Məhkəmə qərarları › İş №2-1(112)-6689/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6689/2022

18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6689/2022 18.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Seyitbatdal qızının Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Seyitbatdal qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, pensiyanın bərpa edilməsi və pensiya fərqinin ödənməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Seyitbatdal qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun üzərinə 29 yanvar 2022-ci il tarixli şikayət ərizəsinə qanunla müəyyən edilmiş müddətdə baxılması; qəbul ediləcək qərarın, həmçinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın xx.xx.2021-ci il tarixli **********2 saylı və xx.xx.2021-ci İİ tarixli **********6 saylı qərarlarının təsdiq olunmuş surətlərinin rəsmən mənə göndərilməsi; Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialın xx.xx.2021-ci il tarixli **********2 saylı və xx.xx.2021-ci İİ tarixli **********6 saylı qərarlarının qanuna zidd olan bəndlən ləğv olunması və mənə vurulmuş zərərin ödənilməsi barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, 2021-ci ilin fevral ayından yaşa görə 272,08 manat məbləğində əmək pensiyası alır. Avqust ayında ona pensiya verilməsi yenidən baxılma ilə əlaqədar dayandırılmışdır. Sentyabr ayında ona “sms” bildiriş göndərilərək yenidən hesablama zamanı pensiyasının məbləğinin dəyişdirilmədiyi və pensiyasının qanunauyğun hesablandığı bildirilmişdir. Oktyabr ayından əmək pensiyası bərpa olunaraq 272,08 manatdan hesablanmaqla kartıma ödənmişdir. Bildirir ki, o, əlilliyə görə yox, pensiya yaşına çatdığına görə pensiyaya çıxıb. Pensiya kartına noyabr ayında 192 manat əmək pensiyası köçürülmüşdür. Bununla əlaqədar DOST agentliyinə şifahi müraciət etdikdə orada ona heç bir əsaslı səbəb göstərilmədən, hesablanmanın səhv aparıldığını və buna görə hər ay pensiyasından tutulma aparılacağı bildirilmişdir. Bu qanunsuz hərəkətlər onun və ailəsinin maddi və mənəvi durumuna çox pis təsir edir. Belə ki, ailə vəziyyətinin çox ağırdır. Himayəsində övladı, yoldaşı və bir azyaşlı nəvəsi vardır. Ailə üzvlərinin heç biri işləmir. Aldığı əmək pensiyası ilə dolanırlar. Özü də öd əməliyyatı keçirib. Həm səhhəti, həm maddi durumu çətin vəziyyətdədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından direktor Mail Məmmədovun imzası ilə daxil olmuş, “arlıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında” 06.01. 2022-ci il tarixli, **********3 nömrəli məktubunda aşağıdakılar göstərilmişdir: “Daxil olmuş müraciətinizə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, xx.xx.2021-ci il tarixli müraciətiniz əsasında təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd edilən dövrlər nəzərə alınmaqla 19 il 11 ay sığorta stajınız və xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 20127,70 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyanızın məbləği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixindən 245,43 manat məbləğində müəyyən edilmişdir. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığorta olunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023- cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin Qanunun 22-1.5-cl maddəsinə əsasən 2019-cu İİ yanvarın 1-dək "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-cl maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Əmək pensiyasının yenidən hesablanmasına dair müraciətinizin araşdırılması zamanı məlum olmuşdur ki, sizə 22 1.2-ci maddəsinin tələblərinə uyğun olaraq avtomatlaşdırılmış qaydada 272.08 manat məbləğində yaşa görə əmək pensiyası təyin edildiyi üçün əmək pensiyanızın məbləğinin artıq ödənildiyi aşkar edilmişdir. Əlavə olaraq bildiririk kl, xx.xx.2021-ci il tarixil müraciətiniz əsasında əmək pensiyanızın məbləği yenidən hesablanmış və Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci İİ tarixli **********6 saylı qərarı ilə əmək pensiyanızın məbləğində dəyişiklik baş verməmişdir, eyni zamanda Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********2 saylı qərarı qüvvədə saxlanılmışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********2 saylı qərarı ilə sizə təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və müraciətinizə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyanızın məbləği aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır: Bu səbəbdən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 214,15 manat vəsait bölünərək sizin aylıq əmək pensiyanızdan tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73- cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır". Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilən hərəkət və hərəkətsizlikləri ilə aşağıdakı qanunsuzluqlara yol vermişdir: 1.Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixdə **********2 saylı, xx.xx.2021-ci iİ tarixdə isə **********6 saylı qanunsuz qərarlar qəbul edilmişdir. Həmin qərarların surətləri bu günə kimi rəsmən mənə təqdim edilməmiş və ya göndərilməmişdir. Bu qərarların surəti əvəzinə ona, sadəcə olaraq 06.01. 2022-ci il tarixli, **********3 nömrəli məktubla cavab verilməklə, həmin qərarlardan qanunla müəyyən edilmiş müddətdə, inzibati qaydada və məhkəməyə şikayət etmək hüququmları Mərkəzi Filial tərəfindən məhdudlaşdırılmışdır. Nəticədə mövcud qanunvericiliyin tələbləri, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının “hüquq və azadlıqların inzibati və məhkəmə təminatı”ndan bəhs edən 60-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər”. Mərkəzi Filial “Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununlarının tələblərinə düzgün əməl etməmiş və təhrif olunmuş nəticələr çıxartmışdı. Nəticədə, qanunsuz olaraq mənim pensiyamın məbləğinin azaldılması və ondan tutulmalar aparılması haqqında xx.xx.2021-ci il tarixli **********2 saylı və xx.xx.2021-ci İİ tarixli **********6 saylı əsassız və qanunsuz qərarlar çıxardılmışdır. Bu qərarla ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Qeyd edilən məsələlər ilə bağlı, yəni Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qanunsuz hərəkətləri və hərəkətsizliyi barədə 01 Fevral 2022-ci il tarixdə sifarişli poçtla Dövlət Sosial Müdafiə Fonduna göndərdiyim şikayət ərizəm də bu günə kimi cavabsız qalmışdır.

3. İddiaçının müraciətlərinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filial tərəfindən bildirilmişdir ki, əmək pensiyasının yenidən hesablanmasına dair müraciətininin araşdırılması zamanı məlum olmuşdur ki, ona “Əmək Pensiyaları haqqında” Qanunun 22.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq avtomatlaşdırılmış qaydada 272,08 manat məbləğində yaşa görə əmək pensiyası təyin edildiyi üçün əmək pensiyanısının məbləğinin artıq ödənildiyi aşkar edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli müraciəti əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci İİ tarixli **********6 saylı qərarı ilə əmək pensiyanızın məbləğində dəyişiklik baş verməmişdir, eyni zamanda Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********2 saylı qərarı qüvvədə saxlanılmışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********2 saylı qərarı ilə ona təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və müraciətinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyanızın məbləği aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır:

Başlanğıc tarix Son tarix Məbləğ Hesablamayadək olan Hesablandıqdan sonra xx.xx.2021 xx.xx.2021 272,08 245,43 Bu səbəbdən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 214,15 manat vəsait bölünərək sizin aylıq əmək pensiyanızdan tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur.

4. İddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.

5. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarı ilə iddiaçının 272,08 manat təyin edilmiş pensiyası xx.xx.2021-ci il tarixdən yenidən hesablanaraq 245,43 manat müəyyən edilmişdir. Həmin qərarın qeyd hissəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş məbləğin nəzərə alınması bildirilmişdir.

6. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı ilə iddiaçının 245,43 manat pensiyası xx.xx.2022-ci il tarixdən yenidən hesablanaraq 245,43 manat müəyyən edilmişdir. Həmin qərarın qeyd hissəsində bildirilir ki, pensiya hesablanması zamanı xx.xx.2006-cı ilə qədər olan iş stajı faktiki illərin sayına vurulur, təyinat zamanı isə 19 il 11 ay əvəzinə 25 il iş stajı hesablanıb (bu qayda xx.xx.2019-cu ilə qədər müavinət təyin edilmiş pensiyaçılara şamil edilir).

7. Pensiya altsistemindən çıxarışa əsasən, iddiaçının əmək pensiyasından xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixdə ayrı-ayrılıqda 49,08 manat, xx.xx.2022-ci il tarixdə 17,91 manat, xx.xx.2022-ci il tarixdə 25,38 manat tutma həyata keçirilmişdi.

8. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında yeganə cavabdeh qismində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı nəzərə alınmaqla iddia tələbi əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarların ləğv edilərək xx.xx.2021-ci il tarixədək aldığı pensiya məbləğinin bərpa edilməsi, əmək pensiyasından tutulmaya dair hərəkətlərin qanunsuz hesab edilməsi kimi dəyişdirilmişdir.

9. Şifahi məhkəmə dinləmələri iddiaçı iştirak etmiş və tələbini müdafiə etmişdir.

10. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

14. İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.

15. İddia tələbinin əmək pensiyasından tutulmanın qanunsuz hesab edilməsi, xx.xx.2021-ci il tarixli tarixədək aldığı pensiya məbləğinin bərpa edilməsi əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci tarixli qərarların icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasıdır.

16. Hazırki iddia mübahisələndirmə növündə iddiadır. Mübahisələndirilən qərarlar bir-biri ilə əlaqəlidir, tələb bir cavabdehə yönəldib və eyni məhkəməyə aiddir. Həmin qərarların iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Qeyd edilən qərarlar məhkəmə icraatı zamanı təqdim olunmuşdur. İddia mümkündür.

II. Məhkəmənin mövqeyi

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

18. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

21. Qanunvericinin mövqeyinə əsasən, inzibati orqan tərəfindən əmək pensiyaçısının əmək pensiyasından tutulma haqqında qərar yalnız onun razılığı olduqda qəbul oluna bilər.

22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında deyil (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara istinad edildiyi hallar istisna olmaqla), pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı pensiyaçının razılığı olduqda mümkün hesab edilə bilər.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

24. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

26. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər.

27. X5 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X1rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.

III. Qeyd edilənlərin hazırki işə tətbiqi

28. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir.

29. Pensiyanın yenidən hesablanması haqqında qərara əsasən iddiaçının pensiya təyinatı zamanı stajı hesablanarkın texniki səhvə yol verildiyindən yenidən hesablanmışdır.

30. Bununla əlaqədar iddiaçının əmək pensiyasından tutulmalar aparılmışdır.

31. Mübahisələndirilən xx.xx.2021 və xx.xx.2021-ci il tarixli qərarların qəbul olunması ilə bağlı inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxs kimi iddiaçının dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq) hüquqlarının təmin edildiyi iş materiallarına, eləcə də iddiaçının pensiya işinə əsasən müəyyən olunmur.

32. Qeyd edildiyi kimi qanunvericinin mövqeyinə əsasən, inzibati orqan tərəfindən əmək pensiyaçısının əmək pensiyasından tutulma haqqında qərar yalnız onun razılığı olduqda qəbul oluna bilər. İşin hallarına əsasən iddiaçının belə bir yazılı razılığı olduğu müəyyən olunmur.

33. Hazırki işdə mübahisələndirilən inzibati aktların qəbul edilməsi zamanı cavabdeh qurumun qeyd edilən normalara riayət etdiyi müəyyən olunmur.

34. Odur ki, mübahisələndirilən inzibati akt qanunsuz əlverişsiz inzibati aktdır.

35. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

38. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın yenidən hesablanmasına dair inzibati akt (pensiyaçının pensiya məbləğinin azaldılmasına yönələn) şəxsin dinlənilmə hüququ təmin edilməklə pensiyaçının fərdi hallarına uyğun olaraq (yaşı və digər gəlirlərinin müəyyən olunması) cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına səbəb olmadıqda və vətəndaşın üzərinə həddindən artıq yük qoyulmadıqda qəbul edilə bilər.

39. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi filialının İddiaçı Seyitbatdal qızı barəsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli **********2 nömrəli və xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarları ləğv edilsin. İddiaçı Seyitbatdal qızının xx.xx.2021-ci il tarixədək aldığı əmək pensiyası məbləği bərpa edilsin. xx.xx.2021-ci il tarixdən İddiaçı Seyitbatdal qızının əmək pensiyasından tutulmaya dair hərəkətlər qanunsuz hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar