Məhkəmə qərarları › İş №2-1(112)-6681/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6681/2021

23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6681/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilmə” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Azəbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) müraciət edərək, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən mənzillə təmin olunmasını xahiş etmişdir. Cavabdeh 1961 nömrəli 26.04.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddətində, eləcə də ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən dövlət vəsaiti hesabına mənzil təminatı ilə əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara onların adlarının əlavə edilməməsi qənaətinə gəlindiyi bildirilmişdir. İddiaçı 19 may 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzillə təmin olunmasına dair öhdəliyin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbini dəqiqləşdirərək “onun adının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmiş, iddianın dəqiqləşdirilməsi qəbul olunmuşdur. Məhkəmənin 02.08.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayor rütbəli ehtiyyatda olan zabitidir. Silahlı Qüvvələrdə 24 il (21.08.1992- 27.08.2016) müddətində hərbi xidmət keçmişdir. Xidmət etdiyi dövrdə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) Yubiley Medalı, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli” və “Qüsursuz Xidmətə görə” 2-*ci dərəcəli” medallarla təltif olunmuş, hərbi xidmət dövründə dəfələrlə komandanlıq tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir. Hazırda 20 il və daha artıq qüsursuz xidmət keçmiş hərbi qulluqçular dövlət hesabına mənzillə təmin olunurlar. Lakin iddiaçı hərbi xidmət keçdiyi dövrdə və ehtiyyata buraxıldıqdan sonra mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçı Tərtər Hərbi Məhkəməsinin 18 iyul 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 255ci maddəsinin “b” bəndi və 238-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş və barəsində CM-in 42-ci maddəsi tətbiq edilmişdir. Qeyd edilənlər, yəni İddiaçı xidmət dövründə az ağır cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vətəndaşın hərbi xidmət keçməsi barədə elektron arayışından görünür ki, İddiaşı 21.08.1992-ci il tarixdən 12.08.1993-cü il tarixədək, 12.08.1993-cü il tarixdən 27.08.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanın 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci hissəsi ilə Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılmışdır. Fərmanın 3-cü hissəsi ilə Komissiyaya tapşırılmışdır ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin. İddiaçı hazırda bu Fərmana istinad edərək onun adının dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısın daxil edilməsini xahiş etsə də, cavabdeh onun xidmətinin qüsursuz olmamasına istinad edərək tələbini təmin etməkdən imtina edir. İşin tədqiq olunan halları ilə iddiaçının 20 təqvim ilindən artıq, yəni 24 ildən artıq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsi tam təsdiq olunur. Həmin dövrün qüsurlu olmasına gəldikdə məhkəmə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Əsasnamənin 1-ci hisəsinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci hissəsinə əsasən “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 444-İVQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 1-ci madəsinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2013-cü il iyunun 26-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif edilirlər. İşdə olan vəsiqələrdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0103t nömrəli 24.06.2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə, Azərbaycan Respublikası Müdafiə nazirinin 05/t nömrəli 26.06.2015-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə, Azərbaycan Respublikası Müdafiə nazirinin 0121t nömrəli 26.06.2016-cı il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Göründüyü kimi, cavabdeh orqan özü iddiaçının ən azı 15 il qüsursuz xidmət etdiyini qəbul edərək iddiaçını qüsursuz xidməti təsdiq edən medal ilə təltif etmişdir. Həmçinin işdə olan H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin 19.09.2016cı il tarixli 221 nömrəli Əmrindən çıxarışdan görünür ki, mayor İddiaçı, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Humanitar və sosial fənlər kafedrasının hərbi fənlər silsiləsinin baş müəllimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 avqust 2016-cı il tarixli 0576 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim forması daşımaq hüququ verilməklə, ehtiyyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmişdir. İddiaçı 2016-cı il yanvar-oktyabr ayındakı xidmətlərinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 05.06.2002-ci il tarixli 220 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını 100 faiz həcmdə almağa layiqdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 164-cü hissəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Göründüyü kimi, qanunverici 20 il və artıq qüsursuz xidmət edən hərbi qulluqçuya ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilməsinə dair cavabdehə diskresion səlahiyyət vermiş, Cavabdeh bu səlahiyyətindən istifadə edərək öz seçimi ilə iddiaçının 20 ildən artıq fəaliyyətini qüsursuz fəaliyyət kimi qiymətləndirməklə ona həmin hüququ, yəni hərbi geyim formasını daşımaq hüququnu vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Sadalananlardan aydın olur ki, cavabdeh bir tərəfdən qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi iddiaçını təltif edib, ona müvafiq hüquqlar versə də, digər tərəfdən 569 saylı Fərmanı iddiaçıya tətbiq etməkdən imtina etmişdir. Cavabdeh iddiaçının xidmətinin qüsurlu olmasını əsaslandırarkən onun barəsində çıxarılan hökmə istinad etmişdir . Məhkəmə qeyd edir ki, işdə olan Tərtər qarnizonu hərbi məhkəməsinin 18 iyul 1998ci il tarixli hökmü ilə leytenant İddiaçı Azərbaycan Respublikasının CM-nin 255-ci maddəsinin “b” bəndi ilə təqsirli bilinmiş və 7 il müddətinə, Azərbaycan Respublikasının CM-nin 238-ci maddəsi ilə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İddiaçı təyin edilmiş cəzalar Azərbaycan Respublikasının CMnin 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə onun üzərində 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza kimi saxlanılmışdır. Onun barəsində Azərbaycan Respublikasının CM-nin 42-ci maddəsi tətbiq edilərək döyüşən orduya göndərilməklə hərbi əməliyyatlar qurtaranadək hökmün icrası təxirə salınmışdır. Daha sonra Tərtər qarnizonu hərbi məhkəməsinin 24 iyun 1999-cu il tarixli Qərardadı ilə Leytenant İddiaçı cəzadan azad edilməsinə dair N saylı hərbi hissə komandanlığının vəsatəti təmin edilmiş, İddiaçı ona təyin edilmiş cəzadan azad edilmişdir. İşdə olan Daxili İşlər Nazirliyinin 02.06.2021-ci il tarixli, ***-**** G-3221 nömrəli Arayışından görünür ki, Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1974-cü il tarixdə Azərbaycan Respublikası, Masallı rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İddiaçının barəsinə hökm çıxarılan dövrdə qüvvədə olan Azərbaycan SSR Cinayət Məcəlləsinin 53-cü maddəsinə əsasən aşağıdakılar məhkumluğu olmayan şəxslər hesab edilirlər: 1) cəzadan azad edilmiş (45-46-cı maddələr), intizam batalyonunda cəza çəkmiş və ya ondan vaxtından əvvəl azad edilmiş şəxslər, habelə islah işləri əvəzinə qaupvaxtda saxlanma növündə cəza çəkmiş olan hərbi qulluqçular; 2-2) bu Məcəllənin 42-1-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslər, bu şərtlə ki, onlar hökmün icrasının təxirə salındığı müddət ərzində yeni cinayət törətməmiş olsunlar və onlar barəsində hökm müəyyən edilmiş qaydada icra edilməmiş olsun. Məhkumluğun ödənilməsi müddəti cəzanı çəkib qurtarma və ya cəzadan azadolma günündən hesablanır. Göründüyü kimi, qanunvericiliyə əsasən məhkumluqla bağlı olan bütün hüquqi nəticələr - şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Belə olan halda, iddiaçının əvvəllər məhkum olunması səbəbi ilə hərbi xidmət dövrünün qüsurlu olması barədə cavabdehin dəlili əsaslı hesab oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı adının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar