Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6687/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası) “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Forma 11 nömrəli qoşmanın ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi ilə əvəz edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx xxxxx 1998-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsi tərəfindən 04 iyul 2016-cı il tarixdə ona hərbi bilet verilmiş, həmin tarixdə Goranboy rayonuna hərbi xidmətə yollanmışdır. 3 ay qulluq etdikdən sonra o, hərbi xidmətini davam etdirməsi üçün Tərtər rayonuna hərbi hissəyə göndərilmiş və postda olarkən xx.xx.2016-cı il tarixdə, saat 01:30 radələrində yaralandığından onu Bakı şəhəri, Nəsimi rayonunda «Papanin» adlanan ərazidə yerləşən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş Klinik Hospitalına gətirmişlər və bir müddətdən sonra hərbi hissəyə nəzarət altında qaytarmışlar. O, güllənin təsirindən baş nahiyyəsindən, iki gözümdən və sair xəsarətlər aldığına görə stasionar müalicədə olmuşdur. Hərbi xidmət müddəti bitdiyi üçün 08 yanvar 2018-ci ildə o, tərxis olunaraq evə qayıtmışdır. 2020-ci ildə hərbi səfərbərlik zamanı 29 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün o, Cəbrayıl rayonu Xocavənd istiqamətinə aparılmış, orada, eləcə də Laçın rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, medalla təltif olunmuşdur. O, xidmət etdiyi müddət ərzində döyüş əməliyyatları zamanı xəsarət almışdır. Onun səhhəti həmin vaxtdan hazıra kimi çox pisdir, müalicə olunmasına baxmayaraq, gecələr yata bilmir, görmə qabiliyyəti pisdir, bu vəziyyətinə görə onu heç bir yerdə işə götürmürlər. Onun bir çox müraciətlərinə baxmayaraq, xidmət etdiyi müddətdə döyüş əməliyyatları zamanı xəsarətlər alması ilə bağlı travma haqqında arayışı əldə edə bilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, o, İddiaçı komandiri olmuşdur. İddiaçı xx.xx.2020-ci ildə səfərbərliklə həqiqi hərbi xidmətə çağırılmış, döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları zamanı yaralanmışdır. Lakin hərbi hissənin tibb məntəqəsində yer olmadığı üçün onu Masallı şəhərinə "xxxx" Klinikasına gətirmişlər. Müharibə bölgəsində aldığı travmaya görə İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək "xxxx" Klinikasında müalicə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, İddiaçı onun əsgər yoldaşı olmuş, onunla eyni hərbi hissədə xidmətdə olmuşdur. İddiaçı xx.xx.2020-ci ildə səfərbərliklə həqiqi hərbi xidmətə çağırılmış, Vətən müharibəsində iştirak etmiş, döyüşlərdə xəsarət almışdır. Lakin hərbi hissənin tibb məntəqəsində yer olmadığı üçün onu Masallı şəhərinə "xxxx" Klinikasına gətirmişlər. Döyüşlərdə aldığı xəsarətlə əlaqədar həmin xəstəxanada müalicə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, İddiaçı onun əsgər yoldaşı olmuş, onunla eyni hərbi hissədə xidmətdə olmuşdur. İddiaçı Vətən müharibəsində iştirak etmiş, döyüşlərdə xəsarət almışdır. Döyüşlərdə aldığı xəsarətə görə Masallı şəhərində "xxxx" Klinikasında müalicə almışdır. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onların nümayəndələri məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: döyüş əməliyyatları zamanı xəsarət almış lakin bu və ya digər səbəbdən barəsində müvafiq qeyd aparılmamış hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”sinin 7.4 maddəsində göstərildiyi qaydada sonradan şəhadətləndirilə bilər. Bu zaman döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda, şəhadətləndirilən şəxslə bir vaxtda xidmət (hərbi toplanışa cəlb edilmiş) etmiş, ifadələri hərbi hissə komandiri tərəfindən təsdiqlənmiş hadisə şahidlərinin, digər qeydiyyat sənədlərinin Hərbi Həkim Komissiyasına təqdimi əsasında və ya hadisə şahidlərinin iştirakı ilə məhkəmə qərarı qaydasında həyata keçirilə bilər. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış) keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. İş materiallarında olan iddiaçıya məxsus Vətən müharibəsi əlillərinə kömək İctimai Birliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1182 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı Vətən müharibəsinin iştirakçısıdır. İş materiallarında olan iddiaçıya məxsus SX seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən xx.xx.2020-ci ildə səfərbərliklə həqiqi hərbi xidmətə çağrılmış, həmin tarixdə 282 nömrəli əmrlə N nömrəli hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.2020-ci ildə N nömrəli hərbi hissədə atıcı kimi xidmətdə olmuş, həmin hərbi hissədə atıcı olaraq Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmri ilə (yaşa görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır, xx.xx.2021-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin siyahısından çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının arxivinin kompüter bazasında vətəndaş İddiaçı xəsarətinin səbəb əlaqəsi barəsində qərar və ya xəstəlik haqqında şəhadətnamə müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən xx.xx.2021-ci ildə verilmiş təşəkkür məktubunun surətindən görünür ki, İddiaçı Azərbaycanın ərazi bütövlüyü uğrunda başlanılan “Vətən Müharibəsi”ndə iştirak etmək üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə qismən səfərbərliklə çağrılaraq N nömrəli hərbi hissənin tabeliyində olan bölmənin tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən xx.xx.2021-ci ildə verilmiş Fəxri Fərmanın surətindən görünür ki, İddiaçı “Vətən Müharibəsi” zamanı döyüş tapşırığını layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Naziri tərəfindən verilmiş İ- 23044 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş İ- 3793 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş İ- 6942 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2719 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 221 saylı arayışından görünür ki, 1998-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qismən səfərbərliklə hərbi xidmətdə olmuşdur. Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib. xx.xx.2021-ci il tarixdən SHXÇDX-nin Xəzər rayon idarəsində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Klinikasının (Masallı şəhəri) xx.xx.2022-ci il tarixli 192 saylı arayışından görünür ki, 1998-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək "xxxx" MMC-nin Masallı filialının stasionar şöbəsində yaralı əsgər kimi müalicə almışdır. Diaqnoz: Asteno nevrotik sindrom. Qapalı kəllə-beyin travması. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Klinikası (Masallı şəhəri) tərəfindən məhkəməyə təqdim edilmiş epikrizdən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixində Klinikaya daxil olmuşdur, müharibə bölgəsində travma alıb, diaqnoz qapalı kəllə beyin travması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin: 1.1-ci maddəsinə əsasən bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2-ci maddəsinə əsasən Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.4-ci maddəsinin «ç» bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi hərbi-həkim komissiyalarına həvalə olunur. 1.5-ci maddəsinə əsasən tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. 7.1-ci maddəsinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.3-cü maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4-cü maddəsinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. 7.5-ci maddəsinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən xx.xx.2020-ci ildə səfərbərliklə həqiqi hərbi xidmətə çağırılmış, həmin tarixdə 282 nömrəli əmrlə N nömrəli hərbi hissənin siyahısına daxil edilmiş, N nömrəli hərbi hissədə atıcı kimi xidmətdə olmuş, həmin hərbi hissədə atıcı olaraq Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmri ilə (yaşa görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır, xx.xx.2021-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin siyahısından çıxarılmışdır. İddiaçı “Vətən Müharibəsi” zamanı döyüş tapşırığını layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən xx.xx.2021-ci ildə Fəxri Fərmanla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Həmçinin iddiaçı Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə, eləcə də Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2719 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İddiaçı döyüş zamanı aldığı xəsarətlə bağlı travma haqqında arayışın verilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir. Lakin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı döyüşlər zamanı yaralanmış və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək "xxxx" MMC-nin Masallı filialının stasionar şöbəsində yaralı əsgər kimi (müharibə bölgəsində travma almış) müalicə almışdır, diaqnoz: Qapalı kəllə-beyin travması. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı travma haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6687/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6687/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver