Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-668/2024 21.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar İdarəsinə qarşı “icarə müqaviləsinin bağlanılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar İdarəsinə qarşı “icarə müqaviləsinin bağlanılması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanındakı mənzilin şəxsi hesabını və icarə müqaviləsini bağlamağı öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təminatında yerləşən N nömrəli hərbi hissənin yaşayış fondundan N otaqlı sonradan isə ailə vəziyyəti ilə bağlı müraciət edərək 2 otaqlı mənzillə təmin edilmişdir. Yaşadığı mənzil hərbi hissənin hərbi qulluqçuları və mülki işçilərinin müvəqqəti yaşaması üçün ayrılmış mənzillər olubdur. Bu mənzildə uzun illər yaşadığını nəzərə alaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında əsasnamənin təsdiq edilməsi barədə Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli 2 nömrəli qərarını əsas tutaraq yaşadığı mənzilə pasport qeydiyyatına alınması üçün Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi ilə kirayə müqaviləsi bağlanaraq Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin pasport qeydiyyat şöbəsindən tərəfindən razılıq alaraq yazılmış kirayə müqaviləsi əsasında ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə daimi qeydiyyata düşmək üçün müraciət etmişdir. Lakin, onun müraciəti təmin edilməyib. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, cavabdehin əsl cavabdehlə əvəz edilməsi, həmçinin onun iddia tələbində qeyd edilən ünvanda qanuni əsaslarla yaşamasına dair müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Həmçinin, cavabdehi və iddia tələbini dəqiləşdirməmiş, habelə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim etməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır:
1. mümkünlük;
2. əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən iddiaçının hüquqi müdafiə marağının mövcud olması, mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilən hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərini pozduğunu sübut etməlidir. İddia tələbindən görünür ki, iddiaçı ünvan 1 ünvanındakı mənzilin şəxsi hesabının açılması və icarə müqaviləsini bağlanması öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar İdarəsinin üzərinə qoyulmasını tələb edir. İş materiallarından görünür ki, cavabdehin və ona qarşı yönəldilmiş iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya kifayət qədər vaxt verilsə də, iddiaçı cavabdehi və ona qarşı yönəldilmiş iddia tələbini dəqiqləşdirməmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçının hüquqi marağı və məqsədi ünvan 1 ünvanındakı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanılmasına nail olmaqdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli 1806 nömrəli məktubla bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi ev 22/24(59), 13-14 nömrəli otaqlarda uzun müddətdir ki, yaşayır. Qeyd olunan ünvanda vətəndaş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi təyinatlı yaşayış fondunda qeyri-qanuni olaraq, sənədsiz yaşayır. Azərbaycan Respublikası Müdafiə nazirinin 05.04 2014-cü il tarixli 2 nömrəli Qərarının 1.13 yarımbəndinə əsas tutaraq (Müdafiə Nazirliyi ilə xidməti münasibəti olmadığına görə) yaşadıqları otaqların boşaldılması üçün dəfələrlə xəbərdarlıqlar verilmişdir. Lakin o, yaşadığı otaqların boşaldılması üçün, narazılıq edərək imtina etmişdir. İş materiallarında olan Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi 6 №-li Mənzil- İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 174 nömrəli Arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi ev 22/24, 13-14 nömrəli yataqxanada qeydiyyatsız yaşayan İddiaçı evinə İdarədə heç bir sənəd yoxdur. Beləliklə, görünür kimi, mübahisə predmeti olan mənzil (otaqlar) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi təyinatlı yaşayış fonduna aiddir, İddiaçı həmin otaqlara dair hər hansı subyektiv hüququnun olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı özü də, subyektiv hüququnun olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ümumiyyətlə mübahisəli mənzilə (otaqlara) hüququ müəyyən edilmədiyindən, iddiaçının irəli sürdüyü hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1977/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında da öz əksini tapmışdır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Belə ki, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Qeyd olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığı halda iddia mümkün saymamaqla məhkəmə tərəfindən qərardad qəbul edilir. Hazırki iş üzrə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının hüquqların və qanunla qorunan maraqlarınızın pozulduğu aşkar edilməmişdir. Odur ki, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı hazırkı iddia tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud olmamışdır. Yuxarıda qeyd edilən normalara əsasən, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə də, iddiaçının subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasdır. İddiaçıya izah edilsin ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.
Hakim Elvin Əliyev