Məhkəmə qərarları › İş №2-1(112)-6689/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6689/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6689/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun doğum haqqında akt qeydində soyadının İsmayılov, doğum tarixinin xx xxxx 1954-cü il tarixə düzəliş edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Zəngilan rayonu, Şəfibəyli kəndində anadan olmuşdur. X1, anası X3r. Valideynlərinin birgə nikahlarından ondan başqa, böyük bacıları Vəliyeva (qızlıq soyadı İsmayılova) Ayna Abdulla qızı, X5, X6 adlı daha üç övladı var. Onun şəxsiyyət vəsiqəsində ad, soyad və doğum tarixi düzgün göstərilsə də, doğum haqqında şəhadətnamədə soyadı və doğum tarixi düzgün göstərilməmişdir. Belə ki, 3 saylı Bakı ASAN xidmət mərkəzindən verilmiş doğum haqqında arayışda onun soyadı Haxverdiev, doğum tarixi isə “30 iyul” əvəzinə "20 avqust” qeyd edilmişdir. Halbuki doğum tarixi xx xxxx 1954-cü il, soyadı isə İsmayılovdur. Bu fakt onun şəxsiyyətini təsdiq edən sənəddə öz əksini tapır, soyadının İsmayılov olmasını isə bacılarının soyadlarına nəzər yetirdikdə müəyyən etmək olur. Doğum haqqında şəhadətnaməsində isə soyadı və doğum tarixi səhv göstərilmişdir. Doğum haqqında şəhadətnaməsində qeyd edilən soyadı əslində anasının, yəni X2 qızlıq soyadıdır, tarix isə səhvdir, əslində onun və bacılarının soyadları İsmayılovdur. Bu ərizəyə əlavə edilmiş bacılarına məxsus şəxsiyyət vəsiqəsi və digər hüquqmüəyyənedici sənədlərlə müəyyən edilir. Doğum haqqında şəhadətnaməsində olan səhvlər aradan qaldırıİmalı, soyadı şəxsiyyət vəsiqəsində olduğu kimi İsmayılov, doğum tarixi isə xx xxxx 1954-cü il göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı hazırkı tələblə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə, xx.xx.2023-cü il tarixdə isə Bakı İnzibati Məhkəməsinə müraciət etdiyini bildirdi, iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin eməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə istinad olunanlara əsasən hazırkı iddianın mümkünlüyünü yoxlayaraq qeyd edir ki, İPM-in 45.1-ci maddəsinə əsasən iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gün məhkəmənin dəftərxanasında qeydiyyata alınmalı və ərizəyə qeydiyyat tarixi göstərilməklə ştamp vurulmalıdır. İddia ərizəsinin poçt rabitəsi vasitəsi ilə göndərildiyi hallarda, iddia ərizəsinin vaxtında göndərildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 45.5-ci maddəsinə görə iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 45.5.2. aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. İstinad olunan normalardan müəyyən olunur ki, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır və bununla da, iddiaçı, habelə prosesin digər tərəfləri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməzlər. Lakin iş üzrə iddiaçının izahatından, işdə olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş iddiaçı barəsində digər məhkəmə işlərinə dair məlumatdan, habelə iş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinə daxil olmuş iddia ərizəsinin surətindən görünür ki, hazırkı iş üzrə iddiaçı xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, eyni tələblə, eyni cavabdehə qarşı xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir və iş hazırda həmin inzibati məhkəmənin icraatındadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.4, 15.5 və 15.6-cı bəndlərinə görə İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qeyd olunanları nəzərə alan məhkəmə iddiaçının eyni tələblə eyni tərəfə qarşı daha əvvəl məhkəməyə müraciət etdiyini, həmin işin hazırda məhkəmənin icraatında olduğunu nəzərə alaraq hesab edir ki, İPM-in 45.5.1-ci maddəsinə əsasən hazırkı iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar