hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. - hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. - birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. - bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. - gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: - polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən; - ikinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. - aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Məhkəmə nəzərə alır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1ci maddəsindən irəli gəlir. Mübahisələndirilən qərarın inzibati icraat hüququ ilə bağlı olan, yəni formal hüquqi tərəfinə gəlincə, nəzərə alınmalıdır ki, inzibati akt formal-hüquqi baxımdan qüsurlu olsa da, bu, onun məhkəmə tərəfindən ləğv olunmasına o halda aparıb çıxara bilər ki, qüsur İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanının qərarına) təsir etmiş olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona qarşı rəhbərlik tərəfindən qərəzli münasibət göstərildiyini, həmçinin xidməti uyğunsuzluğa görə işdən çıxarılmasına dair iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinin könüllü yazılmamasını qeyd etsə də, iddiaçı tərəfindən buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə iddiaçının həyat yoldaşının və digər şəxsin səs yazısını əks etdirən disk təqdim edilsə də, həmin disk məhkəmə iclasında dinlənilmiş və İddiaçı işdən çıxarılması ilə bağlı hər hansı məlumat həmin diskdə əks olunmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cavabdeh mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan olaraq həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edən sənədləri (iddiaçının ərizəsi, söhbət vərəqələri və s.) məhkəməyə təqdim etmişdir. İddiaçı ilə 2 dəfə fərdi söhbət aparılmış hər ikisində də xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılma barədə xəbərdar edilmiş və buna cavab olaraq iddiaçı etiraz etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ilə aparılan söhbət vərəqələri onun tərəfindən doldurulduğu və imzalandığı işin mübahisəsiz hallarına aiddir. Belə ki, keçirilən məhkəmə iclaslarında iddiaçı həmin söhbət vərəqələrini özünün doldurduğunu və imzaladığını bildirmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt (xx.xx.2021-ci il tarixli, 0627/ş nömrəli Əmri) qəbul olunarkən inzibati orqan tərəfindən maddi hüquq normalarının pozulması halı baş verməmiş, qəbul olunmuş inzibati akt işin faktiki hallarına uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı xx.xx.2021-ci il tarixli, 0627/ş nömrəli Əmrin ləğv edilməsi və iddiaçının əvvəlki işə bərpa olunması və məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə cavabdeh tərəfindən ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev