Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6683/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı səbəbi ilə ona dəymiş zərərə görə müvafiq ödəncin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzərinə əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı səbəbi ilə ona dəymiş zərərə görə müvafiq ödəncin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri Vergilər Departamentinin Operativ Nəzarət İdarəsinin Operativ X3 Vergi Müfəttişi vəzifəsində çalışmışdır. Bakı şəhəri Vergilər Departamentinin 000076 saylı, 14 yanvar 2003-cü il tarixli qərarına əsasən, ünvan 1 ünvanında yerləşən “Elmar” firmasına məxsus çörək sexində xronometraj metodu ilə həmin sexin satış və istehsal dövriyyəsini müəyyən etmək vəzifəsi ona tapşırılmışdır. Çörək sexində istehsal axşam saat 00:00-dan sonra başladığı üçün iddiaçı X2 müfəttiş kimi sexə gedərkən 16 yanvar 2003-cü il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Zığ yolu avtomobil hissələri zavodunun qarşısında X1 idarə etdiyi nəqliyyat vasitəsinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə nəticəsində bədən xəsarəti almışdır. Baş vermiş bədbəxt hadisə haqqında 06 iyun 2003-cü il tarixdə 01 №-li “İstehsalada baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın tələblərinə uyğun olaraq “İstehsalatda bədbəxt hadisə haqqında” İZ formalı akt tərtib edilmişdir. Aktın bədbəxt hadisənin baş verdiyi yer qrafasında Xətai rayonu, Nobel prospekti – avtomobil zavodunun yanı, işçini göndərmiş müəssisə qrafasında isə Bakı şəhəri Vergilər Departamenti qeyd olunmuşdur. İddiaçı 25 yanvar 2016-cı il tarixdə cavabdeh inzibati orqana müraciət edərək əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı nəzərə alınaraq ona dəymiş zərərə görə müvafiq ödəncin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh 18 fevral 2016-cı il tarixli cavab məktubunda iddiaçının sağlamlığının pozulmasında və müvafiq olaraq əmək qabiliyyətinin itirilməsində işəgötürən kimi Vergilər Nazirliyinin (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) hər hansı bir formada təqsiri müəyyən edilmədiyindən iddiaçıya aylıq ödəncin verilməsinin mümkün olmadığını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, iddia təmin olunmalıdır. Cavabdeh iddiaya münasibətdə yazılı etiraz verərək bildirir ki, inzibatı orqan iddia tələbi ilə razılaşmır və onun təmin edilməməli qənaətindədir. Belə ki, işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar işəgötürənin maddi məsuliyyəti ilə bağlı məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Beləliklə, iddiaçının əmək qabiliyyətinin itirilməsində işəgötürən kimi Vergilər Nazirliyinin hər hansı formada təqsiri müəyyən edilmədiyindən və təhlükəsizlik texnikası qaydalarının işəgötürən tərəfindən pozulması faktlarına rastlanmaması səbəbindən iddiaçıya aylıq ödəncin verilməsi mümkün olmamışdır. Həmçinin qeyd olunur ki, iddiaçı şəxsi minik maşınından istifadə edən zaman qəza baş vermişdir. Bu hal yalnız o zaman istehsalat qəzasının təsir dairəsinə aid edilə bilər ki, işəgötürənin bununla bağlı yazılı sərəncamı olsun. Mövcud vəziyyətlə bağlı işəgötürənin hər hansı bir sərəncamı yoxdur. Həmçinin iddia tələbi qeyrimüəyyən xarakter daşıyır. İddia tələbində göstərilən “müvafiq ödəncin verilməsi” tələbi ümumi məna kəsb edir, iddiaçının hansı dövrdən, hansı miqdarda ödəniş vermək arzusunu konkret olaraq ehtiva etmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 207-ci maddəsinə əsasən işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. 239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239-cu maddəsinin 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Əmək qanunvericiliyindən çıxan nəticəyə görə, işçinin həyatının və sağlamlığının müəssisənin fəaliyyətinin nəticələrindən (istehsalatın maddia millərindən) üstün tutulması əməyin mühafizəsi və bütövlükdə əmək hüququnun aparıcı prinsipidir. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, işəgötürən tam və ya qismən təqsirli olduqda, onun müalicə olunması üçün çəkdiyi, eləcə də ona pensiya, müavinətlər verilməsi ilə əlaqədar sosial orqanları tərəfindən çəkilən xərclərin əvəzini bütövlüklə ödəməlidir. Bu məsuliyyəti tənzimləyən konkret normalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Qaydaların: 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, habelə istehsal avadanlıqları və obyektlərində qəza zamanı işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. Həmin Qaydaların 1.2-cü bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: - işəgötürənin sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X4 Xidmətinin yerli bölməsinə məlumat verməlidir. 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. 2.1-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X4 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X4 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması məsələlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən İstehsalatda baş verən bədbəxt hadisə barədə Aktın (İZ Aktının) müəyyən tədbirlər görüldükdən və müvafiq prosedurlar həyata keçirildikdən sonra verilməsi nəzərdə tutulmuşdur (aidiyyəti quruma bu barədə məlumat verilir, Təhqiqat Komissiyası yaradılır, xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün müvafiq rəylər alınır, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilir və uçota alınır. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydaları, şərtləri və məbləğləri: 1.3-cü bəndinə əsasən aşağıdakı bu sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: -İstehsalatda baş vermiş bədbəxt hadisə barədə qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt; -İşçinin peşə əmək qabiliyyətininin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı; 3.2. Zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir: -zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən; Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə ilkin təyin edilmiş “istehsalat zədəsi” səbəbindən 2-ci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı il tarixdə avomatlaşdırılmış qaydada 5 il müddətinə uzadılmışdır. xx.xx.2021ci il tarixindən isə “istehsalat zədəsi” səbəbi ilə (əmək qabiliyyətinin 50% itirilməsi) müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, hazırki mübahisə üzrə istehsalatda baş vermiş bədbəxt hadisə barədə İZ aktı mövcudluğu da istisna olunmur. Nəzərə alınmalıdır ki, iddiaçının hazırki mərhələdə ikinci dərəcəli əlilliyə malik olması və istehsalatda baş vermiş bədbəxt hadisə barədə İZ aktının mövcudluğu, iddiaçıya əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı səbəbi ilə ona dəymiş zərərə görə müvafiq ödəncin tələb edilməsi hüququnu vermir. Belə ki, şəxsin bu ödənci tələb etmək hüququ yalnız o halda yarana bilər ki, əgər istehsalat qəzası nəticəsində işçinin səhhətinə vurulan zərər bilavasitə işəgötürənin təqsiri (tam və ya qismən) ilə bağlı olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa müvafiq olaraq olaraq işəgötürənin təqsiri olduğu halda təqsirinin dərəcəsindən asılı olmayaraq o, tam məsuliyyət daşıyır. Yuxarıda qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir: - AR Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar yaranan maddi məsuliyyət həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxıçından yanız işəgötürən təqsirli olduqda yaranır. - AR Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasında asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır. Qeyd olunanlara əsəsən, təqsir maddi məsuliyyətin yaranmasının əsas şərti kimi göstərilmişdir. Təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir, eləcə də qarşılıqlı maddi məsuliyyətin yaranması üçün vacib amildir. Yuxarıda qeyd olunan nomaların məzmunundan göründüyü kimi işçiyə əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclərin, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin ödənilməsi yalnız işəgötürənin təqsiri olduqda yol verilir. İş materiallarından göründüyü kimi “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın tələblərinə uyğun olaraq təhqiqat komissiyası tərəfindən təhqiqat aparılaraq xx.xx.2003-cü il tarixdə 1 №-li “İstehsalatda bədbəxt hadisə haqqında” İZ formalı akt tərtib edilmişdir. Həmin akt Bakı şəhər Vergilər Departamenti Operativ Nəzarət İdarəsinin rəisi tərəfindən möhürlənmiş və təsdiq edilmişdir. Beləliklə, Qaydaların 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə işəgötürən öz cavabdehliyini göstərmişdir. Həmin akta əsasən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının işəgötürən tərəfindən pozulması faktı, başqa sözlə işəgötürənin təqsirli (tam və ya qismən) olması müəyyən edilməmişdir. Məhkəmə bunu qeyd edir ki, işin digər bir mübahisə doğurmayan tərəfi isə baş vermiş yol-nəqliyyat hadisəsinin iddiaçının öz şəxsi minik avtomobilində hərəkət edən zaman olmasıdır. Məhkəmə tərəfindən xx.xx.2003-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisə ilə bağlı müvafiq olaraq Baş Dövlət Yol Polis İdarəsinə sorğu verilmiş, lakin başadüşüləndir ki, hadisənin 20 ilə yaxın müddət əvvəl baş verməsi səbəbindən toplanılan sənədlər məhvetmə aktı tərtib edilərək artıq məhv edilmişdir. Lakin Qaydaların 1.2-ci bədində qeyd olunduğu kimi hadisə baş verən zaman işçi əmək fəaliyyətini şəxsi minik avtomobilində yerinə yetirən zaman bununla bağlı işəgötürən tərəfindən verilməli olan sərəncamın olmaması, habelə hər hansı bir hüquqmüəyyənedici sənədlərin olmaması (etibarnamə və s.) hadisə zamanı iddiaçının öz minik avtomobilində olması faktını şübhə altına almır. Məhkəmə bir daha vurğulayır ki, İddiaçı yol-nəqliyyat hadisəsi baş verən zaman öz şəxsi minik avtomobilində olması və bununla bağlı işəgötürənin yazılı sərəncamının olmaması hadisənin istehsalat qəzasının təsir dairəsinə aid etmir. Bu səbəbdən də baş vermiş hadisə nəticəsində işəgötürənin işçi qarşısında hər hansı bir maddi məsuliyyəti müəyyən olunmur. Məhkəmə hesab edir ki, baş vermiş hadisə nəticəsində işçinin əmək qabiliyyətinin itirilməsində işəgötürən kikim Vergilər Nazirliyinin hər hansı formada təqsiri müəyyən edilmədiyindən, habelə baş vermiş yol-nəqliyyat hadisəsinin iddiaçının öz şəxsi minik avtomobilində hərəkət edən zaman olduğundan iddiaçının əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı səbəbi ilə ona dəymiş zərərə görə müvafiq ödəncin verilməsi tələbi əsassızdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6683/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6683/2022
13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver