Məhkəmə qərarları › İş №2-1(112)-6683/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6683/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6683/2023 02.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “əmrlərin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tətbiq edilmiş töhmət barədə 218 saylı, xx.xx.2022-ci il tarixli şiddətli töhmət barədə 298 saylı, xx.xx.2022-ci il tarixli Əmrlərin və xidməti araşdırmanın nəticələrinin, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 503-k saylı Əmrinin, Penitensiar Xidmətin 847/k saylı, xx.xx.2022-ci il tarixli Əmrlərinin ləğv edilməsi və onun Penitensiar Xidmətin Mühafizə alayının komandirinin müavini vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.2008-ci ildən 219 saylı Əmrə əsasən Mühafizə Alayı xüsusi təyinatlı bölüyünün təlimatçısı vəzifəsinə təyin olunmaqla Azərbaycan Respublikası Cavabdeh1ndə qulluğa qəbul edilmişdir. Xidmət etdiyi dövrdə daima ədliyyə orqanlarında qüsursuz xidmətinə görə fərqlənərək vəzifədə irəli çəkilmiş və xx.xx.2022-ci il tarixdən rəsmi olaraq Penitensiar Xidmətin Mühafizə Alayının komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Səbəbi və əsası ona izah edilmədən Penitensiar Xidmət rəisi Ceyhun Həsənovun 847/K saylı, xx.xx.2022-ci il tarixli Əmrinə əsasən, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Yazılı olaraq Penitensiar Xidmətə müraciət etdikdən sonra ona rəsmi qaydada işdənçıxarılma Əmrinin surəti və əmək kitabçası təqdim edilərkən ona məlum olmuşdur ki, barəsində hər hansı intizam icraatı başlamadan və ya xidməti araşdırmanın nəticələri ona təqdim edilmədən ədliyyə orqanlarından əsassız olaraq xaric edilmişdir. Belə ki, qulluq dövründə səlahiyyətlərini icra edərkən qanunvericilikdə nəzərdə tutulmuş məhz hansı tələbləri bilavasitə və qərəzli olaraq pozduğuna dair hər hansı göstəriş və ya intizam məsuliyyəti elan edilməmiş, həmçinin barəsində xidməti araşdırma aparılmasından (həmçinin onun nəticələrindən) məlumatı olmamışdır. Həmin intizam tədbirindən, yəni Əmrlərdən məlumatı olmamış, hər iki halda səhhətində yaranan ani narahatçılıq səbəbindən işə gecikdiyinə görə Xidmət rəhbərinin adına ərizə ilə (izahat) müraciət etmiş və ona xəbərdarlıq edilərək vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə davam etmişdir. Ona görə də, səhhətində yaranmış ani narahatçılığı qabaqcadan müəyyən edərək rəhbərlikdən öncədən icazə alması qeyrimümkün olduğundan, həmçinin vəzifə səlahiyyətlərini qısa müddət ərzində icra edə bilməməsi işin ahəngini pozmaqla hər hansı mühüm əhəmiyyətli, ağır nəticələrə səbəb olmadığından xidməti davamiyyətin davamlı, qəsdən və qərəzli olaraq pozulduğu kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, xx.xx.2022-ci il tarixdə qeyri-iş günündə növbətçilik cədvəlinə uyğun olaraq xidmətdə olduğu zaman səhər 9 radələrində xidmət yerində olmalı olduğu halda temperaturu 40 dərəcə olmaqla soyuqdəymədən əziyyət çəkdiyindən, Xidmətlə əlaqə saxladığı vaxt səhhətində ciddi problemlər yarandığını, lakin çətin olsa da, bir qədər gec gələcəyini bildirmiş və saat 10 radələrində iddiaçıya Xidmətdən zəng edərək üzrlü səbəb olduğundan işə çıxmaması tövsiyə edilmişdir. O, artıq işin yaxınlığında olduğunu bildirsə də, xəstə-xəstə işə çıxmaması ona bildirilmişdir. Səhərisi gün, yəni xx.xx.2022-ci il tarixdə Xidmət rəhbərinin adına izahat yazaraq işə çıxmamasının səbəblərini əsaslandırmışdır. Həmçinin, ******* saylı Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hiperfenzib ensefalopatiya diaqnozu ilə stasionar müayinə və müalicə almışdır. Hər iki halda da xəstəlik səbəbindən xidməti vəzifələrini icra edə bilməmiş, əvvəlcədən şifahi formada səhhətində yaranan ani narahatçılıq barədə məruzə etmiş və sonradan yazılı izahat yazaraq xəstəliyinin üzrlü səbəb kimi qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçıya şifahi xəbərdarlıq edilmiş, hər hansı töhmət və ya şiddətli töhmət barədə Əmr elan edilməmişdir. Sonradan Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli, 3-16-17/3/2- 1585/2023 saylı məktubu ilə iddiaçıya məlum olmuşdur ki, guya tutulan iradlardan düzgün nəticə çıxarmayaraq xidmətində dönüş yaratmadığına və xidməti davamiyyəti pozduğuna görə Mühafizə alayı üzrə xx.xx.2022-ci il tarixli, 218 saylı əmrlə töhmət və sonradan xidməti davamiyyəti pozaraq, xx.xx.2022-ci il tarixdə icazə olmadan, heç kimə məruzə etmədən xidmət yerinə gəlmədiyinə görə xx.xx.2022-ci il tarixli, 298 saylı əmrlə şiddətli töhmət verilmişdir. Hazırkı günədək ictimai davranış qaydalarını pozması və ya cəmiyyətə qarşı hörmətsizlik ifadə edən hər hansı hərəkət etməsinə dair barəsində hər hansı inzibati və ya cinayət təqibi aparılmamışdır. Eyni zamanda xidmətdə olduğu dövrdə vəzifə səlahiyyətlərini icra edərkən ədliyyə orqanlarının nüfuzunu aşağı salan hərəkətlərə yol verməmiş, əksinə şəxsi və ailə həyatının toxunulmazlığı pozulmuş, onun iradəsindən kənar şəxsi həyatına müdaxilə edilərək şərəf və ləyaqəti alçaldılmış və beləliklə də xidmət etdiyi inzibati orqanın rəhbərliyinə onun şəxsiyyətini mənfi xarakterizə edən məruzə hazırlanmışdır ki, Ədliyyə Nazirliyi üzrə qəbul edilmiş Əmrə əsasən ədliyyə orqanlarından xaric edilməsinə dair qərar qəbul edilmişdir. Sosial şəbəkələrdə əks edilən onun şərəf və ləyaqətini alçaldan materialların həqiqəti əks etdirib-etdirməməsi, həmçinin xidməti fəaliyyətinə mənfi təsir göstərib-göstərməməsi kimi hallar xüsusilə araşdırılmamışdır. Eyni zamanda xidməti araşdırmanın nəticələrinin hazırkı gün də ona təqdim edilməməsi onun bilavasitə araşdırmada iştirak etmədiyini, öz müdafiəsi üçün zəruri şərait yaradılmamasını, həmçinin sözügedən intizam tənbehlərindən və xidməti araşdırmanın nəticələrindən narazı qalaraq yuxarı inzibati orqana və ya məhkəməyə şikayət vermək hüququnun məhdudlaşdırılmasını təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək, iddia tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə nəticəyə gəlinərək iddianın mümkünlüyü və məhkəmə baxışına keçilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, iddia ərizəsində ləğvini xahiş etdiyi əmrlər iddiaçıya rəsmi qaydada iddiaçının inzibati orqana dəfələrlə müraciətindən sonra təqdim edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli akt formal xarakter daşımaqla qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi elan etmə hesab edilmir. Belə ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə işlədiyi inzibati orqanın əməkdaşı tərəfindən zəng edilərək həmin orqana dəvət olunmuş, həmin gün onun işdən çıxarılmasına dair əmr elan edilməmiş, xx.xx.2022-ci il tarixdə isə ümumiyyətlə belə bir müraciət daxil olmamışdır. Həmin tarixdə ididaçı X3 stasionar müalicədə olmuşdur. Eyni zamanda, mübahisələndirilən xx.xx.2022-ci il tarixli 218 saylı töhmət barədə və xx.xx.2022-ci il tarixli şiddətli töhmət barədə əmrlər ümumiyyətlə, rəsmi qaydada təqdim edilməmiş və elan edilməmişdir. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülməmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 məhkəməyə vəsatət təqdim edərək, bildirmişdir ki, iddiaçı 2007-ci ildə Milli Aviasiya Akademiyasını bitirmiş, xx.xx.2001xx.xx.2003-cü il tarixlərində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2008-ci il tarixdə Penitensiar xidmətdə qulluğa qəbul edilərək Mühafizə alayı xüsusi təyinatlı bölüyünün təlimatçısı vəzifəsinə təyin olunmuş, xx.xx.2012-ci il tarixdə alayın 9-cu atıcı bölüyünün 2-ci taqım komandiri vəzifəsinə, xx.xx.2013-cü il tarixdə alayın xüsusi təyinatlı bölüyünün 2-ci taqım komandiri vəzifəsinə, xx.xx.2017-ci il tarixdə alayın Qərargahının tərbiyə işləri üzrə qrup rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə Mühafizə alayının komandirinin müavini vəzifəsi üzrə səlahiyyətlərinin müvəqqəti icrası ona həvalə edilmiş, xx.xx.2022-ci il tarixdə həmin vəzifəyə təyin olunmuşdur. İddiaçı qulluq müddətində 3 dəfə mükafatlandırılmış, qeyd olunan intizam tənbehlərinə cəlb olunmuşdur: Xidməti vəzifə borcuna səhlənkar yanaşdığına və dəfələrlə xidmətə gecikdiyinə görə bir neçə dəfə xəbərdarlıq elan edilmiş, lakin buna baxmayaraq edilmiş xəbərdarlıqlardan düzgün nəticə çıxarmadığına görə Mühafizə alayı üzrə xx.xx.2013-cü il tarixli 126 №-li əmrlə “töhmət”; Tutulan iradlardan düzgün nəticə çıxarmayaraq xidmətinə dönüş yaratmadığına və xidməti davamiyyəti pozduğuna görə Mühafizə alayı üzrə xx.xx.2022-ci il tarixli 218 №-li əmrlə “töhmət”; Xidməti davamiyyəti pozaraq xx.xx.2022-ci il tarixdə icazə olmadan, heç kimə məruzə etmədən xidməti yerinə gəlmədiyinə görə Mühafizə alayı üzrə xx.xx.2022-ci il tarixli 298 №-li əmrlə “şiddətli töhmət” elan olunmuşdur. Sonuncu vəzifədə işləyərkən xidməti araşdırmanın nəticəsinə dair rəyə əsasən verilmiş intizam tənbehlərindən müsbət nəticə çıxarmayaraq yenidən əmək intizamını pozaraq üzürsüz səbəbdən xidmətdən yayındığına, ümumqəbul olunmuş milli əxlaq və ictimai davranış normalarına əməl etmədiyinə, ailə və sosial münasibətlərinin onun xidməti fəaliyyətinin nüfuzuna xələl gətirməsinə və ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyinə, habelə araşdırma zamanı qeyri-səmimilik və kobudluq nümayiş etdirdiyinə görə ədliyyə orqanlarından xaric edilməsi barədə Ədliyyə Nazirliyinin rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. İddiaçı barəsində tətbiq edilmiş intizam tənbehlərindən lazımi nəticə çıxarmadığına və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərini kobud pozduğuna görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.11-ci, 31.1.8-ci, 32.1-ci, 40.1.11-ci maddələrinə əsasən Ədliyyə Nazirliyi üzrə xx.xx.2022-ci il tarixli 503-k saylı əmrlə ədliyyə orqanlarından xaric edilmişdir. Hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir. İddiaçı xx.xx.2022-ci il tarixdə ədliyyə orqanlarından xaric edilmiş, lakin iddia ərizəsilə 2023-cü ilin fevral ayında məhkəməyə müraciət etmişdir. Bununla da qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Odur ki, yuxarıda qeyd olunanlar nəzərə alınaraq, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinə qarşı iddiasının mümkün sayılmaması haqqında qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi vəsatəti müdafiə edərək, onun təmin edilməsini və iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılması və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndələri vəsatətə etiraz edərək, onun təmin olunmamasını və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi iclasda nümayəndəsinin iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının xx.xx.2022-ci il tarixli 218 saylı əmrindən görünür ki, tutulan iradlardan düzgün nəticə çıxarmayaraq, üzərində çalışmayaraq xidmətində dönüş yaratmadığına və xidməti davamiyyəti pozduğuna görə Mühafizə alayın Komandir müavini ədliyyə mayoru İddiaçı “Töhmət” elan edilmişdir. Mühafizə Alayının xx.xx.2022-ci il tarixli 298 saylı əmrindən görünür ki, Alay komandirinin xx.xx.2022-ci il tarixli 218 saylı əmri ilə verilmiş “Töhmət”ə baxmayaraq tutulan iradlardan düzgün nəticə çıxartmayaraq, xidmətində dönüş yaratmadığına və xidməti davamiyyəti pozaraq, xx.xx.2022-ci il tarixdə icazə almadan, heç kimə məruzə etmədən xidməti yerinə gəlmədiyinə görə Mühafizə alayın Komandir müavini ədliyyə mayoru İddiaçı “Şiddətli töhmət” elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin xx.xx.2022-ci il tarixli 17/3-19166 nömrəli təqdimatında göstərilmişdir ki, Penitensiar xidmətin Mühafizə alayının komandir müavini ədliyyə mayoru İddiaçı 1983-cü ildə Bakı şəhərində anadan olmuş, xx.xx.2008-ci il tarixdən ədliyyə orqanlarında qulluqdadır. xx.xx.2022-ci il tarixdən hazırkı vəzifədə çalışır. Ədliyyə mayoru İddiaçı verilmiş intizam tənbehlərindən müsbət nəticə çıxarmayaraq yenidən əmək intizamını pozaraq üzürsüz səbəbdən xidmətdən yayındığına, ümumqəbul olunmuş milli əxlaq və ictimai davranış normalarına əməl etmədiyinə, ailə və sosial münasibətlərinin onun xidməti fəaliyyətinin nüfuzuna xələl gətirməsinə və ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyinə, habelə araşdırma zamanı qeyri-səmimilik və kobudluq nümayiş etdirdiyinə görə Penitensiar xidmət üzrə xx.xx.2022-ci il tarixli 35 nömrəli əmrlə onun ədliyyə orqanlarından xaric edilməsi barədə Ədliyyə Nazirliyinin rəhbərliyi qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı ədliyyə orqanlarından xaric olunması məsələsinə baxılmasına göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli 503-K nömrəli əmrindən görünür ki, Penitensiar xidmətin təqdimatına əsasən Penitensiar xidmətin Mühafizə alayı komandirinin müavini ədliyyə mayoru İddiaçı barəsində tətbiq edilmiş intizam tənbehlərindən lazımi nəticə çıxartmadığına və "Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərini kobud pozduğuna görə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.11-ci, 31 1.8-ci, 32.1-cı, 40.1.11-ci maddələrinə əsasən ədliyyə orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin xx.xx.2022-ci il tarixli 847/k nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli 503-K nömrəli əmrinə əsasən Penitensiar xidmətin Mühafizə alayının komandir müavini ədliyyə mayoru İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İşdə olan Penitensiat xidmətin Daxili təhqiqat şöbəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Penitensiar xidmətin Daxili təhqiqat şöbəsinin əməkdaşları baş inspektor ədliyyə polkovnik-leytenantı Süleyman Salayev, böyük inspektor ədliyyə mayoru Fəxri Şükürov və inpektor ədliyyə kapitanı Nicat Mansurlu bu protokolu tərtib etmişdir ki, Penitensiar xidmətin sabiq əməkdaşı İddiaçı Xidmətin baş idarəsinə Ədliyyə Nazirliyi üzrə xx.xx.2022-ci il tarixli 503-K saylı əmr ilə tanış olunması üçün baş idarəyə dəvət olunması üçün istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılmışdır. Telefon danışığı zamanı İddiaçı Baş idarəyə gəlməkdən qəti şəkildə imtina etmişdir. Bununla əlaqədar əmr ona telefonla ucadan oxunmuş, sonuncu bundan narazı qaldığını və bu barədə gələcəkdə məhkəmə orqanlarına şikayət edəcəyini vurğulamışdır. İddiaçı hazırda onun barəsində tətbiq edilmiş töhmət barədə 218 saylı, xx.xx.2022-ci il tarixli, şiddətli töhmət barədə 298 saylı, xx.xx.2022-ci il tarixli Əmrlərin, xidməti araşdırmanın nəticələrinin, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 503-k saylı Əmrinin, Penitensiar Xidmətin 847/k saylı, xx.xx.2022-ci il tarixli Əmrlərinin ləğv edilməsini və onun Penitensiar Xidmətin Mühafizə alayının komandirinin müavini vəzifəsinə bərpa olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının əmrin ləğv edilməsi tələbi İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi əmrlərin ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, iddiaçının ədliyyə orqanlarından xaric edilməsi barədə əmr xx.xx.2022-ci il tarixdə verilsə də, iddiaçı həmin əmri 3 aya yaxın müddət keçdikdən sonra mübahisələndirmişdir. İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizədə onun xidmətdən xaric edilməsi barədə əmrin rəsmi qaydada verilməməsinə və buna görə də müddəti buraxmamasına istinad etsə də, məhkəmə bu dəlili əsaslı saymır. Belə ki, yuxarıda istinad olunan normalardan da məlum olduğu kimi, inzibati akt maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir və inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İddiaçının xx.xx.2022-ci il tarixdə etibarən iş yerinə getməməsi, xidməti vəzifələrinin icrasına buraxılmaması, həmin tarixdən əmək haqqı almaması onun artıq həmin tarixdən xidmətdən xaric olunması barədə məlumatlı olduğunu göstərir. Bundan əlavə, iddiaçı Azərbaycan Respublikası Cavabdeh1ndə yüksək rütbəli vəzifə tutan şəxs olmuş, onun xidmətdən xaric edilməsi xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitələrində də öz əksini tapmışdır (məsələn,oxu.az, pravda.az, baku.ws və sair). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən əmrin rəsmi olaraq təqdim olunmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq məhkəmə hesab edir ki, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Göründüyü kimi, iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan ən geci xx.xx.2022-ci il tarixdən məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə xx.xx.2023-cü il tarixdə hazırkı məhkəmədə iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin: -22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. - 24.6-cı mddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Hazırkı iş üzrə iddiaçı prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi mübahisələndirilən əmrin ona təqdim edilməməsini qeyd etmişdir. Məhkəmə qeyd edilənləri iddia müddətinin ötürülməsinin üzrlü səbəbi kimi qəbul etmir. Belə ki, qeyd edildiyi kimi iddiaçı sözügedən əmrdən əmr ona elan olunduğu vaxtdan məlumatlı olmuşdur. Məhkəmədə iddia qaldırmaq üçün inzibati aktın rəsmi qaydada əldə etməsinə hüquqi zərurət olmamışdır. İddiaçının xidmətdən azad edilmə barədə məlumatlı olduğu vaxtdan müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək imkanını istisna edən hər hansı hal mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, iddiaçının onun xidmətdən xaric edilməsi barədə əmrlərin mübahisələndirilməsi barədə hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddəti ötürülmüşdür (iddiaçının xidmətdən xaric edilmə barədə əmrin mübahisələndirilməsi üçün müddəti ötürməsi ona tətbiq edilən intizam tədbirləri barədə əmrlərə qiymət verilmə zərurətini də aradan qaldırır), müddətin ötürülməsinin üzrlü səbəbləri müəyyən edilmədiyindən müddətin bərpası barədə ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 24.7-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Prosessual müddətin bərpa edilməsinin əksinə müddətin bərpa edilməməsi barədə qərardaddan şikayət verilə bilər. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 24, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “əmrlərin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar