Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6686/2021 17.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdeh X3 Xidmətinin nümayəndəsi Əsədullayev Əlisahib Ceyhun oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər “X7 Tradinq” MMC-yə, “X4” MMC-yə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsinin ləğvi və məlumatların elektron informasiya sistemindən çıxarılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “X7 Tradinq” MMC-yə, “X4” MMC-yə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X7 Tradinq” MMC-nin, “X4” MMC-nin “əmək müqaviləsinin ləğvi və məlumatların elektron informasiya sistemindən çıxarılması” tələbi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o X7 Trading MMC-nin qanuni təmsilçisi Pakistan İslam Respublikası vətəndaşı Atif Ullah və X5 MMC-nin qanuni təmsilçisi Pakistan İslam Respublikası vətəndaşı Hizb Ullah tərəfindən hər iki müəssisəyə icraçı direktor vəzifəsinə təyin edilmiş və hər iki müəssisədə 24.10.2018-ci il tarixində işçilərlə əmək müqaviləsi bağlayaraq onların müqavilələrini 27.10.2018-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi üzrə mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etmişdir. Müəssisələrin rəhbərliyi ona və bütün işçilərə bir həftədən sonra işə başlayacaqlarını bildirmişdir. Ancaq bir həftədən sonra ofisə getdikdə və ofisin bağlı olduğunu və təsisçilərin sənədləri səhv olduğu üçün Azərbaycandan deport olduqları məlum olmuşdur. Bu günə qədər adları adı çəkilən şirkətlərdə getməyə davam etdiyindən işçilər heç bir yerdə işə düzələ bilmir və bu səbəbdən dövlətdən sosial yardım da ala bilmirlər. Həmçinin bütün sənədləri o cümlədən möhür, asan imza qanuni təmsilçilər tərəfindən götürülmüş, Azərbaycandan deport edilmiş və qanuni təmsilçilər tərəfindən ona verilmiş etibarnamənin müddəti qurtardığından işçilərin adlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi üzrə mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxara bilmir. Bu barədə dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət edərək işçilərin adlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi üzrə mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmasını istəmişlər, lakin heç bir nəticəsi olmamışdır. İşçilərin işləmələri barədə yanlış məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi üzrə mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmamasından imtina edilməsi işçilərin Konstitusion hüquqlarını, əmək hüquqlarını pozur və işçilərin rəsmi olaraq işə götürülməsinə, işləməsinə mane olur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən daxil olan etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı İddiaçı ilə cavabdehlər “X7 Tradinq” MMC və “X4” MMC arasında qüvvədə olan əmək müqaviləsi bildirişinin olmadığı müəyyən edilmişdir. Buna baxmayaraq, iddia ərizəsindən də göründüyü kimi İddiaçı əmək müqaviləsi bağladığı işçilərin hüquqları İlə bağlı məhkəməyə müraciət etmiş və “X7 Tradinq" MMC və ya “X4” MMC ilə arasında hər hansı fərdi əmək mübahisəsi mövcud deyildir, iddiaçı ona verilmiş səlahiyyətlər əsasında işçilərlə əmək müqaviləsi bağlasa da, qanunvericiliyin tələblərinə riayət etməməsi nəticəsində işçilərin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişləri elektron informasiya sisteminə daxil edə bilməmişdir. İddiaçı tərəfindən şəxsiyyətləri və sayları bilinməyən digər şəxslərin hüquqları ilə bağlı iddiaçı qismində məhkəməyə müraciət etməsi qanunvericiliyin tələblərinə ziddir və bu hissədə də Məhkəmə tərəfindən iddiaçının tələbi mümkünsüz sayılmalıdır. Əlavə olaraq sözügedən işçilərlə “X7 Tradinq” MMC və “X4” MMC arasında xitam verilməmiş əmək müqavilələri mövcuddur. Belə olan halda işçilər ilk növbədə sözügedən əmək müqaviləsinin xitamı ilə bağlı aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət etməlidirlər. Əmək müqaviləsinə xitam verilməsi, habelə əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların sistemə daxil edilməsi ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı üçün inzibati məhkəməyə müraciət edilməsi məhkəmə aidiyyəti normalarının pozulmasına gətirib çıxarır. Eyni zamanda iddiaçının öz iddia tələbində X3 Xidmətini cavabdeh kimi göstərərək, işçilərin əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişlərinin sistemdən çıxarılması vəzifəsinin Xidmətin üzərinə qoyulması tələbi maddi normalara ziddir və əsassızdır. Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələblər Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti (bundan sonra - Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra - işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla yanaşı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsininin xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi kimi öhdəliklərinin Xidmətin üzərinə qoyulması tələbi qanunvericiliyinin tələblərinə uyğun deyil. Əmək müqaviləsi işəgötürən ilə işçi arasında müvafiq qaydada xitam verilməli və bundan sonra əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemdə işəgötürən tərəfindən müvafiq qeydlər aparılmalıdır. Cavabdehlər “X7 Tradinq” MMC və “X4” MMC-nin hüquqi ünvanlarına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, “ünvanda yoxdur” qeydi ilə poçt rabitə orqanı tərəfindən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə hər iki cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın mümkün sayılaraq, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iddia ərizəsinə verilmiş yazılı etiraza uyğun izahat verərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq həm yazılı formada¸ həm də məhkəmə iclasında şifahi formada iddiaçıya “hüquqi yardım” göstərərək, hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olmadığı, cavabdeh qismində qeyd edilmiş “X7 Tradinq” MMC və “X4” MMC-in inzibati orqan olmadığı barədə izah etmişdir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Qanunun mənasına görə, tam fəaliyyət qabiliyyəti 18 yaşa çatmaqla əldə olunur. Məhz 18 yaşa çatdıqdan sonra şəxs müstəqil surətdə mülki hüquq müqavilələri bağlaya bilər, əmlakı üzərində sərəncam verə bilər, hüquqi əhəmiyyətli başqa hərəkətlər edə bilər və bu hərəkətlərin nəticələrinə görə müstəqil surətdə əmlak məsuliyyəti daşıya bilər. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı buna səlahiyyəti olmadan bir neçə işçinin adından hazırki iddianı qaldırmışdır. Bundan başqa cavabdehlər sırasında qeyd etdiyi X7 Tradinq” MMC-nin və “X4” MMC-nin “İnzibati orqanların təsnifatında” adı qeyd edilməmişdir. Beləliklə, Məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq izah edir ki, sözügedən işçilərlə “X7 Tradinq” MMC və “X4” MMC arasında xitam verilməmiş əmək müqavilələri mövcuddur. Əmək müqaviləsinə xitam verilməsi, habelə əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların sistemə daxil edilməsi ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğundan, işçilər ilk növbədə sözügedən əmək müqaviləsinin xitamı ilə bağlı aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət etməlidirlər. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək, Məhkəmə belə nəticəyə gəlir ki, iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-6686/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6686/2021
17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver