Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6678/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi , İddiaçının nümayəndəsi və vəkili İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı adın defislə yazılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının “Laləsimuzər” adından defislə yazılaraq “Lalə-Simuzər” adına dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatının aparılması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun adı “Laləsimuzər” adından defislə yazılaraq “Lalə-Simuzər” adına dəyişdirilməsi və doğum haqqında akt qeydində dəyişiklik edib yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq, cavabdehin 23 fevral 2022-ci il tarixli, 05Q-258/75 saylı cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Göstərilənlərlə bağlı bildirirlər ki, qanunvericiliyin tələblərinə əsasən adının “Laləsimuzər”-dən “Lalə-Simuzər” adına dəyişdirilməsi mümkün olmamışdır. Bu əsasla adının dəyişdirilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, ata adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir”, onun isə 45 yaşı var. Ona görə də, o, istəyir ki, adı “Laləsimuzər” adından defislə yazılaraq “Lalə-Simuzər” adına dəyişdirilsin, çünki bitişik yazıldığı halda adı çox kobud görünür. Əlavə olaraq da qeyd edir ki, o, adını “Laləsimuzər” adından digər bir ada dəyişmir, sadəcə ona məxsus ad mürəkkəb ad olduğu üçün iki ad arasında “-“ (defis) qoyulmasını istəyir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edilərək bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə, 03 nömrəli akt qeydi ilə Nəsimi rayon Qeydiyyat Şöbəsində İddiaçı adı “Simuzər”-dən “Laləsimuzər”ə dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə məktub təqdim edilərək, işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il təvəllüdlüdür. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6557/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı X6 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının “Simuzər”-dən “Laləsimuzər”ə dəyişdirilməsi, doğum haqqında akt qeydinə düzəliş olunması və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sözügedən qərarı ilə iddia tələbi təmin edilərək, xx xxxx 1977-ci ildə Sumqayıt şəhərində doğulmuş X2 adının “Simuzər”-dən “Laləsimuzər”-ə dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatının aparılması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. İşdə olan AZ-İV seriyalı, 698716 nömrəli, 17 yanvar 2022-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə, Azərbaycan Respublikası, Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1977-ci ilin avqust ayının 19-u günündə, 3113 nömrə ilə qeyd edilmişdir. X1, milliyyəti azərbaycanlı, anası X9, milliyyəti azərbaycanlı göstərilmişdir. İşdə olan iddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı adında dəyişiklik etmək istədiyini, hazırda adının dəyişdirilərək “Lalə-Simuzər” olmasını istəyir. Xahiş edir ki, adı “Laləsimuzər” adından “Lalə-Simuzər” adına dəyişdirilərək, doğum haqqında akt qeydində dəyişiklik edib, yeni doğum haqqında şəhadətnamə verilsin. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 05/q-258/75 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının adının “Laləsimuzər”dən “Lalə-Simuzər”ə dəyişdirmək barədə müraciətinə baxılaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə, 03 nömrəli akt qeydi ilə Nəsimi rayon Qeydiyyat Şöbəsində adı “Simuzər”dən “Laləsimuzər”ə dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci i ltarixli, 79 saylı Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birnin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Göstərilənlərə əsasən bildirilmişdir ki, qanunvericiliyin tələblərinə əsasən adının “Laləsimuzər”dən “Lalə-Simuzər”ə dəyişdirilməsi mümkün olmamışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətindən 23 fevral 2022-ci il tarixli, 05/Q-258/75 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının əvvəlki adı adı, soyadı, ata adı müvafiq olaraq, X7 olmuşdur. O, adının “Simuzər”dən, “Laləsimuzər”ə dəyişdirilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia ərizəsi qaldırmış, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6557/20121 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, xx xxxx 1977-ci ildə Sumqayıt şəhərində doğulmuş X2 adının “Simuzər”dən “Laləsimuzər”ə dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatının aparılması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir. Məhkəmənin sözügedən qərarı icra olunaraq, iddiaçıının adı “Simuzər”-dən, “Laləsimuzər”-ə dəyişdirilmiş və Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya AZ-İV seriyalı, 698716 nömrəli, xx.xx.2022-ci il tarixli “doğum haqqında şəhadətnamə” verilmişdir. İddiaçı hazırda adının “Laləsimuzər” kimi yazılmasının onda narahatıçılıq yaratdığını, bu səbəbdən də, adının defislə, “Lalə-Simuzər” şəklində yazılmasını xahiş edir. O, bununla bağlı cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3-cü bəndinə (adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəli soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir) istinad edilməklə imtina edilmiş, bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçının müraciətindən cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3cü bəndinə istinad edilməklə imtina edilməsi əsassız olmuşdur. Belə ki, “Laləsimuzər” adının “Lalə-Simuzər” şəklində yazılması, adın orfoqrafik yazılışı ilə bağlı olub, adın növbəti dəfə, yeni bir adla dəyişdirilməsi şəklində qiymətləndirilə bilməz. “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli qərarında şikayətlə bağlı göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində ad hüququ birbaşa olaraq bir sıra qanunlarda təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 26.1-ci maddəsində müəyyən olunur ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Konstitusiyanın 32-ci maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Beləliklə, o, ilk növbədə dövlətin neqativ öhdəliyi kimi ifadə olunur. Lakin burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna edilmir. Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər. Konstitusiyanın 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Konstitusiyada dövlət dilinin statusunun müəyyən edilməsi Azərbaycan dilinin konstitusion dəyərə malik olduğunu göstərir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında göstərildiyi kimi, dövlət dili Azərbaycan Respublikasının rəmzi olaraq, onun müstəqilliyinin əsas əlamətlərindən biridir. Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dövlət dilinin statusunun Konstitusiyada təsbiti həm də o deməkdir ki, qanunverici dilin ictimai həyatda istifadəsinə şərait yaratmağa və onu müdafiə vasitələri ilə təmin etməyə borcludur. Qeyd etmək lazımdır ki, ad təkcə şəxsin fərdiləşdirilməsi və eyniləşdirilməsi məqsədlərinə xidmət etmir, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına istiqamətlənmişdir. Nəzərə almaq lazımdır ki, müvafiq şəxsi addan təkcə onun sahibi tərəfindən deyil, həm də yaşadığı ictimai mühitdə digərləri tərəfindən geniş istifadə olunur. Buna görə də, şəxs adları ilə bağlı məsələlər, cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarının müdafiəsi baxımından da nizamlanmalıdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Qanunun 8-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır, 13-cü maddəsində isə müəyyən olunur ki, dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli Fərmanının 2.4-cü bəndinə əsasən, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 13.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla) nəzərdə tutulur. Baxılan məsələ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) təcrübəsi də çox əhəmiyyətlidir. Belə ki, Konstitusiyanın həm də məhkəmələrə yönələn 12-ci maddəsinin İİ hissəsində təsbit olunmuş tələbə əsasən, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X10rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X3rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıb-aşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X4rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64- 69). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019-cu il 25 iyun tarixli Qərar, § 47). Digər bir işdə isə ölkənin dövlət orqanları yazılışı fin ad vermə təcrübəsinə müvafiq olmadığından “Aksl Mik” adının qeydiyyatından imtina etmişlər. Avropa Məhkəməsi etiraf etmişdir ki, uşağın ən yaxşı maraqlarının nəzərə alınması vacibdir, həmçinin adların verilməsi üzrə milli təcrübənin qorunması da ictimai maraqlara cavab verir. Lakin “Aksl” adı Finlandiyada digər hallarda rəsmi olaraq qeydiyyata alınmışdır və bu səbəbdən uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu ad Finlandiyada artıq qoyulub və adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ictimai maraq anlayışı uşağın seçilmiş ad ilə qeydiyyata alınması marağını üstələmədiyindən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir (Johansson Finlandiyaya qarşı iş üzrə 2007-ci il 6 sentyabr tarixli Qərar, § 38-39). Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, hazırki halda iddiaçının adının orfoqrafik cəhətdən “Laləsimuzər” şəklində deyil, “Lalə-Simuzər” şəklində yazılması onun cinsinə uyğun gəlməyən və ya gülünc ad kimi səslənmədiyindən, eyni zamanda iddiaçının həmin adı almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunmasına zidd olmadığından, iddiaçının tələbi təmin olunmaqla, onun adının “Lalə-Simuzər” şəklində yazılmaqla, yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı adının “Lalə-Simuzər” şəklində yazılaraq yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6678/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6678/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver