Məhkəmə qərarları › İş №2-1(112)-6676/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6676/2023

10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6676/2023 10.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının müraciətindən imtina etmişdir. İddiaçı bildirir ki, həmin torpaq sahəsinin onun istifadəsində olması müvafiq torpaq sahəsinin planı və ölçüsündə öz əksini tapmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaş-dırıl-ma-sının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki,hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Həmi Qanunun 32.2-1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınmasının imtina əsaslarından görünür ki, cavabdeh torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatan keçirilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respbublikası Qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi bildirir. Cavabdehin imtina məktubunda ərizəyə müvafiq sənədlərin əlavə edilmədiyi göstərildiyi halda, konkret olaraq həmin sənədlərin adları göstərilməmiş, təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün kifayət etmədiyi isə açıqlanmamışdır. Halbuki, cavabdeh inzibati orqan müraciətin həll olunması məqsədi ilə zəruri olan sənədlərin əhatə dairəsini göstərərək, iddiaçıya yardım etmək səlahiyyətinə malik idi. Bundan, başqa məhkəmə qeyd edir ki, hətta imtina məktubunda zəruri olan sənədlərin əhatə dairəsi göstərilsə idi belə, cavabdehin imtinası qanunazidd olmuşdur Belə ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 84, “Gülüstan-1” b/y (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən faktiki istifadəsində olan 0,4725 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasıdır. Nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsinin bir hissəsi (0,35 ha) üzərində onun mülkiyyət hüquqları qeydə alınmış, faktiki istifadəsində olan digər hissə isə onun faktiki istifadəsinə verilmişdir ki, bu hal torpaq sahəsinin plan və ölçü sənədi ilə təsdiq olunur. Cavabdeh inzibati orqan iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edərkən, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmamasına istinad etmişdir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halın əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin -1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddənin şərhinə keçməzdən əvvəl Məhkəmə bildirir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini , tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu və ya torpaq sahəsinin plan və ölçüsü tərtib edilir. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə bildirir ki, dövlətə məxsus olan daşınmaz əmlakın istifadəsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsaslardan biri sayılır ki, bu əsas vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tənzimləyən Qanunun 8.0-ci maddəsinin əhatə dairəsinə düşmüşdür. Məhkəmə bildirir ki, torpaq sahəsinin texniki pasportundan göründüyü kimi hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi onun istifadəsindədir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportda iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 84, “Gülüstan-1” b/y (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin faktiki ölçüsü 0,4725 ha təşkil edir. Göründüyü kimi, cavabdeh inzibati orqan texniki pasport tərtib edərək adıçəkilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını öz iradə ifadəsi ilə nümayiş etdirmişdir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.7-ci yarımbəndinə görə yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə münasibətdə hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Nəzərə alınmalıdır ki, adı çəkilən Fərmana görə 2001-ci il tarixədək tərtib olunmuş texniki pasport torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Baxmayaraq ki, hazırki texniki pasport həmin tarixdən sonraya aid olsa da, bu hal iddianın rədd əsası qismində çıxış edə bilməz. Çünki, texniki pasportun 2001-ci il tarixdən əvvəl və ya sonraya aid olması bir başa ilə görə fərqləndirmənin aparılması deməkdir ki, bu cür fərqləndirmə aparılması vətəndaşın hüquqlarının pozulmasına səbəb olur. Bu zaman texniki pasportun 2001-ci il tarixden əvvəl və ya sonra olması hüquq münasibətlərinin eyniliyi baxımından iddianın rəddi əsası qismində qiymətləndirilə bilməz. Eyni zamanda Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mütəxəssis rəyinin, yerində müayinənin keçirilməsi və ya məhkəmə ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsi onun xüsusi mülkiyyətində olmuş, digər hissəsi qanuni əsaslar ilə onun istifadəsinə verilmiş və ən əsası onun istifadəsində olan torpaq sahəsi hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməmişdir (cavabdeh bu halı mübahisələndirməmişdir). Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Həsənağa Turabov küçəsi 90 ünvanında yerləşən faktiki istifadəsində olan 0,4725 ha torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması cavabdeh tərəfindən tərtib edilmiş texniki pasport ilə təsdiq edildiyindən, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olmuşdur. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Həsənağa Turabov küçəsi 90 ünvanında yerləşən fərdi yaşayış evinin altındaki və texniki pasport (**********55-11301 saylı) əsasında iddiaçının faktiki istifadəsində olan 0,4725 ha torpaq sahəsi İddiaçı adına dövlət reyestrindən qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar