Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6683/2020 23.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı artıq ödənilmiş gömrük ödənişinin qaytarılması tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 284.604,57 (iki yüz səksən dörd min, altı yüz dörd manat, əlli yeddi qəpik) manat (gömrük rüsumu: 241.190,31 manat və ƏDV 43.414,26 manat) gömrük ödənişinin İddiaçı MMC-yə ödəməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının hüquqi şəxsi olan İddiaçı ilə “BD Enterprise Networking Limited” şirkəti arasında malların beynəlxalq alqı-satqısı barədə CİP Bakı İncoterms 2010 şərtləri ilə bağlanılmış xx xxxxxx 2020-ci il tarixli, xx-xx/2020 nömrəli müqaviləyə əsasən İddiaçı ümumi dəyəri 3.815.500 (üç milyon səkkiz yüz on beş min beş yüz) ABŞ dolları, ümumi çəkisi 1783,05 kq olan 21 qutuda qablaşdırılmış informasiya texnologiyaları avadanlıqlarını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə təhvil vermək üçün idxal etmişdir. Göstərilən malların gömrük rəsmiləşdirilməsi zamanı cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən gömrük ödənişləri doğru hesablanmamışdır. Belə ki, cavabdeh heç bir əsaslandırma olmadan, qanunvericiliyin tələbinə zidd olaraq bəyannaməçi qismində çıxış edən İddiaçınə heç yazılı bildiriş vermədən şifahi olaraq gömrük dəyərinə düzəliş edilməsini və müqavilənin 01 saylı əlavəsinin 4-cü sırasında ( səhifə 12) yer alan cəmi 2.837,533.08 ABŞ dolları dəyərində malların qiymətinin 4-ə proporsional bölünmüş formada (709.383,27 ABŞ dolları olaraq) göstərilməsini tələb etmişdir və bunun nəticəsi olaraq malın ədədi qiymətinin əsl dəyəri invoysda öz əksini tapmamışdır. Müqavilənin sözügedən hissəsində göstərilən mallara nəzər yetirdikdə 5 və 6-cı sıralardakı malların 3 və 4-cü sıralardakı malların tərkib hissəsi olmasına baxmayaraq, 3-4-cü sıralarda həmin 9848-AF8/78E071L, 9848-AF8/78E0729 part nömrəli “Məlumatların saxlanılması qurğusu İBM FlashSystem 9150 SFF NVMe” Control Enclosure və 5-6 -cı sıralarda 9848-AFF / 78CCMD5, 9848- AFF / 78CCMC5 part nömrəli məlumatların saxlanılması qurğusu İBM FlashSystem 9100 SFF Expansion Enclosure malları səhvən hər biri eyni qiymətlə hesablamışdır ki, bunun nəticəsi olaraq idxalçı olaraq İddiaçı tərəfindən 284.604,57 manat (gömrük rüsumu: 241.190,31 manat və ƏDV: 43.414,26 manat) məbləğində artıq gömrük ödənişi ödənilmişdir. Gömrük ödənişi ödənilmədən öncə dəfələrcə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və cavabdeh Bakı Baş Gömrük İdarəsinə qanunvericiliyin tələbinə uyğun olaraq yazılı müraciət edərək gömrük ödənişlərinin hesablanmasında rəsmi sənədlərə istinad edilməsini və hesablamaya düzəliş edilməsi xahiş edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq araşdırma aparılmış və idxalçı İddiaçı MMC-nin gömrük ödənişinə iradlarının haqlı olduğu müəyyən edilmişdir. Bu səbəblə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarə olunması və Audit Baş İdarəsinin rəisi gömrük xidmət polkovniki Fərid Əliyev Bakı Baş Gömrük İdarəsinin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 1000-160/1xx-xx/008571 nömrəli məktubunda ORD00812096 nömrəli xx.xx.2020-ci il tarixli invoysun İddiaçı MMC tərəfindən **********6781 saylı gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara dair sənədlər siyahısına əlavə olunmasına və “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında rəsmiləşdirilməsi zamanı nəzərə alınmasına etirazının olmadığını bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən həmin məktubun heç bir imperativ gücünün olmamasının və tövsiyə xarakteri daşıdığı bildirilmişdir. Bəyannaməçi İddiaçı MMC tərəfindən idxal edilən yuxarıda göstərilən malların Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə təcili olaraq lazım olduğunu, gömrükdə saxlanılan yuxarıda göstərilən malların vaxtında çatdırılması ilə əlaqədar SOCAR qarşısında müqavilə öhdəliyi olduğunu, həmin malların bundan sonra da SOCAR-a çatdırılmaması halında respublika əhəmiyyətli layihənin ləngiyəcəyini nəzərə alaraq məcburiyyət qarşısında barəsində bəhs edilən mallar cavabdeh Bakı Baş Gömrük İdarəsinin istəyinə əsasən bəyan edilmiş və həmin mallara görə əsassız olaraq 15% gömrük ödənişi ödənilmişdir. Bunun nəticəsi olaraq İddiaçı MMC tərəfindən 284.604,57 manat (gömrük rüsumu: 241.190,31 manat və ƏDV: 43.414,26 manat) artıq gömrük ödənişi ödənilmişdir. Göstərilən mallara görə malın dəyərinin 15% məbləğində gömrük ödənişi ödənildikdən, mallar sərbəst dövriyyəyə buraxıldıqdan sonra İddiaçı MMC Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarından istifadə edərək xx.xx.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə müraciət edərək artıq ödənilmiş gömrük ödənişinin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı MMCnin həmin ərizəsi araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisinin xx.xx.2020-ci il tarixli məktubu ilə Bakı Baş Gömrük İdarəsinin rəisinə göndərilmişdir. Cavabdeh Bakı Baş Gömrük İdarəsində artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə İddiaçı MMC-nin ərizəsinə baxılmış və Bakı Baş Gömrük İdarəsinin birinci müavininin imzaladığı xx.xx.2020-ci il tarixli, 1400-012/0xx-xx/00620l№li məktubu ilə artıq ödənilmiş gömrük ödənişinin qaytarılmasından imtina edilmişdir. Artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına imtina barədə həmin məktubda “hüquqi əsas” olaraq Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə istinad edilmiş və təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd olması bildirilmişdir.Aşağıda sadalanan hallara görə artıq ödənilmiş 284.604,57 manat (gömrük rüsumu: 241.190,31 manat və ƏDV:43.414,26 manat) İddiaçı MMC-yə qaytarılmalıdır. Cavabdeh iddia ərizəsinə dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsində göstərilir ki, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.1-ci maddəsində göstərilir ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsində göstərilir ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. İddiaçı MMC xx.xx.2020-ci il tarixli **********1238 sorğu nömrəli gömrük bəyannaməsini təsdiqləyərək təqdim etmiş, gömrük ödənişlərini ödəmiş, həmin bəyannamə gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. İddia qaldırılanadək iddiaçı inzibati orqana “artıq ödənilmiş” vəsaitin geri qaytarılması barədə ərizə ilə müraciət etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5-ci bəndində göstərilən müvafiq tələblərə cavab verən ərizə ilə müraciət etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Hazırkı mübahisə ilə əlaqədar iddiaçı cavabdehə ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 25 saylı qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın tələblərinə əməl edilməklə artıq ödədiyini irəli sürdüyü gömrük ödənişlərinin qaytarılması barədə rəyin tərtib edilməsi ilə bağlı müraciət etməlidir. Belə ki, dövlət büdcəsinə artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması yalnız müvafiq rəy alındıqdan (tərtib olunduqdan) sonra mümkün ola bilər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edən “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın: 1.4-cü bəndinə əsasən gömrük orqanlan tərəfındən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir; 5.1-ci bəndinə görə gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; 6.7-ci bəndinə əsasən gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir; 6.8-ci bəndinə görə tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafıq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır; 6.9-cu bəndinə əsasən gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (bundan sonra Komitə) göndərilməsini təmin edir; 7.1-ci bəndinə görə maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir; 7.2-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir. İddiaçının tələbi artıq alınmış gömrük ödənişinin geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli, 25 nömrəli Qərarı artıq tutulmuş gömrük ödənişlərinin qaytarılmasının hansı qaydada mümkünlüyünü tənzimləyir. İddiaçı isə cavabdehə ödəmələrin qaytarılması ilə bağlı rəyin verilməsi ilə əlaqədar deyil, artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmənin yardımetmək vəzifəsinə uyğun olaraq iddiaçıya xx xxxxxxx 2020-ci il tarixdə məktub ünvanlanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 25 saylı qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın tələblərinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi artıq ödədiyini irəli sürdüyü gömrük ödənişlərinin qaytarılması barədə rəyin tərtib edilməsi ilə bağlı gömrük orqanına müvafiq ərizə ilə müraciət etməli olması, dövlət büdcəsinə artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması yalnız müvafiq rəy alındıqdan (tərtib olunduqdan) sonra mümkün ola biləcəyi bildirlərək, müvafiq rəyin verilməsi üçün cavabdehə müraciət edilməsi və cavabdeh inzibati orqan tərəfindən ərizənin təmin edilməsindən imtina edilməsi barədə sübutları məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən artıq ödəmələrin qaytarılması ilə bağlı rəyin verilməsi ilə əlaqədar əvvəlcə inzibati orqana müraciət edilmədiyindən, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməyindən hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil. Beləliklə, iddiaçı tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığından, eyni zamanda iddiaçı artıq ödəmələrin qaytarılması ilə bağlı müvafiq rəyin tərtib edilməsi ilə əlaqədar cavabdehə müraciət etmədən hazırkı iddia ilə məhkəməyə müraciət etdiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı artıq ödənilmiş gömrük ödənişinin qaytarılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6683/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6683/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver