Məhkəmə qərarları › İş №2-1(112)-6689/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6689/2021

30.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6689/2021 30.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 (baş mütəxəssis, Balakən rayonu, Tülü kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 46542,37 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən 1 oktyabr 2012-ci il tarixindən hakim kimi (vəzifədən azad edilmədiyi üçün hakim kimi əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ olmadığı halda) yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən hakim kimi əmək pensiyası təyin edilərkən hakim vəzifəsində işlədikdə onların əmək pensiyası üzrə qulluq stajına görə əlavə ödənilmir, yalnız sığorta hissəsi (01.07.2017-ci il tarixindən əvvəl baza və sığorta) ödənilir. Bununla əlaqədar onun əmək pensiyası 01.10.2012-29.12.2019-cu il tarixləri arasındakı dövr üçün aşağıdakı qaydada yenidən hesablanmışdır: 01.01.2006-cı il tarixinədək olan iş stajına (37 il 4 ay 23 gün) uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi 01.01.2012-ci il tarixindən indeksləşdirilərək 78,03+85 (baza hissəsi)+243,91 (01.01.2006-01.10.2012-ci il tarixləri arasındakı dövr ərzində yığılmış 35123,04 manat pensiya sığorta kapitalına görə hesablanmış əmək pensiyasının sığorta hissəsi)=406,94 manat müəyyən edilmişdir. 01.01.2006-cı il tarixinədək olan iş stajına uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi 01.01.2013-cü il tarixindən indeksləşdirilərək 78,89+85 (baza hissəsi)+246,59 (01.01.2006-01.10.2012-ci il tarixləri arasındakı dövr ərzində yığılmış pensiya kapitalına əsasən hesablanmış sığorta hissəsi (243,91 manat) 01.01.2013-cü il tarixindən indeksləşdirilərək)=410,48 manat müəyyən edilmişdir. 01.01.2006-cı il tarixinədək olan iş stajına uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi 01.09.2013-cü il tarixindən 78,89+100 (baza hissəsi artırılaraq) +246,59=425,48 manat müəyyən edilmişdir. 01.01.2006-cı il tarixinədək olan iş stajına uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi 01.01.2014-cü il tarixindən indeksləşdirilərək 80,78+100 (baza hissəsi) +252,51 (01.01.2006-01.10.2012-ci il tarixləri arasındakı dövr ərzində yığılmış pensiya kapitalına əsasən hesablanmış sığorta hissəsi 01.01.2014-cü il tarixindən indeksləşdirilərək)=433,29 manat müəyyən edilmişdir. 01.01.2006-cı il tarixinədək olan iş stajına uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi 01.01.2015-ci il tarixindən indeksləşdirilərək 81,91+100 (baza hissəsi) +256,05 (01.01.2006-01.10.2012-ci il tarixləri arasındakı dövr ərzində yığılmış pensiya kapitalına əsasən hesablanmış sığorta hissəsi 01.01.2015-ci il tarixindən indeksləşdirilərək) = 437,96 manat müəyyən edilmişdir. 01.01.2006-cı il tarixinədək olan iş stajına uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi 01.01.2016-cı il tarixindən indeksləşdirilərək 85,19+100 (baza hissəsi) +266,29 (01.01.2006-01.10.2012-ci il tarixləri arasındakı dövr ərzində yığılmış pensiya kapitalına əsasən hesablanmış sığorta hissəsi 01.01.2016-cı il tarixindən indeksləşdirilərək)=451,48 manat müəyyən edilmişdir. 01.01.2006-cı il tarixinədək olan iş stajına uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi 01.02.2016-cı il tarixindən 85,19+110 (baza hissəsi artırılaraq) +266,29=461,48 manat müəyyən edilmişdir. 01.01.2006-cı il tarixinədək olan iş stajına uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi 01.01.2017-ci il tarixindən indeksləşdirilərək 95,75+110 (baza hissəsi) +299,31 (01.01.2006-01.10.2012-ci il tarixləri arasındakı dövr ərzində yığılmış pensiya kapitalına əsasən hesablanmış sığorta hissəsi 01.01.2017-ci il tarixindən indeksləşdirilərək)=505,06 manat müəyyən edilmişdir. 01.01.2018-ci il tarixindən 505,06 manat pensiya məbləği indeksləşdirilərək 533,85 manat müəyyən edilmişdir. 01.01.2019cu il tarixindən 533,85 manat pensiya məbləği indeksləşdirilərək 549,86 manat müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh 30 dekabr 2019-cu il tarixindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olunmağı ilə əlaqədar əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1980,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 891,00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 495,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 297,00 manat, bir aylıq vəzifə maaşı miqdarında əlavədən hesablanan pul təminatı 330,00 manat, digər növ əlavələr 1221,00 manat olmaqla orta aylıq əmək haqqı 5214,00 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (5214,00 manat) 80 faizi- 4171,20 manat məbləğində hesablanmışdır. Cavabdeh 01.10.2012- 31.01.2021 -ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 95713,82 manat pensiya məbləği ödənilməli olduğu halda 142256,19 manat ödənildiyi müəyyən edilmişdir. Nəticədə ona ümumilikdə 46542,37 (142256,19-95713,82) manat artıq pul vəsaiti ödənilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazı və etiraza əlavəni məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddia tam əsassızdır və ona artıq pensiya ödənilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 67.4-67.5-ci maddələrinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Cavabdehə artıq pensiya ödənildiyi təsdiq edildiyi təqdirdə belə, iddia rədd edilməlidir. Belə ki, pensiya təyin edən inzibati orqanın vəzifəsidir ki, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırsın. Əgər inzibati orqan bu vəzifəsini lazımi qaydada icra etmirsə, bunun məsuliyyəti mənim üzərimə qoyulmamalıdır. Cavabdeh, aldatma, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə ona pensiyanın ödənilməsinə nail olmamışdır. Buna görə də, cavabdehə artıq pensiyanın ödənildiyi təsdiq olunarsa, ondan həmin məbləğ tələb edilə bilməz. Belə ki, ödənilmiş məbləğlər xərclənmiş və qaytarılması mümkün deyildir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubdan görünür ki, iddiaçı artıq ödənilmiş 46542,37 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə cavabdehin əmək pensiyasından 417,12 manat çıxılmaqla tutulmasını cavabdehə bildirmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmamalıdır. "İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). "İnzibati İcraat Haqqında” Qanun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehə 01.10.2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh 30.12.2019-cu il tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olunmuş, bundan sonra iddiaçı orqan tərəfindən cavabdehin pensiyası yenidən hesablanmışdır. Nəticədə cavabdehə ümumilikdə 46542,37 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. 2012-ci ildən artıq ödənilmiş pul vəsaiti cavabdeh tərəfindən xərclənmişdir ki, məbləğin yüksəkliyini nəzərə aldıqda məhkəmə hesab edir ki, cavabdeh onu qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qala bilər ki, bu halda cavabdeh etimadın qanunla qorunması hüququna malikdir. İnzibati İcraat Haqqında” Qanunun 67.6-cı maddəsində etimadın qorunması hüququna istinad olunmasını istisna edən hallar öz əksini tapmışdır ki, həmin halların heç biri hazırki işin halları ilə müəyyən edilmir və iddiaçı tərəfindən sübuta yetirilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar