Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-668/2025 05.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 04.cavabdehin ona 2-ci qrup əlilliyin təyin edilməsindən imtina barədə qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən 2-ci qrup əlilliyin bərpa edilərək xx.xx.2021-ci il tarixdən 2-ci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, habelə xx.xx.2009-cu il tarixdən, yəni əlillik təyin edildiyi tarixdən bu günə qədər olan müddət xidməti illəri kimi hesablanaraq ona pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının sonuncu ərizəsi nəzərə alınaraq məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” formasında dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətində işə qəbul edilmişdir. 2009-cu il tarixə qədər Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətində müxtəlif vəzifələrədə əmək funksiyanı icra etmişdir. 10 dekabr 2008-ci il tarixdə 28 yanvar 2009-cı il tarixədək DSX hərbi Hospitalında “L5-S1 diskogen S1 sağtərəfli radikulit, davamlı ağrı sindromu ilə residiv gedişli, hərəki, hissi, trofiki pozğunluqlar L5-S1 diskin hemilamiektomiyadan sonrakı vəziyyət, Xroniki tonzillit subkompensə olunmuş forma” diaqnozu ilə xəstə yatmışdır. Xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2009-cu il tarixdə “HXH” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin 5-ci bəndinə müvafiq olaraq Dövlət Sərhəd xidmətinin rəisinin Sərhəd QK-nın 279 Ş/H saylı əmrinə əsasən Çevik hərəkət taboru komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsindən azad olunmuş və ona xx.xx.2009-cu il tarixdən 2-ci qrup əlillik təyin edilmişdir. 2009-2021-ci ilə qədər müvafiq orqanların 88 formalı göndəriş əsasında dəfələrlə əlilliyi təsdiq olunmuşdur. Dövlət Sərhəd Xidmətindən vəzifədən azad olunma səbəbi - “HXH” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin 5-ci bəndinə əsasən (xəstəliyə görə—hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan və ya 12 aydan sonra yeni müayinədən keçməklə müharibə dövründə həqiqi hərbi xidmətə yararsız sayıldıqda) xəstəliyi əsas olmuş və bunun əsasında da hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdən etibarən dəfələrlə TSEK –komissiyasında müayinədən keçmişdir. “L5 –S1- diskin hemilaminektomiyadan sonrakı residiv yırtığı diaqnozu ilə xəstə olduğu müəyyən edilmişdir. Lakin şifahi olaraq bildirilmişdir ki, həmin diaqnoz əlilliyin təyin edilməsi meyarlarından çıxarıldığı üçün ona əllilik təyin edilə bilməz. Rəsmi qaydada müraciət etsə də əlilliyin təyin edilməsindən imtina qərarı bu günə qədər təqdim edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək barəsində 2-ci qrup əlilliyin təyin edilməsindən imtina barədə qərarın ləğv edilməsi, 2-ci qrup əlilliyinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və ya xx.xx.2009-cu il tarixdən, yəni əlillik təyin edildiyi tarixdən bu günə qədər olan müdddət onun xidməti illəri kimi hesablanaraq xidmət illərinə görə pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçı bildirir ki, o, uzun müddət qeyd edilən xəstəlikdən müalicə almış, xx.xx.2013-cü il tarixdə əməliyyat olunmuş, sonradan yenidən müalicə olunmuş, bu davamlı xarakter daşımış və etdiyi müalicələr səmərəli nəticələrlə müşayiət olunmamışdır. Əgər onun xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi verilməsəydi, o, işdən azad olunmayacaqdı və bugünə qədər işləyəcəkdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Fəqərəarası disklərin zədələnməsi zamanı sinir kök və kələflərin zədələnməsi. L5-S1 diskektomiyadan sonrakı vəziyyət. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası diskin sağ tərəfli residiv yırtığının xaric edilməsi cərrahi əməliyyatdan sonrakı vəziyyət (2008). Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0170003AAD77 nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin İ00096860ZYE nömrəli xx.xx.2023- cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 50 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “L5-S1 diskoaen S1 sağtərəfli radikulit, davamlı ağrı sindromu, residivli gedişli, hərəki, trofiki, hissi pozğunluqlarla; L5-S1 diskin hemilaminoektomivasından (xx.xx.2008) sonrakı vəziyyət; sağ asağı ətrafın və onurğanın funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belində, yuxarı və aşağı ətraflarda ağrılar, keyimə hissindən şikayətlənmişdir. Müayinə zamanı yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez iflic izlənilməmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. M.Ə.Əfəndiyev adına X4 xx.xx.2023xx.xx.2023-cü il tarixli Çıxarışda diaqnoz “L5-S1 diskektomiyadan sonrakı vəziyyət. Bel osteoxondrozu. Saq aşağı ətrafın monoparezi. Davamlı kökcük- kompression (L5) ağrıları" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X5 xx.xx.2021-ci il tarixli MRT müayinəsinin nəticəsi “L5-S1 -fəqərə cisimlərində subxondral degenerasiya (İİ tip). L5-S1fəgərəarası diskin degenerativ dəyişikliyi. L4-L5-fəqərəarası diskin arxa medial sadğ lateral foraminal protruziyası, dural kisənin və sağ lateral sinir kökcüyünün minimal sıxılması, L5-S1-fəgərəarası diskin arxa sağ paramedian, sağ lateral foraminal geniş əsaslı protruziyası, bu səviyyədə sağ tərəfli hemilaminektomiva defekti, stabilliyin pozulması, L5-fəqərə cisminin retro spondilolistezi, dural kisənin və sağ lateral sinir kökcüyünün minimal sıxılması" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli 1561/1503 nömrəli Arayışında diaqnoz “Onurğanın L5-S1 fəqərəarası diskin yırtığının çıxarılması əməliyyatından sonra, L5-S1 fəqərəarası diskin degenerasivası, arxa sağ patomedial saq lateral geniş əsaslı protruziyası, bu səviyyədə sağ tərəfli hemilaminektomiva deffekti, stabilliyin pozulması, L5 fəqərəsinin cisminin tetrospondilolistezi, distal kisəni və sad latéral sinir kökcüvün sıxılması, əzələ atrofivası, daimi aqrı sindromu və funksiyanın pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə qəbul edilmiş inzibati aktın iddiaçıya nə zaman təqdim edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16042/2023 nömrəli qərardan görünür ki, diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 50 saylı, xx.xx.2009-cu il tarixli xəstəlik şəhadətnaməsindən görünür ki, “L5-S1 diskogen S1 sağtərəfli radikulit, davamlı ağrı sindromu residivli gedişli, hərəki, trofiki, hissi pozğunluqlarla: L5-S1 diskin hemilaminoektomiyasından sonraki vəziyyət; sağ aşağı ətrafın və onurğanın funksiyasının mülayim pozulması ilə” xəstəliyi əsasında o, sülh dövründən hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Müayinə məlumatlarından görünür ki, iddiaçıya: -xx.xx.2009-cu il tarixdə “L5-S1 diskin hemilaminoektomiyasından sonraki residiv yırtıq. Davamlə kökcük ağrıları ilə” diaqnozu ilə hərbi xidmət dövrü səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2014-cü il tarixdə “L5-S1 diskin hemilaminoektomiyasından sonraki residiv yırtıq. Davamlə kökcük ağrıları ilə” diaqnozu ilə hərbi xidmət dövrü səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2015-ci il tarixdə “L5-S1 diskin hemilaminoektomiyasından sonraki residiv yırtıq. Davamlə kökcük ağrıları ilə” diaqnozu ilə hərbi xidmət dövrü səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2016-cı il tarixdə “L5-S1 diskin hemilaminoektomiyasından sonraki residiv yırtıq. Davamlə kökcük ağrıları ilə” diaqnozu ilə hərbi xidmət dövrü səbəbindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İ00096860ZYE nömrəli tibbi göndəriş üzrə xx.xx.2023-cü ildə “diaqnoz əlillik təyin etmir” əsası ilə əlillik təyin edilməsindən imtina edilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi göndərişdən görünür ki, iddiaçıda aşağıdaki xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz – G55.1. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və fəqərəarası disklərin zədələnməsi zamanı sinir kök və kələflərin zədələnməsi, L5-S1 diskektomiyadan sonraki vəziyyət Ağırlaşma - M24.5. Oynaqların kontrakturası, oynaqların kontrakturası, sağ diz oynağının açıcı kontrakturası (bükmə 100 dərəcə), sol diz oynağının açıcı kontrakturası (bükmə 85 dərəcə), sol aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə). G83.1. Aşağı ətrafların monoplegiyası, sağ aşağı ətrafın monoparezi Z98.8. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonraki vəziyyət L5-S1 fəqərəarası diskin sağ tərəfli residiv yırtığının xaric edilməsi cərrahi əməliyyatdan sonraki vəziyyət R52.2. Digər daimi ağrı. Davamlı kökcük kompression M51.1. Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə. Bel osteoxondrozu B26.2. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Hərəkətin və yerişin pozulması. Yanaşı xəstəliklər – H52.1 Miopiya, OU-Presbiopiya VİS OU-1.0 spl OU+1.25 İ10 Essensial hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ M43.1 Spondilolistez L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyaları Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi və X3-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekspertləri tərəfindən verilmiş T68/2025 saylı ekspert rəyində aşağıdakılar bildirilmişdir: 1-3. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə “Elmi-Tədqiqat Travma-tologiya və Ortopediya İnstitutu”nda mütəxəssis travmatoloqlar tərəfindən müayinə olunarkən “Onurğanın L5-S1 fəqərəarası diskin yırtığının rezeksion cərrahi əməliyyatdan sonrakı residivi, bel fəqərələrinin spondilozu, yayılmış osteoxondrozu, kökcük ağrıları ilə, L5-S1 fəqərəarası diskin təkrari 5,5 mm geniş əsaslı yırtığı kökcük ağrıları ilə, onurğanın qeyri stabilliyi, L5 fəqərəsinin cisminin tetrospondilolistezi, dural kisənin sıxılması, aşağı ətraflarda əzələ atrofıyası, daimi ağrı sindromu, yerişin çətinləşməsi, M42; M43; M54.1; G54.1; Z98.8; R52.0; M62.5; R26.8”. diaqnozu ona özünün müayinəsi və rentgen müayinələr əsasında müəyyən edilmişdir. Vətəndaş İddiaçı adına “Bakı Baş Səhiyyə İdarəsi”də tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İ00096860ZYE (Forma TQS N2-O88) saylı göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: G55.1-fəqərəarası disklərinin zədələnməsi zamanı sinir köklərinin və fəqərəarası disklərin zədələnməsi zamanı sinir kök və kələflərin zədələnməsi, L5-S1 diskektomiyadan sonrakı vəziyyət. Ağırlaşmalar: G83.1-aşağı ətrafların monoplegiyası, sağ aşağı ətrafın monoparezi, Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası diskin sağtərəfli residiv yırtığının xaric edilməsi cərrahi əməliyyatdan sonrakı vəziyyət (2008), R52.2-digər daimi ağrı, davamlı kökcük kompression (L5) ağrılar, M51.1 -bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel osteoxondrozu, R26.2-başqa rubrikalarda təsnif olunmayan yeriş çətin- ləşməsi, hərəkətin və yerişin pozulması. Yanaşı xəstəliklər: M43.1-spondilolistez L4- L5, L5-S1 fəqərəarası disklərin protruziyaları; H52.1-miopiya, OU-presbiopiya, VisOU- 1,0 spl.-OU+1.25, 110-essensial birincili hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozuna ümumən tam rast gəlinir.
4. Əlilliyin qiymətləndirilməsi ilə bağlı sualın həlli isə TSEK-in ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir. -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İ00096860ZYE nömrəli tibbi göndəriş üzrə üzrə əlilliyinin müəyyən edilməsindən ibarətdir. Məlum olduğu kimi, cavabdeh qurum iddiaçının təqdim etdiyi diaqnoz üzrə əlillik təyinatı aparmaqdan imtina etmiş və bunu həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olmaması ilə əsaslandırmışdır. Lakin təqdim olunmuş sənədlərin və iş materiallarından görünür ki, cavabdeh tərəf təqdim edilən göndəriş sənədində əks olunan xəstəliklərin və diaqnostik nəticələrin iddiaçıda mövcud olmasını mübahisələndirməmiş, sadəcə həmin xəstəliklərin əlilliyin təyininə əsas vermədiyini hesab etmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, ekspert rəyində iddiaçıda qeyd olunan xəstəliklərin olduğu göstərilmişdir. Göründüyü kimi ekspert rəyi ilə də iddiaçının həmin xəstəliklərdən əziyyət çəkməsi təsdiq olunur. Bununla yanaşı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5-ci bəndində G81-G83 XBT kodu altında nəzərdə tutulan “serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya)” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: ... 6.5.1.1 ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular 40 % -1 il ... Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə G83.1-kodu altında qeyd olunmuş diaqnoz qoyularkən 6.5.1.1 - 6.5.1.6.-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər və ekspert rəyi əsasında onda qeydə alınmış sağ aşağı ətrafın monoparezi, hərəkət və yerişin pozulması kompleks şəkildə orqanizmə sistemli təsir göstərmiş və davamlı xarakter daşıyan funksional pozuntulara səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, sağ aşağı ətrafda müşahidə olunan monoparez, əzələ tonusunun azalması və yeriş pozuntuları iddiaçının orqanizmin dayaq-hərəkət sisteminə dair disfunksiyanın göstəricisidir. Qeyd olunan funksional pozuntuların xarakteri və davamlılığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1-ci bəndində nəzərdə tutulan "ayrı-ayrı ətrafların parezləri ilə müşayiət olunan davamlı hərəkət məhdudiyyətləri" halına uyğundur. Göstərilən xəstəlik iddiaçının orqanizminin funksiyalarının 40 faiz pozulması kimi qəbul edilməsinə və ona 1 il müddətinə əlillik təyin edilməsi üçün əsas verir. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.” Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz əlillik təyin edilməsi üçün Meyarlara uyğun olduğundan, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İ00096860ZYE nömrəli tibbi göndəriş üzrə ilk dəfə əlillik vəziyyətinin qiymətləndirildiyi tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 40 faiz olmaqla 1 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov